Obama qara günlərə son qoyacaq
ABŞ-ın yeni prezidenti
bütün dünyada acları doyuracaqlarına söz verdi
Birləşmiş Ştatlar tarixinə ilk qaradərili prezident kimi düşən 44-cü prezident Barak Obama yanvarın 20-də and içib. Kapitoliya təpəsində keçirilən tədbirdə Corc Buş, eləcə də Bill Klinton, Cimmi Karter və ata Corc Buş da iştirak edib. Bel əzələləri zədələnən vitse-prezident Riçard Çeyni isə həkimlərin tövsiyəsi ilə mərasimə əlil arabası ilə qatılıb. Əvvəlcə Delaver
ştatının keçmiş senatoru Co Bayden vitse-prezident
kimi and içib. Sonra ABŞ Ali Məhkəməsinin sədri
Con Roberts Barak Obamanı and içməyə dəvət
edib. O, 1861-ci ildə Avraam Linkolnun And
içdiyi "Bibliya"ya and içib. Obama inauqurasiyadan
sonra etdiyi çıxışında üzərinə
düşən məsuliyyəti anladığını bəyan
edib: "Mənə bəxş edilən bu vəzifənin
böyüklüyünü və atalarımızın
başlatdığı fədakarlıqları da tam dərk
edirəm. İndiyə qədər 44 nəfər
Amerika prezidenti olmaq üçün burada and içib. Sülh və müharibələr dövrünə
təsadüf edilən andiçmələr qeydə
alınıb. Bəzi andiçmələr
buludların dolduğu və fırtınaların baş
qaldırdığı vaxta təsadüf edib. Hazırda böhranlı günlər
yaşayarıq. Xalqımız
savaşdadır. Uzaq məkanlarda terrora və
zorakılığa qarşı mübarizə
aparırıq. İqtisadiyyatımız həqiqətən
zəifləyib. Bəzilərinin acgözlüyü,
hərisliyi nəticəsində geriləyən ölkəmizi
və millətimizi yenidən hərəkətə gətirmək
üçün çox ciddi qərarlar qəbul etmək məqamındayıq.
İşlərini və evlərini itirən vətəndaşlarımız
var. Səhiyyə xidmətləri faktiki
çöküb".
Obama daha sonra
vurğulayıb ki, ölkənin tarixində çox çətin
bir mərhələ başlayır: "Buna baxmayaraq
özümüzə olan inamı əsla itirməməliyik. Üzləşdiyimiz çətinliklər bir deyil,
çoxdur. Asan olmasa da, qısa zamanda
çətinlikləri üstələyəcəyimizə,
amerikalıların bu problemləri həll edəcəyinə
əminəm. Bu gün bir araya gəldik,
çünki qorxunu üstələməliyik. Ümid üçün burdayıq. Savaş və çətinliklər zamanında birləşməyi
lazım bilmişik. Gerçəkləşməyən,
yanlış vədləri və ehkamları bir kənara
qoymağı lazım bilmişik. Millət
olaraq varlığımızı qoruyuruq. Uşaq-uşaq hərəkətləri bir
qırağa qoymaq vaxtıdır. Yenidən
ruh yüksəkliyi əldə edib taleyimizi dəyişmək
zamanıdır. Bizə bəxş olunan,
nəsildən-nəslə keçən, böyük
Tanrının nemətini - hər kəsin bərabər
olması, hər kəsin özünü sınamağa
haqqı çatması kimi hüquqları yenidən
dirçəltmək üçün bura
toplaşmışıq. Millətimizi
toparlamaq üçün bir araya gəlmişik. Böyüklük asan deyil. İrəliyə
gedən yolumuz heç zaman hamar olmayıb. Zəiflər bu yolda ələniblər. Şöhrət dalınca qaçanlar uğur
qazanmayıb. Risk edənlər, arzularını
gerçəkləşdirənlər, adlarını bilmədiymiz
kişi və qadınlar isə varlanmaq
yolunda nəticə əldə etdilər. Atalarımız
okeanları fəth edərək buralara gələndə
heç nəyimiz yox idi. İndi
onların bizə bəxş etdiyi bu ölkəni yenidən
inkişafa aparmalıyıq.
Ağ evin rəhbəri
ABŞ-ı dünyanın ən zəngin və ən
güclü dövləti adlandırıb: "İtirdiyimiz
bir şey yoxdur, gücümüz azalmayıb, eneryimiz yerindədir.
Ancaq elə bir mərhələdən
keçirik ki, özümüzü qorumaq məcburiyyətindəyik.
Ona görə də çox ciddi qərarlar
verməliyik. Artıq ayağa qalxmalı,
özümüzü toparlamalı, üstümüzdən
tozu çırpmalı və Amerikanı yenidən
qurmalıyıq. Görüləcək çox iş var. Yenidən körpülər və
avtomobil yolları inşa etməli, bizi daim irəli aparan
texnologiyalarımızı modernləşdirməliyik. Torpağı əkib-becərməli, fabrikləri
işlətməli, gənclərimizə təhsil verməliyik.
Bəziləri artıq amerikalıların
gücdən düşdüyünü deyir. Görünür, belələrinin yaddaşı zəifdir,
onlar bu ölkənin hansı çətinliklərdən
keçib uğur qazandığını unudublar. Siyasi toqquşmalardan uzaqlaşmalıyıq. Qarşımızda böyük hədəflər
var. Büdcəmizi ağılla xərcləməliyik. Onda xalqın inamını qazanacağıq. Əlbəttə, zəngin olmaq böyük arzudur.
Ancaq bu böhran bizə böyük dərs verdi.
Sadəcə, varlıların yanında dayansaq,
bazarlar yalnız varlıları qorusa, iqtisadiyyatı dirçəltmək
mümkün olmaz. Hamıya imkan yaratmaq
lazımdır. Bu sadəcə sədəqə
paylamaq şəklində deyil, ortaq mənfəətlər əldə
etmək şəklində olmalıdır. Müdafiəmizdən söz düşəndə təhlükəsizliyimizlə
ideallarımız arasında seçim etməyəcəyik.
İnsan haqlarını və
atalarımızın bizlərə bəxş etdiyi
ideallarımızı da kənara qoymayacağıq. Təhlükəsizliyimiz üçün
ideallarımızdan vaz keçməyəcəyik. Amerika hamının dostudur. Çiynimizdə
dünya lideri vəzifəsini daşıyırıq. Keçmiş nəsillər faşizm və
kommunizmlə mübarizə apardılar. Onlara
sadəcə tank və raketlə yox, haqlı olduğumuzdan, ədalətin
yanında olduğumuzdan qalib gəldik. Gücümüz
hüququ və insan haqlarını üstün
tutmağımızdadır. Bu ənənənin
müdafiəçiləri olmalıyıq. Bu yöndə
hərəkətimizə davam etməklə yeni müvəffəqiyyətlərə
nail olacağıq. Dünyadakı fərqlilikləri
qucaqlayacağıq. Əfqanıstanda və
dünyanın istənilən nöqtəsində
dostlarımızla və keçmiş düşmənlərimizlə
birgə nüvə və digər təhlükələri
tamamilə aradan qaldırana qədər
çalışmalarımızdan əsla əl çəkməyəcəik.
Terroru məğlub edəcəyik. Bizim gücümüz rəngarəng
mirasımızla bağlıdır. Amerika
xristianların, müsəlmanların, yəhudilərin,
hinduların, ateistlərin - bütün inancların
qovuşduğu ölkədir. Hər nəsildən,
hər dindən vətəndaşımız var. Biz bir yerdə
olanda nifrətə qalib gəlməyi bacarırıq. Amerikanın öhədilikləri çox önəmlidir.
Müsəlman dünyasına səslənirəm: sizinlə
yeni bir yola baş vurmaq istəyirik, qarşılıqlı
maraqlarımız var. Rüşvətlə bir şey əldə
edəcəyini düşünənlər, siz səhv
yoldasınız. Mənəviyyatımız
güclü və sarsılmazdır. Sizi məğlub
edəcəyik. Yumruqlarınızı
açmasanız, sizə qarşı durmaqda davam edəcəyik.
Yumruğunuzu açsanız, əlinizi
sıxacaq və sizinlə birgə
çalışacağıq. Dünyanın hər
yerində xalqlar liderlərinə nə iş gördüklərinə
görə qiymət verəcəklər. Kasıb
ölkələrin vətəndaşları, sizinlə birgə
çalışacaq, tarlalarınızı əkəcək,
qarnınızı doyduracağıq. Dünyanın
harasındasa kimsə yaşamaq uğrunda mübarizə
aparırsa, deməli, biz sakit qala bilmərik. Dünya dəyişir. Və biz
də bu dünya ilə dəyişmək məcburiyyətindəyik.
Biz mütəşəkil qüvvəyik.
Bizi bir araya gətirən cəsur insanlara - gecə-gündüz
çalışan, iş yerlərini iflasdan qurtarmaq istəyənlərə
səslənirəm: qarşımızda böyük çətinliklər
var. Sizin əməyiniz sayəsində uğur
qazanacağıq.
Hər bir
amerikalı məsuliyyətini artırmalıdır. Biz bu məsuliyyətə
hazırıq. Bu ağır mübarizəyə
könüllü qoşuluruq.
Bu gün bütün irqlərin nümayəndələri
bu meydandadır. 60 il öncə mənim
kimilər restorana girə bilmirdi.
Bu meydan həmin
mərhələnin bitdiyinə sübutdur. Kim
olduğumuzu və nə qədər uzun bir yol qət
etdiyimizi bir daha xatırlayaq.
Amerikanın təhlükələrlə
mübarizə apardığı bu qış günündə
bu sözləri bir daha xatırlayaq: Bizlərə və gələcək
nəsillərə verilən müstəqilliyə
sığınaraq irəliləməyə davam edək".
Onu da qeyd edək
ki, B.Obama vəzifəsinin icrasına başlayandan bir neçə
saat sonra Quantanamodakı hərbi məhkəmədə cinayət
işləri üzrə prosesləri təxirə
salınmasını istəyib. Yeni prezidentin
tapşırığı ilə həmin cinayət işlərinə
baxılması 120 gün təxirə salınıb. Hərbi prokurorlar prezidentin
tapşırığının icrasına bu gündən
başlayacaqlar. Bu qərarla 2001-ci il
sentyabrın 11-də 3 min insanın ölümünə səbəb
olan hücumları planlamaqda təqsirləndirilən 5 nəfərin
məhkəməsi dayandırılacaq. Həmin 5 nəfərin
B.Obamanın
administrasiyası, həmçinin eks-prezident Corc Buşun
dövründə qəbul edilən qərarların qüvvəyə
minməsi prosesini də dondurub. "France Presse"
agentliyinin yaydığı məlumata görə, bu barədə
yeni prezidentin andiçmə mərasimindən dərhal sonra
onun aparatının rəhbəri Ram Emanuel göstəriş
imzalayıb. Nazirliklərin və idarələrin
işi ilə bağlı olan və indiyə qədər
qüvvəyə minməyən əvvəlki qərarların
hamısı ölkənin yeni rəhbərliyi tərəfindən
yenidən nəzərdən keçiriləcək. Qeyd edək ki, bu, Obamanın Buşa xüsusi mənfi
münasibəti deyil. ABŞ-da səlahiyyətlərin
yeni administrasiyaya verilməsi zamanı qərarların
dondurulması adi qaydadır.
Ağ evi
Obamaya təhvil verən Corc Buş isə vətəni Texasa
dönüb.
Sabiq prezident və xanımını ştatın kiçik
Midlend şəhərində 25 min adam
qarşılayıb. Buş ailəsi 8 il əvvəl
məhz buradan Vaşinqtona yola salınıb. Ailə
bundan sonra ştatın paytaxtı Ostin şəhərindəki
evdə və rançoda yaşayacaq. Keçmiş
prezident Dallas Universitetində prezident kitabxanası və muzey
açmaq fikrindədir. Artıq eksponatlar
iki təyyarə və bir neçə yük avtomobili ilə
Texasa gətirilib. C.Buş prezidentlik
dövrü ilə bağlı kitab da yazmaq niyyətindədir.
ABŞ
Senatı isə Hillari Klintonun dövlət katibi vəzifəsinə
təsdiqlənməsini təxirə salıb. Buna respublikaçı
senatorlardan birinin Hillarinin həyat yoldaşı, ABŞ-ın
keçmiş prezidenti Bill Klintontun hazırda rəhbərlik
etdiyi fonda xaricdən ayrılan maliyyə
yardımı ilə bağlı məsələnin
müzakirəsini tələb etməsi səbəb olub. H.Klinton dövlət katibi vəzifəsinə bu
müzakirə bitəndən sonra təsdiqlənə biləcək.
Obamanın maliyyə naziri təyin etdiyi Timoti
Qaytnerin məsələsi isə daha qəlizdir. O,
Senatın maliyyə komitəsinə hesabat verməlidir. Komitə T.Qaytnerin Beynəlxalq Valyuta Fondunda işlədiyi
vaxt gəlir vergisinin ilk ödəməsini edə bilməməsinin
səbəbi ilə maraqlanır. Keçən
həftə Obama demişdi ki, Qaytnerin vergi məsələsi
onun nazir təyin edilməsi üçün ciddi maneədir,
indi isə prezident ilk ödəməni edə bilməməsini
Qaytnerin "məsum bir səhvi" adlandırır.
Obamanın daha iki təyinatı
problem yaradıb: Erik Holderin baş prokuror, Tom Daşın səhiyyə
naziri vəzifəsinə təsdiqlənməsi təxirə
salınıb. Senat Holderin vaxtilə (B.Klintonun
prezidentliyi dövründə) vergi yoxlamasından
yayınmış milyonçu Mark Riçin
bağışlanması ilə nəticələnən
işdə əli olub-olmadığını bilməyə
çalışır. Daşın isə
vergi qeydlərinin araşdırılması tələbi
qoyulub. ABŞ qanunvericiliyinə görə,
prezidentin təyinatları Senatda təsdiqlənəndən
sonra qüvvəyə minir. Senat
Obamanın komandasında yer tutan adamlardan çoxunu artıq təsdiqləyib.
Kaspi.- 2009.- 22yanvar.- S.7.