İnformasiya cəmiyyətinə tam keçid üçün əlverişli şərait yaradılacaq” 

 

Əli Abbasov: “Azərbaycanın yüksək iqtisadi inkişaf tempi İKT sahəsini xarici investorlar üçün cəlbedici edib”

 

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov YAP-ın saytına müsahibə verib. Həmin müsahibəni ixtisarla təqdim edirik.

- Əli müəllim, məlum olduğu kimi, bu günlərdə ölkə Prezidenti “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan) təsdiq edilməsi haqqında” sərəncam imzalayıb. İstərdik ki, öncə bu haqda məlumat verəsiniz, Dövlət Proqramının məqsədi nədir?

- İlk növbədə qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 avqust 2010-cu il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı” Ümummilli lider Heydər Əliyevin 2003-cü ildə imzaladığı “Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiyanın (2003-2012-ci illər)” hazırkı mərhələsinin həyata keçirilməsi məqsədini daşıyır və mahiyyət etibarı ilə 2005-2008-ci illərdə reallaşdırılmış “Elektron Azərbaycan” Dövlət Proqramının davamıdır. Ölkədə müasir informasiyakommunikasiya texnologiyaları (İKT) infrastrukturunun inkişaf etdirilməsi, respublikanın bütün ərazisi üzrə İKT xidmətlərinin, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, dövlət idarəçiliyinin bütün səviyyələrində e-hökumət həllərinin tətbiqi ilə dövlət orqanları arasında əlaqələrin elektron üsullarla həyata keçirilməsi, vətəndaş və təşkilatlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının müasir dövrün tələbləri səviyyəsində təşkili, İKT xidmət və məhsullarının istehsalının və ixrac potensialının artırılması kimi məsələlərin həlli nəzərdə tutulur. Bu baxımdan sektorun davamlı və dinamik inkişafının , ölkədə İKT–nin geniş tətbiqi və onun imkanlarından əhalinin yararlanmasının təmin edilməsi üçün tədbirlərin görülməsi, eləcə də, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılmasını yeni Dövlət Proqramının əsas məqsədi hesab etmək olar. Yeni Dövlət Proqramı təhsil, səhiyyə, mədəniyyət, ədliyyə, vergilər və digər sahələrdə ayrı-ayrı dövlət qurumları tərəfindən həyata keçirilməsi planlaşdırılan ölkə əhəmiyyətli İKT layihələrini özündə ehtiva edirbu layihələr bir-biri ilə uzlaşır. Bütün bunları nəzərə alaraq qətiyyətlə qeyd etmək olar ki, yaxın vaxtlarda ölkəmizdə informasiya cəmiyyətinə tam keçid üçün əlverişli şərait yaradılacaq.

- Ümumiyyətlə, indiyə qədər ölkəmizin inkişafına xidmət edən bir çox proqramlar icra olunmaqdadır. Bəs bu Dövlət Proqramında qarşıya qoyulan prioritet vəzifələr hansılardır?

- YeniElektron Azərbaycan” Dövlət Proqramı dörd əsas istiqamət üzrə həyata keçiriləcəkdir. Milli telekommunikasiyapoçt infrastrukturunun yeni texnologiyaların əsasında müasirləşdirilməsi, respublikanın bütün ərazisi üzrə əhalinin və təşkilatların telekommunikasiyapoçt xidmətlərinə çıxışının təmin olunması, peyk rabitəsi texnologiyalarının və xidmətlərinin inkişaf etdirilməsi, radio-televiziya, o cümlədən rəqəmli televiziya yayımının genişləndirilməsi, internet seqmentinin daha da inkişaf etdirilməsi, ölkənin tranzit informasiya dəhlizi imkanlarının genişləndirilməsi ilə əlaqədar tədbirlər birinci istiqamət üzrə fəaliyyətin tərkib hissəsidir.

Dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi üzrə vahid şəbəkə infrastrukturunun formalaşdırılması, informasiya sistemləri və resurslarının inkişaf etdirilməsi, e-imza və e-sənəd dövriyyəsinin geniş tətbiqi, eləcə də «E-hökumət» həllərinin tətbiqi və «bir pəncərə» prinsipi əsasında e-xidmətlərin təqdim olunması ikinci istiqamətin əsas prioritet vəzifələridir. Bunların arasında dövlət orqanları tərəfindən həyata keçirilməsi nəzərdə tutulan ölkə əhəmiyyətli İKT layihələri də vardır.

Üçüncü istiqamət üzrə informasiya iqtisadiyyatının formalaşdırılması, «rəqəmli fərqliliyin» aradan qaldırılması, kompyuter istifadəçilərinin sayının artırılması, əhalinin bütün kateqoriyaları, habelə məhdud imkanlı qruplar üçün İKT-dən, o cümlədən internetdən istifadənin genişləndirilməsi, milli mədəni, tarixi və ədəbi irsin qorunub saxlanılması və təbliğində İKT-nin geniş tətbiq olunması, İKT sahəsində müasir ixtisaslar üzrə kadr hazırlığının təkmilləşdirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi ilə informasiya cəmiyyətinə keçid üçün münbit şəraitin yaradılmasının vacib məsələləridir.

Qeyd olunanlarla yanaşı, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi istiqaməti üzrə İKT sahəsində dövlət standartlarının hazırlanması və beynəlxalq standartların tətbiqi üçün tədbirlərin görülməsi və milli elektron informasiya məkanında Azərbaycan dilinin tətbiqinin genişləndirilməsi ilə əlaqədar işlərin də aparılması nəzərdə tutulub.

- Azərbaycanın süni peykinin orbitə buraxılması istiqamətində görülən işlər hansı səviyyədədir? Bu layihənin həyata keçirilməsi ölkəmizə nə kimi dividentlər gətirəcək?

- Bildiyiniz kimi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında Prezident İlham Əliyev yekun nitqində iki süni peykin orbitə çıxarılması üçün konkret tədbirlər görülməsinin vacibliyini vurğulayıb. Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” 4 noyabr 2008-ci il tarixli 27 nömrəli sərəncamı ilə Azərbaycan Respublikasının telekommunikasiya peyklərinin orbitə çıxarılması ilə bağlı RİTN-ə müvafiq tapşırıqlar verilib. Bu bəyanat və qərarların davamı olaraq ölkə rəhbərinin 17 avqust 2009-cu il tarixli 443 nömrəli sərəncamı ilə “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” təsdiq olunaraq Azərbaycanın sözügedən sahədə perspektivlərini və nəzərdə tutulan siyasətinin istiqamətini müəyyən edib.

Azərbaycan Respublikasının ilk milli telekommunikasiya peykinin hazırlanması, orbitə buraxılması, orbital mövqenin və tezliklərin əldə olunması istiqamətində görülən işlərin səmərəliliyinin artırılması və mərkəzləşdirilməsi məqsədilə RİTN-də işçi qrup yaradılıb və işçi qrup tərəfindən dünyada peyk sahəsində tanınmış şirkət və peyk operatorlarının nümayəndələri ilə görüşlər keçirilib və Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində müzakirələr aparılıb. Bu şirkətlər sırasında Azərbaycanın maraqları üçün daha əlverişli və konstruktiv mövqe “MEASAT” şirkəti tərəfindən təklif edilib. 2008-ci ildən etibarən RİTN ilə Malayziyanın “Measat” şirkəti arasında danışıqlara başlanılıb və Beynəlxalq Telekommunikasiya İttifaqı (BTİ) tərəfindən Malayziyaya ayrılmış 46Ş.U orbital mövqedən birgə istifadə ilə bağlı razılıq əldə edilibcari ilin may ayında Malayziyanın Measat şirkəti ilə orbital mövqeyindən istifadə ilə bağlı müqavilə imzalanıb.

“Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Azərbaycan Respublikası Prezidentinin Sərəncamına müvafiq olaraq, ilk telekommunikasiya peykinin hazırlanması və orbitə çıxarılması işlərinin satınalınması üçün “Dövlət Satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, 2009-cu ilin yanvar ayında tender elan edilib. Tenderdə dünyanın tanınmış peyk istehsalçıları iştirak ediblər. İddiaçılara təqdim olunmuş Əsas Şərtlər toplusuna uyğun verilmiş təkliflər Tender komissiyası və əlavə cəlb edilmiş xarici ekspertlər tərəfindən təkliflərin Əsas Şərtlər toplusuna uyğunluğu, avadanlığın keyfiyyəti və dayanıqlığı, peykin yaşama müddəti, son texnoloji yeniliklərin tətbiqi, təklifin qiyməti və sairə əsas şərtlər nəzərə alınmaqla müqayisə edilib və qiymətləndirilib. Tender komissiyası təkliflərin qiymətləndirilməsi və müqayisəsi əsasında ABŞ-ın “Orbital Sciences Corporation” şirkətini tenderin qalibi elan edibtelekommunikasiya peykinin istehsalı üçün cari ilin may ayında ABŞ-ın “Orbital Sciences Corporation” şirkəti arasında müqavilə imzalanıb.

Eyni zamanda, telekommunikasiya peykinin orbitə çıxarılması üçün raketdaşıyıcı şirkətlərin müəyyən olunması ilə bağlı RİTN tərəfindən müvafiq işlər aparılmış və bu sahədə dünyada tanınmış “ILS”, “Arianespace”, “SpaceX” və “Ukroboronservis” şirkətləri öz təkliflərini təqdim edib. Hazırda təkliflərin qiymətləndirilməsi istiqamətində müvafiq tədbirlər görülür.

RİTN tərəfindən aparılan işlərin uğurlu davamı olaraq 2010-cu il mayın 3-də ölkə Prezidentinin sərəncamı ilə Azərbaycanın telekommunikasiya peykinin orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi üçün “Azərkosmos” Açıq Səhmdar Cəmiyyəti təsis edilib. Hazırda “Azərkosmos” ASC-nin yaradılması ilə bağlı sərəncamdan irəli gələn məsələlərin həlli üçün tədbirlər görülməkdədir.

Layihənin həyata keçirilməsi respublikamızda kosmik sənayenin yaradılması və inkişaf etdirilməsi, dövlət strukturlarının peyk rabitəsinə olan tələbatının təmin edilməsi, bölgələrdə əhalinin teleradio yayımına artan tələbatının ödənilməsi, ölkənin beynəlxalq rabitə kanallarının sayının artırılması ilə dayanıqlı nativliyin yerinə yetirilməsi, İnternetin inkişafı, respublikanın kosmik sənaye potensialının möhkəmləndirilməsi və s. istiqamətlərdə geniş imkanlar açacaq, eyni zamanda digər ölkələrə peyk rabitəsi xidməti göstərəcək.

- Hazırda mobil rabitə bazarında vəziyyəti necə qiymətləndirmək mümkündür? Bu bazara qoşulmaq üçün nazirliyə digər operatorlar tərəfindən müraciət olunurmu?

- İlk olaraq respublikamızda mobil rabitə bazarının telekommunikasiyanın digər sahələri ilə müqayisədə nisbətən sürətlə inkişaf etməkdə olduğunu qeyd etməliyəm. Bunu statistik rəqəmlər də təsdiq edir. Yuxarıda qeyd etdiyim kimi, ölkədə fəaliyyət göstərən 3 mobil operator üzrə birlikdə abunəçilərin sayı ilin əvvəlinə nisbətən 742 888 ədəd artaraq 8 500 000-ə çatıb. Yəni hər 100 nəfərə təxminən 94 mobil abunəçi düşür. Telekommunikasiyapoçt sektorunda əldə olunan gəlirlərin 75%-i mobil operatorların payına düşməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2010-cu ilin ilk 6 ayında sektor üzrə artım tempi 28,4% təşkil edib. Azərbaycanın yüksək iqtisadi inkişaf tempi digər qeyri-neft sahələri ilə yanaşı, İKT sahəsini, o cümlədən, mobil telekommunikasiya bazarını xarici investorlar üçün cəlbedici edib.

- Respublikamızın bölgələrində telefonlaşdırma və poçt məntəqələrinin yaradılması işi hansı səviyyədədir?

- Respublikanın bölgələrində telefonlaşma tam olaraq təmin edilib. Bundan başqa, respublika ərazisinin 99%-ni əhatə edən mobil operatorların xidmətlərindən istifadəyə şərait yaradılıb. Poçt xidmətinin təşkili üzrə əhalisinin sayı 250 nəfərdən yuxarı olan yaşayış məntəqələrində poçt qutuları quraşdırılıb, dağlıq və dağətəyi rayonlarda əhali sayı 1000 nəfər, digər rayonlarda isə əhali sayı 2000 nəfərdən yuxarı olan bütün kəndlərdə poçt şöbələri və ya poçt agentlikləri fəaliyyət göstərməkdədir. 

Kaspi. -2010. -19 avqust. – S.6.