Azərbaycanın turizm infrastrukturu beynəlxalq tələblər səviyyəsində qurulacaq 

 

“Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” bu sahəyə böyük perspektivlər vəd edir

 

Hazırda turizm dünyada sürətlə inkişaf edən biznes sahələrindəndir. Dünya üzrə ümumu milli məhsulun 10 faizi,  ixracatın 8 faizi beynəlxalq turizmin payına düşür. Göstərilən xidmətlərin təqribən üçdə biri beynəlxalq turizm vasitəsi ilə həyata keçirilir.  Dünyada əmək qabiliyyətli əhalinin 8,1 faizi turizm industriyasında və onunla bağlı iqtisadiyyat sahələrində məşğuldur. Zəngin mədəni tarixi irsə və əlverişli təbii şəraitə malik olan Azərbaycan da turizm sahəsində böyük inkişaf perspektivlərinə  malikdir.

Ölkədə turizmin kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, dini, idman və s. kimi əksər növlərinin inkişafı üçün geniş imkanlar mövcuddur. Hazırda respublikada 123 turizm müəssisəsi lisenziya əsasında fəaliyyət göstərir və 2002-ci ilə nisbətən onların sayı 3 dəfədən çox artıb. Bununla yanaşı, turizmin inkişafı və turizm sektorunun ölkə iqtisadiyyatının aparıcı sahələrindən birinə çevrilməsi bu gün Azərbaycanda ən mühüm vəzifə olaraq qarşıda durur. Ötən gün ölkə başçısının sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı” məhz bu istiqamətə yönəlib. Proqramda turizm infrastrukturunun beynəlxalq tələblər səviyyəsində qurulması, turizm haqqında qanunvericiliyin təkmilləşdirilməsi əsas yer tutur. Proqramın həyata keçirilməsi üzrə Tədbirlər Planına uyğun olaraq, turizm və rekreasiya zonalarının müəyyən edilməsi, bu zonalarda müxtəlif növlər üzrə turizm fəaliyyətinin təşkilinə dair normativ hüquqi bazanın təkmilləşdirilməsi nəzərdə tutulub. 2010-2011-ci illər üçün nəzərdə tutulan bu işin icrası Nazirlər Kabineti, Ədliyyə, Mədəniyyət və Turizm nazirliklərinə həvalə olunub. Bir il ərzində tarix və mədəniyyət abidələrinin, qədim arxitekturaya malik binaların turizm məqsədləri üçün istifadəsinə dair təkliflər də hazırlanmalıdır. Bu təkliflər Mədəniyyət və Turizm Nazirliyi, AMEA, Nazirlər Kabineti yanında “İçəri şəhər” Dövlət Tarix-Memarlıq Qoruğu  İdarəsi və yerli icra  hakimiyyəti orqanları tərəfindən hazırlanacaq. 2012-ci ilə qədər sağlamlıq imkanları məhdud şəxslərin, əlillərin, aztəminatlı əhalinin, uşaq və tələbələrin sosial turizmdən istifadəsinin təmin edilməsi ilə bağlı təkliflər də nəzərdə tutulur. Bu təkliflərin hazırlanmasına isə Mədəniyyət və Turizm Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası cəlb ediləcək. Milli parklarda, ekoloji turizm üçün yararlı olan digər ərazilərdə ekoturizm fəaliyyətinin təşkili, ərazi turizm inkişaf planlarının hazırlanması da nəzərdə tutulub. Mədəniyyət və Turizm, Ekologiya və Təbii Sərvətlər nazirliklərinə həvalə olunmuş bu iş 2014-cü ilə qədər davam edəcək. Proqramda kadr təminatı da öz əksini tapıb. Belə ki, turizm sahəsinə aid olan işçilərin Vahid Tarif  Sorğu Kitabçası təsdiqlənməsi, Turizm İnstitutunun nəzdində turizm üzrə milli təlim mərkəzinin yaradılması, turizm üzrə mütəxəssis hazırlayan ali, orta ixtisas və texniki-peşə təhsilli müəssisələrində müvafiq tədris proqramların təkmilləşdirilməsi planlaşdırılır. Turizm obyektlərində sanitariya və gigiyena tədris proqramı həyata keçiriləcək, turizm sahəsində təhsillə bağlı yeni vasitələrin araşdırılacaq və beynəlxalq təcrübə nəzərə alınmaqla onların tətbiqi barədə təkliflər hazırlanacaq. Turizm sektorunda statistika və tədqiqatlar da aparılacaq. Bunun üçün ilk növbədə turizm sahəsi üzrə statistik məlumatların toplanılması sistemi və metodologiyası beynəlxalq təcrübəyə uyğunlaşdırılaraq təkmilləşdiriləcək. Dövlət Statistika Komitəsi ilə Mədəniyyət və Turizm Nazirliyi mütəmadi olaraq ölkə üzrə turizm fəaliyyətinə dair illik statistik toplu hazırlanacaq. Bu qurumlarla yanaşı, İqtisadi İnkişaf Nazirliyi və Dövlət Miqrasiya Xidməti 2014-cü ilə qədər ölkəyə gələn və ölkədən gedən turistlərin sayı, məqsədləri və xərcləri barədə statistik məlumatları toplayacaq. Proqramın digər istiqaməti tanıtma və marketinqlə bağlıdır. Belə ki, xarici turistlər üçün milli mətbəx, incəsənət, sənətkarlıq və Azərbaycanın tarixi-mədəni abidələri haqqında məlumat toplusunun yaradılması və təbliği nəzərdə tutulur.

 

 

Qismətqızı Həqiqət

 

Kaspi. -2010. – 8 aprel. – S.8.