Rəsul Rza anıldı 

 

Azərbaycanın Xalq şairi, Dövlət Mükafatı laureatı Rəsul Rza 1981-ci ilin 1 aprel günü dünyasını dəyişib. Hər il olduğu kimi aprelin 1-i günü bir qrup yazıçı Fəxri Xiyabanda Rəsul Rzanın məzarı önündə böyük şairi anmağa gəlmişdilər. Anım mərasimini açan, Rəsul Rza fondunun sədri, Xalq şairi Fikrət Qoca Rəsul Rzanı ölümsüz şair adlandıraraq onun oxucuların qəlbində daim yaşadığını, eyni zamanda onun uğurlu yol yazdıqları bu gün artıq 70 yaşını keçən şair və yazıçılar daim bir ata kimi onu yad etdiklərini söylədi. Şair Yusif  Həsənbəy Anarın “İnsan onu tanıyanların sonuncusu ölənə qədər yaşayır” fikrini dilə gətirərək Rəsul Rzanın ölümsüz və xoşbəxt şair olduğunu söylədi və sərbəst şeirə vətəndaşlıq verə bilən bir şair kimi Azərbaycan ədəbiyyatının azman yazarı kimi yadda qalacağını qeyd etdi. Ədalət Əsgəroğlu və Qəşəm Nəcəfzadə Rəsul Rzaya həsr etdikləri şeirlərini oxudular. Sonda çıxış edən şairin oğlu, Xalq yazıçısı Anar çıxış edənlərə və anım mərasiminə qatılanlara öz təşəkkürünü bildirdi.

 

 

Dayandur Sevgin 

 

Kaspi.-2010. – 2 aprel. – S.12.