Azərbaycan filmlərində çəkilən əcnəbi aktyorlar 

 

Bu il 112 yaşını tamamlayan kino tariximizdə Azərbaycan filmlərində rol alan xarici aktyorların sayının çoxluğu isə hər zaman hamıda maraq doğurub

 

1898-ci ilin avqustunda əsası qoyulan Azərbaycan kino sənəti tarixinə bir çox xarici aktyorun da adı yazılıb.

Bu il 112 yaşını tamamlayan kino tariximizdə Azərbaycan filmlərində rol alan xarici aktyorların sayının çoxluğu isə hər zaman hamıda maraq doğurub.

Məhz bu marağı nəzərə alaraq APA Azərbaycan kinosunda çəkilən əcnəbi aktyorların sayı, kimliyi və hansı filmlərimizdə çəkildikləri ilə bağlı araşdırma aparıb. Bu araşdırmanın aparılmasına Azərbaycan Dövlət Film Fondunun dəstək verdiyini xüsusi qeyd etmək lazımdır. APA-nın müraciəti əsasında Dövlət Film Fondu tərəfindən Azərbaycan filmlərində çəkilən əcnəbi aktyorların bütün siyahısı hazırlanıb. Təqdim olunan siyahıya əsaslanaraq Azərbaycan kino tarixi ilə yaxından maraqlanan oxucularımızın nəzərinə çatdıraq ki, bu zamana kimi filmlərimizdə 281 yaxın əcnəbi aktyor çəkilib. Azərbaycan kino tarixində ilk dəfə 1932-ci ildə “26 komissar”ı filminin çəkilişlərinə əcnəbi aktyor cəlb edilib. Bu filmdə fəhlə arvadı obrazını SSRİ xalq artisti Veriko Ancaparidze canlandırıb. Bu aktrisa həmçinin 1959-cu ildə istehsal olunan məşhur “Onu bağışlamaq olarmı?” filmində canlandırdığı ana obrazı ilə yaddaşlara həkk olunub.

 

... Rusiyanın əməkdar artisti Nikolay Barmin Azərbaycanın 10 filmində əsas rolları yaradıb

 

Araşdırma zamanı məlum olub ki, XX əsrin əvvəllərindən başlayaraq Azərbaycan filmlərinə daha çox rus aktyorları cəlb edilib. Ancaq müxtəlif illərdə istehsal olunan Azərbaycan filmlərində rus aktyorlarla yanaşı, türk, amerikalı, gürcü, özbək, litvalı, inquş, ukraynalı, estoniyalı, belaruslu, moldovalı, çexiyalı aktyorlar çəkilib. Bu aktyorlarının bir neçəsi isə Azərbaycanın bir deyil, çoxsaylı filmlərinə dəvət olunublar. Azərbaycanda ən çox filmə çəkilən Rusiya RF-nın əməkdar artisti Nikolay Barmindir. O, müxtəlif illərdə Azərbaycanda “Səhər” filmində Smirnov (1960), “Bizim küçə” filmində Barışev (1961), “İyirmialtılar” filmində Funtikov (1966), “Səmt küləyi” filmində Fyodor (1973), “Sevinc buxtası” filmində Petroviç (1977), “Od içində” filmində Arseni, (1978), “On yeddi yaşlı oğlan” filmində hərbi həkim obrazlarını, (1986), “Onun böyük ürəyi” (1958), “Skripkanın sərgüzəşti” (1972), “Atları yəhərləyin” (1984) filmlərində isə epizodik rollar yaradıb.

Ukraynanın əməkdar artisti Viktor Demertaş “Bağlı qapı” (1981, Fərid), “Əlavə iz” (1981, Yaqubov), “Əzablı yollar” (1982, Şahməmməd), “Özgə ömür” (1987, müxbir), “Ölsəm, bağışla” (1989, Edik) filmlərində, Rusiya aktyoru Oleq Xabalov “Möcüzələr adası” (1963, Kamran), “Qaraca qız” (1966, Yusif), “Sən niyə susursan?” (1966, Nəcəf), “Yaşamaq gözəldir, qardaşım” (1966, İsmayıl), “Ulduzlar sönmür” (1971, Çotay) filmlərində, RSFSR-in əməkdar artisti Tamara Kokova “Bir məhəllədən iki nəfər” (1957, Həlimə), “Bir qalanın sirri” (1959, Mətanət), “İyirmialtılar” (1966, Caparidzenin arvadı), “Torpaq, dəniz, od, səma” (1967, Gülsüm), “Ulduzlar sönmür” (1971) filmlərində, RF-nın əməkdar artisti İnara Quliyeva “1001-ci qastrol” (1974, İradə), “Alma almaya bənzər” (1975, Aişə), “Dədə Qorqud” (1975, Selcan), “Şir evdən getdi” (1977, epizod), “Qaynana” (1978, Afət-Zərifə) filmlərində, RSFSR xalq artisti Sergey Yurski “Dərviş Parisi partladır” (1976, Müsyö Jordan), “Günlərin bir günü” (1976, epizod), “Şir evdən getdi” (1977, ovçu), “Bir ailəlik bağ evi” (1978, direktor), “Qorxma, mən səninləyəm!” (1981, pristav) filmlərində, RF-nın əməkdar incəsənət xadimi Zemfira Sahilova “Sən niyə susursan?” (1966, Sürəyya), “İnsan məskən salır” (1967, Ədilə), “De ki, məni sevirsən” (1977, Zemfira), “Birisigün gecəyarısı” (1981, Ağabəyova) filmlərində yaddaqalan obrazlar yaradıblar.

 

Azərbaycanın ən məşhur filmlərindən olan “İyirmaltılar”da 17 əcnəbi aktyor çəkilibmiş...

 

Azərbaycan kino tarixinə öz möhürünü qoyan bəzi filmlərinə isə 10-dan artıq əcnəbi aktyorun cəlb olunması diqqət çəkən məqamlardan biridir. Bu sırada 1966-cı ildə istehsal olunan “İyirmialtılar” filmi xüsusi qeyd olunmalıdır. Araşdırma zamanı məlum olub ki, Azərbaycan kino tarixində xüsusi yer tutan bu filmdə 17 əcnəbi aktyor rol alıb.

1971-ci ildə istehsal olunmuş “Ulduzlar sönmür” filmində isə 16 əcnəbi aktyor çəkilib.

Bu günün özündə də hər maraqla izlənilən, 1958-ci ildə istehsal edilmiş “Uzaq sahillərdə” filmində rus aktyorları Nikolay Boqolyubov (Tinti), Yuri Boqolyubov (Veselin), Lev Bordukov (Karranti), Aqniya Yelikoyeva (Anjelika), Andrey Fayt (Mazelli), Qriqori Şpigel (Şults), Boris Çinkin (partizan) çəkilib.

1965-ci ildə çəkilmiş “Yenilməz batalyon” filmində müxtəlif obrazlarda Vladimir Yemelyanov, Anatoli Yurçenko, Pavel Vinnik, Mixail Orlov, İsanbet Prozat, Mixail Puqovkin, Kulik Valentin, Viktor Anisimov çəkiliblər.

 “Qətldən yeddi gün sonra” (1991) filminə cəlb olunan əcnəbi aktyorlar arasında Yuri Yakovlev (Ceneral Mixail Romanoviç), Elina Bistristhaya (Kira Aleksandrovna), Aleksey Bloxin (Adik), Banionis Donatas Yuozoviç (müstəntiq), Viktor Proskuriv (Şurik) var.

Azərbaycanda son illərdə çəkilən filmlərdən “Hökmdarın taleyi” (2008) və “Qala”da da (2008) əcnəbi aktyorların xidmətindən istifadə olunub. “Hökmdarın taleyi” filmində tanınmış aktyorlar Daniil Spivakovski (mayor Lisaneviç), İlya Şakunov (imperator I Aleksandr), Aleksandr Qalibin (knyaz Sisianov), Evklid Kürdzidis (konsul Napoleon), Saydo Kurbanov (Axund Mirmöhsün ağa), “Qala” filmində isə Yuliya Peresild (Qalina) oynayıb. Bu siyahını uzatmaq da olar, amma qısa şəkildə onu bildirək ki, 1972-ci ilə aid olan “Skripkanın sərgüzəşti”, “Şir evdən getdi”, “Ürək...ürək...”, “Bir nəfər hamıya görə”, “İşarəni dənizdən gözləyin”, “Bakının işıqları”, “Bakıda küləklər əsir”, “Sevinc buxtası”, “Qırmızı qatar”, “Romeo mənim qonşumdur”, “Səmt küləyi” və digər filmlərimizdə bir deyil, bir neçə xarici aktyor oynayıb.

 

...Azərbaycan kinosunda Türkan Şoray, Meral Konrat, Aleksandr Kalyagin, David Uplisaşvili, Vaxtanq Pançuladze və daha kimlər, kimlər...

 

Azərbaycan kinolarında bu gün də sevə-sevə izlədiyimiz və ifasına heyran olduğumuz, illərdir beyinlərimizə həkk olunan aktyor və aktrisaların da adını qeyd etməyi borc bilirik. Türkiyənin tanınmış aktrisası Türkan Şorayın 1978-ci ildə “Məhəbbətim mənim, kədərim mənim” filmində yaratdığı baş obraz elə həmin illərdən bu günə kimi maraqla qarşılanan obrazlardan biridir. Digər bir Türkiyəli aktrisa Meral Konratın 1993-cü ildə yaratdığı Təhminə obrazını unutmaq qeyri-mümkündür. Azərbaycanın “O dünyadan salam” (1992) filmində Kefli İsgəndər obrazını isə türk aktyoru Yılmaz Duru canlandırıb. Bu sırada 1968-ci ilin istehsalı olan “Uşaqlığın son gecəsi” filmində Elya obrazını yaradan gürcüstanlı aktrisa Megi Kejeradze, 1955-ci ilin istehsalı olan “Bəxtiyar” filmindəki Saşa obrazını canlandıran Rusiyanın əməkdar artisti Tamara Çernova və Tatyana Alekseyevna rolunda çıxış edən SSRİ xalq artisti Tatyana Pertser, elə həmin ilin istehsalı olan “Görüş” filmindəki Lalə obrazını yaradan Özbəkistan aktrisası Nelya Ataullayeva, 1963-ü ildə çəkilmiş “Əhməd haradadır” filmindəki Ceyran obrazında çıxış edən Gürcüstanın xalq artisti Nonna Paçuaşvili, 1969-cu ilin istehsalı olan “Dəli Kür” filmindəki Semyonov rolunda çıxış edən SSRİ xalq artisti Vladimir Belokurov (bu aktyor eyni zamanda “Səbuhi” filmində Bestujev obrazını canlandırıb), “Dədə Qorqud” filmində Alp Aruz və “Koroğlu” filmində Gürcüoğlu obrazını yaradan Gürcüstanın əməkdar artisti Givi Toxadze və başqalarının adlarını çəkmək olar.

 Bundan başqa, Rusiya aktrisası Raksa Udovikova “Qaraca qız” (1966) filmində Yasəmən, Gürcüstan aktyoru David Uplisaşvili “Ad günü” (1977) filmində Əli, SSRİ xalq artisti Mixay Volontir “Tütək səsi” (1976) filmində Cəbrayıl, RF-nın əməkdar incəsənət xadimi Zemfira Sahilova “Sən niyə susursan” (1966) filmində Sürəyya, “İnsan məskən salır” (1967) filmində Ədilə rollarını özünəməxsus tərzdə canlandıraraq Azərbaycan kino tarixində unudulmaz iz qoyublar.

Rusiya aktyoru Vladislav Kovalkovun “Dəli Kür” filmində (1969) yaratdığı Çernyayevski obrazı, SSRİ xalq artisti Yuri Yakovlevin “Qətldən yeddi gün sonra” (1991) filmində yaratdığı general Mixail Romanoviç rolu, RSFSR-in xalq artisti Vladimir Yemelyanovun “Yenilməz batalyon” (1965) filmində canlandırdığı Dobrovolski rolu da qeyd olunmalıdır.

 Gürcü aktyor Vaxtanq Pançuladze “Yol əhvalatı” (1980) filmində yaratdığı Mustafa, RSFSR-in xalq artisti Nina Doroşina “Onun böyük ürəyi” (1958) filmində yaratdığı Maşa, RSFSR-in əməkdar artisti Andrey Faytın “Bir qalanın sirri”ndə yaratdığı Göygöz Kosa və “Uzaq sahillərdə” filmində canlandırdığı Mazelli obrazı da heç zaman unutmayacağımız rollar sırasındadır.

 

Azərbaycan filmlərində hansı Amerika aktyoru rol alıb?

 

Araşdırma zamanı vaxtilə Azərbaycan filmlərinə Amerika aktyorlarının da cəlb olunduğu məlum olub. Amerikalı aktyor Piter Pikel 1996-cı ildə çəkilən “Dağıdılmış körpü” filminə dəvət olunub. Eyni zamanda Azərbaycan filmlərində İnquşetiyanın əməkdar artisti Tamara Yandiyeva, Şimali Osetiyanın xalq artisti Mixail Sidorkin, Çexiya aktyoru Yozef Şebek və Aloiz Şvedlik, litvalı aktrisa Eqle Qabrenayte, Masyulis Algimantes, Estoniyanın əməkdar artisti Olev Eskola da çəkiliblər.

 

... Vaxtilə bir neçə Azərbaycan filminə erməni aktyorları da cəlb olunub

 

Vaxtilə Azərbaycan filmlərində erməni aktyorların da çıxış etməsi heç kimə sirr deyil. Maraqlısı burasındadır ki, filmlərimizdə rol alan erməni aktyorların adı hazırlanan siyahıya daxil olunmasa da, bu filmlər mövcuddur və bu gün də Azərbaycan ekranlarında nümayiş olunur. “Onu bağışlamaq olarmı” filmində baş qəhrəman, “Romeo mənim qonşumdur” filmində oğlanın atası, “Bəyin oğurlanması” filmində bərbər rolu erməni aktyorların ifasında canlandırılıb.

 

 

Kaspi. -2010. – 15 aprel. – S.9.