“Mən arzumdan çox qabağa
getmişəm”
Artıq 60 yaşını haqlayan professor, əməkdar
elm xadimi, AMEA-nın müxbir üzvü Adil Qəribov məşğul
olduğu elm sahəsində daha böyük uğurlar qazanmaq
arzusu ilə yaşayır
Aşıb-daşan, tükənməz enerji ilə çalışdığı və bütün həyatını həsr etdiyi işinə çox bağlıdır. İllərini sərf edib elmi tədqiqatlara. İstirahətindən, dincliyindən kəsib, gecəsini, gündüzünə qatıb. Seçdiyi yola bütün varlığıyla inanıb, elə bu inam və cəfakeşliklə də istədiyinə nail olub. Azərbaycan elminə zaman keçsə də, dəyərini itirməyəcək sanballı töhfələr verib, davamçılarını yetişdirib. Həyatının mənası sayılan bu xidmətlər onun ömrünün məğzini dəqiq ifadə edir. Bu yaxınlarda 60 yaşı tamam olan kimya elmləri doktoru, professor, əməkdar elm xadimi, AMEA-nın Radiasiya Problemləri İnstitutunun direktoru Adil Qəribov məşğul olduğu elm sahəsində daha böyük uğurlar qazanmaq arzusu ilə yaşayır.
Mühüm tədqiqatlar
- Siz böyük bir instituta
rəhbərlik edirsiniz. Elmi fəaliyyətinizin, tədqiqatlarınızın
hamısı bu sahə ilə bağlıdır. Necə deyərsiniz,
ömrünüzü həsr etdiyiniz bu sahə cəmiyyətə
nə verir?
- Hazırda dünyanın ən
böyük problemi enerji təchizatıdır. Bu, artıq iki
əsrdir ki, dünyada bütün problemlərin, konfliktlərin
əsası kimi özünü göstərir. Keçən
əsrin 70-ci illərindən karbohidrogen mənbələrinin
tükənməsi gedirdi. Dünya yeni energetik krizis mərhələsi
qarşısında qalırdı. O zaman enerji təminatı
üçün yeni mənbələr axtarılırdı.
Bu axtarışın bünövrəsi isə çox qədimdən
başlamışdı. Heç şübhəsiz, bu cür
istifadə üçün yeni kəşflər, tədqiqatlar
aparmağa ehtiyac vardı. Mənim məşğul olduğum
sahə də nüvə enerjisinin dinc məqsədlərlə
istifadəsi istiqamətindədir. Dinc məqsədlərlə
istifadənin özü də inkişaf dövründən
asılı olaraq müxtəlif sahələrə həsr
olunub. Mənim ilk tədqiqatlarım neftin emalı proseslərində
atom enerjisindən istifadə etmək və bu cür komplekslərin
yaradılmasına həsr olunmuşdu. Bu sahədə həm
namizədlik işim, həm də patentlərim var. O zaman
aldığımız nəticələr sovetlər birliyində
çox gözəl qarşılanmış və iki dəfə
SSRİ Elmlər Akademiyasının ən mühüm nəticəsi
kimi illik hesabatlarda qeyd olunmuşdu. İkinci mərhələ
tədqiqatım atom hidrogen energetikası sahəsi ilə
bağlı olub. Bu sahədə aldığım nəticələr
isə yəqin ki, təkcə bu gün deyil, gələcəkdə
də böyük əhəmiyyət kəsb edəcək. Bu
sahədə tədqiqatlarım indi də davam edir. Doktorluq
işim də atom hidrogen energetikası sahəsindədir. Bu
sahə indi də dünyanı maraqlandırır.
Çünki hazırda dünyada yüksək enerjili nüvə
reaktorları işlənilir. Mənim o sahədə
apardığım tədqiqat işləri o zaman Rusiya
Kurçatov adına Atom Enerjisi İnstitutunun birbaşa maliyyə
dəstəyi ilə həyata keçirilirdi. Hər il həmin tədqiqatları
həyata keçirmək üçün bizə yarım
milyona qədər vəsait keçirirdilər. 1977-ci ildən sovetlər birliyi dağılana qədər
mən həmin institutla birgə işlər aparmışam.
Bu tədqiqatların nəticəsində onlarla yeni üsullar
işlənib. Mən bu işləri keçmiş SSRİ
Elmlər Akademiyasının prezidenti Aleksandrov və akademik
Valeri Alekseyeviç Leqasovun birbaşa rəhbərliyi
altında aparmışam. 1986-cı ildən elmi istiqamətimin
bir hissəsi də su ilə soyudulan nüvə
reaktorlarının hidrogen təhlükəsizliyinə həsr
olunub. 1987-ci ildə dünya alimləri Süxumidə
Çernobıl qəzasına həsr olunan xüsusi konfransa
yığışdı. Həmin konfransda dünya üzrə
su ilə soyudulan nüvə reaktorlarının rəisləri
iştirak edirdi. Mən də həmin konfransda
çıxış edərək bir ildə
aldığım nəticələri diqqətə
çatdırdım. Konfransda bu sahədə elmi tədqiqat
işlərinin həmin il mənə verilməsi qərara
alındı. Maraqlıdır ki, 1991-ci ildə sovetlər
birliyi dağılsa da onlar mənə 1992-ci ildə də vəsait
köçürürdülər ki, bu işləri davam
etdirim. Bu sahədə çox mühüm nəticələr
aldıq. Bu gün də mənim həmin işlərimə
yüzlərlə, minlərlə istinadlar var. Cəmiyyətə
nə vermək baxımından apardığım bu tədqiqatlar
cox mühümdür.
Yeni bir elmi istiqamətin bünövrəsi
- Məlum məsələdir
ki, sovetlər birliyi dağılanda müstəqil ölkə
kimi Azərbaycanın nə atom energetikası, nə də
nüvə texnologiyası vardı. Bu sahənin alimi kimi siz nə
etdiniz?
- O qarmaqarışıq
dövrlərdə biz bu cəmiyyətdə artıq insanlara
çevrilmişdik. Bir çox ölkələrdən dəvətlər
alsam da, mən heç yerə getmədim. «Bu ölkədə
nə yarada bilərik?» problemi məni
düşündürürdü. Ulu öndərimiz hakimiyyətə
gələndən sonra elmə maraq da artdı. Bizdən də
“siz bu cəmiyyətin yararlı bir hissəsi,
düşünən beynisiniz” deyə tələb etdilər.
Daha çox elmi-praktiki məsələ olan Azərbaycanın
radio ekologiyası, nüvə və radiasiya təhlükəsizliyi
problemi məni maraqlandırdı. Ancaq bunları tədqiq etmək
üçün bizdə heç bir avadanlıq yox idi. NATO, MAQATE
və digər qurumların və Amerika fondlarının
köməyi ilə yeni layihələr verdik. Mən bu
addımı öz labarotoriyamdan atdım. Həmin qrantlar nəticəsində
ən müasir avadanlıqları gətirdik.
Respublikamızın ərazisi, heç olmasa Abşeron
yarımadasının radiasiya və nüvə təhlükəsizliyi
sahəsindəki durumu üzrə elmi araşdırmalar
apardıq. Həmin araşdırmalar bu gün də davam edir.
Demək olar ki, respublikada yeni bir elmi istiqamətin
bünövrəsi qoyuldu. Bu gün artıq institutumuzun nəzdində
bu sahəyə xidmət edən iki mərkəz fəaliyyət
göstərir. Ətraf mühitin fizika və kimyası mərkəzi
və nüvə və radiasiya təhlükəsizliyi üzrə
ekspertiza mərkəzi. Bizdə 20-dən artıq gəncdən
ibarət klublar yaranıb. Mən həmin gəncləri tədris
keçmək üçün dünyanın bütün
inkişaf etmiş elmi mərkəzlərinə göndərmişəm.
Artıq onlar tam şəkildə yüksək
kvalifikasiyalı kadrlar siyahısına daxil olunacaq səviyyədədirlər.
Bu gün ölkəmiz üçün nə etmişəm
deyəndə onu da qeyd edə bilərəm ki, mən Azərbaycan
üçün yeni olan radiasiya və nüvə təhlükəsizliyi
istiqamətinin bünövrəsini qoyub inkişaf etdirmişəm.
Tam əminliklə deyə bilərəm ki, radioekologiya və
radiokimya istiqamətinin əsasını qoyub dünya səviyyəsində
elmi tədqiqat işləri aparmışıq. Bunun nəticəsidir
ki, Azərbaycanda ilk dəfə olaraq transsərhəd
sularının radionuklit tərkibinə görə MAQATE ilə
birlikdə beynəlxalq ekspedisia keçirmişəm.
2006-cı ildə yenə də MAQATE ilə birgə Xəzərin
Azərbaycan sektorunda böyük bir ekspedisiya keçirdik.
Artıq bunların hesabatı əlimizdədir. Ona görə
özümə hesabat verib «bu günə qədər nə
etmisən?» deyə soruşanda «Şükürlər olsun ki,
bunları etmişəm» – deyə cavab verirəm.
Aldığım nəticələrin hamısı ümumbəşəri
xarakterli enerji təminatında, nüvə radiasiya təhlükəsizliyində
mühüm əhəmiyyət kəsb edən nəticələrdir.
Gələcək üçün kadrlar
- Siz bu instituta rəhbər
təyin olunandan sonra fəaliyyət istiqamətində
hansı dəyişikliklərə nail oldunuz?
- Hazırda bu institut
respublikanın ümdə problemləri ilə məşğul
olur. Tam əminliklə deyə bilərəm ki, fəaliyyətimizi
respublikanın iqtisadi sahələrinin texnologiyaları ilə
uzlaşan elmi problemlərin həllinə həsr eləmişik.
Bu sahədə institutumuzun beynəlxalq əlaqələri də
genişdir. NATO, MAQATE, Avropa İttifaqı, Amerikanın bir
neçə elmi mərkəzi ilə layihələrimiz var.
Moskvanın, Türkiyənin ən aparıcı qurumları
ilə birgə fəaliyyət göstəririk. Həmçinin
MDB-nin atom enerjisi üzrə dövlətlərarası
komissiyasında, Avropa İttifaqı ilə
apardığımız müqavilədə, NATO-nun ekoloji təhlükəsizliyi
üzrə «Panel» qrupunda Azərbaycanı təmsil edirəm.
Bir neçə başqa beynəlxalq qurumlarda ölkəmizi
institumuzun başqa nümayəndələr təmsil edirlər. İnkişaf etməkdə olan
ölkələrin enerji tələbatını analiz etsək,
20 ildən sonra dünyada enerji
çatışmazlığı problemi yaranacaq. Güman
edirəm ki, 50 ildən sonra istəsək də, istəməsək
də biz atom enerjisini birinci yerə
çıxaracağıq. İndi atom enerjisi nativ enerji mənbələri
siyahısında gedirsə, 20 ildən sonra bu əsas enerji təminatına
çevriləcəkİnstitutun digər sahələrindən
biri bərpa olunan enerji mənbələrindən – günəş
və külək enerjisindən istifadə sahəsidir. Gələcəkdə
hidroenergetikanın istifadəsi üzrə Azərbaycanın
perspektiv planları var. . Bütün bunları həyata
keçirmək üçün bizə gənc kadrlar
lazımdır. MAQATE ilə həyata keçirdiyimiz yeni bir
layihə çərçivəsində onlarla gənc
mütəxəssislərimiz dünyanın aparıcı
müəssisələrində tədris kursları
keçir. Uzaqgörən hər bir müəssisə gələcək
üçün yeni kadr potensialının yaranmasına
çalışmalıdır.
Xüsusi insanlar
- Maraqlıdır, hansısa
bir tədqiqatınızın sizə şöhrət, ancaq
insanlara fəlakət gətirəcəyini bilsəniz belə,
onun uğrunda çalışarsınız?
- Alimlər xüsusi
insanlardır. Onlar ilkin mərhələdə tədqiqatı
zərərli kimi qiymətləndirmirlər. Ona öz
övladı kimi yanaşırlar. Ola bilər ki, hansısa bir
işimi araşdırsaq ondan o cür nəticə də
çıxa bilər. Ancaq xəstə övlad olanda onu
öldürmürlər ki? Əksinə, onu daha çox istəyirlər.
Ona görə də alimlər hər bir işi
özünün elmi nəticəsi kimi qəbul edirlər. Mən
də yəqin ki, o işimi davam etdirərdim. Ancaq
şükürlər olsun ki, qlobal problemli tədqiqatlarım
yoxdur. Yoxsa sonra rəhmətlik Saxarov kimi
özüm-özümü danlayardım ki, nə
üçün bu işi etmişəm. Ancaq inanın ki, bunu
əvvəlcədən heç bir alim
düşünmür.
- Sədi Şirazi insan
ömrünü 3 hissəyə bölür. Birinci 30 ilə
oxumaq, təhsil almaq, ikinci 30 ilə gəzmək, səhayət
və istirahət etmək, üçüncü 30 ilə isə
yaratdıqlarının gələcək nəsil
üçün qoymaq, xatirələrini yazmaq. Bu bölgü
ilə razısınızmı?
- Sədi Şirazi ədəbiyyat
adamıdır. O, poetik, bədii hisslərlə oynayıb və
onun üçün səyahət, gəzmək lazım olub.
Ancaq mən də Sədi Şirazi ilə razıyam ki, birinci
30 il öyrənməkdir. İkinci 30 il mənim kimi təcrübi
işlərlə məşğul olan alimlər
üçün elmi-tədqiqat işləri ilə məşğul
olmaqdır. Əgər üçüncü 30 ilə qalarıqsa, bizim də Sədi
Şirazinin yazdığı poetik yazılara oxşar
yaradıcılıq dövrümüz olmalıdır.
- 60 il tezmi gəlib
keçdi?
- Mənim üçün
bu illər tez gəlib keçmədi. Mən 51 yaşına
qədər gecə saat 11-dən tez evə getməmişəm.
Təcrübi işlərlə məşğul olmuşam. Mənim
üçün hər bir gün aldığım nəticələrə
görə çox mənalı idi. Hər günüm, hər
həftəm üçün günlərlə
düşünməli olmuşam. Elmi dairə genişləndikcə
alim üçün məkan və zaman anlayışı
pozulur. Buna görə də mənim üçün bu 60 il
çox uzun gəldi.
- Özünüzə nə
arzulayırsınız?
- Mən Şəkinin
Kiçik Dəhnə kəndində oxuyurdum. 9-cu sinif
şagirdi olanda fiziki problemlərin tədqiqi ilə məşğul
olmaq arzusunda idim. Məktəbdə oxuyanda hamı öz arzularını dilə gətirəndə
mən də laboratoriyada çalışmaq istəyimi
bildirirdim. Amma indi hərdən söhbət edəndə deyirəm
ki, mən arzumdan çox qabağa getmişəm.
Çünki laboratoriya müdiri olmaq istəmişdim, ancaq
institut direktoruyam. Əlbəttə, arzularımın
çoxu elmi nəticələrlə bağlıdır. Ailə
də mənim üçün əsasdır.
Yükümün çox hissəsini həyat yoldaşım
öz çiyinlərinə götürmüşdü. Ona
görə də məişət xırdalıqları ilə
məşğul olmadığım üçün
özümü daha çox elmə sərf etmişəm.
Arzum budur ki, Azərbaycan elmə görə dünyanın
inkişaf etmiş ölkələri sırasına getsin!
İstəməzdim ki, ölkəm dünyanın bir nömrəli
problemi olan nüvə elmləri sahəsində
axırıncı siyahıda olsun! Biz heç kəsin
torpağına göz dikməmişik. Heç kəs
üçün atom bombası düzəltmək niyyətində
deyilik. Amma mənim ən böyük arzumdur ki, dünyada Azərbaycanın
özünün tədqiqat nüvə reaktoru olsun və o tədqiqatları
öz ölkəmizdə edək. Dünyanın gözü
bizim elmi nəticələrdə olsun. Özümə isə
məşğul olduğum sahədə elmi işlərimlə
daha çox məşğul olmaq üçün imkan
olmasını arzulayıram!
Təranə MƏHƏRRƏMOVA
Kaspi. -2010. – 3-5 aprel. –S.6.