Qarşılıqlı etimada dayanan diplomatiya 

 

Türkiyə-Azərbaycan münasibətlərinin daha möhkəm olmasına həmişəkindən çox ehtiyac var

 

Strateji dostluq və qardaşlıq münasibətlərinə söykənən Türkiyə-Azərbaycan əlaqələri daima yüksələn xətlə inkişaf edir. Artıq əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan «bir millət, iki dövlət» kəlməsi tam şəkildə reallaşmaq üzrədir.

Qarşılıqlı səfərlərin mütəmadi xarakter alması, imzalanan sazişlər münasibətləri ən yüksək həddə çatdırıb. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın bu yaxınlarda Bakıya səfərinin ardınca prezident Abdulla Gülün də ölkəmizə gəlməsi əməkdaşlın yüksək səviyyədə olmasının bariz nümunəsidir. Türkiyə liderləri dəfələrlə bildiriblər ki, iki ölkə arasındakı münasibətlər qardaşlıq təməlləri üzərində qurulub. Təsadüfi deyil ki, Türkiyənin indiki prezidenti bu posta seçildikdən sonra ilk xarici səfərini məhz Azərbaycana edib. Bu gün artıq əksəriyyət təsdiq edir ki, ortada heç kimin inkar edə bilməyəcəyi bir həqiqət var və hər iki xalqın böyük bir millətin parçaları olmasıdır. Təsadüfi deyil ki, türk dövlətlərinin prezidentləri ilə görüş məhz ötən il Naxçıvanda baş tutub. Təsis edilən Türk Şurası iki ölkə arasında münasibətlərin daha da inkişaf etdirilməsinə gətirib çıxaracaq. Türkiyə dəfələrlə bəyan edib ki, Qafqazda sülh və sabitlik məsələsi bölgənin başlıca problemidir. Ölkələrimiz arasında çox önəmli layihələr həyata keçirilir. Bakı-Tiflis-Ceyhan, Bakı-Ərzurumun ardınca 2012-ci ildə Bakı-Tiflis-Qars dəmir yolunun açılışı həyata keçiriləcək. Yeri gəlmişkən, Rusiya, Türkiyə və Avropa mediasını nəzərdən keçirdikdə belə bir qənaət hasil olur ki, Türkiyə-Azərbaycan münasibətləri diqqətlə izlənir və bölgədə hər iki ölkənin mövqeyi ciddi qəbul olunur. Türkiyə liderlərinin Azərbaycana səfərləri də xarici mətbuatda bölgəyə marağı artırıb. Politoloqlar hesab edir ki, bu səfərlərlə iki qardaş ölkə arasında onsuz da yüksək olan strateji əməkdaşlıq daha da güclənmiş olur. Hər iki ölkədə hakimiyyətdə kimin olmasından asılı olmayaraq, ölkələr arasında münasibətlər yüksələn xətlə inkişaf edir. Dövrün problemlərindən ortaya çıxan hər hansı bir məsələyə həm Bakıda, həm də Ankarada operativ və obyektiv yanaşma ortaya qoyulur. Ən əsası ondan ibarətdir ki, bu iki dövlət beynəlxalq aləmdə bir-birini çox sıx sürətdə müdafiə edir. Azərbaycan üçün Türkiyənin maraqları həmişə önəmli olan məsələlərdəndir. Eyni zamanda, Türkiyənin də Azərbaycanla bağlı məsələdə, ilk növbədə Dağlıq Qarabağ məsələsində prinsipial mövqe tutması onun xarici siyasətinin prioritet istiqamətlərindən biridir.

İki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu bu yaxınlarda ölkəmizə səfər edən Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan da təsdiq edib. Qeyd edək ki, bu səfər zamanı böyük tarixi şəxsiyyət olan Mustafa Kamal Atatürkə şəhərin mərkəzində çox əzəmətli bir şəkildə hazırlanmış abidə qoyuldu. Atatürk tək Türkiyənin deyil, bütün türk dünyasının, eləcə də bəşəriyyətin ən nüfuzlu şəxslərindən biri olub. Siyasi müşahidəçilər səfər zamanı iki ölkə arasında Strateji Əməkdaşlıq Şurasının yaradılması barədə razılaşmanı da yüksək qiymətləndirirlər. Bu səfərin də nəticəsində artıq konkret razılaşma əldə olunub ki, iki ölkə arasında iqtisadi əməkdaşlığa dair yüksək səviyyədə bir komissiya yaradılsın. Bu, iki dövlət arasında iqtisadi münasibətlərin daha da yaxşılaşmasına təkan verəcək. Bu baxımdan səfəri çox əhəmiyyətli, önəmli bir görüş kimi qiymətləndirmək olar. Bölgədə müşahidə olunan son proseslər bir daha göstərdi ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər möhkəmdir və heç kim bu münasibətləri poza və ya onlara ziyan vura bilməz. Bir müddət öncə iki ölkə arasında yaşanmış xırda anlaşılmazlıqlara baxmayaraq, ölkələr arasında münasibətlər yüksək səviyyədədir. Türkiyə tərəfi artıq iyun ayının 17-dən başlayaraq İstanbuldan Naxçıvana hava reysi həyata keçirməyə başlayıb.

İkitərəfli əməkdaşlıq sahəsində enerji məsələləri xüsusi əhəmiyyət kəsb edir. Danışıqlar zamanı təbii qazın qiyməti ilə də bağlı razılaşma əldə olunub. İyunun əvvəlində isə bununla bağlı saziş imzalanıb. İki ölkə arasında enerji məsələləri ilə bağlı qiymət məsələsində müəyyən anlaşılmazlıq var idi, ancaq bu problemlər də aradan qalxıb. Bu gün artıq tam əminliklə demək olar ki, iki ölkənin münasibətlərində həm siyasi, həm də iqtisadi sahələrdə heç bir problem yoxdur. Azərbaycanla Türkiyə arasında əlaqələr dinamik inkişaf tempinə malikdirbu əlaqələrin çox geniş perspektivi var.

Bölgədə yaşanan son prosesləri analiz etdikdə ortaya çox maraqlı bir mənzərə çıxır. Türkiyə və Azərbaycanın hərtərəfli əməkdaşlığı, Gürcüstanın da bu əməkdaşlığa öz töhfələrini verməyə çalışması Ermənistanın regionda təklənməsini və təcrid olunmasını gücləndirir. Bu prosesin yalnız bir məntiqi sonluğu olacaq ki, bunu da dünyanın siyasi mərkəzlərində artıq başa düşürlər. Bu gün Türkiyə-Azərbaycan münasibətlərinin daha möhkəm olmasına həmişəkindən çox ehtiyac var. Dünyada gedən proseslər, həm Türkiyə, həm Azərbaycan, həm də yerləşdiyimiz regionun gələcəyi ilə bağlı irəli sürülən və həyata keçirilən planlar bu reallığı ortaya qoyur. Amma görünən və bilinən də odur ki, Türkiyə-Azərbaycan münasibətlərinin bu günü və gələcəyi sağlamdır. Çünki bu əlaqələrin təməlində diplomatiyadan, siyasətdən daha çox xalqlarımızın bir-birinə olan məhəbbəti və etimadı dayanır. Türkiyə-Azərbaycan münasibətləri heç vaxt indiki qədər həssas dönəmini yaşamayıb. İndi hər bir xəbər, hər bir informasiya, ümumilikdə hər bir hadisə bu münasibətlərdə müəyyən qədər də olsa öz rolunu oynayır. Təbii ki, hər iki tərəfin problemləri var. Azərbaycan 20 ildir ki, Dağlıq Qarabağın işğalından əziyyət çəkir. Türkiyə isə qondarma soyqırımı ittihamları səbəbindən dünya birliyinin qınaq hədəfinə çevrilib. Bütün bu problemlərin qaynaqlandığı məkan da bəllidir: Ermənistan. Bu ölkənin iki mühüm qonşusu - Azərbaycan və Türkiyə ilə problemləri uzun illərdir ki, həll olunmur. Problemlər çözümsüzlük şəraitində irəlilədikcə ortaya yeni xüsusatlar çıxır. Məgər Ermənistan Azərbaycan-Türkiyə münasibətlərinə əngəl ola bilərmi? Tarix təsdiqləyir ki, ermənilərin bu strateji niyyəti bütün dövrlərdə fiasko ilə nəticələnib. Qalib gələn isə Türkiyə-Azərbaycan qardaşlığı olub. Həm iqtisadi, həm də siyasi dairələrdə Türkiyənin mövqeyi Azərbaycan üçün bir çox məsələdə ali dəyər kimi qəbul olunub. Strateji müttəfiqliyin bariz nümunəsi kimi Azərbaycan Kipr məsələsində öz mövqeyini ortaya qoyub, bir çox beynəlxalq təşkilatda Azərbaycan parlamentarilərinin səsi Türkiyə üçün həlledici olub. Azərbaycan həm ölkə daxilində, həm də xaricdəki diaspor təşkilatları vasitəsilə qondarma soyqırımıyla bağlı etirazlarda öndə gedib. Elə mart ayında Amerika Konqresinin Xarici əlaqələr komitəsində qondarma soyqırımıyla bağlı qəbul edilən qətnamədən sonra yaranan vəziyyət də bunu göstərib. Azərbaycan bu məsələdə sadəcə seyrçi mövqeyində qalmayıb. Azərbaycan həm dövlət başçısı, həm parlament, ümumilikdə bütün cəmiyyətin timsalında məsələyə öz kəskin etirazını bildirib, bu məsələnin yalnız Türkiyənin deyil, həm də Azərbaycan məsələsi olduğunu önə çəkib.

Heç kimə sirr deyil ki. Ermənistan Türkiyə ilə sərhədlərin açılması üçün dəridən-qabıqdan çıxır. Amma Azərbaycan prezidentinin təbirincə desək, bu oksigen maskası ilə vaxta qədər sürünəcəyini anlamır. Türkiyə baş nazirininDağlıq Qarabağ münaqişəsi həll olunmayınca Ermənistanla sərhədlər açılmayacaqbəyanatı da ermənilərin mənasız savaşını dayandırmır. Məsələnin gözlənildiyi qədər asan olmadığını dərk edən rəsmi İrəvan indi dünya dövlətlərinin bu məsələdə Türkiyəyə təzyiq göstərməsinə çalışır. Amma Türkiyə Azərbaycanın maraqlarını qurban vermək fikrində deyil. Ötən ilin oktyabrında Türkiyə ilə Ermənistan arasında sərhədlərin açılmasına dair Sürixdə imzalanan protokollardan sonra qardaş ölkə ictimaiyyətinin etirazları, bu məsələdə Türkiyə müxalifətinin Azərbaycanla eyni mövqedən çıxış etməsi baş nazir Rəcəb Tayyib Ərdoğanın son Amerika səfərinin detalları deməyə əsas verir ki, Türkiyə-Azərbaycan münasibətləri möhkəm təməllər üzərində qurulub. Türkiyə Qafqazlarda Azərbaycan vasitəsilə formalaşdırdığı imkanlarını Ermənistan naminə qurban vermək fikrində deyil. Türkiyə iqtidarının son danışıqlarda hər dəfə Qarabağ məsələsini ön plana çıxarması da bundan qaynaqlanır. Zaman göstərir ki, ermənilər üçün Türkiyə Azərbaycan əslində eyni məsələdir. Ona görə Türkiyə Azərbaycanda öz maraqlarını qorumalı, bununla yanaşı, Ermənistan məsələsində Azərbaycanın mövqeyi ilə hesablaşmalıdır. Çünki Türkiyədə çox yaxşı bilirlər ki, Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistan Cənubi Qafqazda böyük təhlükə yaradaraq regionun simasını dəyişməyə cəhd edir. Amma bu cəhdlərin qarşısını ala biləcək iki böyük qüvvənin fəaliyyəti Ermənistana indiki durumundan daha pis vəziyyət vəd edir. Çünki Türkiyə hazırda Yaxın Şərq Qafqaz regionunda sülhün, mehriban qonşuluğun əmin-amanlığın bərpasına yönələn böyük diplomatik-siyasi səylərini davam etdirir. Bu səylərin təməlində isə Azərbaycan var. Azərbaycan dövləti cəmiyyəti Türkiyənin regionda tarixi ədaləti bərpa etmək səylərini inanaraq onun bu etibarı ilə fəxr edir. Çünki arada həm bir könül bağı var.

Yeri gəlmişkən, Azərbaycan İsraillə Türkiyə arasında yaşanan son qalmaqala da birinci reaksiya verən ölkələrdən oldu. Azərbaycan Prezidenti İlham Əliyev Türkiyədə Azərbaycan jurnalistlərinə müsahibəsində bəyan etdi ki, bu, belə olmalı idi. Çünki Azərbaycan hər zaman Türkiyənin yanındadır: “Biz bütün məsələlərdə Türkiyəyə dəstəyimizi əsirgəməmişik bu gün dəstək veririk. Biz qanlı hadisəyə, beynəlxalq sularda mülki insanlara qarşı edilən hücuma öz etiraz səsimizi ucaltmışıq bu gün mən çıxışım zamanı bunu bir daha ifadə etdim. Biz bu hücumu pisləyirik, Türkiyə xalqı ilə həmrəylimiz ifadə edirik, şəhidlərin yaxınlarına öz başsağlığımız veririk. Hesab edirik ki, bu məsələ ciddi araşdırmalı cinayətkarlar məsuliyyətə cəlb olunmalıdırlar. Bizim mövqeyimiz birmənalıdır, qətidir”.

 

 

Azər Nuriyev

 

Kaspi. -2010. – 17 avqust. –S.5.