"İmmiqrasiya
haqqında" qanun təkmilləşdirilir
"Dövlət rüsumu haqqında" qanunda da dəyişikliklər
ediləcək.
Milli Məclisin
qarşıdan gələn 2009-cu il yaz sessiyası çərçivəsində
dünən parlamentin İnsan hüquqları daimi
komissiyasının ilk iclası keçirilib. İclasda
"İmmiqrasiya haqqında" və "Dövlət
rüsumu haqqında" qanunlara əlavə və dəyişikliklər
edilməsi barədə" qanun layihəsi müzakirə
edilib. Milli Məclisin İnsan hüquqları daimi
komissiyasının sədri Rəbiyyət Aslanova hər iki
qanuna təklif olunan əlavə və dəyişikliklərin
dövrün tələblərinə uyğun düzəlişlər
olduğunu dilə gətirib. Bu gün dünyada bir ölkədən
digər ölkəyə insan axınının, miqrasiya və
immiqrasiya prosesinin baş verdiyini qeyd edən R.Aslanovanın
sözlərinə görə, belə demək mümkünsə,
müasir dünya insan köçünün yeni mərhələsini
yaşamaqdadır.
Azərbaycanın
da miqrasiya və immiqrasiya prosesindən kənarda
qalmadığını bildirən komissiya sədri qeyd edib
ki, son illər Azərbaycana gələn immiqrantların
sayı artmaqdadır. Komissiya sədrinin qeyd etdiyinə görə,
hazırda Azərbaycanda daimi qeydiyyatda olan 3786 miqrant var. Bundan
başqa, ölkəmizdə bir aydan artıq icazəsi olan
miqrantların sayı 54 192 nəfər təşkil edir. Dövlətin
bu məsələni nəzarətdə
saxladığını bildirən R.Aslanova digər ölkələrdə
də bu prosesin daim nəzarət altında olduğunu söyləyib.
"İmmiqrasiya
haqqında" qanunun qəbulundan 11 il ötdüyünü
qeyd edən komissiya sədri sonra həmin qanuna 4-cü
-"İmmiqrasiya haqqında vəsatət" maddəsinə
təklif olunan əlavə barədə məlumat verib. Onun
sözlərinə görə, sözügedən maddəyə
8-ci bəndin əlavə olunması təklif edilib. Təklif
olunan variantda da qeyd edilir ki, azı 2 il Azərbaycanda qanuni əsaslarla
yaşayan 18 yaşına çatmış, fəaliyyət
qabiliyyəti olan əcnəbilər və vətəndaşlığı
olmayan şəxslər Azərbaycanda daimi yaşamaq
üçün (immiqrant statusu almaq üçün)
müvafiq icra hakimiyyəti orqanına vəsatət verə
bilər. Əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslər vəsatətlərində Azərbaycana
immiqrasiyalarını əsaslandırmalıdırlar. Yəni,
immiqrasiya haqqında vəsatətə notarial və ya ona bərabər
tutulan qaydada təsdiq edilən sənədlər əlavə
olunur. Bu sənədlər doğum haqqında şəhadətnamə
və ya ona bərabər tutulan başqa sənəd, ailə
tərkibi haqqında arayış, nikah haqqında şəhadətnamənin
surəti, əcnəbilər və ya vətəndaşlığı
olmayan şəxslərlə immiqrasiya edən 14
yaşından 18 yaşınadək olan uşaqların
immiqrasiyası haqqında yazılı razılığı,
immiqrant statusu almaq istəyən şəxslərin
sağlamlığı haqqında arayış daxildir. Vəsatətlə
çıxış edən immiqrant əcnəbilərin və
ya vətəndaşlığı olmayan şəxslərin,
onlarla gələn ailə üzvlərinin minimal tələbatını
ödəyə bilən vəsaitin olması barədə sənəd
də təqdim etməlidir. Azərbaycan vətəndaşı
və ya bu ərazidə daimi yaşayan şəxs ölkədə
qaldıqları vaxtda təminatı öz üzərinə
götürdüyü hallar istisnadır. Tələb olunan sənədlər
sırasına əcnəbilərin vətəndaşlığını,
vətəndaşlığı olmayan şəxslərin isə
vətəndaşsızlığını təsdiq edən
sənəd, əcnəbilərin və ya vətəndaşlığı
olmayan şəxslərin peşə ixtisasını təsdiq
edən sənədlər, Azərbaycanda müvəqqəti
yaşamaq üçün icazə də daxildir. Azərbaycanın
immiqrasiya haqqında vəsatətin rədd edilməsi əsaslarının
mövcudluğunun müəyyən edilməsi
üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən
əlavə sənədlər də tələb oluna bilər.
Təklif
olunan əlavənin kifayət qədər vacib olduğunu qeyd
edən R.Aslanova bildirib ki, bu, immiqrantların
hüquqlarının qorunmasına, onların
varlığının təmin olunmasına xidmət edəcək:
"Biz hər dəfə ATƏT Parlament Assambleyasının
iclaslarında olarkən miqrasiya və immiqrasiya problemi gündəmə
gətirilir. Bu iclaslarda quruma üzv olan 56 ölkənin hər
birində miqrantlara və immiqrantlara göstərilən
münasibətdən narazılıq ifadə olunur, bu yöndə
beynəlxalq konvensiyalardan irəli gələn öhdəliklərin
yerinə yetirilməsi tələbləri səslənir. Odur
ki, bizdə də "İmmiqrasiya haqqında" qanuna təklif
olunan bu əlavə məhz beynəlxalq konvensiyalardan irəli
gələn öhdəliklərə ölkəmizdə necə
riayət edilmənin növbəti bir sübutu sayıla bilər".
"Müsavat"
deputat qrupundan olan millət vəkili Arzu Səmədbəyli təklif
olunan əlavənin yerində və lazımlı olduğunu
bildirib. O qeyd edib ki, bu dəyişikliyin dili bir qədər səlistləşdirilməli,
Azərbaycan dilinin norma və qaydalarına
uyğunlaşdırılmalıdır.
Sözügedən
komissiyanın digər üzvü, Ədalət
Partiyasının sədri İlyas İsmayılov təklif
olunan bəndin məhz təqdim olunan formada qalmasının məqsədəuyğunluğunu
dilə gətirib: "Həmin bənd məhz o cür
qalmalıdır. Çünki bu, hüquqdan gələn bir məsələdir,
onu dəyişmək olmaz".
Daha sonra
"Dövlət rüsumu haqqında" qanuna təklif
olunan dəyişikliklər barədə məlumat verən
R.Aslanova bildirib ki, burada əcnəbilərin və vətəndaşlığı
olmayan şəxslərin sənəd alarkən ödəyəcəkləri
dövlət rüsumlarının miqdarı müəyyənləşdirilir.
Məsələn, əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycanda müvəqqəti
və ya daimi yaşamaq üçün icazələrin verilməsinə,
müddətin uzadılmasına, xarici pasportların, onu əvəz
edən sənədlərin qeydə alınmasına və ya
qeydə alınması müddətinin uzadılmasına
görə 6 manat, Azərbaycanda 16 yaşına
çatdıqdan sonra daimi yaşayan əcnəbiyə və
ya vətəndaşlığı olmayan şəxsə qeydiyyat
vəsiqəsinin verilməsinə görə 6 manat, həmçinin
əcnəbilərə və vətəndaşlığı
olmayan şəxslərə Azərbaycanda müvəqqəti
və ya daimi yaşamaq üçün itirilmiş icazələrin
yenidən verilməsinə görə 3 manat rüsum ödənilməsi
tələb olunur.
Müzakirələrdən
sonra qanun layihəsi bütövlükdə parlamentin 2009-cu il
yaz sessiyasının plenar iclasına tövsiyə olunub.
İlham Qiliyev.
Kaspi.- 2009.- 23 yanvar.- S. 1.