Zərifə xanım Əliyeva səhiyyə tariximizdə müstəsna yeri olan korifey idi 

 

Azərbaycan Dövlət Tibb Universitetinin I Uşaq Xəstəlikləri Kafedrasının müdiri, akademik Adilə Namazovanın Yenni Azərbaycan Partiyasının saytına müsahibəsini təqdim edirik

 

- Adilə xanım, aprelin 28-də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 87-ci ildönümüdür. Azərbaycanın tibb elminə böyük töhvələr vermiş bu insanı necə xatırlayırsınız?

- Dünya təbabətində, eləcə də minilliklərdən qaynaqlanan Azərbaycan tibb elmində parlaq iz qoymuş, kəsərli sözünü demiş, öz dövründə yaşayaraq fitri elmi müdrikliyi ilə gələcəyə çox faydaları və əbədi yaşar elmi-təfəkkür körpüsü salmış korifeylərimiz sayca çox deyil. Lakin onların ümman qəlbinin, kainat tutumlu təfəkkürünün çırağında, nurunda, enerjisində, elmin, ziyanın, biliklərin əsrarəngsiz və ecazkar sehri, möcüzəsi gizlənir.

Bu gün biz dünyamızın mənəvi kamilliyinin ən uca zirvəsində dayanaraq öz ziyası ilə işıqlandıran, müqəddəs xatirəsi milyonlarla insanların qəlbinə, beyninə, ürəyinə isti bir məlhəm kimi axan qüdrətli bir şəxsiyyətin, heyrətamiz elm fədaisinin, insanların təkcə gözlərinə yox, şüuruna, həyatına, taleyinə gur işıq seli axıdan böyük bir insanı - akademik Zərifə xanım Əliyevanı xatırlayırıq. Həkim, əsilzadə, xanım-xatın, nəcib və zərif bir Azərbaycan qadınının obrazı gözümüz qarşısında canlanır. Adı-ünü dünyalarca tanınan, böyük bir nəslin layiqli övladı, öz övladlarına dünyada ən nümunəvi sayılmağa layiq, istəkli, kövrək bir ana görürük. Dünyanın bütün şöhrət və zirvələrini fəth etmiş qüdrətli ömür-gün yoldaşı, Ümummilli Liderimiz Heydər Əliyevin ən layiqli, mehriban, sadiq, dəyanətli dostu, ismət mücəssəməsi, böyük hərflərlə yazılan ANA! Bir elin, bir xalqın pərvanəsi Zərifə xanımı xatırlayırıq. Zərifə xanım Əliyevanın həyat yolu çox şaxəli, şərəfli olmuşdur. O, sıravi həkimlikdən tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvlüyünə-akademikliyə qədər, oftalmologiya kafedrasının müdiri vəzifəsinə qədər yüksəlmişdir.

- Zərifə xanımın oftalmologiya elminin inkişafındakı xidmətləri haqqında nə deyə bilərsiniz?

- Zərifə xanım Əliyevanın Azərbaycanda oftalmologiya elminin inkişafında xidmətləri olduqca böyükdür. Alim, pedaqoq, qayğıkeş, bilikli həkim, həmçinin gözəl insan olan Zərifə xanım milli səhiyyəmizin inkişafında mükəmməl biliyə və bacarığa malik oftalmoloqların və ümumiyyətlə tibb işçilərinin hazırlanmasında böyük əmək sərf etmişdir.

Onun əziz xatirəsi respublikamızda və Azərbaycanın sərhədlərindən çox-çox uzaqlarda, səhiyyə, elm sahəsində çalışan hər bir insanın qəlbində yaşamaqdadır. Zərifə xanım Əliyevanın çox müsbət aurası var idi. Səhiyyə tariximizdə müstəsna yeri olan Zərifə xanım oftalmologiya sahəsində geniş elmi axtarışları və tədqiqatları olub. O, tibb elmində, təcrübi səhiyyədə son dərəcə əhəmiyyətli əsərlər yazıb. Zərifə xanım oftalmologiyanın müasir problemlərinə dair bir sıra sanballı tədqiqatların, «Terapevtik oftalmologiya», «İridodiaqnostika»nın əsasları kimi nadir elmi əsərlərin, 12 monoqrafiya, dərslik və dərs vəsaitinin, 140-dan artıq elmi əsərin, 12 səmərələşdirici təklifin müəllifidir.

- Zərifə xanım Əliyevanın elmi əsərlərində yeniliklər cəmiyyətimizə hansı töhfələri verib?

- Zərifə xanım novator, uzaqgörən alim idi. Onun elmi araşdırmalarının nəticələri bu gün də çox aktualdır. O, ilk dəfə olaraq dünyada analoqu olmayan on böyük sənaye müəssisələrində: Bakı ŞİN, Yod və Məişət Maşınqayırma zavodlarında, Sumqayıt üzvü sintez birliyində, Mingəçevir «İzolit» və rezin texniki zavodunda, Gəncə torpaq gil-torpaq kombinatında müxtəlif peşə və zərərli faktorların görmə üzvüınə, daxili orqanlara (ağ ciyərlərə, böyrəklərə, qara ciyərə) biokimyəvi təsiri mexanizmini müayinə edərək bir sıra yeniliklər əldə etdiyi məlumatlar əsasında tibb elmləri doktorluq dissertasiyasını da müdafiə etmişdir.

Ümumiyyətlə, Zərifə xanım Əliyeva dünya təcrübəsində ilk dəfə olaraq konserv zavodunda xüsusi elmi-tədqiqat laboratoriyası təşkil etmişdir. Orada müasir həssas müayinə cihazları ilə işçilərin görmə qabiliyyətinin funksional vəziyyətini öyrənərək baş vermiş göz xəstəliklərinin müalicə və profilaktikası üsulları haqqında öz konsepsiyasını irəli sürmüşdür. Bu konsepsiyanın həyata keçirilməsi nəticəsində minlərlə mühəndis, fəhlələrin görmə qabiyyəti yaxşılaşmış, onlar nur tapmışdılar. Zərifə xanım Əliyevanın elmi araşdırmalarının yeniliyinə, tibbi təcrübədən faydalı olmasına görə Ona Averbax laureatı mükafatı da verilmişdir.

- Görkəmli alimin «Yüksək əqidə» adlı əsəri də bu baxımdan diqqəti cəlb edir.

- Unudulmaz akademik Zərifə xanımın oftalmologiya sahəsində küllü miqdarda əsərləri var. Onların hamısı çox qiymətli və dünyəvidir. Kitabın redaktoru korifey alim, məşhur cərrah, bir neçə ölkə elmi akademiyalarının akademiki Mustafa bəy topçubaşovdur. Bu, çox qiymətli əsərdir. Zərifə xanımdan əvvəl heç kim belə əsər yazmayıb.

Bu günkü gündə də bu əsərin mahiyyəti çox böyük və qiymətlidir. Müəllif əsərdə həkimin ixtisas fəaliyyətində etikanın, mənəviyyatın həlledici əhəmiyyətini aydınlaşdırır, aşılayır. O, həkimin ixtisas fəaliyyətində etikanın həlledici əhəmiyyətini aydınlaşdırıb yazır: «Tibb elmi gündən-günə inkişaf edir, proqressivləşir, ancaq dəyişməyən nə varsa, o da, həkimin yüksək mənəvi-etik və yüksək ixtisas tələbatıdır».

Zərifə xanım həmişə deyirdi: «Əgər belə bir sualı götürsək ki, həkimin fəal həyati mövqeyi hansı bünövrə üzərində qurulub, cavab çox qısa olar: Xəstəyə münasibət!» Və yaxud o belə deyirdi: «…Xəstəlik fiziki cəhətdən nə qədər mürəkkəbdirsə, xəstə insanın ruh aləmi o qədər incə və kövrəkdir. Ona kömək etmək – qala kimi möhkəmləndirmək naminə həkim ürəyinin atəşini, gözlərinin nurunu əsirgəməməlidir». Görün bu kəlamlarda nə qədər böyük məna var. Bunu ancaq o insan - böyük ürəyə, yüksək insansevərliyə malik o Zərifə xanım deyə bilərdi.

- Həmin əsərlərdə Azərbaycanın qədim ənənələrinə dair fikirlər yer alıb. Eyni zamanda, xalqımızın yetişdirdiyi mütəfəkkirlərin fəaliyyətindən ətraflı bəhs olunur.

- Zərifə xanım Əliyeva o ölməz əsərində göstərir ki, Azərbaycan ərazisində etik təfəkkürün əsası IX-XI əsrlərdə qoyulub. Yüzilliklərlə toplanmış mədəni irsiyyət əsasında milli adət-ənənəyə tolerantlıq, başqasına hörmət etmək, ləyaqətini qorumaq, kiçiklərə qayğı göstərmək, qoca, xəstə insanı qayğı və məhəbbətlə əhatə etmək Azərbaycan ənənəsidir. Çox qədim zamanlardan müalicə edən insan loğman adı ilə xalq arasında məşhur idi. Onlar müxtəlif xəstəliklərin sirrini və müalicə üsallarını nəsildən-nəsilə ötürürdülər. Loğmanın birinci tövsiyyəsi belədir: «Yer kürəsində nə varsa, insanların xeyirxahlığı ilə əmələ gəlib», o biri tövsiyyəsi alkoqolun çox qəbul olunmasının qarşısının alınmasıdır.

Daha sonra müəllif Azərbaycan ədəbiyyatının qədim tarixi abidəsi, xalq eposu «Dədə Qorqud» dastanında göstərilən həkimin insanpərvər davranışının əsas prinsipləri, insanın sağlamlığının və insan üçün əxlaqın paklığının, sağlam mənəviyyatın qorunub saxlanılması kimi məsləhətləri aşılayır. Zərifə xanım bu əsərində Azərbaycanın böyük mütəfəkkirləri, şairləri, alimləri, Bəhmənyar İbn Matavan (XI əsr), Ömər Osman oğlu (XI əsr), Xətib Təbrizi (XI əsr), Xəqani (XI əsr), Nizami Gəncəvi (XII əsr), Naxçıvani (XIII əsr), Mahmud Şəbustari (XIV əsr), Seyid Yəhya Bakuvi (XV əsr), Vaqif (XVIII) və başqalarının öz əsərlərində qədim həkimlərin təmənnasız hərəkətı, xeyirxah əsərləri və əldə etdikləri yaxşı nəticələr haqqında olan yazılar üzərində ətraflı dayanaraq, onların və başqa proqressiv mütəfəkkirlərin Azərbaycanda tibbi etikanın inkişaf etməsində mühüm rol oynadığını göstərir.

Akademik Zərifə xanım Əliyeva böyük iftixar hissi ilə əsərində göstərir ki, hələ XI əsrdə Azərbaycanda ilk mədrəsələr, sonra isə Şamaxı şəhəri yaxınlığında «Dar-əş-şəfa» (sağalma evi) adlı əsl universitet fəaliyyət göstərirdi. Bu universitetin hüquq, tibb, ilahiyyət və başqa fakultələri var idi. Universitetin kitabxanasında 60 mindən artıq əlyazması var idi. Elmlə, tədris ilə məşğul olmaq biliklərini artırmaq məqsədi ilə bu universitetə İrandan, Hindistandan, Çindən, Suriyadan, Misirdən, Orta Asiyadan alimlər gəlirdilər. Beləliklə, hələ o zaman xariciləri Azərbaycanın tək var-dövləti yox, elmi də cəlb edirdi. O dövrdə Şərqdə məşhur həkim və əczaçı Ömər Osman oğlunun rəhbərliyi altında tibbi kadrlar hazırlanırdı. O, özü yüksək mənəvi prinsiplər tərəfdarı olaraq öz tələbələrinə öyrədirdi ki, həkimlik fəaliyyəti insana məhəbbət üzərində qurulub. Ömər Osman oğlu tələbələrini mənəvi təmizlik, patriotizm və xalqa qulluq ruhunda tərbiyə edirdi. Onun belə devizi var idi: «Hətta sənin gəlirinə ziyan olsa da, xalqa xeyir ver». Ömər Osman oğlunun əməllərini davam etdirən tələbəsi Xəqani belə yazırdı: «Əgər istəyirsənsə sənin qəlbin təmiz olsun, oradan on elementi: acgözlüyü, riyakarlığı, hiddəti, təkəbbürlüyü, qanunu pozmağı, yaltaqlığı, ikiüzlülüyü, düşmənçiliyi, yalanı tulla».

- Zərifə xanımın tibb işçilərinə əsas tövsiyəsi nədən ibarət idi?

- Yüksək intellektə, geniş erudisiyaya, zəngin mədəniyyətə, dərin biliyə malik həkim, pedaqoq alim, gözəl insan akademik Zərifə xanım Əliyeva çoxsaylı əsərlərində həkimlərin, tibb işçilərinin həm ixtisasının artmasına, biliyinin zənginləşməsinə, həm də etik mənəvi cəhətdən sağlam olmasına çalışırdı. Onun əsərləri ölməzdir. Çünki bugünkü gündə də göründüyü kimi bu əsərlər və mövzular çox aktualdır, dünyəvidir. Zərifə xanım həmişə həkimlik peşəsini çox uca tuturdu, həkimi günəşə bənzədərək deyirdi: «Həkim insanlara günəş qədər lazımdır». Əslində, Zərifə xanım özü yüksək mənəviyyata malik bir günəş idi. 

 

 

Kaspi. -2010. – 27 aprel. – S.9.