Bu bahar ümidli olmadı 

 

Həmişə zarafatcıl, səmimi, mehriban insan olan Telman Adıgözəlovun qəfil ölümünə inanmaq çətindi

 

"Əsl sənətkarın yeri əbədiyyətdir" deyirlər. Əbədiyyətə qovuşmaq üçünsə fitri istedad, bir də sənətini candan artıq sevmək, əzizləmək, onun yolunda bütün əzablara qatlaşmaq, məhrumiyyətlərə dözə-dözə yaşamaq və yaratmaq gərəkdir. İstedadıyla həmişə narahat, daim axtarışda olan Xalq artisti Telman Adıgözəlov da belə sənətkarlardan idi.

Həmişə zarafatcıl, səmimi, mehriban insan olan Telman Adıgözəlovun qəfil ölümünə inanmaq çətindi. Dost-tanışları, ailə üzvləri, həmkarları, nəhayət minlərlə onu sevən tamaşaçılar bu qəfil ölümə inana bilmirlər.

Hələ dünənə qədər həyatı qədər sevdiyi teatrda həvəslə səhnəyə qatılardı. Bəzən ürəyinin kövrəkliyinə sərtlik qatıb roldan-rola girərdi.  Hələ dünənə qədər oynadığı hər tamaşadan sonra səhnəyə al-əlvan gül dəstələri səpilər, ünvanına deyilən xoş sözlərdən qanadlanar, ürəyi köksünə darlıq edərdi. Sənətə və insanlara olan sevgisinə görə də bu gün  hamı onun haqqında keçmiş zamanda danışmağa çətinlik çəkir. Təkcə deyirlər ki, nə yaxşı, bu etibarsız dünyada köçünü çəkib gedən sənətkarlardan sonra onların etibarlı sənəti, bir də ömürlərinin davamı olan, yaddaşlardan silinməyəcək xatirələri yaşayır.

 

Yaddaqalan rollar qalereyası

 

Telman Adıgözəlovun bir insan olaraq özü kimi sadə və maraqlı tərcümeyi-halı var. Telman Adıgözəlov  1953-cü il iyulun 17-də Balakən rayonunda doğulub. 1975-ci ildə  Azərbaycan Dövlət  İncəsənət İnstitutunun  dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında   fəaliyyətə başlayan aktyor, teatr səhnəsində  maraqlı obrazlar oynayıb. «Dəli yığıncağı»nda Zəncirvuran, »Xurşidbanu Natəvan»da Daşdəmir, «Mahnı dağlarda qaldı»da Rəhman, «Maqbet»də Flins,   «Közərən ocaqlar»da Xanəhməd, «İblis»də Şeypurçu, «Vaqif»də Təlxək, «Nişanlı qız»da Çeşməkli kişi,  «Ah Paris…Paris!..» Əhməd, «Mənim sevimli dəlim»də Professor və s. obrazlar qalareyası aktyorun səhnə bacarığından və istadadından söz açır. Aktyor həmçinin “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan  «Nəsimi», «Üzü küləyə», «Mən  dəniz sahilində böyümüşəm» kimi filmlərdə yaddaqalan rollar oynayıb.

         

Hər şey olduğu kimi

 

Telman Adıgözəlov haqqında çox danışmaq, çox yazmaq olar. Peşəkar aktyorluğundan tutmuş, xarakterindəki ciddi yumora qədər. Heç şübhəsiz, bu, mərhumun sənət dostları, onunla işləyən aktyor və rejissorların üzərinə düşən bir missiya, son insani borcdur. Belə vida sözləri ilə çox güman ki, qəzet səhifələrində, televiziya ekranlarında tanış olacaqsınız. Mənsə iki il bundan əvvəl onunla müsahibəmin bəzi məqamlarını yenidən gündəmə gətirmək istədim. Onu bir daha olduğu kimi canlandırmaq naminə. Çünki adına xatirə deyilən elə bir nəsnə var ki, sahibini ölməyə qoymaz, daim cavan, daim canlı saxlar xatirələrdə.

 

Narahatlıq

 

Həyatda bəxtə o qədər də inanmayan aktyor sənətdə hər şeyi zəhməti ilə qazanmışdı. Onu 30 ilə yaxın çalışdığı, özünün doğma evi bildiyi teatrın taleyi cox narahat edirdi. Teatra tamaşaçı məhəbbətinin azalması, repertuar siyasətinin düzgün qurulmaması, maraqlı əsərlərin olmamasını... ürək ağrısı ilə dilə gətirirdi: “Mənə elə gəlir ki, cavan aktyorun şansı, daha doğrusu, vaxtı daha çoxdur. Yaradıcılıq üçün ilham olmalıdır. Məncə, Səttar Bəhlulzadənin əsərləri yalnız onun ruhunun məhsulu idi. O, bu əsərləri ilham gələndə yaradıb. Aktyorlar da elədir. Daxili sarsıntılar, çətin vəziyyətlər olur ki, səni ağrıdır və hansısa bir əsərdə onların həllini görürsən. Əsərlər seçildikcə, bizə daxilimizdə toplananları izhar eləmək üçün həm meydan, həm də əsər lazımdır. Əsərlərdə seçim olmalıdır. Dünya dramaturgiyasına da müraciət etmək lazımdır. Həmçinin ən ümdə, milli dramaturgiyanı gücləndirməyə ehtiyac var. Ancaq problem eyni olduğu üçün dünya dramaturgiyasından eyni əsərləri də götürmək olar. Əminəm ki, bəşəriyyət eyni problemi yaşayır. Sadəcə, dinlər, adət-ənənələr müxtəlifdir. Bizdə milli dərketmə bir qədər çətindir. Çünki biz kandarda oluruq. Mənə elə gəlir ki, hər şeydən əvvəl milli şüurun formalaşmasına xidmət etməliyik” deyə aktyor bildirmişdi.

Telman Adıgözəlov klassik teatr arzusu ilə yaşayırdı: “Biz italyan kostyumunu, alman markalı maşını xoşlayırıq. Bizə elə gəlir ki, onun-bunun dilində danışıb, paltarını geyinsən, yaxşıdır. Onda simasızlıq yaranır. Simaya malik olmaq üçün güclü milli dərk, milli dramaturgiya yazılıb, hələ yazanlar da var. Mənə elə gəlir ki, onları səhnəyə gətirib millətin milli şüurunun formalaşmasına çalışmaq lazımdır. Özümüzü ona həsr eləməliyik”.

 

Bundan gözəl sənət varmı?

 

Aktyor son vaxtlar teatrda səhnələşdirilən tamaşalarda o qədər də görünmürdü. Bununla bağlı sualımı isə “ Yeni əsərlərdə rol məsələsi gəlib rejissorlara dirənib. Bilirsiniz ki, aktyor sənəti asılı sənətdir. Görünür, mənə uyğun rolları yoxdur” deyə cavablandırmışdı.

Aktyor hər rolunu özü üçün hesabat və böyük sevinc sayırdı.  Deyirdi ki, əsl sevinci tamaşanı oynayıb qurtarandan sonra - evə gedərkən yaşayırsan.  "Mən necə oynadım, harada səhv elədim?" və s. suallara cavab axtarırsan. Məşq prosesinin axırında obraz alınanda dünyada ondan böyük sevinc olmur. Ona görə aktyorlar mənən varlı, fiziki cəhətdən kasıb olurlar. Çünki onlar üçün çox şey lazım deyil. Bir rol almaq və yaxud alqış yetərlidir. Amma dövr elə gəlib ki, məsələn, Amerika aktyorları maddi cəhətdən çox zəngindirlər. Hansısa bir dahi deyib ki, incəsənət varlı adamların sənətidir. Yəni aktyor maddi cəhətdən o qədər təmin olunmalıdır ki, səhnədə qaz, işıq pulunu düşünməməlidir. Beyin hüceyrələri o qədər sərbəst olmalıdır ki, obraz haqqında düşünə biləsən. Maddi cəhətdən qaçhaqaç, qovhaqov aktyora təsir eləməməlidir. Aktyorun yaxşı evi və yəqin ki, maşını olmalıdır. Ümumiyyətlə, aktyorun sıxıntısı az olmalıdır. İş ondadır ki, maddi çətinliklərlə səhnəyə çıxıb şah, milyonçu obrazı oynamaq olmur. İnsan bu yolların hamısını keçməlidir ki, oynayanda onun içindən çıxsın. Və yaxud padşah oynayanda onun içindəki ruh padşah olmalıdır” – bu sözlər aktyorun müasir teatra və aktyorların sosial durumuna real və ürəkağrıdan baxışı idi..

Telman Adıgözəlov sənətinə sədaqətli idi. Bu sənətsiz yaşaya bilməyəcəyini həmişə təkrarlayırdı. “Hərdən fikirləşirəm ki, necə olur, adamların hamısı aktyor olmur. Bundan gözəl sənət varmı? Bu ki ömür boyu axtarışdır. Allah-təalanın bizə verdiyi ömür vaxtını doldurmaq və mənalı olması üçün yaradıcılıq olmayan yerdə necə yaşamaq olar? Sənət zirvəsiz bir şeydir. Bu yolun özü maraqlıdır” deyirdi aktyor.

 

 Son şans

 

Bu gün aktyor yoldaşları sənət dostları haqqındaTelman Adəgözəlov gözəl insan idideyirlər. Xalq artisti Yaşar Nuri sənət dostunun qəfil ölümündən sarsıldığını bildirib: “İki gün əvvəl onunla görüşmüşəm. İnanmıram... Heç vaxt inanmaram da. Telman Adıgözəlovun heç bir narahatlığı yox idi. Onun görəsi hələ çox iş var idi. Telmanın deyilməmiş çox sözü, çox zarafatı qaldı”.  Xalq artisti Rasim Balayev T. Adıgözəlovu səmimi bir insan kimi dəyərləndirərək onun ölümünü kino və teatr sənətimiz üçün böyük itki adlandırıb.

 Telman Adıgözəlovun özünün də İNSAN  haqqında tərifi vardı: “Həyatda bir nəfər hamı üçün yaxşı ola bilməz. Gözəl insan öz hisslərini idarə edən, ümumiyyətlə, pislik eləməyən adamdır. Pisliyi bağışlamayan, onun cavabını verən, ancaq yaxşılıq edən adam yaxşı ola bilər. Yaxşılıq edənin ürəyi böyükdür. Əgər bir adam heç kəsə pislik etmək haqqında fikirləşmirsə, mənə elə gəlir ki, o özünü cavan saxlayır. "Səhər durub kiməsə pislik edim" - deyə heç vaxt beynimi yormamışam. Həmişə deyirəm ki, yaxşılıq etməyə vaxt çatmır, bunlar pislik eləməyə vaxtı hardan tapırlar? Mənə elə gəlir ki, insanın daxili nə qədər xıltsız olsa, nə qədər özündə mənfi hissləri boğub işıqlı hislərə doğru getsə, o adam cavan qalar, qaməti bükülməz, gözləri acıqlı olmaz. Əsas ruhdur, bədən köynək, paltar kimi bir şeydir”.

Yadımdadır, müsahibəmizin sonunda Telman Adıgözəlovun “cavan aktyorların şansı” barədə fikirlərinə qayıdaraq “Bəs sizin şansınız nə qədərdir?”- deyə verdiyim suala “Bunu Allah bilir...” deyə cavab vermişdi.

 

 

Məhərrəmova Təranə

 

Kaspi. -2010. – 16 aprel. – S.13.