Milli rəqs sənəti və yaxud itən dəyərlər 

 

Bizim milli qadın rəqslərimizdə hoppanıb-düşmək olmayıb. Bu, yalnız "Yallı"da ola bilər. Zərif, incə, gözəl Azərbaycan qadını uzun paltarda necə hoppanıb-düşə bilər?

Beynəlxalq Rəqs Günü 1982-ci ildən bəri YUNESKO-nun qərarı ilə qeyd olunur. Bu tarix hər il Fransız baletmeysteri Jan Jorj Noverin doğum günü, yəni aprelin 29-na təsadüf edir.  Dünyanın əksər ölkələrində olduğu kimi Azərbaycanda da Beynəlxalq Rəqs Günü təsis olunduğu tarixdən ənənəvi olaraq qeyd edilir.

 Zəngin və qədim tarixə malik Azərbaycan xalq rəqslərini səhnəyə çıxarmaq və inkişaf etdirmək ağırlığını hələ dünənə qədər Əminə Dilbazi, Roza Cəlilova, Xoşbəxt Məmmədova, Böyükağa Məmmədov, Kamil Dadaşov kimi  sənətkarlar daşıyıblar.  Bir-birindən maraqlı, məzmunlu xalq rəqslərimiz nəinki vətəndə, dünyanın böyük konsert salonlarında ifa olunaraq maraqla qarşılanıb.

Ancaq milli rəqs sənətimizin korifeyləri bu günkü milli rəslərin quruluşu və ifasından narazılıqlarını gizlətmirlər.

 

Danışan rəqslər

 

"Rəqs şahzadəsi" Əminə Dilbazi bildirir ki, rəqs çox çətin, səbr və hövsələ tələb edən sənətdir. Belə ki, bu sənətə gənc ikən gəlib, qocalanlar var: "Səhnədə 20-25 il dözmək çox böyük işdir. Bəzən səhnəni daha tez tərk edirlər. Ya zədə alırlar, ya ciddi pəhrizə dözə bilmirlər. Rəqqasə olmağın əsas şərtlərindən biri xarici görkəmdir". Əminə xanımın fikrincə, o dövrdə sənətə qarşı fərqli münasibət olub. Belə ki, rəqqasələr özlərini oynadığı rəqslərə qurban etməyə çalışıblar: "Onda deyirdilər ki, Şəfiqə Əmirovanın "Bənövşə"si, Roza Cəlilovanın "Gəlmədi"si, Əminə xanımın "Naz eləmə"si, "Turacı"sı və s. O ifaçılar hamısı adbaad getdi. Bu gün deyə bilmərəm ki, səhnədə Roza Cəlilova, Qarabağ maralı adlanan Tutu Həmidova var. Hər rəqqasəmizin özünə məxsus adı, şöhrəti vardı. Heç birimiz də bir-birimizə oxşamırdıq. İndi isə əvvəlki kimi deyil. Rəqqasə sadəcə oynayıb səhnədən düşməməlidir. Oynadığı rəqslərin mənasını, məzmununu tamaşaçılara anlatmalıdır”. Əminə xanımın fikrincə, əgər rəqqasə oynadığı rəqsin mənasını dərk etmirsə, səhnəyə çıxmasa yaxşıdır.Ə.Dilbazi bildirib ki, o dövrdə Mahnı və Rəqs Ansambılının çox istedadlı üzvləri olub. Əlibaba Abdullayev, Məhərrəm və Fərəc Cavanşirovlar, Gülnisə Qafarova, Şəfiqə və Fizzə Hənifəyeva, Tutu Həmidova kimi gözəl sənətkarlar ansamblın şöhrətini dünyaya yayıblar: "Sonra bir-birinin ardınca yeni qızlar və oğlanlar gəldi. Mən Filarmoniyada ansamblın rəhbəri olanda, virtuoz rəqqasımız Böyükağa Məmmədov və Roza Cəlilovanı qəbul etmişəm. Onların gəlişi ansambla təkan verdi. Bizim rəqslərimiz sanki danışırdı".

Azərbaycanın milli rəqsləri, ümumiyyətlə, bütün bölgələrin rəqsləri haqqında dərin bilgilərə malik olan Əminə Dilbazinin fikrincə, Azərbaycan rəqslərinin tarixi yazılmalıdır. "Kimsə o rəqslər haqqında oturub yazmalıdır. Hələlik elə bir kitaba rast gəlməmişəm".

 

Fərqli ifa tərzi

 

"Rəqsin professoru" sayılan Xalq artisti Xumar Zülfüqarovanın fikrincə, bu gün Azərbaycanda baletmeyster olmaq çox çətindir. "Bunun üçün mütləq muğamatı bilməlisən. Bir şəxs muğamatı tanımasa, o Azərbaycanın baletmeysteri deyil. Çünki musiqinin hansı muğam üzərində olduğunu bilmək lazımdır. Dövlət Rəqs Ansamblında, həmçinin Mahnı və Rəqs Ansamblında bu gün elmli rəhbərlər yoxdur. Azərbaycan rəqsləri içərisində moldav, ləzgi hərəkətləri görünür. Axı bizim ağayana, oturuşu, duruşu, baxışları ilə tam fərqli rəqslərimiz var. Azərbaycan rəqsləri göz üstündə qurulub. Rayonların hər bir rəqsi bambaşqadır. Bizim çox zəngin folklorumuz var. "Yallı"lar xalqın ruhundan əmələ gəlmiş rəqslərdir. Ancaq indi "Yallı"lara o qədər artıq hərəkətlər qoşurlar ki, adam baxmaq istəmir. Geyindikləri paltarlar da heç özümüzünkü deyil. Vəznəli paltarlar çərkəzlərindir. Bu gün heç nə yerində deyil".Əməkdar artist Tutu Həmidova isə bu gün oynanılan rəqslərlə o dövrkü rəqslər arasında yerdən-göyə qədər fərq olduğunu bildirib: "Bu gün ifa olunan rəqslərin heç biri o vaxtın rəqsləri kimi cazibədar deyil. O vaxtın ifa tərzi tamam başqa idi. İndi bizim kimi rəqqasələr yoxdur".

Xalq artisti Roza Cəlilovanın fikrincə, rəqs oynamaq və ifa etmək üçün ilk növbədə daxili istedad olmalıdır: "Əgər daxildə istedad, musiqi qavrama qabiliyyəti, gözəl qollar varsa, üzə çıxmalıdır. Əgər istedad yoxsa, nə qədər yoğursan da, bir şey çıxmayacaq". R.Cəlilova bildirib ki, indiki rəqqaslar insanların zövqünü korlamaqla yanaşı, milli rəqslərimizin kökünü başqa istiqamətə yönəldirlər. Bu isə qeyri-peşəkarlıqdan xəbər verir. "Bizim dövrdə şərtlər də başqa idi. Rəqqasənin ilk çıxışı uğurlu sayılırdısa, onda Bədii Şura onun efirə çıxışına razılıq verirdi. Senzuranın nə qədər ağır şərtləri olsa belə, bir çox sənət adamının püxtələşməsində böyük rol oynayırdı. Sənətçi özündə məsuliyyət hiss edirdi. Bədii Şuradan keçməyən şəxs üçün "yox" cavabı ağır gəlirdi. O, özünü sübut etmək üçün günlərlə çalışırdı. Bu cür yetişən sənətkarların, xüsusilə də rəqqasələrin çox şahidi olmuşam".

 

Şit xörək

 

Tanınmış rəqqas Qorxmaz Qurbanov da bu gün rəqs sənətimizin inkişafından narazılığını gizlətmir: "Mən hələ indiyə qədər o səhnədə Kamil Dadaşovu, Qorxmaz Qurbanovu, Əlikram Aslanovu görməmişəm. İndiki oynayanların canında duzu yoxdur, hamısı quru oynayır. Günah onların müəllimlərindədir. Bizim müəllimlərimiz duzlu oynadığı üçün biz də elə oynamışıq. Şit xörəyi necə yemək olar? İndi heç rəqsi başa düşmədən solist olurlar. Rəqsin dərinliyini bilməyə-bilməyə Əməkdar artist adı alırlar".

Tanınmış rəqqasə Aliyə Ramazanova "Biz sənətimizə böyük məsuliyyətlə yanaşmışıq"- deyərək bildirib ki, bu gün səhnəyə çıxmağın çox asan olduğunu bildirib: "Biz sənətimizə həmişə böyük məsuliyyətlə yanaşmışıq. Heç bir rəqsə fərq qoymamışıq. Bəzən şaxtalı havada adi rəqs geyimində oynamalı olmuşuq. Bütün bu çətinliklərə sənətimizə olan məhəbbət xatirinə dözmüşük. Bu gün səhnəyə çıxmaq çox asanlaşıb. Ancaq yaxşı oyun tərzi göstərmək çətindir. Çünki əsl istedadlı səhnə ustalarımız çox azdır. Bizim milli qadın rəqslərimizdə hoppanıb-düşmək olmayıb. Bu, yalnız "Yallı"da ola bilər. Zərif, incə, gözəl Azərbaycan qadını uzun paltarda necə hoppanıb-düşə bilər? "Tərəkəmə", İnnabı", "Naz eyləmə", "Vağzalı", "Uzundərə" kimi nə qədər gözəl milli rəqslərimizi yaşatmaq lazımdır. Əgər istedadın, qabiliyyətin varsa, öz gözəl əlavələrini də edə bilərsən. Amma bacarmırsansa, heç olmasa olanlara dəymə, korlama".

Aliyə xanım bildirib ki, əvvəllər rəqqas və rəqqasələr özləri rəqs də qurardılar və bu rəqslərin çoxu Azərbaycanın oyun havaları tarixində yer alıb: "Mən "Azərbaycan süitası"nı qurmuşam. Çox gözəl rəqsdir. Vaxtilə mən özüm də oynamışam. O vaxt bu rəqsi rəhmətlik Əlibaba Abdullayev qurmuşdu. İndi istəyirəm ki, o itib-batmasın. Musiqisi də, rəqsi də hamısı yadımdadır. Niyə onu atmalıyıq ora-bura? "Vağzalı-mirzeyini" niyə oynamayaq? Niyə onu unudaq? Axı mən 25 il oynayıb yaşatmışam. Mən onu necə oynamışamsa, tələbələrimə də elə öyrətmişəm ki, qoy onlar da gələcəkdə öz tələbələrinə elə öyrədib yaşatsınlar. "Zəriflik" rəqsini də özüm qurmuşam. Əminə Dilbazi xanım ona baxandan sonra "Bu rəqsdə bir dənə də olsun nöqsan tapa bilmədim" -deyə bildirdi. Elə rəhbərlik etdiyim ansambla da ona görə "Zəriflik" adını vermişdim. Mahnısını İslam Rzayev oxuyurdu. Uşaqlar üçün "Güllər" rəqsini, Nigar Rəfibəylinin "Neyləyim" mahnısına da bir rəqs qurmuşam. "Ay ləli yar" yallısı, "Zaqatala" rəqsi də mənimdir. Bir-iki dənə hind rəqsi də qurmuşam. Özümə məxsus belə rəqslərim çoxdur. İndi hamısını xatırlaya bilmirəm. Amma indiki rəqqasələr rəqs qurmağı da bacarmırlar".

Əlbəttə, Beynəlxalq Rəqs Günündə rəqsi sevənlərə və bu peşə ilə məşğul olanlara sevinc bəxş etmək üçün milli rəqs sənətimizin gün-gündən inkişafına həsr olunan yazı da yazmaq olardı. Ancaq biz sadəcə bu bayrama rəqs sənətinin qocaman və çox məşhur ifaçılarının gözü ilə baxmaq istədik…

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. – 29 aprel. – S.11.