“Bizdə yalnız karyera üçün elmi iş yazmaq dəbdir” 

 

Aytən Mustafayeva: «Təəssüflər olsun ki, yaxşı alim olmağı az insanlar istəyir. Problemin kökü insanların biliyinin səviyyəsindədir. Bu yalnız bir təşkilatın işi deyil»

 

Azərbaycan Mili Elmlər Akademiyasının (AMEA) İnsan Hüquqları İnstitutu 12 il bundan öncə ulu öndər Heydər Əliyevin sərəncamı ilə yaradılıb. Demokratik inkişaf yolu keçən Azərbaycan üçün heç şübhəsiz, insan hüquqları sahəsində yeni islahatlar və onların həyata keçirilməsi üçün baza yaradılmalı idi. İnstitutun rəhbərliyi və qurulması professor Rövşən Mustafayeva həvalə olunmuşdu.

1998-ci ildə institutun yaradılması barədə sərəncam imzalanıb, bir ildən sonra isə institut professor Rövşən Mustafayevin rəhbərliyi ilə fəaliyyətə başlayıb. Yarandığı ilk gündən institutun beynəlxalq təşkilatlarla sıx əlaqələri olub. ATƏT, Avropa Şurası, BMT-nin İnsan hüquqları üzrə Ali Komissarlığı ilə onlarla uğurlu layihələr həyata keçirilib.

AMEA İnsan Hüquqları İnstitutunun direktoru, dosent Aytən Mustafayeva rəhbərlik etdiyi institutun fəaliyyət və istiqamətləri barədə danışıb:

 

Aktual mövzuların tədqiqatı

 

- İnsan Hüquqları İnstitutunun əsas istiqamətlərindən biri də Azərbaycan dövlətinin ərazi bütövlüyünün pozulması, ermənilər tərəfindən işğalı və qaçqın, itkin düşmüş, əsirlikdə olan insanların taleyidir. Erməni terrorçuluğu ilə bağlı bu sahədə çoxlu tədqiqatlar aparılıb. Bunun nəticəsində 2003-cü ildə mühüm bir ensiklopedik nəşr hazırlanıb. Nəşrdə erməni terror təşkilatlarının bütün millətlərə qarşı cinayətlərin xronologiyasından ibarət faktlar toplanıb. Bu kitab Əsir və İtkin Düşmüş İnsanlarla İş üzrə Dövlət Komissiyası tərəfindən mükafata layiq görüldü.

Ən böyük layihəmiz isə Azərbaycanda ombudsman strukturunun (İnsan haqları üzrə müvəkkil) yaradılması ilə bağlıdır.

Bundan əlavə, institut xarici alimlərlə sıx əməkdaşlıq edir. İnstitutda ilk dəfə olaraq insan hüquqları üzrə beynəlxalq elmi şura yaradılıb. Bu elmi şuraya xarici ekspertlər, tanınmış insanlar, siyasi və ictimai xadimlər daxil olmuşdu. Elmi Şuranın məqsədi Azərbaycanda insan hüquqları ilə məşğul olan gənclərin tədqiqatlarını müzakirə etmək, problemləri qaldırmaq və insan hüquqlarını bir elm kimi formalaşdırmaq idi. Biz bunu qarşıya məqsəd qoyaraq bu sahədə xeyli işlər görmüşdük. İnstitutun Dissertasiya Şurasına Rusiya, Ukrayna, Gürcüstandan alimləri dəvət etmişik. Çünki bizdə beynəlxalq hüquq doktoru səviyyəsində mütəxəssislər 2-3 nəfərdir. Qeyd edim ki, institutda dissertantlara yalnız aktual mövzular verilir. Azərbaycan-Ermənistan münaqişəsi, transmilli layihələrin təhlükəsizliyi, terror təhlükəsizliyi, sosial hüquqlar, miqrantların hüquqları, Avropa Məhkəməsi, NATO ilə bağlı, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələri və s. aktual mövzular üzrə elmi tədqiqatlar aparılır.

 

Yeni istiqamət

 

- İnstitut bioetika və insan hüquqları üzrə yeni istiqamət götürübmü?

- Bioetika elmi Azərbaycanda inkişaf etməyib. Bu sahədə bizdə mütəxəssislər də yox dərəcəsindədir. Bura bioloji və tibb elminin və onun yeni texnologiyalarının inkişafı daxildir. Bioetika üzrə konvensiyalar YUNESKO tərəfindən qəbul olunub. Bu sənədlər etik və mənəvi baxımdan çox vacibdir. Elmi icadların sonradan insanlara hansı fəsadları verəcəyini çox vaxt alimlər bilmirlər. İnsan hüquqları müasir elmin, yeni texnologiyaların  inkişafından nə qədər müdafiə oluna bilir? İnsan hüquqlarının müdafiəsi üçün sənədlərin qəbul olunması onların elmin inkişafı ilə ayaqlaşmır. Bu problemlə artıq dünyada 20 ildir məşğuldurlar. Azərbaycan isə bu sahədə çox geridə qalıb. Buna görə də biz bu il bioetikaya aid beynəlxalq sənədlər toplusunu və bioetikaya aid terminlər lüğətini nəşr etdirdik.

 

Ekoloji terror

 

- Bioetika çərçivəsində hansı problemlərə toxunursunuz?

- Genetik modifikasiya olunmuş ərzaq məhsulları bu gün cəmiyyət üçün böyük problemdir. Burda yenə də elmin inkişafının təzadları meydana çıxır. Bioetikanın cəmiyyətimiz üçün əhəmiyyətliliyinə heç bir şübhə yoxdur. Ancaq bu barədə həm də narahatçılıqla danışmaq lazımdır. Gen mühəndisliyi inkişaf edib. Elm və texnologiyanın son onilliklər ərzində sürətli inkişafı çağdaş dünyanın tələblərindən biridir. Bu inkişaf elm və bəşəriyyətin tərəqqisinə misilsiz töhfələr versə də onun mənfi tərəfi də var. Hazırda gen diaqnostikası, gen terapiyası və nanotexnologiyaların sürətli inkişafı nəticəsində insan genləri ilə monupulyasiyanı tənzimlənməyə yönəlmiş qanunvericilik normalarının hazırlanması aktuallıq kəsb edir. Özlərini xeyriyyə layihələri kimi göstərən bu transmilli proqramdan korporativ münasibətlərə və biznes sisteminə transformasiya edərək milyonlarla insanın həyatı üçün ciddi təhlükə yarada bilər. Bu meyl bəşəriyyət üçün bəlkə də ən ciddi təhlükə ola bilər. Çünki məhz onun əsasında qida və dərman sənayesi inkişaf etməyə başlayır. Qidalanmada GM edilmiş məhsullardan istifadə edilməsi mövzusu son vaxtlar xeyli aktuallaşıb. Bütün dünya aliləri bu məhsulların ziyanı və faydası barədə uzun-uzadı mübahisə etdikləri müddətdə milyonlarla insan heç nədən xəbəri olmadan həmin məhsullardan istifadə etməkdədir. Ekoloqlar genetik dəyişmiş formaların təbiətə təsadüfən daxil olmasından və ekosistemlərdə fəlakətli dəyişikliklər gətirəcəyindən ehtiyatlanırlar. GM edilmiş orqanizmlərin yetişdirilməsi problemi ilə bağlı ekoloji risklərdən başqa qida riskləri də mövcuddur. ABŞ və Avropa ölkələrində transgen məhsullar ayrıca satılır və diqqətlə markalanır. Bu məhsullar xeyli ucuzdur. Bizdə isə transgen məhsullar heç də markalanmır, üstəlik adi məhsullarla bir yerdə satılır və qiyməti də elə onlarla bərabərdir. İranda, Hindistanda GM məhsulları çoxdur. Bu məhsullar maneəsiz olaraq Azərbaycana gətirilir. Buna heç kəs nəzarət eləmir. Bioloji təhlükəsizlik böyük problemdir İnsanın qidalanma zəncirinə transgen məhsulların daxil edilməsi yeni xəstəlik törədici bakteriyaların yayılmasına gətirə bilər. Qidalanmada transgen məhsullardan istifadənin necə riskli olduğunu başa düşmək üçün bir neçə onillik və genetik modifikasiya edilmiş orqanizmlərlə qidalanmış bir neçə nəslin dəyişilməsi lazımdır. Əsas odur ki, gen mühəndisliyinin arada buraxdığı səhvlərin aradan qaldırmaq artıq gec olmasın. Alimlər siçanların üzərində apardığı eksperimentlər fiziki deqradasiya, allergiya, ümunitetin aşağı düşməsini üzə çıxarıblar. Biz xaricdən təkcə hazır qida məhsulları deyil, həm də heyvanlar üçün yem, genetik modifikasiya edilmiş komponetlərlə zəngin qida əlavələri gətiririk. Nəticədə yerli məhsullar da təhlükə altına düşür. Bu məhsulu başqa ölkələrə ixrac edənlər əsasən onu aclıq çəkən ölkələrə kömək məqsədilə etdiklərini vurğulayırlar. Azərbaycan aclıq çəkən ölkə deyil. Azərbaycan etnik və coğrafi cəhətdən elə nadir ölkədir ki, o qədər də böyük olmayan ərazidə müxtəlif iqlim və landşaft zonaları var. Azərbaycanın meyvə-tərəvəzləri Rusiyada olduğu kimi, bütün dünyada da «brendə» çevrilə bilər. Onların təbii, keyfiyyətli və ən başlıcası isə təhlükəsiz olması məhsullarımıza bütün dünyada tələbatı artırır. Biz bazarımızın eksperimental genetik modifikasiya edilmiş məhsullarla dolmasına imkan verməməliyik. İnsan hüquqları baxımından problem ondadır ki, bu barədə cəmiyyətdə informasiya yoxdur. Milli genofondumuz təhlükə altındadır. Bu həm də ekoloji təhlükəsizlik problemidir.

- Cəmiyyətə təhlükənin mövcudluğunu bildirmək üçün hansı işləri görürsünüz?

- Biz öz fəaliyyətimizi bu problemə həsr etmişik. Konfranslar keçirir, parlamentlə əlaqə yaratmışıq, internetdə dəfələrlə materiallar yayırıq, ekspertlərimiz mətbuatda çıxışlar edirlər. Məqsədimiz odur ki, başladığımız işi məntiqi nəticəyə çatdıraq. 

 

Elm sahəsi təmizlənməlidir

 

- İnstitutda elmi tədqiqatların səviyyəsi qənaətbəxşdirmi?

- Ekspertiza üçün Elmi Şuraya çox işlər daxil olur. Təəssüflər olsun ki, elə faktlar olur ki, biz onu geri qaytarırıq. Görürük ki, bu yalnız elmi dərəcə almaq üçün yazılan işdir. Rəhmətlik Rövşən müəllim həmişə belələrindən «Sən dərəcə almaq, yoxsa alim olmaq istəyirsən» - deyə soruşardı.

- Ali Attestasiya Komissiyası bu günlərdə bir neçə elmi işi plagiatlıqda ittiham edərək geri qaytarıb. Bu cür hallar sizin institutda baş verirmi? Ümumiyyətlə, elmdə plagiatlığa necə baxırsınız?

- Mənə elə gəlir ki, bütün bu hallar elmi dərəcə almaq istəyin ilə bağlıdır. Bu hal bu gün cəmiyyətimizdə populyarlaşıb. Təəssüflər olsun ki, yaxşı alim olmağı az insanlar istəyir. Problemin kökü insanların biliyinin səviyyəsindədir. Bu yalnız bir təşkilatın işi deyil. Mədəniyyət, savadlılıq ailədən başlayır. Yalnız karyera üçün elmi iş yazmaq bizdə dəbdir. Amma elm çox böyük fədakarlıq tələb edir. Təəssüflər ki, alimlər qrantlar, sponsorlar axtarmağa məcburdurlar. Qeyd etmək lazımdır ki, indi Elmin İnkişafı Fondu yaradılıb. Heç olmasa oradan hansısa bir dəstək ala bilirik. Ancaq təəssüflər ki, bu da bütün problemləri həll eləmir. Ölkəmiz iqtisadi baxımdan inkişaf edir. Alimlərin əmək haqları lazımi səviyyəyə qalxması mənə elə gəlir ki, bu davamlı inkişafın məntiqi bir mərhələsi olacaq. Ancaq elm sahəsi təmizlənməlidir. Bu sahə təsadüfən bura düşən insanlardan xilas olmalıdır. Alim dərəcəsi almaq o demək deyil ki, diplomu alıb oturasan. Alim hər zaman axtarışda olmalı, öz üzərində işləməlidir. Alim o deməkdir ki, sən təkcə savadlı deyilsən, həm də ziyalısan. Bu həm də yaşam tərzidir. Sevindirici haldır ki, belə alimlərimiz də var. 

 

 

Məhərrəmova Təranə 

 

Kaspi. -2010. – 13 aprel. – S.4.