Təbii, amma çox təhlükəli problem -
sürüşmə
Geologiya-minerologiya elmləri doktoru Yusif İsrafilov:
“Böyük və Kiçik Qafqaz, Talış dağları
mövcud olduqca, torpaq sürüşməsi problemi
qarşımızda duracaq”
Son zamanlar ölkənin
müxtəlif rayonlarında torpaq sürüşmələrinin
baş verməsi məsələyə diqqəti bir qədər
də artırıb. Vəziyyət ilk baxışdan
sürüşmələrin artması təəssüratını
yaratsa da, Elmi-Tədqiqat Geologiya İnstitutunun Hidrogeologiya və
mühəndis-geologiya şöbəsinin rəhbəri,
geologiya-minerologiya elmləri doktoru Yusif İsrafilov isə bunun
əksini deyir: ” Torpaq sürüşməsi tarix boyu
mövcud olub və onun sxemi çox sadədir. Prosesin
mövcud sxematik variantları da elmi-geoloji, mexaniki cəhətdən
çoxdan öyrənilib. Ümumiyyətlə,
sürüşmələr ekzogen proseslərin nəticələridir.
Təbii halda sürüşmə hansısa bir təsirin nəticəsində
baş verir. Məsələn, kütlə gilin üstündə
yatır, gilə də su dəydikdə onun mexaniki, fiziki
parametrləri dəyişərək çox yumşalır.
Gilin üstündə neçə min, milyon illərlə
yatan kütlədə ekzogen proses nəticəsində
tarazlıq dəyişir, leysan, zəlzələ və s. nəticəsində
torpaq sürüşməsi baş verir”.
Sürüşmədə təbii və antropogen amillər
Mütəxəssis torpaq
sürüşməsi ilə zəlzələ arasında
birtərəfli əlaqə olduğunu da vurğulayır: ”Zəlzələnin
nəticəsində torpaq sürüşməsi baş verə
bilər. Ona görə ki, zəlzələ kütləyə
təkan verir, kütlə də gilin üzərindən
axmağa başlayır. Amma torpaq sürüşməsinə
səbəb olan başqa amil də var. Belə ki, insan fəaliyyəti
nəticəsində antropogen amillər də bu prosesə təsir
göstərir. Paytaxtda Bayılda, digər bir neçə
obyektdə də bunun şahidi olmuşuq. Bakıda “Lukoyl”
yanacaqdoldurma stansiyasının yaxınlığında yol
inşası zamanı da bu proses yaranmışdı. Bundan əvvəl
isə “Kirov” adlandırılan parkda, Montin qəsəbəsi
və bir çox yerlərdə bu hal baş verib. Torpaq
sürüşməsinin baş verməsi təbii proses
olduğundan burada problem yoxdur. Amma prosesi kənardan izlədikdə
hər hansı birimizin evi sürüşməyə məruz
qalsa, bu, bizim üçün problem yox, dəhşət ola
bilər. Ona görə də bu problemin öyrənilməsi,
onunla bağlı müşahidə aparılması, bir
neçə istiqamətdə monitorinqi vacibdir”.
Y.İsrafilovun sözlərinə görə, əvvəllər
respublikada Geologiya idarəsi adlanan orqanın nəzdində
ekzogen proseslərlə bağlı qurum fəaliyyət
göstərirdi. Bu qurum tərəfindən bütün Azərbaycanda,
əsasən də sürüşmələrin çox
olduğu dağlıq ərazilərdə işləri
aparılıb, sürüşmə olan yerlər sxemləşdirilib,
ehtimal olunan yerlər proqnozlaşdıraraq xəritələr
hazırlanıb: ”Respublikada bu məsələ hazırda da
diqqət mərkəzindədir. Hazırda Fövqəladə
Hallar Nazirliyinin növbətçi qurumları tərəfindən
sürüşmə baş verən ərazilər və
onların parametrləri ilə bağlı mütəmadi
olaraq bizə məlumatlar verilir”.
Potensial sürüşmə zonaları
Torpaq sürüşməsinin
qarşısının alınmasına gəlincə, mütəxəssis
bunun problem olduğunu deyir: ”Hətta proqnozlaşdırılan
ərazilər müəyyən olunsa belə, torpaq
sürüşməsinin qarşısını almaq
mümkün deyil. Çünki bunun
üçün çox böyük vəsait tələb
olunur. Məsələnin maliyyə tərəfi hesablansa,
torpaq sürüşməsinin qarşısını
almaqdansa, həmin ərazilərdə məskunlaşan əhalinin
başqa yerə köçürülməsi dəfələrlə
daha az xərc tələb edər. Torpaq sürüşməsinin
qarşısını almaq üçün milyardlarla vəsait
lazımdır. Böyük və Kiçik Qafqaz,
Talış dağları potensial sürüşmə
zonalarıdır. Proqnozlara görə, hər dəqiqə orada
torpaq sürüşməsi baş verə bilər və bu
proses intensivləşir. Böyük, Kiçik Qafqaz dağ
silsilələri mövcud olduqca, o qədər də bu problem
qarşımızda duracaq. Dağların qabağını
tutmaq mümkün deyil axı. Bu problemi də həll etmək
imkanı yoxdur, onu nəzarətdə saxlamaq olar”.
Y.İsrafilov Fövqəladə Hallar Nazirliyinin (FHN)
sürüşmə baş verən ərazilərə daim nəzarət
etdiyini deyir. Amma nazirliyin buna maddi-texniki bazası imkan versə
də, Elmi-Tədqiqat Geologiya İnstitutunun prosesin izlənilməsinə
imkanı çatmır: ”Mən geologiya-minerologiya elmləri
doktoruyam, Hidrogeologiya və mühəndis geologiya şöbəsinin
rəhbəriyəm. Bu institutda yüksək vəzifələrdən
biridir. Müəyyən doktorluq dərəcələri
olmasına da baxmayaraq, maaşım 282 manatdır. Elmi
işçilər isə 150-170 manat maaş alırlar. Yəni
bizim imkanımız yoxdur ki, sürüşmə olan rayonlara
gedib iş aparaq. İnstitut bunu elmi cəhətdən öyrənməlidirsə,
nazirliyin işi belə hallar baş verdikdən sonra
başlayır. Nazirlik də bu işin öhdəsindən
kifayət qədər gəlir”.
Problemin həllində ağaclar hər zaman səmərə
vermir
Mütəxəssis deyir ki,
təbii torpaq sürüşməsinin
qarşısını almaq çətin olsa da, antropogen təsirlərdən
qorunmaq mümkündür. Bunun üçün ağac əkilməsi
müəyyən səmərə verə bilər. Belə ki, ağacın əkilməsi də
kütlənin hansı qalınlıqda olması ilə
bağlıdır: “Ağacların kökləri
torpağın yuxarı hissəsini bərkidir. Hazırda
respublikada da son zamanlar xeyli sayda ağac əkilir. Əgər əkilən 100
ağacın heç olmasa, 30-40-ı əmələ gələrsə,
onun çox böyük təsiri ola bilər. Bu
ağacların kökləri yarım, bir metrə qədər
torpaq təbəqəsini bərkidir. Amma
qalınlığı 20-30 metr olan sürüşmələr
də var ki, burada artıq ağacların təsiri azdır.
Ümumiyyətlə, eroziya proseslərinin
qarşısının alınmasında ağacların
çox böyük əhəmiyyəti var ”. Bundan başqa,
torpaq sürüşməsinin qarşısını almaq
üçün bəzi addımlar da atıla bilər. Belə
ki, həmin ərazilərdə strateji obyektlər yerləşərsə,
mühəndisi qurğu-qruntda divarlar yaradılır, betonla
sürüşmənin qarşısı alınır. Qruntda
divarları yaratdıqda isə köklü süxurlara gedib
çatmaq lazımdır ki, orada divarlar bərkisin. Bunun
üçün isə hesabatlar, təhlillər
aparılmalıdır. Sürüşmə zamanı kütlənin
gücü müəyyənləşdirilməli, qrunt
divarları bu gücə
uyğunlaşdırılmalıdır: ”Gilçə-qumça
olduqda, qrunt asfaltçəkən maşınlarla bərkidilir,
sonra suyun təsirinin aradan qaldırılması, onun qrunta getməməsi
üçün su yerin üstü ilə aparılır.
Bununla da suyun təsiri bir neçə dəfə
azaldılmış olur”.
Həssas zonalarda ev tikintisinə icazə verənlər
məsuliyyətə cəlb olunmalıdır
Mütəxəssisin fikrincə,
son illər sürüşmələrin intensivləşməsi
deyil, informasiya bolluğunda bu problemə diqqət artıb:
“Torpaq sürüşmələrinə sensasiya kimi baxmaq
düzgün deyil. Bu proses təbiidir, amma çox təhlükəlidir.
Adama elə gəlir ki, bu il torpaq sürüşmələri
bir qədər artıb. Mən də bu məsələnin
üzərində düşünməyə başladım.
Düzdür, sürüşmələrin
çoxalıb-çoxalmamasını dəqiqləşdirmək,
bunu hələ təhlil etmək lazımdır. Amma torpaq
sürüşmələrinin artması təəssüratını
yaradan informasiya bolluğudur. Əvvəllər FHN yox idi, onlar
fəaliyyət sahələrindən biri kimi bu işi
çox operativ aparırlar. Bu operativliyin nəticəsində
də sürüşmə ilə bağlı informasiya
çoxalıb. Amma bu o demək deyil ki, əvvəllər
sürüşmələr yox idi. Dağ zonalarında elə
yerlər var ki, sürüşmə baş verir, heç
kimin xəbəri də olmur. Çünki boş ərazilərdə
baş verdiyi üçün proses heç kimə zərər
vermir”.
Yüksək gərginlikli
elektrik xətlərinin altında, palçıq vulkanları ətrafında,
eləcə də zəlzələyə, torpaq
sürüşməsinə həssas ərazilərdə əhalinin
məskunlaşmasına gəlincə, mütəxəssis
oralarda əhalinin ev tikməsinə icazə verən
qurumların məsuliyyət daşıdığını
deyir: “Həmin qurumlar bu məsələlərlə
bağlı məlumatlı olmalıdırlar və məlumatları
da var. Burada problemə qanuni nöqteyi-nəzərdən baxmaq
lazımdır. Həmin qurumlar belə ərazilərdə ev
tikilməsinə icazə verməməli idilər. Vulkanın
da üzərində ev tikərlər? Buna icazə verənləri,
göz görə-görə qanunu pozanları məsuliyyətə
çəkmək lazımdır. Belə insanlar öz cəzasını
alsalar, bəlkə ondan sonra gələn bunları təkrarlamaz”.
İqlim dəyişmələri də torpaq
sürüşməsinə təsirsiz ötüşməyəcək
İqlim dəyişmələrinin
torpaq sürüşməsinə təsirlərinə gəlincə,
Y.İsrafilov deyir ki, bu dəyişmələrin ölkəyə
təsiri hələ öyrənilməkdədir: “Bu məlumatlarda
göstərilir ki, son 10 ili götürsək, orta illik temperatur
təxminən 0,6-0,7 dərəcə artır. Amma mənim
fikrimcə, bu o demək deyil ki, iqlim dəyişir. Temperaturun
artması faktdır. Biz iqlimin bir forması olan arid zonada
yaşayırıq. Burada buxarlanma yağıntıların
miqdarından 3,5-3,6 dəfə çoxdur. İstilik nəticəsində
buxarlanma yağıntılardan çox olduğu
üçün bizdə iqlimin təsirləri öyrənilməlidir.
İqlim, yeraltı, yerüstü sular sürüşməyə,
eləcə də zəlzələyə təkan verir, onu fəallaşdırır.
Elmə məlum olan bu faktlar hazırda da öyrənilir. Ona
görə də təbii ki, iqlimin dəyişməsinin
bütünlükdə ekzogen proseslərə təsiri
olacaq”. Belə ki, iqlim dəyişməsinin
yağıntıların miqdarına təsiri olarsa,
yağıntılar çoxalarsa, ekzogen proseslərin də fəallaşması
qaçılmaz olacaq: ”Onun nəticəsində isə
sürüşmələr də bir az çoxala bilər. Eləcə
də iqlim dəyişmələrindən asılı olan
bütün proseslər fəallaşa bilər. Amma hələ
ki, iqlimin dəyişməsinin nəticəsini biz
görmürük. Respublikada bu prosesi cihazlar qeyd edir, faktiki
olaraq təsiri hiss olunmur”.
Qismətqızı Həqiqət
Kaspi. -2010. – 7 aprel. – S.11.