Dinləyici yaxşını pisdən ayırmağı bacarır 

 

Deyirlər ki, Yer üzündəki bütün sənətlər içərisində Allaha ən yaxın olanı musiqidir. Tanrı bəlkə də musiqini insanlarla ünsiyyət vasitəsi, insanlara öz sirrini, hikmətini anlatmaq üçün bir əsrarəngiz dil olaraq seçib.

Xanəndə Qoçaq Əsgərov da insanlarla bu dildə danışır - musiqi dilində.Elə bu musiqinin qüdrətinin nəticəsidir ki, xanəndə ötən il Səmərqənddə keçirilən "Şərq təranələri" Beynəlxalq musiqi festivalında birincilik qazanıb. Bu yaxınlarda  "Womad" Beynəlxalq dünya musiqisi, mədəniyyəti və rəqsləri festivalında iştirakı da uğurla qarşılanıb.

Q.Əsgərovla söhbətimizə də həmin festivaldan başladıq:

- Artıq ikinci dəfədir ki  "Womad" Beynəlxalq dünya musiqisi, mədəniyyəti rəqsləri festivalında iştirak edirəm. Keçən il həmin festrival Böyük Britaniyada keçirilirdi. Mən həmin festivalda Azərbaycandan iştirak edən ilk xanəndəyəm. 1-ci festivalda bizim çıxışımızı 6 min nəfərlik tamaşaçı izlədi. Bir saat ərzində festival üçün hazırladığım "Qarabağ şikəstəsi", "Sarı gəlin", "Mürği səhər" və bir çox təsnifi səsləndirdim. Bu festival ildə bir neçə dəfə dünyanın hər bir ölkəsində keçirilir. Biz həmin festivala BBC radiosu tərəfindən təqdim olunmuşduq. BBC konserti dünyaya canlı yayımlayırdı. Sonra festivalın təşkilat komitəsi tərəfindən  növbəti ölkədə keçiriləcək  "Womad - The Tower Festival"-ına dəvət aldiq. Mart ayında festival çərçivəsində  Avstraliyanın Adi-Laydes şəhərində olduq. Sonra isə səfərimiz  Yeni Zelandiyada davam etdi. Festival Taranki şəhərində baş tutdu. Görkəmli hind musiqiçisi Razi Şankar, Madonnanın musiqiçiləri, yunan musiqiçiləri həmin festivalda iştirak edirdi. Məşhur kamança ustası Rols Deli mənə yaxınlaşaraq dedi ki, sənin CD almışam, xoşuma gəlib. O bizə festivalın sonundakı qala konsertdə iştirak etməyi təklif etdi. Konsetdə müxtəlif ölkələrdən  500 musiqiçi iştirak edirdi. Biz onlarla səhnəni paylaşdıq. Növbəti festival İspaniyadad aha sonra Dubayda keçirilməlidir. Allah qoysa, həmin festivallarda da iştirak edərik.

- Artıq sübut olunub ki, bizim ifaçılarımız xaricdə diaspor çərçivəsində konsertlər verirlər. Amma qayıdandan sonra söyləyirlər ki, "konsertimizlə bütün Avropaya və ya dünyaya səs saldıq". Bu fikrə münasibətiniz…

- 2007-ci ildə ABŞ-ın üç ştatında müxtəlif universitetlərdə konsertlərimiz çox böyük anşlaqla keçdi. Eləcə də "Womad" festivalında tamaşaçılar arasında azərbaycanlılar 3-5 nəfər idi. Biz səhnədə oxumağa başlayanda 100-200 tamaşaçı var idi. Amma konsertin gedişatında artıq tamaşaçı əlindən tərpənmək olmurdu. Açıq havada keçirilən festivalda 6000 tamaşaçı toplaşmışdı. Bizdən sonra İndoneziya ifaçıları çıxış edirdi. Biz artıq onlar üçün tamaşaçı toplamışdıq. Ona görə konsertlərimizin hər ölkədə yerli tamaşaçılar tərəfindən yüksək səviyyədə qarşılanmasının şahidi olmuşam.

- Bəs öz dinləyici auditoriyamız sizə necə təsir bağışlayır?

- Əgər tamaşaçı diqqətlə qulaq asırsa, bu, ifaçıya daha da zövq verir. İfaçı səhnədən tamaşaçının reaksiyasını hiss edir. Oxuduğum bütün konsertlərdə tamaşaçı diqqəti ilə qarşılaşmışam.  Muğam elə bir janrdır ki, 18-19 yaşlı gənc ona qulaq asar, ancaq o qədər qavraya bilməz. Mən özüm də o yaşlarda aşıq musiqisinə qulaq asırdım, ancaq bu qədər sevmirdim. İndi isə bu musiqinin heyranıyam. İnsan yaşa dolduqca onun həyata baxışları dəyişir və muğamın da insana təsiri artır. İndi əksər gənclər digər musiqi janrlarına meyil edirlər. Ancaq bu musiqilərin heç biri tarixdə qalmayacaq. Bütün dövrlərdə əsl sənət və sənətkar yaşayıb. Zaman keçdikcə də belə olacaq. Dinləyicilər də yaxşını pisdən ayırmağı bacarırlar.

-  Londonda işıq üzü görən “Sarı gəlin” diskinizin yayımı və satışı hansı səviyyədə həyata keçdi?

- BBC radiosu tərəfindən dəvət aldığımız konsertdə İngiltərənin "Ark muzis" şirkəti diskimizi çıxarmaq üçün bizimlə söhbətlər apardı. Bu şirkət bütün ölkələrin folklor musiqisini dünyaya yaymaqla məşğuldur. 2008-ci ildə "Sarı gəlin" adlı diskim Londonda işıq üzü gördü. Kompaniyanın şərtinə görə, əgər disk 3 ay müddətində 300-dən artıq satılırsa, onlar həmin diskin tirajını artırırlar. Bu müddətdə mənim diskim 800-dən artıq satıldı. Dünyanın müxtəlif ölkələrinin professorları, musiqişünasları həmin kompaniyaya Azərbaycan musiqisi haqda gözəl rəylər yazmışdılar.

- “Toylar məktəbdir” deyənlərə münasibətiniz?

-  Mən toylara bu gün də dəvət alıram. Amma toyların məktəb olması fikri ilə razı deyiləm. Toylar musiqini, əsl sənəti inkişaf etməyə qoymur. Müğənninin və ya xanəndənin özünü də geri salır. Toylarda heç bir müğənni  inkişaf ola bilməz.

 

 

Təranə Məhərrəmova

 

Kaspi. -2010. – 29 aprel. – S.15.