Azərbaycanda demoqrafik təhlükə gözlənilmir, amma... 

 

Ekspertlərin fikrincə, bu gün Azərbaycanda üç övladı olan ailələr artıq çoxuşaqlı sayıla bilər. Yaxın 20 ilə ölkədə demoqrafik təhlükə gözlənilməsə də, bəzi məsələlərin həllinə ciddi ehtiyac var

 

Vaxtilə Azərbaycan ailələri çoxuşaqlılığı və tərkibinin böyüklüyü ilə SSRİ-nin daxilindəki digər respublikalar arasında əsas yerlərdən birini tuturdu. Amma nə zamansa diqqət çəkən bu göstəricilər artıq dəyişməkdədir. Əvvəllər “Qəhrəman ana”ların sayının daha çox olduğunu deyən Dövlət Statistika Komitəsinin (DSK) sədri Arif Vəliyev də hazırda ailələrdə uşaqların sayının azaldığını təsdiqləyir: “Azərbaycanda orta hesabla bir qadına bütün ömrü boyu 2,3 doğulmuş uşaq düşür və əhalinin təkrar istehsalı təmin olunur. Bu da ölkədə əhalinin sayının artmasına kömək edir. Amma bir, iki ya üç uşağı olan qadınlar da var. İndi ailələrdə uşaqların sayının azalmasının səbəbləri müxtəlifdir. Çox vaxt bunu iqtisadi vəziyyətlə əlaqələndirirlər. Amma mənə elə gəlir ki, bunun üçün yüz səbəb varsa, iqtisadi vəziyyət onlardan yalnız biridir”. DSK sədrinin fikrincə, azalmanın əsas səbəbi insanların istirahət arzusu ilə bağlıdır: ”İnsanlar dincəlmək, kinoya, teatra getmək, başqa ölkələri gəzmək istəyirlər. Əvvəlki illərdə apardığımız analizlər göstərirdi ki, sovet dövründə də ziyalı ailələrdə uşaqların sayı həmişə fəhlə ailəsindəkindən az olurdu. Çünki ziyalı daha savadlıdır. İstəyir ki, oxumağa, kinoya getməyə daha çox vaxtı olsun. Və yaxud da daha məlumatlı olan ziyalı qadın uşağın azaldılması üçün müxtəlif dərmanlardan istifadə edir”. Bundan başqa, kənddə həmişə şəhərdəkindən daha çox uşaq olub: ”Yenə də şəhərdə uşaq kəndə nisbətən azdır. Hazırda isə bu say yaxınlaşır. Amma əvvəllər kənddə 11-12, şəhərdə isə 3-4 uşaq olurdu. Nəyə görə? Qadın qadındır, kişi kişidir. Sadəcə, kənddə abort və yaxud da hansısa kontraseptiv dərmanlarından istifadə etməyin lazım olduğunu bilmirdilər. Buna görə də uşaq kənddə çox, şəhərdə isə az olurdu”. Bu dəyişikliyə baxmayaraq, A.Vəliyev vəziyyətin hələ təhlükəli həddə çatmadığını da deyir: ”Mənə elə gəlir ki, yaxın 20 il müddətində Azərbaycanda xarici ölkələrdə olduğu kimi demoqrafik təhlükə gözləmək olmaz. Sonra isə necə olacaq, bilmirəm. Şübhəsiz ki, Azərbaycanın ərazisi o qədər də böyük deyil və bu ərazidə 50 milyon əhalinin yaşaması o qədər də məqbul deyil. Amma hər halda, artım gedir və 2020-ci ilə qədər əhalinin sayının 10 milyon nəfərə çatacağı gözlənilir”.

 

Mentalitetlə seçilmişlər

 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi (AQUDK) də ailələrdə uşaqların say azlığından, üstəlik oğlan uşaqlarına üstünlük verilməsindən narahatdır. Qurumun mətbuat xidmətinin rəhbəri Lətafət Tağızadənin sözlərinə görə, komitə bu səbəbdən “Qəhrəman ana” statusunun bərpası ilə bağlı hökumətə təkliflərini də təqdim edib: ”Ailələrdə oğlan uşaqlarına üstünlük verilməsi isə milli mentalitetlə bağlıdır. Belə ki, oğlanlar nəslin davamçısı, familiyanın daşıyıcısı kimi qəbul edilir. Ancaq məsələ bundadır ki, əvvəllər ailələrdə uşaq çox olduğu üçün 5-6 qız və bir oğlan olurdu, bununla da kifayətlənirdilər. Amma indi ailələrdə daha az uşaq doğulduğu və bu zaman da oğlana üstünlük verildiyi üçün qız uşaqlarının dünyaya gəlməsinə mane olurlar. Ailədə 1 uşaq da olsa, oğlan olmasını və ya 2 uşaqdırsa, onlardan birinin mütləq oğlan olmasını istəyirlər. Ona görə də Azərbaycanda artıq göstəricilər dəyişib. Ötən ilin statistikasına görə, dünyaya gələn körpələrin 54 faizini oğlan, 46 faizini qız təşkil edib. Əslində isə bu rəqəm 52-dən yuxarı olmamalıdır”. 2010-cu ilin yanvar-mart aylarında isə Azərbaycanda 38,1 min, gündə təxminən 423 körpə doğulub ki, onların da 53,5 faizini oğlanlar, 46,5 faizini qızlar təşkil edib. Problemin qarşısını almağa çalışan AQUDK hazırda təbliğat işlərini artırıb: ”Komitə rayonlarda, ayrı-ayrı kəndlərdə, Bakıda maarifləndirmə işləri aparır”. 

 

Avropa feminizminin Aziopa variantı

 

AMEA Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun aparıcı elmi işçisi, Azərbaycan Sosioloqlar Birliyinin icraçı direktoru Əbülfəz Süleymanlı deyir ki, doğum əmsalının aşağı düşməsi bu gün bir çox dünya, xüsusilə Avropa ölkələri üçün demoqrafik fəlakət həddinə çatıb: ”Nəticədə bu ölkələrdə özünü büruzə verən sürətli qocalma prosesi iqtisadi, hərbi, strateji baxımdan ölkənin geriləməsinə və bununla birbaşa əlaqəli əlavə problemlərin meydana gəlməsinə səbəb olur. Bu ölkələrin əksəriyyətində doğum əmsalını artırmaq üçün dövlət səviyyəsində həm iqtisadi, həm də mədəni yönlü müxtəlif tədbirlər həyata keçirilir. Amma görülən işlərə baxmayaraq, əksər ölkələr üçün məsələ vacib problem kimi qalmaqdadır. Azərbaycana gəlincə, o, tarixən çoxuşaqlı ailələrin diyarı kimi tanınıb və tendensiya təxminən keçən əsrin 70-ci illərin sonuna qədər davam edib. Ötən əsrin 70-80-ci illərində ailələrdə uşaqların sayı 4-8 nəfər idi. Amma son 30 il ərzində ölkədə uşaq doğumu tempi xeyli aşağı düşüb”. Ötən illərlə müqayisədə ölkədə 2 nəfərlik - daha çox ata və ana, istisna hallarda ailə başçısından biri itirildikdə 1 uşaq və 1 valideyndən ibarət ailələrin sayı xeyli artıb: ”Bu isə o deməkdir ki, ölkədə ümumi ailələrin sayına görə uşaq doğulmayan-buna "sonsuz" da deyilir-ailələrin sayı artır. Əksinə, çoxuşaqlı, 4, 5, 6 və daha çox üzvü olan ailələrin sayı azalmaqdadır. DSK-nın məlumatlarına əsasən, 3 və 4-cü uşaqların doğulması müvafiq olaraq 1992-ci ildə 16,0% və 6,0%-dən 2004-cü ildə 12,4% və 3,2%-dək, beşinci uşaqların dünyaya gəlməsi isə 3,7%-dən 1,1%-dək azalıb. Maraqlıdır ki, kənd yerlərində də uşaqların sayında azalma prosesi özünü büruzə verir. Bunu müşahidə etmək üçün bu gün Azərbaycanda yaşları 25-35 arasında olan vətəndaşlarla onlardan yaşca böyük olanları və onların valideynlərinin sahib olduqları bacı və qardaşlarının saylarını müqayisə etmək kifayətdir. Bundan aşağı yaşın rəqəmləri isə göz qabağındadır. Yəni bu o deməkdir ki, bu gün ölkəmizdə üç övladı olan ata və ana artıq çoxuşaqlı valideyn və bu ailələr çoxuşaqlı ailə sayıla bilər”. Sosioloqun fikrincə, sosial qayğıların artması, ailənin sahib olduğu mənzil şəraitinin əlverişsizliyi kimi səbəblər valideynlərin üçüncü, hətta ikinci uşağın doğulmasını təxirə salmasını şərtləndirir: ”Bu cür qərar qəbul edən valideynləri başa düşmək olar. Amma maddi cəhətdən təmin olunmuş bir çox ailələrdə də uşaqların sayının bir, ən yaxşı halda iki olduğunu müşahidə etmək olar. Burada xüsusilə gənc qadınlarımızın "birini dünyaya gətirmişəm, artıq özümlə məşğul olacağam" deyərək Avropa feminizminin Aziopa variantının təzahürünü nümayiş etdirmə cəhdləri nəzərdən qaçmır”. Azalma səbəblərindən biri də ailələrin uşaqlarını hərtərəfli olaraq yetişdirmək istəyi ilə bağlıdır: ”Valideynlər uşaqların həm xarici dil öyrənməsini, həm musiqi alətində çalmasını, həm idmanla məşğul olmasını, həm də müxtəlif fənlərdən repetitor yanına getmələrini arzu edir. Uşaqların ailədə sayının çox olması isə bu arzunun gerçəkləşməsinə valideynlər üçün həm maddi, həm fiziki baxımdan imkan vermir. Ailələrin daha çox oğlan uşağına üstünlük verməsini isə daha çox insanların ənənəvi olaraq “oğlan nəslin, soyun davamçısıdır” düşüncəsinə sahib olması ilə izah etmək olar. Lakin hesab edirəm ki, son zamanlar bu düşüncə tərzində də müəyyən dəyişikliklər özünü büruzə verir”.

 

Ana icazə almaq üçün min cür əzab-əziyyətə qatlanırsa...

 

Amma sadalanan səbəblərə baxmayaraq, sosioloq da Azərbaycanda demoqrafik problem gözlənilmədiyini deyir: ”BMT ekspertləri 2035-ci ildən etibarən Azərbaycanda əhalinin sayının ciddi şəkildə azalmağa başlayacağı haqqında proqnoz verirlər. Mən bu pessimist proqnozla o qədər də razı deyiləm. Hesab edirəm ki, bu gün ölkəmizdə doğum səviyyəsinin aşağı olmasından irəli gələn demoqrafik problem, Avropa ölkələrində olduğu kimi kəskin dayanmır. Bunu apardığımız tədqiqatların nəticələri də göstərir. Birliyimizin “Universitet sonuncu kurs tələbələrinin ailə haqqında düşüncələri” mövzusunda keçirdiyi tədqiqatda “Gələcəkdə neçə uşağınız olmasını istəyirsiniz?” sualına 5,4% bir, 45,4% iki, 30,7% üç, 11% dörd, 2,8% beş uşaq cavabını veriblər. Amma bütün optimist məqamlarla birgə problemin bizdə də təhlükəli səviyyəyə çatmamağı üçün indidən bəzi tədbirlərin həyata keçirilməsi zəruridir”. Belə ki, istənilən dövlətin əhalisinin və millətin sayının azalmaması üçün bir ailədə ən az üç uşaq olmalıdır: ”Demoqrafiyanın əsas prinsipi bizə bunu diktə edir. Hesab sadədir: ailədə iki uşaq varsa, ata və ana dünyasını dəyişəndən sonra övladlar, sadəcə, onların yerini tutacaq. Üç uşaq isə ailədə bir nəfərin statistik artımı deməkdir. Ona görə də ilk növbədə qadınların ümumi sosial vəziyyətlərin yaxşılaşdırılması üçün təxirəsalınmaz tədbirlər görülməli, xüsusilə işləyən anaların iş rejimini yüngülləşdirilməsinə xüsusi diqqət yetirilməlidir. Heç kimə sirr deyil ki, bu gün xüsusilə özəl müəssisələrdə çalışan ana olan qadınlarımız hətta qanunun onlara verdiyi hüquqlardan da tam olaraq yararlana bilmirlər. Uşağı 40 dərəcə qızdırma ilə yatan bir ana iş yerindən icazə ala bilmək üçün min cür əzab-əziyyətə qatlanırsa, demək ki, bu sahədə boşluqlar var və bəzi ciddi tədbirlərin görülməsi lazımdır”. Daha sonra Azərbaycan xalqının tarixi, sosial-iqtisadi və mədəni xüsusiyyətlərini nəzərə almaq şərti ilə demoqrafik siyasətin müəyyənləşdirilməsi həlli vacib məsələlərdəndir. Eyni zamanda, ailələrə konkret yardım nəzərdə tutan hüquqi normativ-bazanın təkmilləşdirilməsi, ailələrin sosial müdafiəsi və tələbatlarının ödənilməsi istiqamətində həyata keçirilən tədbirlər planının yeni mexanizmlərinin axtarılıb tapılmasına çox böyük ehtiyac hiss olunur: ”Məsələn, Türkiyədə bu funksiyanı artıq Ailə İşləri üzrə dövlət komitəsi həyata keçirməyə başlayıb. Ailələrin reproduktiv funksiyalarının nikahın ilk 5 ilində əsasən başa çatdığını nəzərə alaraq, gənc ailələrə ikinci və üçüncü uşaqların doğumu üçün münbit maddi, sosial, mənəvi-psixoloji iqlimin hazırlanması ilə ailələrdə uşaqların sayının artımına nail olmaq olar”.

 

Uşaq sayı xarakteri də müəyyənləşdirir

 

Ailədə övladların sayının, hətta doğum ardıcıllığının təsir göstərdiyi istiqamətlərdən biri də uşaqların xarakteridir. Psixoloq Humay Axundzadənin fikrincə, övlad sayı və ardıcıllığı ilə bağlı məsələləri mütləqləşdirməmək, amma nəzərə almaq lazımdır: ”Psixologiya elmində artıq qəbul olunmuş faktdır ki, ailədə uşaq sayı, konkret uşağın ailədə neçənci olması onun xarakter xüsusiyyətlərində öz əksini tapır. Lakin bu təsiri bəsit və birmənalı olaraq qəbul etmək düzgün olmaz. Çünki güzəran təsəvvürləri bir qədər sərt və stereotipik xarakter daşıyır. Biz hansı xüsusiyyətləri inamla söyləyə bilərik? Məsələn, psixoloqlar ailənin böyük övladını “taxtını itirmiş hökmdar” adlandırırlar. Hesab olunur ki, əvvəlcə bütün diqqətin ona yönəlməsi, sonra isə növbəti övladların anadan olması ilə əlaqədar onun öz valideynlərini “bölüşməyə” məcbur olması hər bir uşaq üçün travmadır: Amma valideynlərin səriştəsi bu travmanın dərin kök salmasına imkan vermir. İlk övlad başqa övladlara nisbətən bir növ tez “böyüməli” olur. Çox zaman onlara konservativlik, ailə ənənələrinə sadiqlik, liderliyə meyllik, hakimiyyətə canatma kimi keyfiyyətlər xas olur. Ailənin ikinci uşağı yalnız valideynlərin deyil, həm də böyük bacı və ya qardaşının təsiri ilə formalaşdığından onun inkişaf sürəti bununla da şərtlənir. İkinci uşağa rəqabətə meyllik, şöhrətpərəstlik, daim böyük uşaqdan heç də geri qalmadığını sübut etmək arzusu xas olur”. Ailənin kiçik uşağı daha uzun müddət qayğı və əzizləmələrlə əhatə oluna bilər: ”Müşahidələrimiz göstərir ki, çox zaman bu uşaqlarda özünü ailədə ən zəif hiss etməyə meyllik olur. Bu da bir tərəfdən ondan yaşca böyük olanları üstələmək istəyinə gətirirsə, bəzi hallarda  ruh düşkünlüyünü, özünəinamsızlığı gücləndirə bilər”. Yeganə uşağın mövqeyi isə çox cəhətlərinə görə unikaldır: ”O, valideynlərin diqqətinə görə başqa uşaqlarla rəqabət aparmaq məcburiyyətində olmur. Belə uşaqlar həm evin böyük övladı, həm də kiçiyinə xas xüsusiyyətləri özündə birləşdirir. Onda ana qayğısına münasibətdə xüsusi asılılıq, ata ilə münasibətdə güclü rəqabət hissi ola bilər. Yeganə uşağa eqosentrizmin xas olması barədə müəyyən stereotiplər olsa da, bunu mütləq olaraq demək düzgün deyil. Çünki bu məsələdə tərbiyədən çox şey asılıdır. Məsələn, ailədə beş uşaqdan istənilən birini həmişə üstün tutub, həddindən artıq əzizləmək, onun bütün istəklərini qeyd-şərtsiz yerinə yetirməklə də eqoist kimi böyütmək olar. Lakin bir məsələni vurğulayardım. Yeganə uşaqlar daha çox yaşca böyük olanlar, yəni valideynlərin əhatəsində olduqlarından onların yaşıdlarla ünsiyyətdə problemləri olur. Bu səbəbdən onlar fərqli, eqoist və s. kimi qavranıla bilərlər. Problemin təzahürünü zəiflətmək üçün məsləhətdir ki, yeganə uşağın mümkün qədər tez sosial əhatəsi genişləndirilsin. Məsələn, onu az qala məktəb yaşına qədər evdə saxlamaq lazım deyil. Nə qədər tez bağçaya getsə, yaşıdları ilə ünsiyyət təcrübəsi genişlənsə, bir o qədər yaxşıdır. Övladlar arasında yaş fərqi 7 ildən çox olduqda da, neçənci olmasından asılı olmayaraq, onların da hər birində yeganə övlada xas xüsusiyyətlər olur”.

 

 

İsabalayeva Həqiqət

 

Kaspi. -2010. – 27 aprel. – S.8.