Muğamatımızın ağsaqqalı 

 

1924-cü ilin yay konsert mövsümü yenicə başlanmışdı. Bir gün bakılılar şəhərin küçələrinə vurulmuş afişalarda o vaxtadək əsla tanımadıqları bir xanəndənin adına rast gəldilər: İsfəndiyar Cavanşirov.

Şuşadan gəlmiş 22 yaşlı xanəndəni dinləmək üçün axşam şəhərin bütün incəsənət xadimləri və musiqi həvəskarları Filarmoniyanın binasına toplaşdılar.

O vaxtadək İslam Abdullayev, Cabbar Qaryağdıoğlu, Ələsgər Abdullayev və Seyid Şuşinski kimi xanəndələri dəfələrlə dinləmiş Bakı tamaşaçıları qarşıdakı konsertə böyük maraq göstərdilər. Nəhayət səhnədən elan olundu:

- "Kürd-Şahnaz", oxuyur İsfəndiyar Cavanşirov.

Salonu tam sakitlik bürüdü. Bu sakitlik tarzənin vurduğu son mizrabadək davam etdi. Xanəndə oxuyub qurtardı, yerindən qalxdı tərəddüd içində bir neçə dəfə tamaşaçılara tərəf baş əydi. Elə bu an salon təlatümə gəlmiş dəniz kimi gurladı: "Sağ ol!", "Afərin!" səsləri sürəkli alqış sədalarına qarışdı. İsfəndiyar edəcəyini bilmədən yerində donub qalmışdı. Bunu görən təcrübəli tarzən ona tərəf dönüb gülər üzlə dedi:

- Di durma, bir mahnı da oxu.

İsfəndiyar yalnız bundan sonra özünə gəldi. O, "Qatar" muğamını, daha sonra "Uca dağlar başında" xalq mahnısını ifa etdi.

İllər keçəndən sonra Xan əmi Cıdır düzündə, Qaya başında, İsa bulağında, Qızıllı qayada cilovsuz səsiylə asudə, qayğısız zəngulələr vurduğu günləri belə xatırlayardı: "Balaca uşaq idim. Əmim bir qrammafon alıb gətirmişdi. Cabbarın, Seyid Şuşinskinin, Ələsgərin vallarını oxudardım, qulaq asmaqdan doymazdım. Deyərdilər ki, bu oxuyanlar, çalanlar qrammafonun içərisindədir - inanardım. Sonralar bu səslərin vurğununa çevrilib özüm oxumağa başladım. Şuşanın dağlarında, düzlərində səsim aləmə yayıldı".

Bir neçə ildən sonra o, Filarmoniyanın səhnəsinə, uşaqlıqdan həsəd apardığı Cabbarla, Seyidlə, Zülfü ilə, Yavərlə birgə çıxacaqdı. Cabbarla "Heyratı" oxuyacaqdı. bu xatirə heç zaman zehnindən silinməyəcəkdi: "Əvvəl Cabbar əmi başladı. Elə oxudu ki, indiyədək o cür oxumaq eşitməmişdim. Heç kəs "Heyratı" o qədər zildə oxumamışdı. Bərk həyəcanlanmışdım. Axı, Cabbar gedən yolla mən geri qayıtmalı idim. Helə eləməsəydim, olardı biabırçılıq. Oxudum. Elə Cabbar əmi oxuyandan iki pərdə zilə gedib qayıtdım. Bir gurultu qopdu zaldan gəl görəsən. Cabbar əmi əyilib Qurbana pıçıldadı ki, Xana qıymazdım, a Qurban, sınayırdım onu".

Xan Şuşinski hamının qəlbini oxşayan mahnılar oxuyurdu. Muğam, təsnif aləmi onun sirli bir dünyası idi. 200-dən artıq xalq havası bilirdi. Sinədəftər idi Xan əmi. Oxuduğu mahnıların çoxunu da oba-oba, el-el gəzib yığmışdı.

Məşhur tarzən Qurban Primov onun haqqında danışanda deyirdi: "Mən belə gözəl, şirin, təhər deyim, ipək kimi yumşaq səsi təkcə Hacı Hüsüdə eşitmişəm. Çox zərif, həm güclü səsdir. Özü rezin kimi çəkdikcə uzanır. olsun, həmişə məni yorur, oxumaq istəmir. Cabbara 4 saat "Mahur" çalmışam, yorulmamışam. Amma Xana cəmi vur-tut 30 dəqiqə "Zabul" çalanda yoruluram. Çünki Xan bir balaca tənbəldir, özünə qıymır. Amma Xan səsinin qədrini bilən xanəndədir".

Görkəmli xanəndəni yaxından tanıyanlar danışırlar ki, Xanın çox həlim, yumşaq xasiyyəti varmış. Xan əminin görkəmini, hərəkətlərini, papağı şövqlə qoymasını, damağındakı qəlyanı sağ əlinin şəhadət barmağı ilə həvəslə körükləməsini çoxları təqlid edirdi. Oxuduğu illər ərzində onun səsində, sənətkarlığında, şuxluğunda geriləmə olmamışdı. O, istedadını, səsinin gözəlliyini ömrüboyu qoruyub saxlaya bilmiş, səsinə xələl gəlməyə qoymamışdı.

Xan Şuşinskini tarda müşayiət edən məşhur tarzən Sərvər İbrahimov danışırdı ki, Xan əmi ömrü boyu xeyirxah, nəcib hisslərlə yaşayıb. Sənətə təzə gələn gənclərə məsləhətlərini əsirgəməzdi. Cavanlar məsləhət üçün tez-tez Xanın qapısını döyürdülər. O da musiqi dünyasının sirlərini onlara açırdı. Xan əmi ahıl vaxtlarında üzünü gənc oxuyanlara tutub sənətkar öyüd-nəsihəti ilə deyərdi: "Mənim yaşım 70-i keçib, bu şəkərim olmasa yenə lazım gəlsə, oxuya bilərəm. Bir az şəkər qoymur oxumağa, boğazım quruyur. Səsin üstündə əsmək lazımdır. Cavanlara bir sözüm odur ki, təqlidçilikdən qaçsınlar. Cavanların arasında elələri var ki, hiss eləyirəm, mənə bənzəməyə çalışır. O qədər çalışır ki, hətta mənim kimi dəmi çəkir, dəmini elə mən tutan kimi tutur. Deyirəm, a bala, bununla Xan olmayacaqsan ki. Öyrənməyinə öyrən, mən bildiyimi verməyə həmişə hazıram. Ancaq çalış öz yolun olsun. Öz yolun olsa, lap böyük sənətkar olmasan da, heç kimə bənzəmədiyinə görə tanınacaqsan".

Xan Şuşinski Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyünə gedəndə çoxları tərəddüd etmişdi. Kremlin Qurultaylar Sarayında toplaşan tamaşaçıları üçün Xanın səsi o qədər doğma, o qədər ürəyəyatan səslənmişdi ki, sürəkli alqışlar uzun müddət ara verməmişdi. Sonralar dekada günlərini Xan əmi belə xatırlayırdı: "Bir axşam Bülbül məni çağırtdırdı ki, gedək səni bir-iki nəfər doktor, professor var, onların yanına aparacağam. Zarafata salıb dedim ki, ay Bülbül xəstə deyiləm. Dedi: "Əşşi, bunlar sənin səsini, oxumağını eşitmək istəyirlər. isə, getdik, onlara bir muğam oxudum, gördüm höcətləşirlər. Bülbül dedi: "Bir oxu". Bu dəfə ondan da yaxşı oxudum. Bu səfər Bülbül mənə gülə-gülə dedi ki, bunlar deyirlər adamda bu qədər güclü səs olmaz, yəqin onun ağzında səsi artıran bir şey var. Dedim, boy, ağzımda olacaq ki, səsdən başqa. İnanmırsınız, gəlin baxın. Hamısı gülüşdülər".

Görkəmli xanəndə 78 il ömür sürdü. Həmişə belə şövqlə oxudu. Muğamatımızın ağsaqqalının köhnə lentlərdə əbədiləşən səsini dinlədikcə sanki düşmən əlində inləyən yurd yerlərimizin harayını eşidirsən:

 

 

Əslim Qarabağlıdır,

Sinəm çarpaz dağlıdır.

gələn var, gedən,

Məgər yollar bağlıdır?

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. -2010. -21-23 avqust. – S.4.