«Anar müəllim bütün yazıçıların əvəzindən yazan deyil» 

 

Nizami Cəfərov: «Bu gün Yazıçılar Birliyinin 1500-ə qədər üzvü var və bunların yaradıcılıqla məşğul olanları çox azdır»

 

Millət vəkili, Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərovun milli.az xəbər portalına müsahibəsini ixtisarla təqdim edirik

 

- Nizami müəllim, bu gün dünyaya inteqrasiya xəttini tutan, mədəniyyətlərarası dialoqun tələbləri ilə cərəyan edən proseslər ədəbiyyat sisteminə hansı vədləri verir?

- Bizim bir dostumuzun söylədiyi kimi, bugünkü dünya «pul qazan və kef elə» məzmunundadır. Bəlkə də bu, xeyli dərəcədə bayağı səslənir, amma mahiyyətcə doğrudur. Baxmayaraq ki, bu gün müharibələr var, öz dinini yaymaq uğrunda böyük proseslər gedir, hər hansı formada vətənpərvərlik təzahürləri var, amma bunlar elə proseslərdir ki, insanı daha az səciyyələndirir, nəinki qlobal təsir altında şənlənmək, zövq almaq, müəyyən qədər yüngülləşmək. Ağır sənətlə yüngülləşmək olmur. İnsan rahatçılıq istəyir.

 

"Oxucunu Səməd Vurğunu, Mirzə İbrahimovu oxumağa məcbur etmək olmaz"

 

- Deməli, qloballaşma ideoloji baxışları itirir?

- Əslində dünyada bir ideologiyasızlaşma prosesi gedir. Əgər vaxtilə bu və ya digər ideologiya, bu və ya digər siyasi mövqe insanın ləyaqəti kimi qəbul olunurdusa, indi başqa cürdür. Bizdə ən azından 200-300 illik bir milli-mənəvi ideologiya kompleksi formalaşıb. Biz dərhal ordan qopub qlobal dünyanın «pul qazan, kef elə» texnologiyasına keçə bilmərik. Azərbaycan insanı istəyir ki, yaxşı yaşasın, vətəninin torpaqları azad olunsun, eyni zamanda güclü olsun. Eyni zamanda bunu da görürük ki, böyük güclərin Azərbaycana müəyyən konyektur münasibəti var. Bununla yanaşı Azərbaycanda müstəqil, dönməz bir dövlətçilik texnologiyası qərarlaşır. Bunun da təsirləri var.

- Nizami müəllim, bu gün ədəbiyyata maraq azalıbsa, belə çıxır ki, ədəbiyyat da insan üçün ağırlıq yaradır? Sizcə ədəbiyyata marağın azalması insanın qlobal ağırlıqdan canını qurtarmaq istəyindən irəli gələ bilər?

- Çox dərin bir sualdır. Məsələn, bu gün kimsə mənə desə ki, biz Azərbaycan oxucusunu Səməd Vurğunu, Mirzə İbrahimovu oxumağa məcbur etməliyik və oxumursa, bu onun günahıdır, mən bunu qəbul edə bilmərəm. Azərbaycan oxucusunun Səməd Vurğunu, Mirzə İbrahimovu, Rəsul Rzanı, xüsusi olaraq 50-60-70-ci illərdə oxuduğu qədər, indi oxuması mümkün deyil. Mən müsbət halı onda görürəm ki, Azərbaycan insanı daha çox öz televiziyasına baxır. Televiziyalarda gedən verilişlərin indiki səviyyəsi azərbaycanlıları təmin edir. Yəni bunu qəbul etmək lazımdır. Dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da elə tək-tək insanlar var ki, özünün elitar hesab elədiyi hər hansı bir yaradıcılıq texnologiyaları ilə məşğuldur. Yəni lap Kantı oxuyanlar da ola bilər, amma bu, tipik deyil.

 

«Gənclər heç 10 faiz ədəbiyyat yarada bilmirlər»

 

- Artıq xeyli müddətdir ki, ədəbiyyat sistemində, eləcə də ziyalılar arasında mahiyyəti bilinməyən bir ziddiyyətli proseslərin getdiyi müşahidə olunur. Sanki yaradıcılığa yeni gələn şairlər, nasirlər köhnələri qəbul etmək istəmir. Sizcə bu gün ədəbiyyat daha çox nəyin üzərində köklənməlidir?

- Bir vaxtlar Azərbaycan ədəbiyyatına 60-70-ci illərdə gələnlər arasında ziddiyyətlər var idi. Məsələn, Məmməd Rahim, Süleyman Rüstəm, Hüseyn Abbaszadə, Bayram Bayramov 70-80 ci illərdə yazıb yaradırdılar. Amma sonra Anar, Elçin, Əkrəm Əylisli və sair ədiblərdən ibarət nəsil meydana çıxdı. Bu nəsillərin arasında deyək ki, Bəxtiyar Bahabzadə, Nəbi Xəzri, Nəriman Həsənzadə, Qabil və sair kimi keçid ədəbiyyatçıları da yarandı. Onlar ziddiyyətli tərəfləri həmişə barışdırırdı və bütöv bir ədəbiyyat kompleksi yaranırdı. İndi artıq yeni bir nəsl gəlib və bu nəslin köhnə nəsillə ziddiyyətləri yoxdur. İndi bir neçə yazıçı meydana gəlib ki, onlar daha çox publisistika ilə məşğul olur, hərdən-bir şeir yazır. Məsələn, Həmid Herisçi, Qan Turalı, nə bilim bu tip xeyli yeni fon var. Bunların da babaları hesab oluna biləcək, heç vaxtı nə işlə məşğul olduğu, nə dediyi dərindən bilinməyən Rafiq Tağı var. Bu yeni nəslin nümayəndələri Anar, Elçin, Əkrəm Əylisli, Fikrət Qoca, Zəlimxan Yaqub və ədəbiyyatın yaradıcılıq sisteminə töhfələr verən digər yaradıcı adamları təhqir etmək səviyyəsində problem çıxardırlar. Amma mən bunu ziddiyyət hesab etmirəm. Çünki burda ictimai-publisistik səviyyədə zövqlərin ziddiyyəti var. Amma bu gənclər nə Anar qədər, nə Elçin, nə Əkrəm Əylisli, Zəlimxan Yaqub qədər ədəbiyyat yarada bilmirlər. Onlar heç 10 faiz ədəbiyyat yarada bilmirlər. Əgər vaxtilə ziddiyyətlərdə Elçin, Anar yaratdığı əsərlərlə özlərindən əvvəlki nəslə qarşı dururdularsa, indikilər əsər yaratmaq yox, istədikləri əsərin obrazını təsvir edirlər. Ona görə də görkəmli ədiblərin qarşısında duruş gətirə bilmirlər.

Azərbaycan ədəbiyyatında bir cəhət də var. Azərbaycanın ədəbi-bədii təfəkkürünün fonunda Azərbaycan dilində yüngül və gözəl ədəbiyyat yaratmaq olmur. Bunun əvəzində isə ədəbi-bədii cəhətdən aşağı səviyyədə olan bir şey yarada bilərlər. Məsələn, deyək ki, macara ədəbiyyatı. İndi bizdə dünyada tanındığını iddia edən və həqiqətən də tanınan Çingiz Abdulayev var. Çingiz Abdullayev Azərbaycan oxucusu üçün deyil. Yəni Azərbaycan oxucusu onu həzm eliyə bilmədi. O, azərbaycanlıdır və azərbaycanlı kimi onunla fəxr edirik. Amma o, daha çox kənardakı hörmətinə görə Azərbaycanda hörmət qazandı.

 

"Ədəbi tənqid istedad yarada bilməz"

 

- Ədəbi tənqidin olmaması və eyni zamanda ictimai qınağın yaranmaması ədəbiyyatda bu kimi halların inkişafı üçün vasitə ola bidərdimi?

- Ədəbi tənqid heç vaxt güclü olmayıb. Ədəbi tənqidə o qədər də böyük ehtiyac yoxdur. Heç bir yazıçı ədəbi tənqidlə hesablaşmır. Cəmiyyətdə yaradıcılığa müəyyən ideoloji təzyiqlər olubsa, bu da ədəbi tənqid müəyyən qədər yüksəldib. Bu daha çox dövlətlə bağlı olub. Yəni dövlət ideologiyası məsləhət bilibsə, ədəbi tənqid bir ideologiya nazirliyi səviyyəsində gedən proseslərə nəzarət edib. Amma bu nəzarətin nəticə etibarilə əhəmiyyəti olmur. Ədəbi tənqid istedad yarada bilməz, o cümlədən istedadı irəliyə aparmağı bacarmaz.

- Ədəbiyyatla bağlı ortaya çıxan mübahisələrdə qabarıq şəkildə görünən məsələlərdən biri də yaradıcı adamların mövcud problemləriylə bağlı daha çox Yazıçılar Birliyini və onun sədri Anar müəllimi qınamaları ilə müşahidə olunur. Buna fikriniz nədir?

- İqtisadiyyatda keçid dövrü başa çatıb. Amma yaradıcı təşkilatların qurulmasında bu proses davam edir. Bu gün Yazıçılar Birliyinin 1500-ə qədər üzvü var və bunların yaradıcılıqla məşğul olanları çox azdır. Bunlar vaxtilə yazıb-yaradıblar və Yazıçılar Birliyinin üzvü olmağa tam haqları var. Elələri də var ki, 60-cı illərdə nəsə yazıb, 90-cı ildən sonra heç nə yazmayıb, yaxud zəif yazır, kitabı çıxmayıb, buna baxmayaraq, heç kim də onları Yazıçılar Birliyindən çıxara bilmir. İndi bəziləri Anar müəllimin üzərinə düşürlər. Amma Anar müəllim bütün yazıçıların əvəzindən nə şeir, nə də nəsr yazan deyil. Hər kəs yaradıcılıq işi ilə məşğul olmalıdır. Yazıçılar Birliyi ictimai birlikdir. Yəni əvvəlki kimi ədəbiyyat nazirliyi səviyyəsində deyil ki, yazıçılara maşın versin, ev versin, onları yaradıcılıq evlərinə göndərsin və sair. İndi Yazıçılar Birliyinin o imkanı yoxdur. Amma Yazıçılar Birliyi dağıla da bilərdi. Necə ki, bir sıra respublikalarda belə birliklər dağıldı və yenidən müxtəlif birliklər yarandı. Anarın da böyük xidməti onda oldu ki, təxribata gedib Yazıçılar Birliyini dağıtmadı. Ağır vəziyyətdə belə, onu qorudu, saxladı. Bu mənada Anara qarşı qaldırılan hər hansı iddialar indiki tarixi şərait baxımından, həm də Anarın özünün şəxsi fəaliyyəti və xarakteri baxımından gülünc görünür. İndi ya inqilab, ya da seçki ilə Anarın əvəzinə kimi Birliyə gətirsələr də, Anara qarşı səslənən o ittihamların 5 qatı ona yönələcək. Mən Yazıçılar Birliyinin Ağsaqqlar Şurasının üzvüyəm və təhlillər aparıram, vəziyyəti bilirəm. Hər bir yaradıcı şəxsin, xüsusilə gənclərin bu və ya başqa adama qarşı iddia qaldırmalarına da mən təbii baxıram. Bu olacaq. Yaradıcılıq işi elədir ki, kiminsə kimin üslubundan, kiminsə kiminsə şəxsiyyəti ilə davası var. Bunların da ağzını yuma bilməzsən. Odur ki, elə bu cür də yaşayacağıq.

 

"Hamımız özümüzü göstərmək istəyirik"

 

- Son vaxtlar televiziya verilişlərində bir çox məqamlar tənqid hədəfinə alınır. Daha çox bütün kanalların birdən-birə «yemək bişirmə kampaniyasına» başlaması mübahisə doğurur. Sizcə bu yöndə aparılan işlər düzgün qurulub?

- Bizim folklorumuzda xeyli yaradıcılıq fəaliyyəti yeməklə bağlıdır. Toxumun əkilməyindən başlamış, ta yeməyin bişirilib süfrəyə gəlməsinə qədər. Tamaşa dövrüdü. Biz hamımız özümüzü göstərmək istəyirik. Təbii ki, istedadımızın səviyyəsi nə qədərdisə, o səviyyədə göstəririk. Folklordan nümunələr verilişlərə gətirilə bilər. Amma birdən birə, bütün televiziyaların belə verilişlər hazırlaması cılız görünür. Onu zənginləşdirmək, orda maraqlı söhbətlər etmək olar. İnsan nə qədər yüngüllüyə meyilli olsa da, orada bir damcı intellekt varsa, təsiri olur. Məsələnin mürəkkəb cəhəti bundadır ki, intellektual verilişə, uşaqlar üçün verilişlərə heç kim reklam vermir. Televiziyaların çoxu da özəldir və bunlara maliyyə lazımdır. Ona görə də şou tipli verilişlərə daha çox reklam verilir. Bu da verilişləri yüngülləşdirməyə sövq edir. Yəni tələb də lazımi səviyyədə deyil. Hər halda, inkişaf, təkmilləşmə gedir. Birdən-birə bütün verilişləri pisləyib, sıradan çıxarmaq da olmaz. Televiziyalarımız müzakirə olunub. Mənə belə gəlir ki, televiziyalarda professionallar çatışmır. Televiziya rəhbərliyinin günahından çox, televiziya sahəsində peşəkarların yetişdirilməsinə cavabdeh olan məktəblərin, təşkilatların, universitetlərin günahı var. Ədəbiyyatını bilən, xalqını, dünyanı tanıyan, televiziya verilişin texnologiyasını və tamaşaçıya təsir mexanizmlərini yaxşı bilən mütəxəssislər olsa, istər-istəməz bayağılıq da aşağı düşəcək, səviyyə yaranacaq. Əsas odur ki, mütəxəssislərin yetişməsinin qayğısına qalaq. Hamı tənqid edir. Tənqidi isə sayan da yoxdur.

 

 

Qaffarlı  Tahirə

 

Kaspi. -2010. – 20 aprel. – S.13.