Heydər Əliyev Fondu dünyanın humanizm və bəşəri ideallar akademiyasına çevrilib
Millət vəkili
Mehriban Əliyevanın uğurları Heydər Əliyev
ucalığını başlıca meyar götürməsindən,
eləcə də, Azərbaycanın Birinci
xanımının zəngin mənəvi və intellektual
potensialından qaynaqlanır. Bu cür mükəmməl fəaliyyətin
məntiqi nəticəsi olaraq indi Heydər Əliyev Fondunun
sorağı planetin sayılıb-seçilən ölkələrindən,
ən mötəbər beynəlxalq qurumların
tribunalarından gəlir.
«Həyatda hər bir kəsin
yerini və taleyini tarix müəyyənləşdirir» – Azərbaycanın
Birinci xanımı Mehriban Əliyevanın qənaəti belədir.
Bu baxımdan onun üzərinə millət vəkili, Heydər
Əliyev Fondunun prezidenti, Azərbaycan Mədəniyyətinin
Dostları Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı
səfiri, Azərbaycan Gimnastika Federasiyasının rəhbəri,
böyük məsuliyyət və gərgin zəhmət tələb
edən digər silsilə vəzifələr
düşüb. Təbii ki, eyni şəxsin qısa zaman kəsiyində
bu qədər işin öhdəsindən bacarıqla və
yaradıcı şəkildə gəlməsi ən azı həsəd
doğurur. Mehriban xanımın fikrincə, bu, mürəkkəb
olduğu qədər də adidir - “ulu yaradanın izni ilə
dünyaya gələn hər bir insan öz taleyinin
yaradıcısıdır. Bunun üçün sadəcə kimsənsə, özün olmaq yetər”.
Heydər Əliyev
Fondunun reallaşdırdıqları Azərbaycanın Birinci
xanımının daxili dünyasının və
çoxşaxəli fəaliyyətinin aynasıdır. Ulu
öndərin adını daşıyan fond isə Heydər Əliyev
mənəviyyat bulağından qaynaqlanır. Bu məsuliyyəti
qədərincə qiymətləndirən Mehriban
xanımın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun
sayagəlməz layihələri ilk növbədə nadirliyi,
orijinallığı və fəlsəfi bitkinliyi ilə
seçilir, kompleks xarakter daşıyır. Mehriban
xanımın nəfis layihələri məhz təşkilatçı
və peşəkarların birgə məhsulu olduğundan
yetkinliyi və bənzərsizliyi ilə diqqəti cəlb
edir. Milli-mənəvi dəyərlərdən qaynaqlanan bu
layihələrin gücü həm də ondadır ki, onlar təkcə
yerli auditoriyaya hesablanmayıb. Yəni bunlar beynəlxalq aləmdə
ən çox üstünlük verilən bir neçə
dildə yayımlandıqlarından, təkcə
özümüz görüb, özümüz deyib,
özümüz eşitmirik. Təbii ki, dünyanın
cilovunu əlində saxlayan, sivilizasiya etalonunu belə özlərinin
formalaşdırdıqlarını iddia edənləri ulu Azərbaycan
mədəniyyəti və mənəviyyatının qüdrətinin
mahiyyətinə varmağa vadar etmək heç də asan məsələ
deyil.
Azərbaycanın Birinci
xanımının fəaliyyəti aşılmaz sayılan sərhədləri
belə adlayır. Əksər hallarda Heydər Əliyev
Fondunun layihələri qlobal xarakteri və keyfiyyətinə
görə beynəlxalq layihələri belə üstələyir.
Bu, qürur doğuran reallıqdır. BMT, İKT, YUNESKO,
İSESKO və onlarla mötəbər qurumun dünyanın
dörd bir tərəfində çalışan, peşəkarcasına
müqayisə aparmaq imkanına malik yüksək vəzifəli
şəxslərinin Heydər Əliyev Fondunun layihələrindən
təsirlənərək gördüklərini sözə
çevirməkdə aciz qaldıqlarının dəfələrlə
şahidi olmuşuq. Çoxlarının
vurğuladığı kimi, bu layihələr mahiyyətcə
yeni üslub, etalon xarakteri daşıyır və əksər
hallarda beynəlxalq səviyyədə tətbiqini tapır.
Mehriban Əliyeva Vətəninə və millətinin imicinə beynəlxalq səviyyədə ölçüyəgəlməz dividentlər gətirir, əsl vətəndaşlıq nümunəsi formalaşdırır. Azərbaycanın Birinci xanımı öz səmərəli fəaliyyəti ilə mötəbər beynəlxalq təşkilatların imkanlarından maksimum yararlanmaq, həmçinin, Prezident İlham Əliyevin siyasətinə müvafiq ölkəmizin beynəlxalq tədbirlərin mərkəzinə çevrilməsinə təkan vermək nümunəsi nümayiş etdirir. Peşəkarcasına fəaliyyət nəticəsində bir-birinin ardınca Azərbaycanın mənəvi inciləri dünya qeyri-maddi mədəni irs siyahısına salınır. Ölkəmiz sözün böyük mənasında fərqli sivilizasiyaların və mədəniyyətlərin dialoqu və ortaq məxrəc axtardığı diyara çevrilir. Tolerantlıq nümunəsi sayılan Azərbaycan Heydər Əliyev Fondunun xətti ilə Parisdə Versal Sarayının parkında abidələri bərpa edir, Strasburqda Müqəddəs Məryəm kafedral kilsəsinin yenidən qurulmasına yardım göstərir, Pakistanda zəlzələdən zərər çəkən qızlar məktəbini yenidən inşa edir, Hollandiya, Rusiya, Gürcüstan, Rumıniya, Misir və digər ölkələrdə təhsil ocaqlarını müasirləşdirir, Afrika ölkələrinin qeyri-maddi mədəni irsinin qorunmasına dəstək verir, Qəbələ Beynəlxalq Musiqi Festivalı kimi onlarla qlobal və mükəmməl layihəyə imza atır.
Mehriban Əliyevanın həsəd doğuran, insan potensialının ümman olduğunu təsdiqləyən fəaliyyəti sayəsində Heydər Əliyev Fondu tədricən Azərbaycanın, dünyanın humanizm, bəşəri ideallar akademiyasına çevrilir. Mehriban Əliyeva, insanlara sağlığında qiymət verməyi bacaran, layiq olduğu haqqını sağlığında almayanları haqqına çatdırmağı özünə mənəvi borc bilən kəslərdəndir. Heydər Əliyev Fondu cəmiyyətin ən həssas təbəqəsi – qaçqın, məcburi köçkün, aztəminatlı ailələr, uşaq və internat evlərinin sakinləri ilə sıx təmasdadır. Ümidini ulu Yaradana bağlayanların əksəriyyəti çox vaxt məhz bu müqəddəs ocağa pənah aparırlar. İndiyəcən fondun xətti ilə 15 mindən çox vətəndaş tibb müəssisələrində müayinə olunub, 2 min 300 nəfərdən çox xəstə respublikamızda və ya xaricdə cərrahiyyə əməliyyatından keçirilib, diabetli və talassemiyalı xəstələrə hərtərəfli yardım göstərilib, onlarla müasir tibb ocağı araya-ərsəyə gətirilib. 30-dan çox uşaq evi və internat məktəbi görkəmini tanınmaz dərəcədə dəyişib. Valideyn himayəsindən məhrum 18 yaşından yuxarı neçə-neçə gənc doğma ocaq sahibi olub. Dünyanın ən inkişaf etmiş ölkələrində yaşayan körpələr belə respublikamızın uşaq bağçalarında yaradılan şəraitə həsəd apara bilərlər. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsi çərçivəsində inşa və ya əsaslı təmir edilən yüzlərlə məktəbin savabını yığıb-yığışdırmaqla qurtaran deyil.
Mədəni irsin qorunmasını daim diqqət mərkəzində saxlayan Mehriban xanım Azərbaycan muğamını ucsuz-bucaqsız məmləkətə bənzəyən muğamatın paytaxtına, klassik musiqini yenidən gündəlik həyatımızın ayrılmaz bir parçasına çevirdi. Mehriban Əliyevanın millət vəkili kimi fəaliyyətinin məhsulu olan yüzlərlə sosial obyekt də soydaşlarımızın ürəyincədir. Azərbaycanın Birinci xanımının xalqımızın gələcəyi olan uşaqlara bəxş etdiyi nəfis anlar isə sözlə ölçüyə gələsi deyil. Həmin tədbirlər insanın doğma balasına rəva biləcəyindən qətiyyən fərqlənmir, heyrət və bütöv bir ömrə bəs edəcək təəssürat doğurur. Bəlkə də, çoxları bilmir, uşaqlara qarşı bu xoş məram bir tərəfdən Mehriban xanımın daxili dünyasından irəli gəlsə də, digər tərəfdən onun özünün açıqladığı kimi ulu öndərin istəyi və vəsiyyətinə maksimum həssas münasibətilə bağlıdır. İdmanın inkişafına töhfələr, geniş tətbiqini tapan ekoloji layihələr, ən son elm-texniki yeniliklərin respublikamıza gətirilməsi və digər sahələri əhatə edən silsilə tədbirlər də Mehriban Əliyevanın çoxşaxəli fəaliyyətinin ayrılmaz hissəsidir.
Mehriban Əliyevaya təqdim olunan istənilən mükafat onun halal haqqıdır, buna soydaşlarının da, əcnəbilərin də münasibəti birmənalıdır. Təbii ki, Heydər Əliyev ordeninin bu mükafatlar sırasında xüsusi yeri var. Azərbaycanın Birinci xanımının özünün etiraf etdiyi kimi, üzərinə düşən qlobal yükün öhdəsində gəlməkdə ailəsinin əvəzsiz rolu var. Heydər Əliyev ucalığının təcəssümü olan ömür-gün yoldaşı, artıq ona rəfiqəlik edən qızları, babasının adını daşıyan, indidən istedadı və heyranlıq doğuran zəkası ilə seçilən oğul övladı Heydər, bu ailənin sevinc payı nəvələr Mehriban xanımın tükənməz güc mənbəyidir. Elədiklərinin müqabilində Mehriban xanımın həyatda ən böyük qazancı isə xalqımızın ona da, ailəsinə də ömürlük bəs edəcək qədər içdən gələn alqışı və duasıdır.
Azad Müzəffərli
Kaspi. -2010. -27 avqust. – S.2.