Satirik gülüş ustadı «Molla Nəsrəddin»
«Mola Nəsrəddin» Tiflisi
(1906-1917) daha sonralar Təbrizi (1922) və Bakını
(1922-1931) qarışbaqarış, addımbaaddım gəzdi,
məmləkəti zülmün, zülmətin, cəhalət
və mövhumatın girdabından çıxardaraq ona
haqqın, ədalətin yolunu göstərdi. M.Ə.Sabir, C.Məmmədquluzadə,
Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Ə.Haqverdiyev, Ə.Qəmküsar,
S.Mümtaz kimi qələm sahibləri qoca Şərqi tərəqqiyə
səsləyən yazılarını bu məcmuədə dərc
etdirdilər.
İlk nömrənin
karikaturasında Molla Nəsrəddin başının
altına yumşaq yastıq qoyub qəflət yuxusunda uyuyan
müsəlmanlardan ibarət otaqda gəzib-dolaşır. Onların
halına acıyır. O fikirləşirdi ki, görəsən
nə vaxt onun da xalqı bu yuxudan ayılıb tərəqqi
edəcək. Axı nə vaxtacan müsəlmanlar fala
baxmaqla, it boğuşdurmaqla, xoruz döyüşdürməklə
vaxtlarını hədər edəcəklər. İllər
boyu əsarətdə olan, qalxmaq istəyərkən hər dəfə
başından bir qapaz alan, aldadılan, mövhumat və cəhalətin
girdabında üzən bir məmləkətdə əlində
əsa ağsaqqal, nurani qocanın gəzib dolaşmasında əsas
məqsədi xalqı qəflət yuxusundan oyatmaq, okeanın
o başından olan millətlərin necə tərəqqi etməsindən
xəbərdar etmək idi. Jurnal öz fəaliyyətinə
banisi Cəlil Məmmədquluzadənin çox məşhur
bir məqaləsi ilə başlayır: «Sizi deyib gəlmişəm,
ey mənim müsəlman qardaşlarım! O kəsləri
deyib gəlmişəm ki, mənim söhbətimdən
xoşlanmayıb bəzi bəhanələrlə məndən
qaçıb gedirlər məsələn fala
baxdırmağa, iti boğuşdurmağa, dərviş
nağıllarına qulaq asmağa, hamamda yatmağa və
qeyri bir növ vacib əməllərə…»
Hər kəs «Molla Nəsrəddin»i
açıb oradakı karikaturalara, yazılara
gülürdü. Hamı elə bilirdi ki, ona
gülürdü. Onlar yanılırdılar. Onlar heç də
«Molla Nəsrəddin» gülmürdülər, hədəf
özləri idi.
Bu jurnalın ən məşhur
qələm sahiblərindən biri də «Hop-hop» imzası ilə
yazan şair M.Ə.Sabir idi. O da dövrün
mollalarını satira hədəfinə tutub onlardan şikayətlənirdi:
«A mollalar, niyə məni döyürsünüz? Olmaya məndən
qorxursunuz? Olmaya qorxursunuz ki, əyilib camaatın
qulağına bir neçə söz pıçıldayam,
bir neçə mətləbdən agah edəm?»
«Molla Nəsrəddin»də
insanların hüquqsuzluğu, qadın azadlığı kimi
mövzular karikaturaların da hədəfinə
çevrilmişdir. Bu yazıların yaranması bir
çoxları kimi mollaların da arzu-istəklərini ürəklərində
qoydu.
25 il fəaliyyət göstərərək
qəflət yuxusuna haram qatan məcmuə yaşayaraq
yaşatdı, gülərək özlərindən xəbərsiz
müsəlmanları özlərinə güldürtdü. Hədəfi
maarifçilik olan jurnal bütün Şərq
insanının təfəkküründə dərin iz
qoydu.
Məhərrəmova
Nigar
Kaspi. -2010. – 24-26 aprel. – S.13.