“Caz musiqisini gərək tox
qarına dinləyəsən”
Salman Qənbərov: “Mənim düşüncəmdə
caz həm ürək, həm də beyin musiqisidir”
Oktyabr ayında şəhərimizdə
Bakı Caz Festivalı keçiriləcək. Paytaxtın caz
mühiti Mat Bianko, Al di Miola, Keiko Matsui, Monti Aleksandr, Vijay
İyer Trio, Erik Vloeimaens, Diane Rives kimi cazmenlərin, eləcə
də “Jazzamor” və “Şakatak” qruplarının
qatılacağı festivala ciddi hazırlaşır.
Tanınmış caz
ifaçısı Salman Qənbərov: “Bizdə bu musiqinin
dinləyiciləri var. Hər il bu marağın şahidi
oluruq” - deyir. Caz
ifaçıları üçün ən sevindirici hal odur
ki, artıq bu festival ənənəyə çevrilib.
Mənfi tendensiya
- Cazsevərlər bu konsertləri izləyirlər. Keçən il müxtəlif salonlarda konsertlər keçirildi. Adam əlindən demək olar ki, tərpənmək olmurdu. Cazmenlər müxtəlif üsullarda konsertlər verdilər. Mənə elə gəlir ki, bu dəfə də maraqlı olacaq. Çünki bu dəfə konsertdə pop-caz, etno caz, ciddi caz və s. üsullarda konsertlər təqdim olunacaq. Əsas odur ki, artıq ənənəvi olaraq hər il caz festivalı keçirilir.
- Sadaladığınız caz üsullarının hamısının ifaçıları Azərbaycanda varmı?
- Təəssüf ki, yoxdur!
Biz çox vaxt istiqaməti etno caza yönəldirik.
Bu üslubda nailiyyətlər qazana bilərik.
Amma mən çalışıram ki, öz
layihələrimdə həm etno caz, həm avanqard caz, həm
də xarici musiqiçilərlə birgə
çıxışlarım olsun. İki
ildir ki, alman saksofonçu İnqridlə birgə layihədə
çıxış eləmişəm. Bu il də onunla birlikdə Muğam Mərkəzində
çıxış edəcəyik.
- Ümumiyyətlə, bizim
caz məktəbinin səviyyəsi barədə nə deyə
bilərsiniz?
- Məktəb demək olmaz.
Kimsə bu sahədə təhsil alır, kimsə
yox. Bizdə Vaqif Mustafazadə, Rafiq Babayev kimi caz
ifacıları məktəb keçməyib. Onlar
özləri bu musiqiyə gəliblər və bu yol da davam
edir. Bu həm müsbət, həm də mənfi
nəticələr verir. Müsbət odur
ki, öz yolumuzu tapmağa çalışırıq.
Bəzi nümunələr göstərir ki, buna
nail ola bilirik. Mənfi odur ki, elə bil
hamı gənc yaşlarından səhnəyə
çıxmağa çalışır. 5-10 il öyrənmək üçün
özünə əziyyət vermir. Səhnəyə
çıxanda da elə çıxmaq istəyir ki, yadda
qalsın. İstəyir ki, nəinki Azərbaycanda,
xarici ölkələrdə də onu bəyənsinlər.
Bu, mənfi tendensiyadır.
- Pərviz Rüstəmbəyov,
Vaqif Mustafazadə kimi caz ustalarının dövründən
üzü bəri paytaxtın caz mühitində baş verən
dəyişikliklər irəliləyişdən xəbər
verir?
- Təbii ki, cazda fərdi
axtarışlar, yeniliklər olmalıdır. Pərviz
Rüstəmbəyovun dövründə caz mühiti yox idi.
40-cı illərin sonu, 50-ci illərin əvvəllərində
caz musiqisi qadağan olunmuşdu. Amerika ilə “Soyuq müharibə”
başlamışdı. Ona görə də oradan gələn
musiqiyə də qadağa vardı. Evlərdə bu musiqiyə
qulaq asırdılar. Vaqif Mustafazadənin yaradıcılıq
dövrü isə 60-cı illərə təsadüf edir.
Bu, artıq sovet məkanında cazın çiçəklənmə
dövrü idi. Son vaxtlar isə mənə elə gəlir
ki, biz keyfiyyətcə bir qədər itirdik. 95-ci ildən bəri
olan dövrü mən romantik dövr adlandırardım. Bu
dövr təxminən 2002-ci ilə qədər davam etdi. O zaman bu musiqinin ifası
üçün daha geniş meydan var idi. İndi isə təəssüflər
olsun ki «Karvan» caz klubu bağlanıb. Onun yerində məşhur
bir butik fəaliyyət göstərir. Təkcə Bakı Caz
Mərkəzi qalıb. Təəssüflər olsun ki, bu mərkəz
də yayda işləmir! Bizə elə gəlir ki, yayda caz
musiqisini dinləyən yoxdur. Adamlar elə fikirləşirlər
ki, qışda toy, yayda isə yalnız əyləncə və
dəniz olmalıdır. Ancaq caz musiqisi daim olmalıdır.
Heç olmasa elə bir yer olmalıdır ki, o musiqini dinləmək
istəyən insan o ünvana üz tuta bilsin. Bu konsertlər
üçün 1-2 yaxşı klub olsa kifayətdir. Amma yay
aylarında konsert vermək üçün bircə dənə
də belə bir yer yoxdur.
- Siz caza barmaqarası
münasibətdən danışdınız. Bizdə,
ümumiyyətlə, həmişə ciddi - klassik, simfonik
musiqiyə münasibət belə olub. Əvvəllər
muğama da belə laqeydlik göstərilirdi. Caz isə
ümumiyyətlə, bizim musiqimizə yad cərəyan hesab
olunurdu. Bəlkə bu barmaqarası münasibət yenə
də ondan qaynaqlanır?
- Bəs simfonik musiqi? Bəs opera janrı? Bəs balet janrı? Biz deyirik ki, 1908-ci ildə Şərqdə ilk opera Azərbaycanda yaranıb. Bizim gözəl bəstəkarlıq məktəbimiz var. Təəssüflər
olsun ki, 60-70-ci illərdə olan infrastruktur tam pozulub. Həmin
infrastruktur hazırda toylarda var. Çoxlu şadlıq
sarayı tikilib və bu saraylarda musiqinin ifası
üçün müəyyən aparatlar yerləşdirilib.
Ancaq həmin avadanlıq caz musiqisi
üçün yaramır. Reklamlar
hamısı toy üçün işləyir. Gəlin baxaq, görək ciddi musiqidə necədir?
Simfonik musiqi və ya kamera musiqisindən ibarət
bir konsert olsa, kimsə bilet alıb ora gedərmi? Ona
görə də bütün ciddi konsertlərdə giriş
azaddır: təki gəlin, təki qulaq asın. Mən caz musiqisini də ciddi musiqinin tərkib hissəsi
hesab edirəm. Bu musiqiyə münasibət
kompleks şəkildə həyata keçirilməlidir. Muğam kompleks şəkildə inkişaf elədi.
Müsabiqələr, təhsil - bütün
bunlar hamısı muğamın inkişafına kömək
göstərdi. Bəlkə nə vaxtsa
ciddi musiqiyə də növbə çatdı. Bizdə müğənnilər xaricə konsertə
gedərkən diaspor çərçivəsində
çıxış edirlər. Orada
fonoqram oxumaq qəti yolverilməzdir. Ciddi
musiqi ifaçılarını isə dəvət edirlər.
Hətta müəyyən festivallar
üçün musiqilər sifariş verirlər.
Caz mühiti
- Bəzən televiziya
kanallarında yayımlanan konsertlərdə ayrı-ayrı estrada ifaçılarının caz oxumağa
başladığının şahidi oluruq. Sizcə
bu, cazın həmişə dəbdə olan musiqi olması ilə
əlaqədardır?
- Həmin pop “ulduzlar”
heç bir caz festivalında iştirak etmirlər. Sadəcə, onlar elə hesab edirlər ki, özlərini
caz aləminə yönəltsələr, daha yaxşı
olar. Onlar həm də bu yolla qalmaqaldan uzaq
olmağa çalışırlar. Bu,
yaxşı haldır, ancaq bu o demək deyil ki, onlar avtomatik
olaraq caz musiqiçiləri sırasına qatılırlar.
Caz və pop layihələri tamam fərqlidir.
Əmin edirəm ki, həmin
ifaçıların heç birinin caza aidiyyəti yoxdur.
Aidiyyəti olsaydı, onlar ən azı caz
festivallarına qatılar və yeni layihələr üzə
çıxarardılar. Caz musiqisi həyat
tərzidir. Restoranda, şadlıq evlərində
caz çala bilməyəcəksən. Çünki
bu elə bir musiqidir ki, heç kəs ona toyda qulaq asmaq istəmir.
Caz musiqisini gərək tox qarına dinləyəsən.
Ola bilər ki, qarşında kiçik bakalda
içki olsun. Amma tamada ilə, yeyib-içməklə
dolu olan stol arxasında cazı dinləmək
olmaz. Bu, caz musiqisinə aid olan mühit deyil.
Çox adam deyə bilər ki, mən caz
musiqiçisiyəm, amma onların sayı bizdə 3-4 nəfərdən
ibarətdir. Yalnız onların səviyyəsi
cazla məşğul olmağa imkan verir ki, Azərbaycan
cazını başqa ölkələrdə də təmsil
etsinlər. Bizdə pianoçuların
ifaçılıqla bağlı problemi olmayıb. Bu gün də vəziyyət belədir - istər
cavan, istər yaşlı pianoçularımız var. Ancaq
istərdik ki, başqa alətlərin ifaçılarında
da bir fəallıq olsun. Xüsusən nəfəs
alətlərinin ifaçıları yox dərəcəsindədir.
Simfonik musiqidə ifa olunan alətlərin
hamısı caz musiqisində də ifa oluna bilər. Təəssüf ki, biz yalnız piano, kontrabas, zərb
alətləri, gitara basla qrupun ifasını məhdudlaşdırırıq.
Bizdə nə truba, nə saksofon, nə də
vibrafon alətləri yoxdur. Caz
musiqiçisinin işi ona görə çətindir ki, burda
bilik, intellektuallıq lazımdır. Kim
caz musiqisinə diplomla gəlir, onun nailiyyətləri olmur.
İntellektin olmasa, caza nə dinləyici, nə
də ifaçı kimi əlin çatmaz. Gənclər harda pul, yüngül musiqi varsa, ora
üz tuturlar. Ona görə kolleclər
qarmon alətinə daha çox üstünlük verirlər.
Çünki bu alət gələcəkdə
onlara pul gətirəcək. Caz musiqisi isə
pul gətirmir. Biz yalnız konsertdən
qazana bilərik. Bakıda isə yalnız
1-2 konsert keçirmək olur. Gərək
müxtəlif festivallara dəvət olunasan. Orada iştirak etmək üçün isə
uğurlu layihələrlə çıxış etməlisən.
Bunları həyata keçirmək
üçün qrupda mütləq bir lider olmalıdır.
Əlbəttə, yaxşı olardı ki,
qrupun üzvlərinin hamısı eyni səviyyədə
olsun ki, ifa zamanı bir-birini başa düşsünlər.
Bu musiqi fərdi ifa olunmur. Burada hamı məharətini
eyni dərəcədə göstərməlidir, yoxsa musiqi
alınmayacaq.
- Caz
ifaçılığı yaradıcılıqdırmı?
Məsələn, Vaqif Mustafazadəni
çoxları ifaçı adlandırırdı,
yaradıcı yox.
- Caz musiqiçisi həm ifaçı, həm də bəstəkardır. O, fəlsəfə elmləri doktoru da ola bilər. İfaçılar var ki, onlar əyləncə xarakterli çıxış edirlər. 30-cu illərdə də Amerikada caz musiqisi əyləncə forması daşıyırdı. 40-cı illərdə bəzi musiqiçilər yazırdılar: xahiş edirik, biz çalanda oynamayın, qulaq asın! Yəni biz əyləncə musiqisi ifa eləmirik. Mən düşünmürəm ki, Vaqif Mustafazadənin musiqisini dinləyəndə adam oynamaq istəyir. Mənim üçün burada fəlsəfi anlar da var. Mənə belə musiqi daha yaxındır. Mən iki min, üç min, dörd min tamaşaçısı olan zalları xoşlamıram. Qoy zalda üç və ya beş yüz adam olsun, amma musiqiyə qulaq assınlar.
- Festivalları çıxmaq şərti ilə konsertlərinizi adi vaxtlarda harada keçirirsiniz? Publika yığılırmı?
- Mən yeni layihələrimi Azərbaycanda il ərzində yalnız 1-2 dəfə təqdim edə bilərəm. Ancaq axşamlar korporativ çıxışlarımız olur. Bundan əlavə, biz bu il Moskvada, Düşənbədə caz festivalında çıxış eləmişik. Konsertdən bir həftə əvvəl məni ora yerli musiqiçilərlə ustad dərsləri keçmək üçün dəvət etmişdilər. Onlar bizdə caz musiqisi sahəsində böyük irəliləyişin olduğunu qəbul edirlər. Nəticəsi o oldu ki, biz konsertdə həm öz proqramımızı, həm də yerli musiqiçilərin proqramlarını ifa etdik. Onların bəziləri bizim muğam festivalımızda iştirak etmişdilər. Biz göstərdik ki, Azərbaycan folklorunu caza qatmaq mümkün olduğu kimi, tacik folklorunu da qatmaq mümkündür.
Ürək və beyin musiqisi
- Bir az əvvəl
qeyd etdiniz ki, restoranda caza qulaq asmırlar. Bu
yaxınlarda Park-Bulvarın «Zeytun» restoranında bildirdilər
ki, siz orada axşamlar kompozisiyalar ifa edirsiniz. Proqramınız caz musiqilərindən ibarət
olur? Ümumiyyətlə, orada auditoriya necədir?
- Həftənin 1, 2 və
3-cü günləri Park-Bulvarda çıxış edirik. Çalışırıq ki, orada relaks tipli musiqilər
ifa edək. Yəni bizi dinləmək istəyənlər
dinləyəcək, dinləmək istəməyənlərə
isə gərək mane olmayaq. Təbii ki,
ora caz-klub deyil, insanlar əylənməyə, dincəlməyə
gəlirlər. Biz isə caz musiqini ciddi
musiqi kimi tanıyırıq. Gərək
bu musiqini qulaq asanda dincəlməyəsən, onu istəyəsən.
Ona görə də həmin restoranda proqram bir
qədər müxtəlifdir. Biz orada həm
yüngül caz ifa edirik, həm də Azərbaycan bəstəkarlarının
əsərlərini caz üslubunda çalırıq. Sadəcə, auditoriyanın nəzərə alaraq
improvizədə çətinliyə üstünlük
vermirik ki, qəbul edə bilsinlər.
- Vaxtilə
Vaqif Mustafazadə müsahibələrinin birində «Caz ürək
musiqisidir» deyib. Siz necə
deyirsiniz?
- Mənim düşüncəmdə
caz həm ürək, həm də beyin musiqisidir. Mən bu yola üstünlük verirəm.
Təranə Məhərrəmova
Kaspi. -2010. -25 avqust. – S.12.