Vaqif Mustafazadə - barmaqlarında
muğam ətri
Ayın 16-da doğulub, 16-da dünyasını dəyişən
eCAZkar bəstəkarın ömür fantaziyası...
İnsan
Allahın düşünülmüş şəkildə
yaratdığı varlıqdırsa, istedadlı şəxs məhz
onun fantaziyasının nəticəsidir. Yəni Yaradan
yaratdığına həmişəki kimi ruh verəndə,
bəzən bəndəsinə söz, rəng, musiqi və
daha nələrsə qataraq yer üzünə bəxşiş
göndərir. Təbii ki, dünya “hədiyyəni"
o dəqiqə qəbul edib onu bəşər tarixinin parlaq səhifələrində
yaşatmır. Kələ-kötür,
daş-kəsəkli olan özünütəstiq yolu daim
mübarizələrlə davam etdiyindən Allahın
“fantaziyası" çox zaman ona verilən istedad
payının bəhrəsini görməkdə çətinlik
çəkir. Buna ya ətraf mühit mane olur, ya
ömür imkan vermir, ya da ki... Qəribə səslənsə
də, bu sonsuz nöqtələrin arxasında gizlənən
səbəblər əslində, istedadın Zamanla birgə
ömür sürməsinə kömək edir. Çünki əzən yox, əzilən
güclü olur. Yəni o, əzildikcə
özünümüdafiədə maneələri dəf edərək
sözün əsil mənasında yaşamağa vəsiqə
qazanır...
"Dayan zaman, dayan"
“...Lap başımı
itirmişdim. Nabələd şəhər,
heç kimi, heç yeri tanımırdıq. Vaqifi birtəhər maşına saldıq. Heç xəstəxananın yerini də bilmirdik.
İşin avandlığından bir təcili
yardım maşınına rast gəldik. Sürətlə
gedirdi. Elə gedə-gedə o
maşına çatdıq, sürücüdən yolu
soruşduq. "Ardımızca gəlin",-dedi". Söylənilən səhnə nə qədər həyəcanlı
olsa da, oxucularımızla birgə maşının
içində həyatla çarpışan insanın yerləşdiyi
xəstəxanaya yox, əvvəlcə onun ömrünün
müxtəlif illərinə yollanacağıq. Çünki bu ömrün sahibi adi insan ruhuna pərçimlənmiş
cism yox, sözün əsil mənasında "fantaziya"
idi. Həm Allahın, həm də bəstələrinin...
Öncədən deyək ki, səyahət sərnişinlərin
ürəyincə olmaya bilər, lakin bütün bu vaxt kəsiyində
təqdim olunacaq musiqinin onların qəlblərində silinməyəcək
bir iz qoyacağı şübhəsizdir. Əslində,
bu kompozisiyaları sənətkarın alın
yazısının sərlövhələri kimi də qəbul
etmək olar. Odur ki, bu təkrarsız
ifaların müşayiəti ilə başdan-başa musiqi
içində keçmiş ömrə yollanmağa dəyər.
"Mart"
16 mart, 1940-cı il. İçərişəhərdə
"Adsız" dalanın 4-cü evində dünyaya gələn
oğlana böyük şair Səməd Vurğunun məsləhəti
ilə Vaqif adını qoyurlar. İlk
vaxtlar heç bir uşaqlardan fərqlənməyən
körpə sonradan fenomenal yaddaşı ilə ailəsini
heyran edir. Belə ki, üç
yaşlı dəcəl anasından ilk dəfə eşitdiyi
şeir parçasını eynilə təkrar edəndə əzizlərinin
sevincinə və böyük marağına səbəb olur.
Uşaq isə bu qeyri-adiliyinin fərqinə
varmadan yaşının üstünə yaş gəldikcə
istetadı ilə birgə böyüməyə
başlayır. Əslində, Vaqifin
istedadlı olması faktı heç də təəccüb
doğurmamalıdır. Çünki onun
göz açdığı ailədə hər hansı bir
qeyri-adi bacarığa yiyələnməmək mümkün
deyildi. Atası Əziz Mustafazadə hərbi həkim
olsa da, musiqidən bir an belə
ayrılmırdı. Hətta hərdən
tarın sarı simlərində muğamları səsləndirib
ailəsinin könlünü oxşayardı da. Dahi Uzeyir bəyin tələbəsi olan anası Zivər
Əliyeva isə Azərbaycanın musiqi tarixində həm ilk
qadın pianoçularından biri kimi, həm də fortepianoda
muğamların mahir ifaçısı kimi səhifə
açmışdı. Təbii ki, xəmiri musiqi ilə
yoğrulan Vaqifin ömrü də melodiyaya bənzəyəcəkdi…
"İnad"
Bütün günü
anasının ifasında klassik bəstəkarların əsərlərindən
tutmuş, muğamlarımızı, xalq
mahnılarımızı dinləyən Vaqifin milli
melodiyaları hələ uşaq ikən özünəməxsus
tərzdə ifa etməsi validəsinin
narahatçılığına səbəb olsa da, o öz
inadından dönmür, mahnıları klavişlərdə
istədiyi tərzdə "oynatmaqdan" böyük
zövq alırdı. Hətta təhsil
aldığı orta ixtisas musiqi məktəbində öyrəndiyi
Bax, Motsart, Bethoven, Şopen kimi klassik bəstəkarların əsərlərinə
də xüsusi rəng qatmağı sevirdi. Əlbəttə, oğlunun ifası nə qədər
ürəyinə yatsa da, dediyimiz kimi anasını narahat etməyə
bilməzdi. Çünki o, balasını
klassik piano ifasıçısı kimi görmək istəyirdi.
Öz uşaqlıq dəcəlliyindən
qalmayan Vaqif isə caz-blyuz üslubunda yazan Corc Gerşvinin
"Sevdiyim insan" əsərini hələ doqquz
yaşında olarkən ifa edirdi. Caza bu qədər maraq
ona zövq versə də, ətrafındakıları bu məhəbbəti
dəyərləndirmək əvəzinə karikaturası
çəkib divar qəzetinə vururdular…
"Aman ovçu"
Məlumdur ki,
caza sidqi ürəklə bağlananlar çox zaman onun əzablarını
öz çiyinlərində daşımağa məhkum
olunurlar. Vaqif də könlünü musiqinin bu növünə
bağlayan bir insan kimi caza verilən işgəncələrə
sinə gəlməyə alışdı. Şagird olduğu dönəmdən hərdən
yersiz nöqsanlarla rastlaşan Vaqifin bəlkə də
heç ağlına gəlməzdi ki, onu qarabaqara izləyən
iradların təqibinə, demək olar hər yerdə məruz
qalacaq. Təbii, böyük
musiqiçinin geniş qəlbində kin-küdurətə
heç bir yer olmadığından qiymətli vaxtını
qəmbərqululara deyil, yalnız öz sevdiyi musiqiyə
ayırmağı daha üstün tuturdu. Çünki
o, özünü sənətində tapan insanlardan idi və
bu aləmdə yalnız öz "mən"i ilə
ünsiyyət qururdu. Bir də bu "mən"
onun tanıdığı və tanımadığı
insanlara qovuşdururdu. Odur ki, Vaqif Mustafazadə fenomenini
qəbul edənlər sevinməkdən, etməyənlər
isə həsəd aparmaqdan doymurdular…
"Gözlə, səhv etməyəsən"
"...Simfonik musiqini
yaxşı bilmədən peşəkar caz
ifaçısı olmaq mümkünsüzdür.
Çaykovskini, Rahmaninovu, Raveli, Motsartı, Şopeni
çalmadan caza gəlmək olmaz. Mən hələ
Baxı demirəm. Çünki Bax əsasların
əsasıdır. Bu həm vurma cədvəlidir, həm
ali riyaziyyatdır. Musiqiçi
Baxı yaxşı bilmirsə, demək onun gözü
açılmayıb". Bu sözlər
ömrünə səyahət etdiyimiz Vaqif Mustafazadəyə
aiddir. Qəribəsi ondadır ki, əfsanəvi musiqiçi
klassikanı əvvəlcə A.Zeynallı adına
Bakı Musiqi Məktəbində, sonralar isə Ü.Hacıbəyli
adına Azərbaycan Dövlət Konservatoriyasında fortepiano
şöbəsində öyrənsə də, caz üzrə
heç bir təhsil almayıb. O, sadəcə çox sevdiyi
Çarli Parkerin, Bil Evansın, Sesil Teylorun, Maykl Taynerin, Əhməd
Camalın və başqa caz ustalarının ifasını
dinləməklə ənənəvi cazı öyrənib. Təbii ki, bütün sənətlərdə
olduğu kimi cazda da özünəməxsusluq tələb
olunur. Vaqif Mustafazadə də ömrünü caza
bağlayan bir musiqiçi olaraq dinləyiciləri ilə birgə
tapdığı yolla irəliləməyə başladı…
"Düşüncə"
...Başdan-başa kələ-kötürlü
olan yolda ətrafa yayılan muğam ətri hər kəsin təəccübünə
səbəb olsa da hamı bu yolu xoş əhvalla geri
dönürdü. Əlbəttə, bu xoş ətir
daş-kəsəkdən yox, elə sənətkarın
özündən gəlirdi. Çünki
o, bütün varlığı ilə muğamın
içində idi və istəyirdi ki, özü ilə bahəm
cazsevərlər də bu nemətdən faydalansın.
Odur ki, özündən sonra yolunu burdan salanlar
üçün hər yana muğam toxumu səpirdi ki,
"Bayatı-Şiraz"ın, "Segah"ın,
"Rast"ın, "Şur"un və beləliklə, bu
aləmə məxsus olan təsniflərin, rənglərin,
şöbələrin ətrini hər kəs duyub
böyük zövq ala bilsin.
"Evimizə gəlin gəlir"
Təbii, bu istəyə
nail olmaq ona canı bahasına başa gəlirdi. Hətta
çox sevdiyi əzizlərini, İçərişəhərini
tərk edib sevdiyi işlə məşğul olmaq
üçün qonşu Gürcüstana üz tutdu. Gürcüstan Dövlət Filarmoniyasında
yaratdığı "Qafqaz" caz-triosu ilə
yaradıcılığını zənginləşdirdi.
Ümumiyyətlə, gürcü musiqi
mühiti onun caz aləmində tanınmasında mühüm
rol oynadı. Caz festivalları, konsertlər
Vaqif Mustafazadənin bir sənətkar kimi yalnız
gürcü dinləyicilərinə deyil, dünyada
tanınıb qəbul olunmasına yardım etdi. Tallində
keçirilən ümumdünya caz festivalında göstərdiyi
yüksək nəticə isə onun zirvəyə doğru
addımlamasına təkan verdi. Bu
mükafatdan sonra o,
Gürcüstana deyil, doğma Bakısına
qayıdır. Özü də tək deyil,
çalışdığı "Orera"
ansamblının solisti Elza Bandzeladze ilə birgə.
Çünki gürcü qızı içərişəhərli
gəncin könlündə, sevgisində, bir sözlə, həyatında
idi...…
"Ayın 18-i"
Bakı musiqi mühiti Vaqif
Mustafazadənin uğuruna sevinsə də, bir müddət
ötəndən sonra "köhnə hamam, köhnə tas" anlayışı gündəmə gəldi.
Sıxışdırmalar, mız qoymalar onu
ruhdan salmasa da, səhhətində müəyyən izlər
buraxırdı. Ən maraqlısı o idi
ki, yaradıcılığında, ifasında nöqsan tapa
bilməyənlər, iradı onun xarici görkəmində, yəni
gur saçında, bığında axtarmağa
çalışırdılar. Və bu
"səbəblər" onun efir vasitəsilə geniş
tamaşaçı kütləsinə
tanıdılmasında əməlli-başlı maneəyə
idi. Amma cazmenə sevimli royalında saatlarla ifa etməyə
heç bir qüvvə mane ola bilməzdi.
Özü üçün tərtib etdiyi iş qrafiki o qədər
sərt idi ki, hərdən uzun barmaqları döyənək
olub onu günlərlə işindən ayırırdı. Məcburi istirahətdə yalnız ürəyi
cazmen üçün ən yaxşı musiqi aləti olurdu.
Qəlbindən süzülən melodiyalar nə
qədər həzin olsa da, günlərinin birində, daha dəqiq
desək iyunun 18-də gərginliyə dözə bilməyən
ürəyi sənətkarı ölümlə üz-üzə
qoyub əzizlərini uzun müddət təşviş
içində qoydu. Həkim nəzarəti altında
müalicə alan cazmenin xəstə ürəyinə
verilən məlhəmlərin ən təsirlisi
anasının canlı ifasındakı
"Bayatı-Şiraz" muğamı idi…
"Əzizəni gözləyərkən"
Keçirdiyi infarkt caz fədaisini
sağlamlığına ciddi yanaşmağa vadar etsə də
o, həmişəki kimi iş qrafikində özünə
heç bir güzəştə getmirdi. Əvvəlcə
"Leyli", sonra isə "Sevil" vokal-instrumental
ansamblı yaradıb kompozisiyaları ilə bir neçə il cazsevərlərin ruhunu oxşadı. O,
bacarığını yalnız keçirdiyi konsertlərdə
deyil, qatıldığı müsabiqələrdə də
göstərirdi. Gürcüstanın
paytaxtında gerçəkləşən "Tbilisi-78"
ümumittifaq caz festivalında səkkiz yaşlı
qızı Əzizə ilə birgə səhnəni
paylaşıb yarışmanın laureatı oldu. Ümumiyyətlə,
1978-ci il böyük sənətkar
üçün ən uğurlu illərdən biri kimi yadda
qaldı. Belə ki, böyük cazmen "Əzizəni
gözləyərkən" əsəri ilə Monakoda
keçirilən beynəlxalq caz müsabiqəsində ən
yüksək mükafata layiq görüldü. Müsabiqədə bu kompozisiyanın qalib gəlməsi
sanki gələcəkdən xəbər verən bir
ismarıc idi. Çünki on ildən sonra melodiyanın
yaranmasına səbəb olan Əzizə ifası ilə
dünya caz aləmində öz layiqli sözünü dedi. Bu
gün isə cazın "Azəri şahzadəsi" kimi
tanınan Əzizə Mustafazadə canlı əfsanə hesab
olunur...
"Bayatı-Şiraz"
Görəsən,
Vaqif Musafazadənin ürəyi uzun barmaqları ilə birgə
muğamı "cazlaşdırdı", yoxsa cazı
"muğamlaşdırdı"? Bu sualın
cavabının axtarışına çıxanda,
düşünürsən ki, əgər hər iki musiqi
janrının kökündə bir nisgil dayanırsa, həsrətindən
ahu-zar edən caz nə vaxtsa qəm içində boğulan
muğamla qovuşub həmdərd olmalıdır. Amma onların qovuşması heç də asan məsələ
deyildi. Çünki cazla muğam həm
yaş, həm də məkan baxımından bir-birilərindən
çox uzaqda idi. Yaradanın
"fantaziyası" həlli çətin olan işin
öhdəsindən asanlıqla gələ bildi. Çünki o, Yer üzünə muğamla
cazı bir-birinə qovuşdurmaq üçün hədiyyə
göndərilmişdir. Odur ki, muğamla
cazın qovuşma məkanı olan böyük caz ustası
"Muğam" caz-triosunu yaradıb bu iki musiqi
janrını bir-birinə qovuşdurdu. Bu ansamblın məqsədi
muğamın fəlsəfəsini caz, cazın fəlsəfəsini
isə muğam dilinə çevirib konsertlər, qastrollar
vasitəsilə bu möcüzəvi aləmlə hər kəsi
"Gəlmədi"
Ansambl Daşkəndə
yola düşəndə verəcəkləri konsertin
uğurla keçəcəyinə şübhə yox idi. Lakin onları
narahat edən nə alətləri, nə də ürəyindən
şikayətlənən Vaqif Mustafazadə oldu. Sadəcə, təşkilatçıların biganəliyi
üzündən konsertin təxirə salınması
ehtimalı ansambl üzvlərini çətin vəziyyətə
salmışdı. Şübhəsiz ki, həmin
günü salonda bir tamaşaçı olsaydı da Vaqif
Mustafazadə konsertini keçirib kompozisiyalarını həvəslə
ifa edəcəkdi. Çünki o, sənətinə
olduqca səmimi yanaşan insan idi. Və
böyük sənətkar barmaqla sayıla biləcək
tamaşaçılarının qarşısında elə gərginliklə
ifa etdi ki, nəhayətdə ürəyi buna tab gətirmədi
və "Mənə elə gəlirdi ki, bu xəstəxanada
hamı ləng, çox ləng hərəkət edir. Özümdən
asılı olmayaraq qışıqırıb hamını
köməyə səsləyirdim: "Axı, bu Vaqif
Mustafazadədir". İynələrdən sonra bir az babatlaşdı. Rəngi tamam
avazımışdı. "Necəsən?",- soruşdum. Gözünün qapaqları ilə
"yaxşıyam"- dedi. O anda Vaqif necə gözəl
görünürdü. Ömrümdə onu bu
qədər gözəl görməmişdim.
Gözüylə "yaxşıyam"- dedi və
başını divara sarı çevirdi. Sən demə,
üzünün son ifadəsini görürəmmiş..."
Bu, Elza Mustafazadənin söhbətindən
müəyyən parçalar idi.
Böyük caz ustasının doğma Bakısına
özündən vvəl acı xəbəri gəldi…
“Fantaziya"
"Yuxu görürəm", "Onsuz həyat olurmu?", "Çox da aramızda körpülər yoxdur"… Bunlar cazmenin beynində hazır olan, lakin nota köçürməyə imkan tapmadığı əsərlərinin adlarıdır. Melodiyalar Vaqif Mustafazadənin ürəyində axirətə qovuşsa da, adlar onu sevənlər üçün sanki bir ismarıc olaraq qaldı. Həqiqətən də "fantaziyanın" yoxluğu yuxu kimidir. Nə olsun ki, onunla aramızda körpülər yoxdur, əvəzində eCAZkar musiqisi daim sənətkarın varlığından xəbər verir... Onsuz həyat olurmu?
Heydərova Ülviyyə
Kaspi. -2010. – 9 aprel. – S.13.