Sən kimsən, politoloq?
Azərbaycanlı politoloqlar arasında neft-kimya mühəndisi,
ərəbşünas, etnoqraf, həkim, şərqşünas
da var, amma ixtisaslı politoloqdan başqa
Son vaxtlar dünyada və
regionda ciddi proseslər baş verməkdədir.
Dünyanın böyük gücləri, fövqəldövlət
sanki dünyanı yenidən bölüşdürmək
üçün çalışırlar. Cənubi Qafqaz da
dünyanın ən qaynar nöqtələrindən birinə
çevrilib. Böyük dövlətlər bu regionda
maraqlarını təmin etmək üçün müxtəlif
vasitələrdən istifadə edirlər. Eyni zamanda, region
dövlətləri də proseslərdən uduşla
çıxmaq üçün müxtəlif gedişlərə
əl atırlar. Məhz bunların nəticəsidir ki,
regionda tez-tez adi oxucunun, vətəndaşın səbəblərini
anlamaqda çətinlik çəkdiyi hadisələr
yaşanır. Adətən qəzetlər bu hadisələrin
səbəblərini müxtəlif cür izah etməyə
çalışırlar. Bu məqsədlə tez-tez
politoloqlara müraciət olunur.
Politoloqlar isə məsələlərin
əsl səbəblərini izah etməyə, proseslərin
elmi mahiyyətini açmağa cəhd göstərirlər.
Təbii ki, bu da həmin işi çiyinlərinə
götürən şəxslərdən xüsusi məsuliyyət
tələb edir.
Amma gəlin görək,
bizim cəmiyyətdə özünü politoloq kimi təqdim
edən şəxslər bu tələblərə cavab verirlərmi?
Müşahidələr göstərir ki, bu sahədə
ciddi problemlərimiz var. Bəzən politoloq kimi
çıxış edənlər uğursuz siyasətçilər,
jurnalistikada uğur qazana bilməyən insanlar olur. Uzaq getmək
lazım deyil. Son günlər nəşr olunan qəzetləri
vərəqlədikdə kimlərin politoloq kimi təqdim
edildiyini izləyib, asanlıqla nəticə çıxarmaq
olar. Elə buna görədir ki, ən “uzaqgörən”
politolqumuzun proqnozu az vaxt keçəndən sonra
özünü doğrultmur, əvəzində ictimai
müzakirələrdə çaşqınlıq
yaranır.
Hadı Rəcəbli: Niyə məni politoloq kimi təqdim
etmirlər?
Təbii ki, bu problem cəmiyyətin
müxtəlif təbəqələrini də narahat edir. Bu məsələ
Milli Məclisin sosial siyasət komitəsinin sədri Hadı Rəcəblinin
də yaralı yeri imiş: «Doğrudan da, təqdimatla
bağlı ciddi problemlər var. Kim dünyada, regionda gedən
proseslərlə bağlı 1-2 cümlə deyirsə, onu
politoloq kimi təqdim edirlər. Əsl politoloqlara isə
heç kim müraciət etmir. Bax mən özüm siyasi
elmlər doktoruyam. Prezident Yanında Dövlət İdarəçilik
Akademiyasının professoruyam. Neçə illərdir bu
akademiyada dərs deyirəm. 30-40 ildir bu işlərin
içindəyəm. Amma hələ indiyədək bir yerdə
də özümü politoloq kimi təqdim etməmişəm.
Məni həmişə Milli Məclisin sosial siyasət komitəsinin
sədri kimi təqdim edirlər. Məni politoloq kimi təqdim
etmirlər, amma hər yoldan keçənə bu adı verirlər».
Əkrəm Abdullayev: Mən tarixçiyəm, səhiyyə
işçisi kimi danışsam necə olar?
Milli Məclisin deputatı Əkrəm
Abdullayev də bu məsələnin problem olduğunu deyir: «Mən
politoloji təhsili olmayan şəxslərin politoloq kimi təqdim
olunmasının əleyhinəyəm. Hər kəs öz
peşəsi ilə məşğul olsa yaxşıdır.
Burada dahi Nizami Gəncəvinin bir sözü yadıma
düşür: Kamil bir palançı olsa da insan,
yaxşıdır yarımçıq
papaqçılıqdan. Əgər sən yaxşı
filoloqsansa, ancaq bu sahə ilə məşğul olmalısan.
Özünü politoloq hesab edən insanlar da sırf bu
işlə məşğul olmalı, müxtəlif proseslərlə
bağlı şərhlər verməlidirlər. Bax mən
ixtisasca tarixçiyəm, gedib səhiyyə işçisi
kimi danışsam, bu, düzgün ola bilməz. Birincisi, mənim
səhiyyə ilə bağlı məlumatlarım kifayət
qədər deyil, ikincisi, mən bu sahə üzrə təhsil
almamışam. Buna görə də mən həkim kimi
danışa bilmərəm. Eyni zamanda, həkim də mənim
əvəzimə tarixçi kimi danışa bilməz. Bir
sahə ilə bağlı ekspert kimi danışmaq
üçün gərək o sahəni biləsən. Elmi
potensialın olsun. Gərək bizim kütləvi informasiya
vasitələri bunu nəzərə alsınlar».
Uğursuz siyasətçilərin peşəsi
Təbii ki, bu problemin
yaranmasında mətbuatın da böyük rolu var.
Doğurdan da mətbuat hər özünü politoloq kimi təqdim
edən insanı cəmiyyətə bu adla təqdim etməməlidir.
«Paritet» qəzetinin baş redaktoru Cəmaləddin Quliyev bunu
etiraf edir. Onun fikrincə, Azərbaycan cəmiyyətinin və
mətbuatının bu problemi təzə deyil: «Problem daha
çox 2003-cü ildən sonra aktuallaşmağa
başlayıb. Xatırlayıram ki, o vaxt Milli İstiqlal
Partiyasının funksioneri olan İlqar Məmmədov
bildirmişdi ki, əgər müxalifət bu seçkilərdə
də qalib gələ bilməsə, olanların bir çoxu
siyasətdən gedəcək və başqa işlərlə
məşğul olacaqlar. İlqar Məmmədov uğursuz
siyasətçilərin ya QHT yaradıb vətəndaş cəmiyyəti
sektorunda çalışacağını, ya bizneslə məşğul
olacağını, ya da müəllimlik edəcəklərini
bildirmişdi. Onun dediklərini bir növ öz təsdiqini
tapdı. Amma bizim uğursuz siyasətçilər digər
sahələrdə də özlərini təsdiq edə bilmədiklərindən
politoloqluğa başladılar. Bu sahədəki problemlərimiz
də məhz bundan qaynaqlandı. O ki qaldı kimlərin
politoloq kimi çıxış etmək haqqına malik
olmasına, təbii ki, bu, bir elm sahəsidir. Yəni, bu sahədə
diplom ixtisası olanlar politoloq kimi çıxış edə
bilərlər. Bundan əlavə, hər hansı bir sahədə
ekspert kimi çıxış etmək üçün ən
azı 5-10 il təcrübəyə malik olmaq lazımdır.
Yalnız bu halda özünü politoloq kimi təqdim edənlərin
fikirlərinə ciddi yanaşmaq olar, Amma keçmiş
uğursuz siyasətçilərin, jurnalistlərin, mədəniyyət
xadimlərinin politoloq kimi çıxış etmələri
təbii ki, qəbul olunan deyil».
Bir sözlə biz jurnalistlərin
tez-tez münasibət öyrəndiyimiz politoloqların əksəriyyəti
başqa ixtisas sahibləridir. Siyasi elmlər üzrə
ixtisaslaşmış konfliktoloq, regionşünas, siyasi
icmalçı tapmaq isə müşkülə
çevrilib. Prezident yanında Dövlət İdarəçilik
Akademiyasında, həmçinin Bakı Dövlət
Universitetində, eyni zamanda çoxsaylı özəl ali məktəblərdə
siyasi elmlər üzrə kadrlar hazırlansa da nədənsə
meydanda görünən orta və yaşlı nəslin
nümayəndələridir. Azərbaycanın ictimai rəyi
isə ciddi politoloji şərhlərə, dərin analizlərə
həmişə ehtiyac duyur.
Abasoğlu F.
Kaspi. -2010. – 21 aprel. – S.8.