SÖZÜN ÜMİD ƏTRİ
İnsan mənəviyyatı
zəngin və həssas olduğuna görə daxili
iztirablarını, sevinc və kədərini, həyat və
cəmiyyət haqqında düşüncələrini ehtiva
etmək üçün daha qüdrətli və ecazkar bir
vasitəyə ehtiyac duyur. Bu ecazkar vasitə bədii sənət
və onun obrazlı dilidir. Məlumdur ki, yaradıcılıq
istedadına malik olanlar həyat haqqındakı fikir və
hislərini sənət dili ilə ifadə edir, digər
insanlar isə orada öz fikir və düşüncələrini,
həqiqət və arzularını oxucu, dinləyici,
tamaşaçı qismində tapmağa çalışırlar.
Hər bir insanın həyata, cəmiyyətə aid görüşləri, özü və başqaları haqqında arzu və niyyətləri, ümidləri özünəməxsus bir istiqamətdə intişar tapır. Lakin istedadlı insanı fərqləndirən başlıca amil, onun həyatda, ümumən insanlıq üçün dəyərli, əhəmiyyətli cəhətləri, bariz əlamətləri görə bilməsində, sənət dili ilə cilalayaraq, onun fəlsəfi mahiyyətini gözəlliyi və ülviliyi ilə kəşf etməsindədir.
İstedad uca Tanrının insan övladına bəxş etdiyi ən dəyərli mənəvi sərvətdir. İstedadlı insan həvəs göstərdiyi sahədə özünəməxsus düşüncə və fikirlərlə həmişə seçilir. Özünəməxsusluq və seçilmək xüsusiyyətləri istedadın təbiətinə xas olan ən önəmli cəhətlərin inikasıdır. Xalqımız istedad sarıdan heç vaxt korluq çəkməyib. Bu baxımdan ədəbiyyatımıza gələn təzə səslər, yeni nəfəslər ədəbi-bədii təravəti ilə seçilməklə yanaşı, həm də bütövlükdə mədəniyyətimizin zənginləşdirilməsinə xidmət göstərən çox sanballı tövhələrdir.
Ədəbi həyatda kövrək qədəmlərlə addımlayan çox gənc istedadlardan biri də Aygül Rəhimdir. O, çox gənc olmasına baxmayaraq, qələmə aldığı hekayələr onun bədii təfəkkürünün, ədəbi istedadının parlaqlığından xəbər verir. Gənc nasirin yazı manerasında üslubi əlamətlər, dəst-xətt təravəti nəzərə çarpmaqdadır. Onun təhkiyəsi canlı danışıq intonasiyasına çox yaxındır. Sadəlik, aydınlıq, xalq təfəkküründən gələn obrazlılıq diqqəti cəlb edir.
Aygül Rəhim «Narkoman» hekayəsində bəşəriyyətin ən böyük bəlalarından biri sayılan «ağ ölüm»ün ailələrə gətirdiyi faciələrin bədii ümumiləşdirməsini səmimi və təbii boyalarla, həmçinin obrazlı və inandırıcı şəkildə ehtiva edə bilmişdir. Gənc nasir ciddi ictimai mətləbləri yığcam kompozisiyada əhatə etməklə yanaşı, həm də bədii təsvirdə maksimum lakonizmə nail olur. İstər süjet və konflikt qurmaqda, istərsə də bədii lövhə yaratmaqda göstərdiyi bacarığın əsas sirri, onun həyatdakı səciyyəvi, tipik cəhətləri, əlamətləri sərrastlıqla görməsində və onları səmimi ürəklə, təbii və dəqiqliklə təsvir etməsindədir.
«Çöldə hava şaxtalı idi, küçədə adam görünmürdü. Ayın gümüşü işığı qarın parıltısını daha da artırmışdı. Ciyər dolusu nəfəs aldı. İndi qazamatda yoldaşları yorğan-döşəklərinə qor dolmuş kimi o yan - bu yana çevrilir, yata bilmirdilər. Çöldəki bu azadlığın, bu gözəl dünyanın, arvad-uşaqlarının həsrətini çəkirdilər. Əmin oldu ki, doğrudan da azadlıqdan şirin şey yoxdur».
Bu cümlələr bədii lövhənin təsvirində, həmçinin obrazın daxili aləmindəki təbəddülatların əks olunmasında, üzə çıxmasında gənc nasirin sərgilədiyi təhkiyənin, səmimiyyətinin parlaq inikası kimi çıxış edir.
Aygülün hekayələrində kiçik, səciyyəvi təfərrüatlar geniş yer tutmur. Lakin buna rəğmən onlar həmişə əhəmiyətli və zəruri görünür, həmçinin hadisə və obrazların tarixi və milli koloritini qüvvətləndirir, obrazların məişət tərzi haqqında təsəvvürləri genişləndirir.
«Mirzəli dalbadal bir neçə dəfə tüstünü onun üzünə üflədi. Cəlal tüstünü ciyərinə çəkdikcə ayaqları yerdən üzülürdü. Elə bil ki, mələklər onu qanadlarına alıb, hansısa gözəl bir diyara aparırdı».
Həyat həqiqətlərinin bədii həqiqət müstəvisində özünəməxsus istedadla sərgilənməsi faktı, «Narkoman» hekayəsinin bədii tutumunu, ictğimai mündəricəsini, bəşəri siqlətini, qayəsini artırır.
Müəllifin
hadisə və surətlərə verdiyi qısa təfərrüatların
önəmli cəhəti ondadır ki, çox məqamlarda hər
bir detal müəyyən lövhəni səciyyəvi əlamətlərlə
tamamlayır, onun müxtəlif cəhətlərini
işıqlandırır, həm də təsəvvürü
dolğunlaşdırır.
«Cəlal oğlunun üstünə qəflətən hücum çəkdi. Hələ bağı bağlanmamış ayaqqabıları onun ayağından dartıb çıxartdı. Sinəsinə sıxıb qapıya tərəf üz tutdu. Uşaq qışqırıb onun dalınca qarlı-çovğunlu küçəyə çıxdı, hönkürüb ağlayırdı.
-Ata, çəkmələrimi ver, anam alıb. Ata, ata, çəkmələrimi ver.
Cəlal tini burulub, yox oldu».
Narkomanlığın,
«ağ ölüm»ün bəşəri faciəsinin bir
parçasını təsirli və həyati detallarla
ümumləşdirmiş gənc yazıçının əsas
məqsədinin, başlıca qayəsinin sənət
müstəvisində uğurlu təzahürünün
şahidi oluruq. Aygül hər surətin taleyi və xarakteri
üçün səciyyəvi, tipik məqamları tapa
bilir, konkret zaman və məkandakı dərin və gərgin
psixoloji vəziyyətlərin, əhval-ruhiyyələrin
önəmli təhlilini, təsirli bədii həllini verməyi
bacarır.
Böyük inam və nikbin
duyğularla qələmə aldığım bu ədəbi
düşüncələrin ərsəyə gəlməsinin
səbəbkarı, istedadlı gənc nasir Aygül Rəhimin
bu yaxınlarda nəşr olunmuş ilk hekayələr
toplusudur. «Görüşünə gəlmişəm» adlanan
bu kitaba daxil edilmiş səkkiz hekayəni həm məzmunu, məqsədi,
həm də bədii mündəricəsi etibarıilə gənc
nasirin uğurlu debütü kimi səciyyələndirmək
olar. Bu hekayələr istedadlı gənc kimi Aygül Rəhimin
sənət yolunda atdığı ilk kövrək
addımlardır. Buna görə də istedadına
inandığım gənc nasir Aygül Rəhimə sənətin
çətin və şərəfli yollarında ədəbi
uğurlar arzulayıram.
Balayar Sadiq
Kaspi. -2010. – 13 aprel. – S.12.