Robert Hossein: “Bir az da təkid
etsəniz, burda qalacam”
Fransız
aktyor və rejissor: "Məni Azərbaycana dəvət
etdiklərinə görə, prezident İlham Əliyevə və
ölkənin birinci xanımı Mehriban Əliyevaya təşəkkür
edirəm! Onlar mənə əcdadlarımla yaxından
tanış olmaqda kömək etdilər”
Onu illərdir ki, üç ölkə - Azərbaycan,
Rusiya və İran öz arasında bölə bilmir. Özü isə bu məsələyə
gülə-gülə reaksiya verir: "Bu o deməkdir ki, mən
hamınınam”. Xanımı Kendis Patu ilə "Kaspi”də
qonaq olan əfsanəvi fransız aktyoru və rejissoru Robert
Hossein Bakıda xüsusən gənclərin ona sevgisindən
heyranlığını gizlətmir. "Bizim qonaq”da da eyni səmimiyyətlə:
"Mənim haqqımda nəyi bilmək istəyirsinizsə,
soruşun” - dedi.
Kasıb,
amma zəngin fikirlərlə doğulmuşam
- Sizi kino
aləmində daha çox Joffrey de Peyrak roluna görə
tanıyırlar. Ancaq sizin kino və teatrda
yüzdən çox rolunuz var. Bircə rolla tanınmaq sizi məyus
etmirmi?
- Mən
150-dən çox filmdə həm aktyor, həm də rejissor
kimi iştirak etmişəm. Həm
oynamışam, həm də özüm səhnələşdirmişəm.
Çoxlu tamaşalar
hazırlamışam, kütləvi səhnələr
qurmuşam. Ancaq Joffrey roluna görə məni
daha çox tanıyırlar.
Moskvada olanda küçəyə
çıxa bilmirdim. Bütün insanlar məni
əhatəyə alıb, bu rolla bağlı suallar verirdilər.
Bakıda universitet gəncləri ilə
görüşərkən də, bu sevgini gördüm.
Hamı bu roldan danışırdı...
- Siz həmçinin,
çoxlu mənfi rollar da oynamısınız. Ancaq
"Anjelika, mələklərin markizası” filmində bizim
üçün ən maraqlı məqamlardan biri Qraf Joffreyin
Anjelikanın qarşısında görünməsidir - qoca,
bədheybət, axsaq… Ancaq indi gözümüzün
qarşısında həddindən artıq
yaraşıqlı bir kişi oturub. Belə bir insanın elə bir rolda çəkilməsi
maraqlıdır. Bu, sizin ən sevimli
rolunuzdur?
- Mən
çox məmnunam ki, bütün fikirlər "Anjelika”
filminin ətrafında dolaşır. Ancaq mən
sevdiyim filmlərin içərisində "Professional”ı
da qeyd edərdim. Komissar Rozin rolunu çox
xoşlayıram. Çoxlu qanqster
rolları oynamışam. Həmçinin,
kifayət qədər polis rollarım var.
- Oynadığınız hansı
rol xarakterinizə daha çox yaxındır?
- Fyodor
Dostoyevskinin "Cinayət və cəza” əsərindəki
Raskolnikov bəlkə mənə bir az oxşayır. Mən teatrda yazıçının "Cinayət
və cəza”, "Şeytanlar” əsərlərini, həmçinin
digər rus klassiklərinin əsərlərini səhnələşdirmişəm.
- Dostoyevskiyə müraciət etməyiniz
maraqlıdır. Fikirlər var ki, yazıçının əsərlərinə
müraciət edən rejissorlarda insanın
peşmançılıq hissini qabartmaq düşüncəsi
olur. Sizi onun yaradıcılığında cəlb
edən nə olub?
- Onu bilirəm
ki, mən həmişə Raskolnikovun və Sonyanın
yanında olacağam.
- Fransada
meydanlarda və stadionlarda qurduğunuz kütləvi səhnələrə
görə sizi "Respublikanın xalq rejissoru”
adlandırırlar. O qədər insanla iş prosesində necə
dil tapa bilirsiniz?
- Hər
dəfə çəkilişlər vaxtı 150-ə
yaxın insanla işləyirəm. Stadiondakı
çəkilişlərdə 85 min insan olur. "Ben-Hur” filmi mənim üçün daha
çox adamların toplaşdığı filmdir. Həmin filmin çəkilişləri zamanı bu
qədər tamaşaçıdan əlavə, 450-ə
yaxın aktyor heyəti yığışmışdı.
Mən o qədər insanlarla işləyirdim.
Ancaq sonradan işsizliyin artdığını
görüb Ren şəhərinə getdim. Orada məktəb açaraq, işsiz gəncləri
aktyor kimi yetişdirmək üçün cəlb etdim.
Mənim fəaliyyətimin nəticəsi o oldu
ki, tanınmış aktrisa İzabella Adcanini küçədən
həmin məktəbə gətirdim. Sonradan
o, çox məşhurlaşdı.
-
Hazırkı fransız kinosu il 40-50 il əvvəlki
fransız kinosu arasında çoxmu fərqlər var?
- Bu
gün istedaddan danışmaq düzgün deyil. Bu gün vasitələr də, yanaşma tərzi də
əvvəlki konsepsiya deyil. Elə bir
şey yaradılmalıdır ki, insanların qəlbinə
toxuna bilsin. Bu gün artıq o yoxdur.
Ancaq bir şey hələ də mövcuddur -
mübadilə, bölgü, ümid və şüurlu şəkildə
yanaşmaq. Ancaq bu cür düşünmək
məni nəinki işləməyə, bəlkə də
küçəyə aparar.
- Siz
şöhrəti çox erkən əldə etmisiniz. Bütün ömrünüz səhnələrdə,
projektorların işığı altında keçib.
Necə düşünürsünüz, bu qədər
şöhrətli olmaq yaxşıdırmı?
- Mənim
üçün vacib olan gələcəkdir. Gələcək
isə gənclik deməkdir. Mən anadan
kasıb, amma zəngin fikirlərlə doğulmuşam.
- Amma çoxdandır filmlərə
çəkilmirsiniz. Kameraya vida etmisiniz?
- Çətin
olan birinci 50 ildir. Həyatın ikinci
yarısına qədəm qoyanda hər şey rahatlıqla
öz yolu ilə gedir. Çünki birinci
50 ildə hər şeyə adət edirik. Hal-hazırda bütün dinləri, irqləri bir yerə
toplayan və insanları sülh şəraitində
yaşamağa çağıran bir tamaşa
hazırlayıram. Əgər mən
dünyanın ən böyük tamaşasını
hazırlamaq üçün vəsait tapsam, onu Azərbaycanda
həyata keçirəcəm.
- Bir
aktyor kimi ürəyinizdə oynamaq istədiyiniz rolların həsrəti
qalıbmı?
-
Çoxlu rollar var...
Göz
yaşları gəncliyimin nostalgiyası idi
- Azərbaycan haqqında təəssüratlarınız
maraqlıdır?
-
Artıq dördüncü dəfədir ki, Azərbaycana gəlirəm.
Azərbaycan mənim üçün elə bir
ölkədir ki, özümü burada rahat hiss edirəm.
Ona görə də bu ölkəni çox
sevirəm. Mən burada keçmişdən
üzü bəri inkişafda olan bir şəhəri
görürəm. Bu, mənim
üçün dövrülük deyil, əbədilikdir.
Küçədə insanlarla rastlaşanda onların
emosiyalarını hiss edib, özüm də həyəcanlanıram.
Burada insanlarla danışıb ünsiyyət
qurmaq çox rahatdır. Xüsusən
ölkənin inkişafını görəndə çox
sevinirəm. Məni Azərbaycana dəvət etdiklərinə
görə, prezident İlham Əliyevə və ölkənin
birinci xanımı Mehriban Əliyevaya təşəkkür
edirəm! Çünki onlar mənə əcdadlarımla
yaxından tanış olmaqda kömək
etdilər.
Kendis
Patu: - İlk dəfə biz Azərbaycana dəvət alanda 40 il idi ki, Robert təyyarəyə minmirdi. Çünki bizi İrana da dəvət etmişdilər.
Amma biz getmirdik. Birinci
xanım Mehriban Əliyevanın dəvətini böyük məmnuniyyətlə
qəbul etdik. Robert özünü pis hiss edər deyə,
hər ehtimala qarşı dərmanlar götürdüm. Bakıda hava limanına enəndə çoxlu
insanlarla əhatə olunduq. Elə burada
Robertin atasının musiqisini dinləməli olduq. Fransadan Bakıya neçə uçduğumuzu bilmədik.
40 illik həyəcan itib-getdi. Sonra biz İçərişəhərə getdik.
Robert köhnə şəhərdə gəzdikcə,
çox təsirləndi. O Qız
qalasına baxdı və ağlamağa başladı. Yolda olan yaşlı bir azərbaycanlı Robertə
yaxınlaşdı və onu qucaqladı. Biz
həmin səhnəni yaddan çıxara bilmirik.
- Cənab Hossein, heç
şübhəsiz ki, sizin Azərbaycanın 20 faiz
torpağının işğal altında olması ilə
bağlı məlumatınız var. Sizcə
kinematoqrafiyanın, mədəniyyətin dili ilə bu həqiqətləri
dünyanın diqqətinə çatdırmaq olar?
- Bu,
ağrılı məsələdir. Çox istərdim
ki, bu münaqişə hüquq çərçivəsi
daxilində tezliklə öz həllini tapsın. Hər iki tərəfin hüquq çərçivəsində
barışıq əldə etməsinə təsir edə
bilən tamaşa və ya kino çəkmək olar. Çünki bu, hər iki tərəf
üçün ağrılıdır. Azərbaycanın
bu münaqişədən çox əziyyət çəkdiyini
görürəm. Ancaq mənə elə
gəlir ki, bu münaqişəni daha da mürəkkəbləşdirən
siyasi əlaqələrdir. Hər iki tərəfin
rahat yaşamaq imkanı üçün hüquq çərçivəsində
barışıq əldə etmək lazımdır. Kənardan müdaxilə olmadan tərəflərin
oturub münaqişəni müzakirə etməsi və
barışığa gəlib çatması çox
vacibdir. Bu gün erməni lobbisi çox
güclüdür. Biz bunu Fransada da çox hiss edirik. Mədəniyyət və ya kinematoqrafiya yolu ilə
bu münaqişənin həllinə kömək etmək
olar.
- Siz bizim
universitet tələbələri ilə görüşərkən, filmlərinizdən
kadrlar nümayiş olunan zaman ağlayırdınız. Aktyoru belə məqamlarda ağladan nədir -
keçmişimi, gəncliyimi?
- Bu
göz yaşları gəncliyimin çox qəribə
nostalgiyası idi. Gözlərimi yaşadan xatirələrim
idi. Mən çox həyəcanlanmışdım.
Evdə tar varsa, deməli, bizdə Azərbaycan
musiqisi çalınır
- Müsahibələrinizdə dəfələrlə
demisiniz ki, atanız sizə "Həyatda hər şey ola bilər, ona görə bunlara alışmaq
lazımdır” məsləhətini verib. Siz çox qaynar,
hay-küylü həyat yaşamısınız. Atanızın vəsiyyətinə əməl
etmisiniz? Əgər etmisinizsə, bu, sizi
xoşbəxt edibmi?
-
Atamın xatirələrinə, məsləhətlərinə
adət etmişəm. Atam Tehrandandır, o, çox gözəl
tar çalan olub. Hətta deyirlər ki, İranda hər il onun vəfat etdiyi gün qeyd edilir. Atamgilin də, mənim də həyatım çox
çətin olub. İmkanımız
olmadığından 12-13 yaşlarında mən tez-tez məktəbi
dəyişirdim. Biz binanın
çardağında yaşayırdıq. Əl yumaq üçün 2-ci mərtəbəyə
düşürdük. Su üçün
isə dəhlizə çıxırdıq. Bütün bu çətinliklərə görə,
atam mənə bu kimi məsləhətləri vermişdi.
14 yaşıma keçəndə "Mən artıq həyatımı
qazanmalıyam”
deyib, qarşıma məqsəd qoydum və
San-Jermenə getdim. O vaxtdan həyata atıldım və
yaşamağa başladım. Mən oteldə
işləyirdim. Orada bir rus rəssam
qalırdı. O, hər gün dəhlizdə balıq
bişirirdi. Rəssam kirayə pulunu ödəyə
bilmirdi. Otelin sahibi mənə "ya onu oteldən
çıxar, ya da ikinizi də çölə
atırıq” dedi. Mən rəssamın
yanına getdim və vəziyyəti izah etdim. O, "mən
bir gün milyarder olacam” deyincə, təəccüblə onun
üzünə baxdım və ürəyimdə "sən
heç kirayə pulunu ödəyə bilmirsən, necə
milyarder olacaqsan” dedim. Həmin rəssam Polyakov
idi.
- Oğlunuz da Azərbaycan
tarına meyl edib və bu alətdə çalır. Maraqlıdır, siz evdə hansı
musiqiyə qulaq asırsınız? Azərbaycan musiqisi,
xüsusilə muğamı dinləyirsinizmi? Həmçinin
hansı Azərbaycan filminə baxmısınız? Xoşunuza gəlibmi?
- Əgər Azərbaycan filmlərini Parisdə göstəriblərsə,
mən onlara baxmışam. Muğam diskləri
var, ondan əlavə, əgər evdə tar varsa, deməli,
bizdə Azərbaycan musiqisi çalınır. Oğlum təkcə tarda çalmır, həm də
pianoda ifa edir. Eyni zamanda, hazırladığım
tamaşada və filmdə də tarın ifası var. Dünən
haradasa süpürgə də gördüm və "bunu
aparım” dedim. Çünki orada süpürgə
yoxdur. Azərbaycan musiqisi, folkloru
doğrudan da fövqəladə təsirə malikdir. Biz Azərbaycan musiqisinə çox qulaq
asırıq.
- Müsahibələrinizin birində
"Mənim heç evim də yoxdur, xeyriyyəçiliklə
məşğulam” demisiniz. Bu indiki dövrdə
utopiya kimi səslənmirmi?
- "Mülk sahibi” mənası mənim
üçün yoxdur. Həqiqətən də mənim evim
yoxdur. Əgər həyatda daimi
olsaydım, bu barədə düşünərdim. Mən xeyriyyəçiliklə məşğulam,
amma bu, o qədər də böyük sferanı əhatə
etmir.
Kiçik, amma yaxşı
döyüşlər
- Çox istərdik ki, bu suala həyat
yoldaşınız cavab versin. Xanım Patu, dünyaca məşhur
bir insanın həyat yoldaşı olmaq çətin deyil ki?
Kendis Patu
- 40 ildir biz bir yerdəyik. Mən onu seçdim.
Bir insan kimi görmək istədiyim xüsusiyyətləri
onda tapdım. Mən ona rast gələndə
artıq Anjelika dövrü keçmişdi. O, yeni bir
yola çıxmaq üçün istiqamətlər
axtarırdı. O, teatr istiqamətini götürdü və
o zaman biz rastlaşdıq. Keçmiş arxada
qaldı. Biz ikilikdə yeni bir yola
başladıq. Çünki mən
özüm də teatr aktrisası idim və birlikdə teatrda
irəlilədik. Bu yol bizim 40 il bir
yerdə olmağımızı təmin etdi. Bəzən
Robertin çəkilişləri başqa məkanlarda olurdu.
Ona görə də o mənə " teatrdan çıx,
biz bir yerdə olmalıyıq” dedi. Görüşlərimizin
birində dostlardan biri mənə "sən həqiqətən
bir xəzinə tapmısan” deyəndə,
düşündüm ki, biz mütləq daim bir yerdə
olmalıyıq. Ondan sonra mən teatrı
tərk etdim.
- Robert Hosseinin hansı
şıltaqlıqları var?
- Kiminlə
yaşayırıqsa və onun özünəməxsus xasiyyəti
varsa, bu artıq bir döyüşdür. Ancaq
bu kiçik döyüşlər yaxşı
döyüşlərdir ki, bizi bu həyat yoluna gətirib
çıxarıb. O vaxtkı məhəbbətlə
bugünkü məhəbbət bir-birinə
qarşılıqlı hörmətə gətirib
çıxarır. Heç vaxt əllərini
yanına salıb oturmaq olmaz. Hər bir kəsin
öz şəxsiyyəti var, güzəştə getməlisiniz,
amma çox yox. Parisdə hazırkı
problem ondan ibarətdir ki, bugünkü cütlüklər evlənəndən
sonra tez də ayrılırlar. Tutaq ki,
sizin bağınız var və orada qızılgüllər əkirsiniz.
Yaxşı seçim də edə bilərsiniz.
Ancaq nə əkirsinizsə əkin, o müəyyən
vaxtdan sonra boya- başa çatır. İnsan
bir-birinin gözünün içinə baxa-baxa,
yavaş-yavaş hər şeyə adət edir. Ancaq hər gün bayram deyil, bunu dəqiq bilirəm.
Hər şeyə ciddi yanaşmaq
lazımdır, amma həddən artıq yox.
İnancın
sonu Allahın mövcudluğu ilə bitəcək
- Jerar Depardye Rusiya vətəndaşlığını qəbul edib. Sizin də ürəyinizdən Azərbaycan vətəndaşlığını qəbul etmək keçibmi? İçinizdə Azərbaycanda qalıb yaşamaq hissi varmı?
- Mən əldə etdiklərimə görə
Fransaya öz minnətdarlığımı bildirmək istəyirəm.
Çünki nə əldə etmişəmsə, o ölkədə
qazanmışam. Ancaq Azərbaycanda
olmağı da çox istərdim. Çünki gələndən
bəri hamı "bəlkə burda hansısa tamaşa
qurasınız” deyir. Bir az da təkid etsəniz, burada qalacam.
Depardyeyə gəlincə, mən onunla qardaş kimiyəm.
Hazırda səhnələşdirdiyim tamaşada bütün
dini kitabları da ona oxutduracam. Məqsədim həmin filmdə
Depardyenin oynamasıdır. Depardye o filmdə dindar rolunu oynayacaq. Çünki
o, dinə inanandır.
- Bəs sizin inancınız, ən
böyük duanız nədir?
- Mən
sadəcə, inanıram. Bizim evimizdəki
müsəlman qadını 25 ildir ki, hər gün namaz
qılır. Mən Allaha o qədər
inanıram ki, bu inancın sonu onun mövcudluğu ilə bitəcək.
Düşünürəm ki, bütün dinlərə
hörmət lazımdır. Müqəddəs
kitabların hamısının mənşəyi eynidir.
Mən Mehriban Əliyevanın Parisdə dəfələrlə
təşkil etdiyi tolerantlıqla bağlı konfranslarda
iştirak etmişəm. Hər bir
insanın özünün kimliyi olmalıdır. Bu kimliklə bərabər, başqasının da
kimliyinə hörmətlə yanaşılmalıdır.
Biz ona görə Azərbaycana gəlirik ki, o fərqi
hiss etmirik.
Təranə Məhərrəmova
Kaspi.-2016.-23 noyabr.-S.8-9.