Ağstafada yeni ədəbi məclis 

 

Tanrının ilk yaratdığı Söz olub  deyirlər. Müqəddəs dini kitabımız “Qurani-Kərim”də tez-tez rast gəlirik: ”And olsun Sözə”. Həzrəti Peyğəmbərimiz göydən gələn Söz dalınca Nur dağına çıxdı. “Quran” nazil oldu. Tanrı özünün sevdiyi-seçdiyi bəndələrinə də, şairlərə də Söz göndərir. Deməli, doğrudan da Peyğəmbərlərdən sonra şairlər gəlir.

Gəlirlər ki, Tanrının onlara göndərdiyi müqəddəs Sözü insanlarla paylaşsınlar, insanlara çatdırsınlar. Bunu özlərinə mənəvi borc bilən şairlərin həm də bu Sözü kiminləsə paylaşmağa mənəvi ehtiyacları da var. Bəlkə də bu ehtiyacdan yaranan bir çox ədəbi məclislərin adları Azərbaycanın ədəbiyyat tarixində bu gün də yaşamaqdadır. “Divani-hikmət”, “Gülüstan”,  “Fövcül-füsəha”, “Məclisi-üns”, “Beytüs-səfa”, “Məclisi-fəramuşan”, “Məcməüş-Şüara”, “Pərvanə” “Sözün Sorağı” və bu  kimi  ədəbi məclislər  öz dövrlərinin ədəbi qüvvələrinin, şairlərin əsas məsləhət, müzakirə və mübahisə yeri olmuşdur.  Bu məclislərin davamı olaraq, hal-hazırda  ölkəmizin paytaxtında, o cümlədən bir çox  əyalətlərimizdə də dövrümüzün  ədəbi məclisləri fəaliyyət göstərməkdədir. Bu günlərdə Sazın-Sözün ilk beşiklərindən biri olan Ağstafa rayonunda yeni bir ədəbi məclisin təməli qoyuldu.  ilk yığıncağı keçirilən ədəbi məclisimiz Ağstafa rayonu  İH-nin dəstəyi ilə “Ağstafa” adı altında fəaliyyətə başladı. Məclisimizin ilk yığıncağının açılışında  Ağstafa rayon İcra Hakimiyyətinin Təhsil, Səhiyyə, Mədəniyyət üzrə müavini  Lalə Eyyubova  qonaqları salamladıqdan sonra  məclisimizin yaranma səbəblərini və bu məclisin Ağstafa ədəbi mühitinə nə kimi təsir edəcəyi barədə geniş məlumat verdi: ”Nəzərinizə çatdırım ki, bu gün bura  toplaşmağımızın əsas səbəbi Ağstafa ədəbi ictimaiyyətini bir araya gətirmək, ədəbi əlaqələrimizi daha da genişləndirmək , daha da zənginləşdirməkdir. Məlum həqiqətdir ki, rayonumuz öz Saz-Söz ustadları ilə bütün respublikada tanınıb şöhrət tapmışdır. Azərbaycanın ədəbiyyat tarixinə bir çox  qiymətli incilər bəxş edən böyük şairlərin , ölməz  yazıçıların bir qismi də Ağstafa rayonunun payına düşür. Bütün respublikada tanınıb şöhrətlənmiş, hamımızın fəxr etdiymiz bir çox ədəbi simalar: İsa Hüseynov, Hüseyn Arif, Həmid Abbas, Nəriman Həsənzadə,Vidadi Babanlı, Müzəffər Şükür Məchul, Nüsrət Kəsəmənli, məhz, Ağstafa torpağının yetirmələridir. Biz bilirik ki, bu böyük simaları yetirən torpaq çox qüdrətlidir. Bu simaların davamçıları  yenə də yetişə bilər. Bunun üçün də başlıca məqsədimiz hal-hazırda rayonumuzda yaşayıb-yaradan ədəbi qüvvələri bir yerə toplamaqdır.  Elə bu günkü məclisimiz də bu məqsədlə təşkil olunub”.

Lalə Eyyubova  eyni zamanda məclisimizin gələcək planlarından, nəzərdə tutulan mühüm işlərdən də söhbət açdı.

Yeni yaradılan ədəbi məclisimizin məqsədi, şərtləri və gələcək layihələri  bütün məclis üzvlərinin ürəyindən xəbər verirdi. Bundan ilhamlanan məclis üzvləri də  özlərinin ən yeni şeirlərini söylədilər və bir sıra təkliflərini irəli sürdülər. Bütün təklifləri böyük səmimiyyətlə qəbul edən Lalə Eyyubova  onların hər bir fikrinə hörmətlə yanaşdığını xüsusi qeyd edərək, bu təkliflərin həyata keçirilməsinə səy göstərəcəyini söylədi. Eyni zamanda məclis üzvləri  belə bir gözəl  məclisin yaradılmasına dəstək olduğu üçün və məclisi idarə etdiyinə görə Lalə Eyyubovaya  öz dərin minnətdarlıq hisslərini çatdırdılar.

Məclisimiz əvvəlindən sonuna kimi möhtəşəm saz sədaları ilə müşaiyət olundu. Bu da məclis üzvlərinin ürəklərini daha da riqqətləndirirdi.

Sonda isə mən məclisimizin  hamının əhval-ruhiyyəsinə xoş təsir bağışladığını və onlara yeni yaradıcılıq impulsu verəcəyini yəqin etdim. Və  məndə böyük ümid yarandı ki,  yeni yaradılan bu ədəbi məclisimizin səsi hələ çox uzaqlardan eşidiləcək.

 

 

Könül   Şahinə

 

Kaspi. -2010. – 23 aprel. – S.12.