Azərbaycanda işsizliyin səviyyəsi
iki dəfədən çox azalıb
Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyev
məlumat verir ki, ilin sonunadək ölkədə illik
inflyasiyanın 6-7 faizə çatacağı
proqnozlaşdırılır
2010-cu il aprel ayının 1-nə olan məlumata görə, Azərbaycanda əhalinin sayı 9 milyon 22 min nəfər təşkil edib və ya 0,3 faiz artıb. Ölkə əhalisinin 49 faizini kişilər, 51 faizini qadınlar təşkil edir və bu gün hər 1000 nəfər kişiyə 1039 nəfər qadın düşür. Əhalinin orta yaşı 32, doğulan körpələr üçün gözlənilən ömür uzunluğu 73,5 yaş, o cümlədən oğlanlar üçün 70,9 yaş, qızlar üçün 76,1 yaş təşkil edir. Doğulanların 53,5 faizi oğlanlar, 46,5 faizi isə qızlardır. Körpələrin 346-sı əkiz, 12-si üçəmdir. Bu barədə dünən keçirilən mətbuat konfransında Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev məlumat verib. Sədrin sözlərinə görə, təbii artım 24200, ölənlər üzrə göstərici 13900 olub. Bundan başqa, nikahların sayı 14200, boşanmaların sayı isə 1900 olub.
ÜDM istehsalı 40 milyard manata
çatacaq
Komitə sədri ilin ilk rübündə ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərindən də söz açıb. Belə ki, ilin yanvar-mart ayları ərzində Azərbaycanda ümumdaxili məhsulun (ÜDM) həcmi 5,4 faiz artaraq 9,6 milyard manat təşkil edib: ”İlk rübdə ÜDM-in əhalinin hər nəfərinə düşən həcmi ötən ilin analoji dövrü ilə müqayisədə orta hesabla 4,2 faiz artıb, 1074,5 manat və ya 1337,6 dollarına bərabər olub”. İlin sonunadək ÜDM-in 40 milyard manata çatacağını da deyən A.Vəliyev bildirib ki, hazırda ÜDM-in 5,7 milyard manatı və ya 59,5 faizi sənaye, 650,4 milyon manatı və ya 6,8 faizi tikinti, 663,6 milyon manatı və ya 6,9 faizi nəqliyyatın payına düşür: ”Bundan başqa, ÜDM-nin 171,4 milyon manatını kənd təsərrüfatı, 742,5 milyon manatını ticarət və pullu xidmət, 160,8 milyon manatını rabitə, 885,4 milyon manatını digər sahələrdən gələn gəlirlər, 596,1 milyon manatını məhsula və idxala vergilər təşkil edib. Bu ilin birinci rübündə qeyri-neft sektorunda əlavə dəyər istehsalı isə 4,3 artıb. Özəl bölmənin xüsusi çəkisi 81,7 faiz təşkil edib və 5,8 faiz artıb, ümumi istehsalın 93,5 faizi sənaye malları, 6,5 faizi isə sənaye xarakterli xidmətlərin istehsalı hesabına yaranıb”. Qeyri-dövlət mülkiyyətinə məxsus müəssisə və təşkilatlar əsas kapitala 630.5 milyon manat və ya ümumi vəsaitin 38,5 faizi həcmində, dövlət müəssisələri 1 006.3 milyon manat və ya 61,5 faiz sərmayə qoyublar: ”Ölkənin inşaat içlərinin aparılması üçün rüb ərzində bütün maliyyə mənbələrindən əsas kapitala 1636,8 milyon manat vəsait yönəlib. Cari ilin birinci rübündə Naxçıvan şəhərində ildə 5 min ədəd minik avtomobili istehsal etmək gücünə malik Avtomobil zavodu, Qəbələ rayonunda “Gilan” Piano fabriki, meyvə-tərəvəz saxlamaq üçün 5 min tonluq soyuducu anbar, Avtovağzal binası, ölkənin müxtəlif bölgələrində bütün maliyyə mənbələri hesabına ümumi sahəsi 215,3 min kvadrat metr olan yeni yaşayış evləri, 50 yerlik məktəbəqədər uşaq müəssisəsi, 140 yerlik klub, Ağdaş və Göyçay rayonlarında Olimpiya İdman kompleksləri, Bakı şəhərində “Dalğa Plaza” İş Mərkəzi, Gəncə şəhərində “Ramada Plaza” mehmanxanası, Qəbələ rayonunda “Qafqaz Resort” mehmanxanası və “Fitnes” Sağlamlıq Mərkəzi istifadəyə verilib”.
Əhalinin əmanətləri
artır
Xidmətlərə gəlincə, informasiya və rabitə xidmətlərindən əldə olunmuş gəlirin 71,2 faizi mobil telefon rabitəsindən yaranıb və 23,4 faiz çoxalıb. Xidmətlərin 80,2 faizi qeyri-dövlət bölməsində görülüb. Cari ilin 3 ayı ərzində ticarət şəbəkələrində hər bir ölkə sakini orta hesabla hər ay 116.6 manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 10.2 manat çox müxtəlif istehlak malları alıb. Artıq qeyri-ərzaq mallarının satışı ərzaq mallarının satışını üstələyib. İlk rübdə ərzaq malları üzrə artım 7,7, qeyri-ərzaq malları üzrə 10,2 faiz olub. Belə ki, əhaliyə 2 035.5 milyon manatlıq ərzaq və 1 076.6 milyon manatlıq qeyri-ərzaq malları satılıb. Yanvar-mart aylarında ərzaq məhsulları 2,5 faiz, qeyri-ərzaq məhsulları 1,6 faiz, xidmət tarifləri isə 8,5 faiz bahalaşıb. İlin ilk üç ayında ən çox bahalaşan məhsullar arasında meyvə-tərəvəz, qəhvə, çay, kakao, süd məhsulları, pendir və yumurta, qənd, cem, bal, şokolad və konfetlər, çörək məmulatları və yarmalar yer tutur. Mart ayında istehlak mallarının qiymətləri və xidmət tarifləri əvvəlki ayla müqayisədə 1,3 faiz, o cümlədən ərzaq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb. Qeyri-ərzaq mallarının qiymətləri 0,1 faiz, xidmət tarifləri 0,3 faiz ucuzlaşıb: ”Martın 1-nə olan məlumatlara görə, əhalinin banklardakı əmanətlərinin məbləği 2,4 milyard manat təşkil edərək əvvəlki ilin eyni dövrü ilə müqayisədə 33,5 faiz artıb. Əmanətlərin 1029,7 milyon manatı, yəni 42,5 faizi milli, 1393,1 milyon manatı, yəni 57,5 faizi isə xarici valyuta şəklində qoyulub və əvvəlki ildəkinə nisbətən müvafiq olaraq 26,0 faiz və 39,7 faiz artıb. Həmin vəsaitlərin 77,1 faizi, başqa sözlə, 1,9 milyard manatı özəl banklara qoyulmuş əmanətlərin payına düşür”.
Yoxsulluq həddi 89,5 manata, yoxsulluq
səviyyəsi 10,9 faizə çatdırılıb
Əhalinin əmək haqlarında artımın olduğunu da deyən A.Vəliyev bildirib ki, fevral ayında sənaye sahələrində çalışanların əmək haqqı 415,9 manat, tikinti kompleksində 479,2 manat, nəqliyyatda 337,7 manat olub: ”Azərbaycan yoxsulluq həddi 2001-ci ildəki 24 manatdan 3,7 dəfə artırılaraq 2009-cu ildə 89,5 manata çatdırılıb. Yoxsulluq səviyyəsi isə bu müddətdə 4,5 dəfə azalaraq 49 faizdən – 2009-cu ildə 10,9 faizə enıb”.
Dövlət büdcəsindən də söz açan komitə sədri qeyd edib ki, yanvar-fevral aylarında bütün mənbələr üzrə daxilolmalar 1632,3 milyon manat, xərclər isə 1081,6 milyon manat olub: ”Büdcənin icrasında yaranmış 550,7 milyon manatlıq profisit ümumi daxili məhsulun 8,9 faizini təşkil edib. Vergi gəlirlərinin 34,6 faizi əlavə dəyər vergisindən, 38,9 faizi hüquqi şəxslərin mənfəət vergisindən, 9,0 faizi fiziki şəxslərin gəlir vergisindən, 8,3 faizi aksiz vergisindən, 3,4 faizi isə xarici iqtisadi fəaliyyətlə bağlı vergilərdən daxil olub”. Büdcə xərclərinin 402,8 milyon manatı (37,2 faizi) iqtisadiyyata investisiya qoyuluşuna, 216,3 milyon manatı (20,0 faizi) əhalinin sosial müdafiəsi və sosial təminatına, 140,5 milyon manatı (13,0 faizi) isə təhsil və səhiyyənin maliyyələşdirilməsinə sərf edilib.
105 ölkə ilə ticarət
A.Vəliyev yanvar-fevral aylarında Azərbaycanın 105 ölkə ilə ticarət əməliyyatları apardığını da vurğulayıb. İxrac əməliyyatlarının 38,8 faizi İtaliya, 8,5 faizi İndoneziya, 7,4 faizi İsrail, 6,6 faizi Fransa, 6,2 faizi Amerika Birləşmiş Ştatları, 4,5 faizi Ukrayna, 3,7 faizi Qazaxıstan, 3,0 faizi Rusiya, 2,8 faizi Xorvatiya, 2,5 faizi Hindistan, 2,4 faizi Kanada, 2,2 faizi Yunanıstan, 2,2 faizi Çinin Tayvan əyaləti, 1,8 faizi Gürcüstan, 7,4 faizi isə digər ölkələrlə həyata keçirilib. İdxal əməliyyatlarının 18,6 faizi Rusiya, 11,6 faizi Türkiyə, 7,3 faizi Almaniya, 7,2 faizi Çin, 7,2 faizi Ukrayna, 4,8 faizi Böyük Britaniya, 4,5 faizi Qazaxıstan, 3,5 faizi Fransa, 3,1 faizi Amerika Birləşmiş Ştatları, 2,6 faizi Belarus, 2,3 faizi Koreya Respublikası, 1,9 faizi Yaponiya, 1,9 faizi İran İslam Respublikası, 1,8 faizi Argentina, 1,8 faizi Braziliya, 19,9 faizi isə digər ölkələrlə aparılıb.
40 yaşdan yuxarı əhali
arasında piylənmə müşahidə olunur
Komitə sədri ev təsərrüfatları tədqiqatının nəticələrindən də danışıb. Tədqiqatlar göstərir ki, 16 və yuxarı yaşlı kişilərin 25,1 faizi və eyni yaşda olan qadınların təxminən 7,7 faizi idmanla məşğul olur. Həmin yaşda olan əhalinin təxminən 17,1 faizi siqaret çəkir, kişilər arasında bu zərərli vərdiş 36,3 faiz, qadınlar arasında isə çox az rast gəlinir və 0,016 faiz təşkil edir. Amma komitə qadınlar tərəfindən bu amilin gizlədildiyini deyərək əslində real rəqəmlərin daha yüksək ola biləcəyini vurğulayıb: ”Siqaret çəkən kişilər orta hesabla gündə 16,1 ədəd olmaqla 18,6 ildir siqaret çəkirlər. Siqaret çəkən kişilərin 5,5 faizi gündə 20 ədəddən çox siqaret çəkirlər. Aparılmış tədqiqatın nəticəsi göstərir ki, ölkə əhalisinin orta statistik çəkisi 67,2 kiloqram, boyu isə 166,8 santimetr olub. Kişilərin orta çəkisi 70,4 kiloqram, boyu 170,3 santimetr, qadınların isə orta çəkisi 64,3 kiloqram, boyu 163,7 santimetr olub”. Bundan başqa, 16 və yuxarı yaşda olan əhalinin 1,5 faizinin çəkisi normadan aşağı, 49,1 faizinin – normaya yaxın, 42,7 faizi – köklüyə və piylənməyə meylli və 6,7 faizi şişmandır. Kişilərin 46 faizi, qadınların isə 52 faizi normal boy çəki əmsalına malikdirlər: ”Piylənmə əsasən 40 yaşdan yuxarı əhali arasında müşahidə olunur. 45-64 yaşda olan qadınların 13 faizdən çoxu piylənmədən əziyyət çəkir”.
Sualları da cavablandıran A.Vəliyev ölkədə gözlənilən inflyasiya səviyyəsinə də toxunub: ”Ötən ilin yekunlarına əsasən, Azərbaycanda 1,5 faiz, 2008-ci ildə isə 20,8 faiz inflyasiya qeydə alınıb. Bu ilin birinci rübündə isə Azərbaycanda inflyasiyanın səviyyəsi 3,8 faiz olub. Proqnozlara əsasən, ilin ikinci yarısından qiymətlərin stabilləşəcəyi və 2010-cu ilin yekunlarında inflyasiyanın 3 faiz artacağı gözlənilir. Ümumiyyətlə isə ilin sonunadək Azərbaycanda illik inflyasiyanın 6-7 faizə çatacağı proqnozlaşdırılır”.
Böhranın təsiri nəticəsində Avropa, Amerikada işsizliyin kəskin artdığını da deyən A.Vəliyev bildirib ki, respublika üzrə bu göstəricilərdə dəyişiklik qeydə alınmayıb: ”Azərbaycanda işsizlik o qədər də kəskin artmadı. Beynəlxalq Əmək Təşkilatının metodologiyasına əsasən, 10 il əvvəl Azərbaycanda 560 min işləməyən insan var idi. Hazırda isə 260 min işləməyən insan var. İşsiz statusu alanların sayı isə 40 mindən yuxarıdır”.
Qismətqızı Həqiqət
Kaspi. -2010. – 17-19 aprel. –S.6.