Saz 

 

Üzümü sürtdüyüm tut ağacıdı,

Haqqın göndərdiyi ilk butadı saz.

Anatək döşündən mənə süd verən

Bəsləyən, böyüdən bir dühadı saz.

 

Adəmnən başlayıb, Nuhdan gələndi,

Ürəkdən süzülüb, ruhdan gələndi,

Füzuli könlündə  ahdan gələndi,

Tanrıya yetişən bir duadı saz.

 

Göyçənin, Kərkükün hıçqırtısıdı,

Ayna bulaqların pıçıltısıdı.

Türkün bələkdəki qığıltısıdı,

Dünyada ən qədim əlifbadı saz.

 

Altaydan adlayıb, Dərbənddən keçib,

Ələsgər qoşduğu hər bənddən keçib.

Hicrandan sıyrılıb, həsrətdən keçib,

Təbrizdən yüksələn bir nidadı saz.

 

Hələbdə Nəsimi əzasındadı,

Hər sirri Yunusun əbasındadı.

Toqatda  Koroğlu libasındadı,

Ərzi silkələyən bir sədadı saz.

 

Dillənsə məzardan Xətai qalxar,

Ox olub düşmənin gözünə batar.

Dədəmiz Qorquddan qalıb yadigar,

Acılı -şirinli bir dünyadı  saz.

 

Saqif  bir  könüldü ,  o,  can kimidi,

Dindirsən  bir  kövrək  insan kimidi.

Sonu görünməyən zaman kimidi,

Bitib- tükənməyən bir sevdadı saz. 

 

 

Qaratorpaq  Saqif

 

Kaspi. -2010. – 23 aprel. – S.12.