Maestronun kimsəsiz muzeyi
Yöndəmsiz pillələri qalxıb, rəngləri
qopuq-sökük divarların yanından keçib Niyazinin mənzil-muzeyin
yerləşdiyi 3-cü mərtəbəyə çatanda
laqeydliyin şahidi olursan
Bülbül prospekti 21.
Bu məşhur binada dövrünün görkəmli musiqi xadimləri
- Qara Qarayev, Maestro Niyazi yaşayıb. Binanın prospektə tərəf
görünüşünün kifayət qədər
baxımlı olmasına, 1-ci mərtəbəsində “Mango”
mağazası kimi beynəlxalq brendin yerləşməsinə
baxmayaraq, tikilinin iç tərəfi “üstü bəzək
altı təzək” təsiri bağışlayır. Elə
üstündə “Niyazinin mənzil-muzeyi” yazılan blokun
girişi buranın maestronun adına layiq
olmadığını xəbər verir. Yöndəmsiz pillələri
qalxıb, rəngləri qopuq-sökük divarların
yanından keçib mənzil-muzeyin yerləşdiyi 3-cü mərtəbəyə
qalxanda bu laqeydliyin bir daha şahidi olursan.
Mənzil-muzeyin elmi işçisi
Ülviyyə xanım məni qarşılayaraq direktor Rza
Bayramovun xəstə olduğu üçün işə
çıxmadığını bildirdi. Saatın 11.30
olmasına baxmayaraq (muzey hər gün saat 10.00-dan 18-00-dək
işləyir), 7 əməkdaşından yalnız birinin
iş başında olduğu muzeyin elmi işçisinin mənə
maestronun həyat və fəaliyyətinin oxuculara məlum
olmayan məqamları haqqında məlumat verəcəyini
düşünüb muzeyi ziyarətə başladım.
Şahid otaqlar
Görkəmli dirijor
1958-ci ildən ömrünün sonuna qədər bu mənzildə
yaşayıb. Muzeyin qapısından dəhlizə daxil olan hər
kəsi Niyazinin şəkilləri qarşılayır.
Maestronun yaradıcılığını əks etdirən əzəmətli
heykəli bir sənətkar ömrünün zəhmətlə
keçən anlarından xəbər verir. Divarda maestronun
yaradıcılığını, musiqi xadimləri ilə
görüşlərini əks etdirən fotoşəkillər,
konsertlərinin nadir afişaları
yer alıb. Ümummilli lider Heydər Əliyevin
1994-cü il sentyabrın 18-də mənzil muzeyin
açılışında lenti kəsməsini, musiqi xadimləri
ilə çəkdirdiyi, rəy kitabına ürək
sözləri yazdığı məqamları əks etdirən
fotoşəkillər və s. muzeyin stendini bəzəyir.
Yaxınlarda muzeyə
maestronun həyat və fəaliyyətini əks etdirən yeni
materiallar daxil olub. Niyazinin musiqi festivallarında
çıxışları, musiqi məktəblərində,
hərbçilərlə və s. görüşləri əbədiləşib
bu fotoşəkillərdə. Opera və Balet Teatrı tərəfindən
muzeyə daxil olan “Xosrov və Şirin” operasının
partiturası da yeni materiallar sırasındadır.
5 otaqdan ibarət mənzil muzeyin qonaq otağının divarlarını Niyazi və Həcər xanımın portretləri ilə yanaşı Ejen Dlakruanın rəsm əsəri, İ.Kajvazovskinin “Dənizdə səhər” və naməlum rəssamın ”Güllər” əsəri bəzəyir. Kitab şkafında maestronun barmaqlarının və nəfəsinin toxunduğu nadir kitablar qorunur. Köhnə televizor da həmin illərin şahididir.
Maestronun iş otağının divarlarını bəzəyən fotoşəkillərdən dövrünün bütün məşhur simaları boylanır. Elektrik lampası xarab olduğundan pəncərə işığında otaqdakı əşyaları aydın görmək olur. Küncdə Niyazinin yazı stolu və onun üzərindəki “Kazbek” qutusu, külqabıdakı yarımçıq siqar, saat, telefon olduğu kimi saxlanır. Üzərində “Əl vurmayın” yazılan pianonun şirmayı dillərinə maestronun sehrli barmaqları toxunub. İndi səsi eşidilməyən köhnə patefonda isə vaxtilə heç kimə eşidilməyən nəğmələr, əsərlər ilk dəfə səslənib. Bu otağa yığışan görkəmli sənət adamları eşidiblər o musiqiləri. Onların söz-söhbətləri, yaradıcılıq mübahisələrinin sədası da bu divarlara hopub.
Divarlarını Niyazi ilə Həcərin portretləri və müxtəlif rəsm əsrləri bəzəyən yataq otağındakı şifonerdə maestronun şəxsi əşyaları qorunur. Niyazinin üstü yun örtüklü, üzərində gecə geyimi olan çarpayısı da bu otaqda toxunulmaz əşyalar sırasındadır. Trümonun üzərində fransız, İran və Monqolustan istehsalı olan, düymələr, mücrü və iynə qabı var.
Muzeyin ən böyük otağı isə xatirə gecələri, yubiley tədbirləri və konsertlərin keçirilməsi üçün ayrılıb. Digər bir otaqda da maestronun əsərlərinin partituraları, konsertlərinin afişaları və nadir fotoşəkillər qorunur. Niyazinin ömrünün düz 26 ilinin keçdiyi bu mənzildə indi musiqi səsi yalnız maestronun doğum və anım günlərində və ya hər hansı tədbirlərdə eşidilir. İndi sükuta qərq olan bu otaqlardan vaxtilə qonşu mənzillərə, hətta küçəyə də musiqi sədaları yayılıb.
Muzeyin elmi işçisi məktəblilərin, tələbə və gənclərin, həmçinin sıravi adamların muzeyi ziyarətə gəldiklərini bildirdi. Onu da dedi ki, Bakıda Niyazinin qohum-əqrabasından təkcə bir nəfər tədbirlərdə görünür. Daha maestronun heç kəsi yoxdur.
Başıbəlalı eksponatlar
Qeyd edim ki, Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyalarının və əlyazmalarının çoxu yoxdur. Maestroya məxsus 279 material AMEA-nın Tarix Muzeyində saxlanılır. Salman Mümtaz adına Ədəbiyyat və İncəsənət Arxivində, Əlyazmalar İnstitutunda, Səsyazmaları Arxivində də maestronun həyat və fəaliyyətinə aid sənədlər qorunur.
Otaqlardakı lal sükutun şahidi olduqca nədənsə mənə elə gəldi ki, bu səssizliyə Niyazinin ailə dramından yaranan kədər də qarışıb. Artıq bu faciə heç kəsə sirr deyil. Xatirə gecələrində, ayrı-ayrı tədbirlərdə danışılmasa belə, bu faciə hər kəsə bəllidir. Hamı dahi sənətkarın ailə faciəsinin oğulluğu Ceyhunla bağlı olduğunu eşidib. Hamı bilir ki, Niyazi və Həcər xanımın övladları olmadığından yaxın qohumlarından birinin uşağını oğulluğa götürüblər. Böyük sevgi ilə qəbul olunan bu uşaq böyüdükcə onlar üçün peşmançılıq yaradıb. Ceyhun narkotik aludəçisinə çevrilərək evdəki bütün qiymətli əşyaları oğurlayaraq satıb. Günlərin birində isə ən dəhşətli hadisə baş verib. Narkotik almaq üçün pul dalınca evə gələn Ceyhun istədiyini ala bilməyəndə Həcər xanımı öldürmək qərarına gəlib. Əvvəl analığının başından vurub, sonra isə evi qarət edərək qaçıb. İndi Niyazinin ev-muzeyində sahibinə məxsus xatirə əşyaları və əlyazmalarının çoxunun olmamasının da səbəbi bununla əlaqələndirilir. Belə ki, muzey yaradılmazdan əvvəl, 1984-90-cı illər ərzində maestroya məxsus olan əşyalar pərakəndə şəkildə ayrı-ayrı qurumlara verilib, bəzilərinin isə ümumiyyətlə taleyi bilinmir. Maestronun həmişə barmağına taxdığı brilyant qaşlı üzüyü, Almaniyada ona hədiyyə olunan qızıldan hazırlanmış dirijor çubuğu da yoxa çıxıb. Müxtəlif vaxtlarda həbsə düşən Ceyhunun sonrakı, elə indiki aqibəti isə heç kimə məlum deyil. Həcər xanım xatirələrində bir dəfə də olsun, oğulluğunun adını çəkməyib. Muzeydə də tanınmış ailəyə faciə gətirə Ceyhunla bağlı heç bir material saxlanmır.
“Elə bir əsər
yoxdur”
Muzeyin elmi işçisindən maestronun şəxsi həyatı və fəaliyyəti haqqında yazılan yeni nəşrlərlə başlı soruşanda “elə bir əsər yoxdur” - deyə cavab verdi. Qəribədir, nəinki bütöv yaradıcılığı, hətta hər bir əsəri ayrı-ayrılıqda bir elmi işin mövzusu, həyat və fəaliyyəti əsil dissertasiya mövzusu ola biləcək dünya şöhrətli maestro haqqında muzeydə heç bir yeni nəşr yoxdur! Bunu eşidincə təəccüblənməmək olmur.
2012-ci ildə maestro Niyazinin 100 illik yubileyi dövlət səviyyəsində qeyd olunacaq. Güman edirik ki, yalnız onda maestronun mənzil muzeyinin memorial lövhəsi vurulan blok da, pillələrin muzeyə apardığı yol da onun adına layiq təmir olunacaq. Ən azı adı dünyanı dolaşan maestronun mənzil muzeyini ziyarət etmək istəyən xarici qonaqlar ola bilər. Onları yöndəmsiz pillələrdə qaldırmaq, elektriki işləməyən otağın qaranlığı ilə tanış etmək gülünc olar. Bir də elmi işçilərin hər biri maestronun həyat və fəaliyyətinə diletant səviyyədə deyil, peşəkar səviyyədə bələd olsa yaxşıdır. Qeyd etmək yerinə düşər ki, bizdə muzey bələdçilərinin problemi nazir Əbülfəs Qarayev səviyyəsində etiraf olunub və mən bunun bir daha canlı şahidi oldum. Bir də əgər yoxdursa və yazılmayıbsa belə, dahi maestronun həyat və fəaliyyətini dolğun işıqlandıra biləcək əsərlər yazılmalıdır. Əsərləri təbliğ olunmalı, gənc nəslə tanıdılmalıdır... Bunun üçünsə sadəcə vətəndaşlıq mövqeyi sərgiləmək lazımdır.
Yubileyə hələ 2 ilə yaxın vaxt qalır!
Təranə Məhərrəmova
Kaspi. -2010. -24 avqust. – S.9.