Jurnalistika fakültəsinə qəbul olunmaq üçün qabiliyyət imtahanı lazımdırmı? 

 

Jurnalistika yaradıcı sahədir. Aktyorluq, bəstəkarlıq, rəssamlıq və digər qabiliyyət tələb edən sənət sahələri kimi burada da yaradıcı şəxsdən xüsusi qabiliyyət tələb olunur. Nədənsə hazırkı dönəmdə bu fakültəyə qəbul olunmaq üçün TQDK tərəfindən təşkil olunan qəbul imtahanlarında tələbələrdən xüsusi qabiliyyət tələb olunmur. Bəs tələb olunmalıdırmı?

Hazırda bir sıra universitetlərdə fəaliyyət göstərən jurnalistika fakültələrinə nəzər salaq. Qapını açıb içəri daxil oluruq. Bu zaman qarşımıza 20, 40, 60 nəfərdən ibarət böyük bir auditoriya çıxır. Kim bu ixtisası könüllü olaraq seçib sualını verdikdə isə acınacaqlı bir faktla rastlaşırıq. Bu böyüklükdə olan auditoriyada qalxan əllər barmaqla sayılası qədər olur: 7, 8, 10. Sözsüz ki, bu ixtisasa qəbul olunmaq üçün qabiliyyət imtahanı keçirilsəydi, bu acınacaqlı halın qarşısını alınardı. O zaman bu fakültədə ixtisaslı və könüllü olaraq bu peşəni seçən gənclər oxuyardı.

İxtisas seçimi zamanı hər bir abituriyent 8 ixtisası kodlaşdırır. Öncəki iki sırada hər kəs ən çox arzuladığı istiqaməti qeyd edir. Həmin yerlərə qəbul ola bilməyən tələbələr beşinci, altıncı, yaxud da ən son sıralarda kodlaşdırdıqları fakültələrə düşürlər.

Jurnalistika bütün dövrlər üçün məsuliyyətli peşədir. Lakin bu ixtisası arzulamayıb, «əsas odur ki, kəsilməyim» prinsipi ilə qəbu olunanlar az deyil.

Həqiqətən jurnalistikanı özünə peşə seçmiş tələbə kimi mən də qabiliyyət imtahanının keçirilməsinin tərəfdarıyam. Təsəvvür edək ki, rəssam deyib adlandırdığımız birisi əlində fırça tutmağı bacarmır. Yaxud bəstəkar olmaq istəyən şəxsin notlardan xəbəri yoxdur. O zaman onların hansı birisindən peşəkar sənətkar çıxa bilər? Hansı birisini sevərək əsərlərinə baxıb zövq almaq olar?

Jurnalist də eləcə. O da yaradıcı şəxs olduğundan onun qabiliyyəti, bacarığı, baş verən hadisələr haqda düzgün mülahizələri, şərhləri, icmalları böyük önəm kəsb edir. Hər kəs Azərbaycanda və xaricdə baş verən gerçəklikləri biz jurnalistlərin dilindən və qələmindən süzülən sözlərlə alır.

Jurnalistika fakültəsinə qəbul olunmaq üçün qabiliyyət imtahanının nə dərəcədə önəmli olmasını öyrənmək üçün BDU-nun jurnalistika fakültəsinin müəllimi Zeynal Məmmədliyə üz tuturuq. Amma Z.Məmmədli qabiliyyət imtahanının keçirilməsini önəmsiz hesab edir: «Mən bunun əleyhinəyəm. 17 yaşında olan bir gənc nəyi dərk edir ki, nəsə bir şey də yazsın. Jurnalist yazıçıdan fərqli olaraq yalnız həqiqətləri yazmağı bacarmalıdır. Əvvəllər qabiliyyət imtahanında hər hansı bir mövzuda inşa verilirdi. Məgər inşanı yazmaq qabiliyyəti olmaq deməkdir?» Qabiliyyət imtahanının önəmsizliyini qeyd edən müsahibimiz bunun əvəzində gənclərin psixoloji testdən keçirilməsini önəmli hesab edir: «İstedadlı gəncləri yetişdirmək üçün öncə onları psixoloji testdən keçirmək lazımdır. Bu zaman uyğun situasiyalar yaradılmalıdır. Məsələn, hansısa nömrəni yığıb dəstəyi həmin gəncə uzatmaq və bununla da onun tanımadığı şəxslərlə necə ünsiyyətə girmək məharətini yoxlamaq. Yaxud da baş verən ən son olayın o şəxs tərəfindən hansı sürətlə axtarıldığını yoxlamaq».

Z.Məmmədli bu fakültəyə daxil olmaq istəyənlərin ünsiyyətcil və sağlam psixikaya malik olmasını xüsusilə vurğuladı: «Keçirilən psixoloji testlə həmin gəncdə bu keyfiyyətlərin olub-olmadığını, həmçinin də onun müşahidə qabiliyyətini yoxlamaq olar».

Fikir müxtəlifliyinə baxmayaraq, bir məsələ də mövqelərimiz üst-üstə düşür ki, jurnalistika ixtisasını seçmək üçün yalnız test imtahanları ilə kifayətlənmək olmaz.

 

 

Məhərrəmova Nigar

 

Kaspi. -2010. – 24-26 aprel. – S.13.