Ali təhsil müəssisələri üçün
plan yerləri müəyyənləşib
Abituriyentlərin ixtisas qruplarına meylində dəyişiklik
gözlənilir
2010/2011-ci tədris ili
üçün Azərbaycanın ali təhsil müəssisələrinə
və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə
qəbul prosesi başlayır. Dünən Tələbə Qəbulu
üzrə Dövlət Komissiyasında (TQDK) keçirilən
mətbuat konfransında TQDK-nın təşkilat şöbəsinin
müdiri Arzu Bağırov bildirib ki, qəbul imtahanlarında
iştirak etmək üçün abituriyentlər aprelin 20-dən
mayın 31-dək internet vasitəsilə elektron ərizələrini
doldurmalı, tələb olunan sənədləri aprelin 30-dan
mayın 31-dək müvafiq Sənəd Qəbulu
Komissiyalarına (SQK) təqdim edərək ərizələrini
təsdiq etdirməlidirlər. SQK-lar hər gün, bayram və
bazar günləri istisna olmaqla, saat 9-dan 17-dək fəaliyyət
göstərirlər.
Şöbə müdiri qeyd edib ki, ali və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent əvvəlcə ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir: ”Qeydiyyata alınmaq üçün abituriyent aprelin 30-dan mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladığı ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər”. A.Bağırovun sözlərinə görə, qəbul imtahanları Bakı, Sumqayıt, Gəncə və Naxçıvan şəhərlərində keçiriləcək: ”Abituriyentlərin qəbul imtahanlarında topladıqları ballar elan olunduqdan sonra ali təhsil müəssisələrinə qəbul aparılan ixtisaslar siyahısından internet vasitəsi ilə ixtisas seçimi aparılacaq. İxtisasları seçib müsabiqədə iştirak etmək üçün abituriyentin topladığı ümumi bal ilə yanaşı, onun imtahan verdiyi hər bir fənn üzrə ayrılıqda topladığı nisbi bal da TQDK-nın tələblərinə uyğun olmalıdır”. Tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə keçid ballarına gəlincə, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir: ”Müsabiqə tələblərinə əsasən, 3-cü ixtisas qrupunda müsabiqəyə ümumi balı 300-dən, digər qruplardan isə 250-dən az olmayan abituriyentlər buraxılırlar. Bu zaman abituriyentin hər bir imtahan fənni üzrə ayrılıqda topladığı nisbi bal ondan az olmamalıdır. Azərbaycan Dövlət Aqrar Universitetinin 4-cü qrupa daxil olan ixtisaslarına fənlər üzrə nisbi bal məhdudiyyəti tətbiq edilmir. Ümumi balı 350 və daha çox olan abituriyentlərin müsabiqəyə buraxılmaları üçün onların fənlər üzrə cavablarına nisbi bal məhdudiyyəti tətbiq olunmur. Bundan başqa, xüsusi təyinatlı ali təhsil müəssisələrinə sənəd verən abituriyentlər ilk növbədə həmin ali məktəbin müvafiq ixtisası üzrə müsabiqədə iştirak edirlər”. Şöbə müdiri əlavə edib ki, dövlət sifarişi ilə qəbul aparılan yerlər üzrə müsabiqədə iştirak etmək üçün qoyulan tələblər qəbul imtahanlarının nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək: ”Plan yerləri TQDK-ya işçi formada daxil olub, amma bu yerlər Nazirlər Kabinetində təsdiq olunmalıdır. Ali məktəblərə qəbul planı təxminən keçənilki vəziyyətdə saxlanılacaq”. Sənəd qəbulu zamanı attestat almayanlara gəlincə, bu məzunlardan arayış tələb olunacaq: ”Təhsil Nazirliyindən rəsmi olaraq söz verilib ki, orta ümumtəhsil məktəblərində buraxılış imtahanlarının nəticələri iyunun 25-nə qədər müəyyənləşəcək və attestat almaq hüququ qazanmış məzun-abituriyentlərin siyahısı nazirlik tərəfindən TQDK-ya təqdim ediləcək. Bu ilin yeniliklərindən biri odur ki, buraxılış vərəqəsini abituriyentlər özləri çap edəcəklər. Kimlərə attestat verilmirsə, onlar buraxılış vərəqəsi də ala bilməyəcəklər”. TQDK rəsmisi ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan olunduqdan sonra orta ixtisas təhsili müəssisələrinə ixtisas seçiminin aparılacağını da deyib: ”1-ci qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarının 1, 2, 3 və 4-cü qruplarının, 2-ci qrup ixtisasların müsabiqəsində isə qəbul imtahanlarının 1 və 4-cü qruplarının ümumi balı 50-dən az olmayan abituriyentləri iştirak edə bilərlər. 3-cü qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinə qəbul imtahanlarının 3-cü qrupunun ümumi balı 50-dən az olmayan abituriyentləri, 4-cü qrup ixtisasların müsabiqəsində isə qəbul imtahanlarının 3-cü qrupunun ümumi balı 50-dən və müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər iştirak edə biləcəklər”. A.Bağırov abituriyentlərin ixtisas qruplarına meylində dəyişikliyin gözlənildiyini də bildirib. Belə ki, əvvəlki illərdə abituriyentlər 3-cü ixtisas qrupuna daha çox meyl etsələr də, son zamanlar bu istək öz yerini 1-ci ixtisas qrupuna verməkdədir: “Keçən il 1-ci ixtisas qrupuna sənəd verən abituriyentlərin sayı 3-cü ixtisas qrupuna sənəd verənlərin sayına, demək olar ki, bərabərləşdi. Bu il sınaq imtahanlarında iştirak edən abituriyentlərin seçiminə əsasən, 1-ci ixtisas qrupuna meyl edənlərin çoxluq təşkil edəcəyi gözlənilir”.
Qismətqızı Həqiqət
Kaspi. -2010. – 21 aprel. – S.9.