“Elmdə plagiatın qarşısını almaq çətindir” 

 

Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru İsa Alıyev: Ali Attestasiya Komissiyasının Fəlsəfə və Hüquq İnstitutunda aşkarladığı plagiatlıq faktları bizdə təəssüf  doğurur

 

- İsa müəllim, İqtisadiyyat İnstitutunda əsasən hansı sahələrlə bağlı elmi işlər müdafiə olunur?

- Biz iqtisadiyyatın aktual problemləri ilə bağlı elmi araşdırmalar aparırıq. Son illər institutumuzda iqtisadiyyatımızın müxtəlif sahələri ilə bağlı elmi işlər yazılır. Əsasən iqtisadiyyatın təşkili və idarə edilməsi, sənaye iqtisadiyyatı, əməyin iqtisadiyyatı problemləri, regional iqtisadiyyat üzrə və siyasi iqtisadla bağlı müdafiələr təşkil olunur. Özü də bu müdafiələrin təşkili o qədər də asan deyil.

- Müdafiə olunan işlərin keyfiyyəti necədir?

- Bu da çox aktual məsələlərdən biridir. Sirr deyil ki, hazırda respublikamız da bu sahədə problemlər var. Bizdən tələb odur ki, əsasən yüksək keyfiyyətli, xalq təsərrüfatına əhəmiyyət verən, dövlətin iqtisadi siyasəti ilə səsləşən, onların reallaşmasına kömək edən elmi işlər müdafiə olunsun. Biz bunları nəzərə almağa çalışsaq da, təbii ki, İqtisadiyyat İnstitutunda da müəyyən lənglik və çatışmazlıqlar mövcuddur. Biz bu problemləri tədricən aradan qaldırmaq əzmindəyik. Məqsədimiz odur ki, bu gün daha çox dövlətimizin yürütdüyü siyasətlə səsləşən işləri müdafiəyə buraxaq. Çalışırıq ki, müdafiəyə buraxdığımız şəxslər ölkədə tanınmış və elmdə öz sözü olan insanlar olsun. Təsadüfi adamların, kommersiya strukturlarının təmsilçilərinin, elmdən xəbəri olmayan şəxslərin müdafiəsinə şərait yaratmırıq. Məsələn, son il yarım ərzində bizim Elmi Şurada bir nəfər də olsun belə insan müdafiə etməyib. Bizdə müdafiə edənlər əsasən, ali məktəb müəllimləri, öz institutumuzun elmi işçiləri, uzun müddət pedaqoji və elmi stajı olan şəxslərdir. Amma digər tərəfdən, kimliyindən asılı olmayaraq insanların elmə marağının qarşısını almaq olmaz. Əlbəttə, kommersiya strukturunda, digər sahələrdə çalışan insanların da böyük elmi maraqlarının olması mümkündür. Bu cür şəxslərin müdafiəyə buraxılması təbii qəbul olunmalıdır.

- İsa müəllim, bu günlərdə Prezident yanında Ali Attestasiya Komissiyası müdafiəyə təqdim olunmuş bir neçə elmi işin plagiat olması ilə bağlı qərar çıxarıb. Bu fakta münasibətiniz necedir?

- Elmdə plagiatlıq, köçürmə faktları zaman-zaman müşahidə olunur. Lakin bizim institutda müdafiə sistemi elə bir mexanizmlə qurulub ki, işlər müdafiəyə gəlib çatana qədər böyük bir alimlər ordusunun əlindən keçmiş olur. İşlər əvvəlcə ilkin müəssisədə müzakirə olunur. Həmin müzakirələrdə iş üzrə sahəni bilən residentlər təyin olunur. Mövzu ilk növbədə kollektivin müzakirəsinə verilir. Bu müzakirələrdə 10-15 elmlər namizədi və elmlər doktoru iştirak edir. Daha sonra iş elmi seminarda müzakirə olunur. Həmin prosedur orada da təkrar olunur. Yalnız bundan sonra işlər Elmi Şuranın müzakirəsinə çıxarılır. Bu mərhələlər çərçivəsində işlərin köçürülmə olduğunu, plagiat xarakter daşıdığını müəyyənləşdirməyə çalışırıq. Amma açığını deyim ki, bu, çox çətindir. Çünki hazırda biz informasiya əsrində yaşayırıq. İnternet sürətlə inkişaf edir. Bütün bunlar başqalarının ideyalarını oğurlamaq və bundan ustalıqla istifadə etmək üçün geniş imkanlar yaradır. Ali Attestasiya Komissiyasının Fəlsəfə və Hüquq İnstitutunda aşkarladığı plagiatlıq faktları bizdə təəssüf  doğurur. Bu o deməkdir ki, biz də işlərimizə daha məsuliyyətlə yanaşmalı və daha ayıq-sayıq olmalıyıq. Amma onu da deyim ki, bu cür halların qarşısını almaq bir adamın işi deyil. Bu çox incə bir məsələdir. Bununla kompleks şəklində məşğul olmaq lazımdır. Ola bilər ki, kimsə elmi işinin ideyasını haradansa oğurlasın və uzun müddət bunu müəyyənləşdirmək mümkün olmasın. Çox yaxşı haldır ki, Müəllif Hüquqlarının Qorunması Agentliyi bu məsələ ilə bağlı fəaliyyətini gücləndirib. Onlar bir neçə elmi işi ekspertiza üçün bizə yollayıblar. Biz də müəyyənləşdirmişik ki, bu işlər doğrudan da orijinaldır, yoxsa yox. Yaxşı olardı ki, gələcəkdə də bu agentlik müdafiə olunan elmi işlərlə bağlı fəaliyyətini daha da gücləndirsin. Mən demirəm ki, müdafiə etmək istəyən şəxslər bu agentlikdən arayış və ya hansısa bir sənəd alsınlar. Əksinə, işlərin yoxlanılması müdafiə etmək istəyən şəxslərin xəbəri olmadan aparılmalıdır. Belə olsa hər kəs öz işini bilər, köçürmə halları da azalar.

- Elmin İnkişafı Fondu yaxın vaxtlarda təqdim olunan layihələrin maliyyələşdirilməsinə start verəcək. Artıq qeyd olunub ki, iqtisadiyyatla bağlı layihələrin maliyyələşdirilməsinə daha çox diqqət yetiriləcək. İqtisadiyyat İnstitutu fonda hansı layihələri təqdim etmək fikrindədir?

- Əlbəttə ki, biz fonda layihələr təqdim etmək niyyətindəyik. Artıq bir neçə layihə də hazırlamışıq. Müxtəlif səbəblərdən hələlik bu layihələrin adlarını açıqlaya bilmərəm. Bilirsiniz ki, dövlətimizin iqtisadi inkişafı ilə bağlı müxtəlif dövlət proqramları var. Məsələn, regionların sosial-iqtisadi inkişafı, ərzaq təhlükəsizliyi ilə bağlı proqramlar icra olunur. Eyni zamanda, ölkəmizin maliyyə tənzimlənməsi, iqtisadi təhlükəsizlik problemləri də mövcuddur. Biz də bu istiqamətlər üzrə dövləti düşündürə biləcək məsələlərlə bağlı layihələr hazırlamışıq. İstəyirik ki, respublikamız üçün gərəkli olan işlər görək. Keçən il biz Milli Elmlər Akademiyası və İqtisadi İnkişaf Nazirliyi ilə birlikdə Gəncə-Qazax zonası üzrə investisiya xəritəsi hazırladıq. Hesab edirik ki, bu xəritə nəinki respublika ictimaiyyətinin, ümumilikdə dünyanın marağına səbəb olacaq. Bu xəritədə hansı rayonda hansı obyektlərin yerləşdiyini, onların hansı vəziyyətdə olduğunu, ora nə kimi xərclərin qoyula biləcəyini, qazanc götürüləcəyini, bir sözlə, bütün parametrləri müəyyənləşdirmək mümkündür. Yalnız bir düyməni basmaqla bunu müəyyənləşdirə bilərsiniz. Fonda təqdim etmək üçün də bizim bu kimi çox maraqlı ideyalarımız var. Hansı ki, onlar araşdırma tələb edirlər.

- Azərbaycan elminin əsas problemlərindən biri kimi nəzəriyyənin praktika ilə uzlaşdırılmaması məsələsi göstərilir. Siz bu barədə nə düşünürsünüz?

- Bu, çox maraqlı məsələdir. Nəzərə almaq lazımdır ki, nəzəriyyəsiz elm yoxdur. Nəzəriyyə elmin özü deməkdir. Praktika isə nəzəriyyənin təcrübədə sınaqdan keçirilməsidir. Bu mənada götürəndə Milli Elmlər Akademiyasının əsas məqsədi odur ki, elmin fundamentalığını qoruyub saxlaya bilək. Yəni dünyada baş verən sosial-iqtisadi prosesləri izləyək, təcrübəni öyrənək və onu Azərbaycana tətbiq edək. Biz nəzəriyyələri, keçmiş iqtisadi inkişaf məktəblərini bilməliyik. Belə olmasa Azərbaycanda özümüzdən hoqqa çıxara bilmərik. Son il yarım ərzində  institutumuzun əməkdaşları bir neçə xarici ölkəyə səfər edərək onların təcrübələrini öyrəniblər. Sualınıza qayıdaraq onu da demək istəyirəm ki, əgər nəzəriyyə praktika ilə əlaqələnmirsə, heç kimə lazım deyil. İqtisadiyyatda məşhur bir söz  var: “Məhsul istehsal olunub satılmırsa, demək o, istehsal olunmayıb”. Bizim elmi nəzəriyyələr də Azərbaycan iqtisadiyyatının inkişafına, modernləşməsinə xidmət etməlidir. Hazırda iqtisadiyyatla bağlı çox incə məsələlər gündəmə gəlib. Məsələn biliklərə əsaslanan iqtisadiyyatın qurulması, insan kapitalının inkişaf etdirilməsi, informasiya cəmiyyətinin qurulması kimi məsələlər qarşımızda durur. Biz çox deyə bilərik ki, inkişaf etmişik. Amma dünya da inkişaf edir. Dünya ilə ayaqlaşmaq lazımdır.

- Bu istiqamətdə görülən işləri qənaətbəxş hesab edirsinizmi?

- Açığını deyim ki, ümumilikdə qənaətbəxş hesab etmirəm. Hamımıza məlumdur ki, bu yaxınlarda Prezident Administrasiyasının rəhbəri, hörmətli akademikimiz Ramiz Mehdiyevin bu məsələ ilə bağlı böyük bir məqaləsi dərc olunmuşdu. Orada da qeyd olunurdu ki, humanitar və ictimai elmlər, o cümlədən iqtisad elmi də ölkədəki  ümumi inkişafla ayaqlaşa bilmir. Biz bu iradı qəbul edirik. Məsələ burasındadır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra çox sürətli inkişaf yolu keçdi. Biz iqtisadçılar bir göz qırpımında baş verən bu dəyişiklikləri ictimaiyyətə çatdıra bilmədik. İndi əsas məsələ nə edəcəyimizi müəyyənləşdirməkdir. Mənim fikrimcə, bədbinliyə qapılmayıb daha da irəli getməyə çalışmalıyıq. Bazar iqtisadiyyatını qurduğumuz kimi cəmiyyətimizdə də iqtisadi inkişafa əsaslanan demokratiya qurmalıyıq. İqtisadçıların əsas vəzifəsi dövlət başçısının həyata keçirdiyi siyasətin iqtisadi məzmununu xalqa çatdırmaqdır. Məsələn, hərdən deyəndə ki, Azərbaycanda çox güclü iqtisadi inkişaf var, bu, bəzilərinə çatmır. Onlar hesab edirlər ki, iqtisadi inkişafdan əldə olunan pullar axıb camaatın cibinə dolmalıdır. Amma əslində, iqtisadi inkişafı bu cür başa düşmək olmaz. Biz demokratik vətəndaş cəmiyyətinin ilk pillələrini qururuq. Təbii ki, bu prosesdə ziddiyyətlər də, çatışmazlıqlar da olacaq. Sirr deyil ki, bu gün iqtisadiyyatımızda birtərəflilik, neftdən asılılıq da var. Bu cür vəziyyətdə iqtisadçılar gələcəklə bağlı reseptlər müəyyənləşdirməli və dövlətə kömək etməlidirlər.

- Bu gün iqtisadiyyatın neftdən asılılığı problemi hələ də aktuallığını qoruyur. Siz bu barədə nə düşünürsünüz?

- Bilirsiniz, neft Allahın bizə verdiyi bir nemətdir. Biz bundan qaça bilmərik. İqtisadiyyatda neft sektorunun payının çox olması qəbahətli hal deyil. Neft hasilatının çoxalmasından bəhrələnmək lazımdır. Neftdən əldə olunan gəlirlər iqtisadiyyatın digər sektorlarına yönəldilməlidir. Yəni, iqtisadiyyat kompleks şəkildə inkişaf etdirilməlidir. Əvvəllər belə bir fikir var idi ki, əgər böyük miqdarda neftimiz varsa, kənd təsərrüfatının inkişafına ehtiyac yoxdur. Amma bu, düzgün yanaşma deyil. İqtisadiyyatın bütün sahələri ahəngdar şəkildə və bir-biri ilə əlaqəli inkişaf etməlidir. Məsələn, bizdə pambıqçılığa diqqətin azalması yüngül sənayenin inkişafına maneə oldu. Və yaxud üzümçülüyə diqqətin azalması emal sənayesinin, şərabçılığın tənəzzülünə gətirib çıxardı. İndi biz tədricən bu sahələri dirçəldirik.

 

 

Quliyev İlham

 

Kaspi. – 2010. – 8 aprel. – S.6.