Günəşin
bacısı
Adı az qala Mil düzünün rəmzinə
çevrilən Sosialist Əməyi Qəhrəmanı Sevil
Qazıyeva cəmi 23 il ömür yaşamasına baxmayaraq,
ömrün bütövlüyünə imza atıb
İstənilən
ömür yaşanan illərin sayına görə
bütövdür. Ona görə də yarımçıq
ömür yoxdur deyirlər. Adı az qala Mil
düzünün rəmzinə çevrilən Sosialist Əməyi
Qəhrəmanı Sevil Qazıyeva cəmi 23 il ömür
yaşamasına baxmayaraq, ömrün bütövlüyünə
imza atıb.
"Qızlar, sükan arxasına!"
Sevil Qazıyeva Zaqatala
rayonunda dünyaya göz açıb. Həkim olmaq arzusu ilə
Bakıya gələn qız müsabiqədən keçmədiyini
görüb, 5 saylı peşə məktəbinə üz
tutub. Poliqrafiya sənətinə yiyələnsə də bu
sahədə çalışmayıb. Özbək
qızı Tursunoy Axunovanın maşınla pambıq
yığımında göstərdiyi hünər barədə
oxuduğu məqalə onun həyat yolunu birdəfəlik dəyişib.
Gənc qızı artıq əmək cəbhəsinin
çətin və romantik həyatı
maraqlandırırdı. Özbək qızının
"Qızlar, sükan arxasına!" hərəkatına
ilk səs verənlərdən olub Sevil Qazıyeva. Rəfiqələri
də onun kimi hərəkət edib. Mürəttib olacaq
üç rəfiqəsi - Məmləkət, Solmaz və Diləfruz
da günlərin birində Sevilə qoşulub Mərkəzi
Komitəyə gediblər. Onların "Niyə azərbaycanlı
qız maşınla pambıq yığmasın?" tələbi
nəzərə alınıb. Aradan bir neçə ay
keçmiş qəzetlərdə: "Binədəki Kənd
Təsərrüfatı Mexanikləşdirmə Məktəbində
sürücü-mexanik hazırlayan kurs açılıb...”
elanları verilib. Kursa ilk yazılanlar da bu rəfiqələr
olub. Onların ardınca 58 qız məktəbə sənəd
verib.
Sevil Qazıyeva sovxozu
Bir illik təhsil müddətinin bir ayını istehsalat təcrübəsi keçirlər. Maşınla pambıq yığımı ən çox Mil düzündə həyata keçdiyindən qızların doqquzunu - içərilərində Sevil də olmaqla keçmiş Jdanov (indiki Beyləqan) rayonunun 5 saylı sovxozuna göndəriblər. Bu sovxozun adı iki ildən sonra Moskvada açılan Azərbaycan kənd təsərrüfatı sərgisində qızıl hərflərlə yazılıb. Həmin sovxoz xeyli vaxt Sevil Qazıyevanın adını daşıyıb.
Elə bir mötəbər yığıncaq, məclis olmazdı ki, Sevil ora dəvət olunmasın. Əmək qəhrəmanının günbəgün şöhrəti artırdı. Dalbadal mükafatlara layiq görülür, Azərbaycan Ali Sovetinə deputat seçilir. Hətta Ali Sovetin Sessiyasını açmağı da ona həvalə edirlər. Azərbaycanın ilk mexanizator qadınının səsi uca kürsülərdən eşidilirdi.
Sevil əmək cəbhəsində Sərdar İmrəliyevlə yarışırdı. Hər iki əmək bahadırı maşınla pambıq yığmaq ustası və Əməkdar mexanizator adını almış, birgə kompleks pambıqçılıq briqadası yaratmışdılar. Pambığı özləri əkir, becərir, özləri də yığırdılar.
1963-cü ilin əvvələrində S,Qazıyeva Qırmızı Əmək Bayrağı Ordeni ilə təltif olunur.
Sevilin qatili
Bir payız gününün sevincini təzəcə yaşamağa başlamışdı Sevil. O gün növbəti mükafat - Keçici Bayraq almışdı. Bu münasibətlə də ölkənin sayılıb seçilən adamları, o cümlədən Mərkəzi Komitənin birinci katibi Vəli Axundov da Sevili təbrik eləmək üçün düz onun işlədiyi sahəyə gəlmişdilər. Təmtəraqlı təqdimetmə elə tarlada keçirilir. Axşamüstü - sahələrdən dəstə-dəstə qayıdan pambıqçılardan yarışdığı briqadirin ondan bir bunker çox pambıq yığdığını öyrənən Sevil yenidən tarlaya qayıdır. Amma az keçməmiş onun ölümü haqqında yayılan xəbər hamını sarsıdır.
Kənd
camaatı gözlərinə inana bilmir: idarə etdiyi
kombaynın çarxlarını təmizləmək
üçün əyiləndə motoru söndürməyi
unutduğundan saçları çarxlara ilişmişdi.
Maşın onun başının dərisini tamam
qoparmışdı. Həmişə sevərək
oxşadığı saçları Sevili ölümə
sürükləmişdi. Sevilin qatili hörükləri idi.
Fotoların yaddaşı
Sevilin yaşadığı
ev 1986-cı ildən muzeyə çevrilib. Muzeyi ziyarətə
gələnlər bu qeyrətli vətən qızının qısa, amma şərəfli
həyatını əks etdirən fotolarda onun mənalı
ömür yoluna yaxından bələd olurlar. Sevilin
uşaqlığı, məktəb illəri, dostları, sənət
məktəbindəki günləri, istehsalat təcrübəsinə
gəldiyi vaxtlar və s. bu fotoların yaddaşında əbədiləşib.
Bir fotoda Kubanın prezidenti Fidel Kastro
qardaşıyla Sevilin görüşünə gəlib. Bir
şəkildə Özbəkistanda qurultay zamanı foyedə
təşkil olunan rəqs gecəsində Yuru Qaqarinlə rəqs
edir. Rayon, şəhər sovetinə deputat seçildiyi
vaxtlar, Sərdar İmrəliyevlə birgə Ali Sovetə
deputat olduğu illəri əbədiləşdirən fotolar
şərəfli bir ömürdən söhbət
açır.
Rəflərin birində isə
ona verilən mükafatlar - təltiflər, ordenlər, 1965-ci
ildə adına təsis olunan priz, Keçici Bayraq,
Qırmızı Əmək Bayrağı Ordeni və
haqqında yazılan poema, oçerk, məqalələrlə
bəzədilib. Bütün bu mükafatları 23 illik bir
ömrə sığışdırmaq çətindir.
Bakıda Sevil
Qazıyevanın adını daşıyan park və bu parkda əmək
qəhrəmanının ömrünü əbədiləşdirən
heykəl ucaldılıb. Bir də Xalq şairi Nəbi Xəzrinin
əmək qəhrəmanına həsr etdiyi “Günəşin
bacısı”... bu şərəfli ömürdən
danışır.
Məhərrəmova Təranə
Kaspi. -2010. – 10-12 aprel. – S.15.