“Çalışmalıyıq ki, öz yolumuz olsun” 

 

Təyyar Bayramov: «Demək olar ki, Məcnun obrazını özüm üçün hazırlamışam. Teatrın rəhbərliyi nə zaman məsləhət görsə, onda da oynayaram»

 

Bu gün muğam sənətimizi inkişaf etdirən, xarici ölkələrdə tanıdan çoxlu gənc ifaçılarımız var. Onların sırasında Opera və Balet Teatrının solisti Təyyar Bayramovun adı xüsusi çəkilir. Ölkəmizdə keçirilən muğam müsabiqələrinin və Beynəlxalq Muğam Müsabiqəsinin qalibi olan Təyyar Bayramov bu uğurlarına görə özünü muğamımızın qüdrətinə və müəllimlərinə borclu sayır.

 

Məcnunu oynamaq arzusu

 

- Keçən il gənc bir xanəndə kimi sizin üçün uğurlu oldu. Əməkdar artist fəxri adına layiq görüldünüz. Müsabiqələrdə qalib gəldiniz. Bəs bu il hansı hadisələrlə yadda qalır?

- Muğam sənəti nə qədər şərəfli olsa da, bir o qədər çətindir. Bizim çox böyük sənətkarlarımız olub. Ancaq gənc xanəndələrin tanınması ustad sənətkarlardan bir qədər asan olub. Onlar illər boyu zəhmət çəkiblər. Biz isə bir neçə ayın içində tanına bilirik. Bu sənətdə mükəmməl olmaq və tanınmaq üçün illər lazımdır. Bizim üçün bu baxımdan çox asan oldu. Ancaq elə hallar ola bilərdi ki, bizdə başgicəllənmə yaransın. Amma şükür, yaşıdım olan sənətkarların heç birində belə hallar baş vermədi. Düzdür, bu sənətdə həyəcanlı və sevincli  günlərim çox olub. 2005-2006-cı illərdə muğam müsabiqəsi keçirildi. Həmin müsabiqədə birinci yerə layiq görüldüm. Keçən ilin mart ayında Ümumrespublika Muğam Müsabiqəsində 1-ci yer, daha sonra Beynəlxalq Muğam Festivalında Qran-pri mükafatına layiq görüldüm. Bu titulların hamısı üzərimə böyük məsuliyyət qoyur. Bu ada layiq olmaq lazımdır. Bu il isə Kuba və Meksikada, eləcə də Qətərdə keçirilən Azərbaycan Mədəniyyət Günlərində iştirak etmişəm. Qətərdə Opera və Balet Teatrının kollektivi “Leyli və Məcnun” operası ilə çıxış elədi.  Orada ilk operanın nümayişi olduğundan çox böyük anşlaqla qarşılandı. Bundan əlavə solo yaradıcılıqla məşğulam. Artıq 3-cü diskim işıq üzü görəcək. Əvvəlki iki diskimdə olduğu kimi bu diskdə də təsniflər, muğamlar və xalq mahnıları yer alacaq. Hələlik daha çox dəsgahların yazılması üzərində işləyirəm. Yaxın aylarda da bir neçə xarici ölkədə keçiriləcək Azərbaycan Mədəniyyət Günlərində iştirak edəcəyik.

- Yeri gəlmişkən, Məcnun rolunu oynamaq istəyiniz nə zaman reallaşacaq?

- 2004-cü ildən Opera Teatrında çalışıram. İlk rolum "Leyli və Məcnun" operasında İbn Səlam  obrazı oldu. 2006-cı ildə isə "Şah İsmayıl" operasında Şah İsmayıl, "Natəvan"da Aşıq və Xanəndə rollarını, "O olmasın, bu olsun" musiqili komediyasında Xanəndəni oynamışam. Bu tamaşalar yenə də repertuardadır. Məcnun rolunu oynamaq istəyimə gəlincə, hər şey mənim fizionomiyamdan asılıdır. Demək olar ki, Məcnun obrazını özüm üçün hazırlamışam. Teatrın rəhbərliyi nə zaman məsləhət görsə, onda da oynayaram. Amma bunun üçün ilk növbədə zahirən Məcnun obrazına uyğun gəlməliyəm. Uzun illər peşəkar idmanla məşğul olduğuma görə zahiri parametrlərim bu obraza bir qədər uyğun gəlmir. Ancaq bu obraza uyğunlaşmağı qarşıma məqsəd qoymuşam. Hazırda Opera və Balet Teatrı mövsümi tətildədir. Məcnun rolunun məşqləri də yarıda qalıb. Həmçinin Aşıq Qəribi oynamaq üçün təklif almışam.  İnanıram ki, bu arzularım yaxınlarda reallaşacaq.

 

Sənətdə zirvə olmur

 

- Səhnədə solist kimi çıxış etməklə xanəndə kimi çalışmağın hansı fərqləri var?

- Xanəndə kimi qavalla özün-özünü müşayiət edirsən. Opera səhnəsində çıxış etmək isə daha çətindir. Həm oxumalı, həm aktyor kimi oynamalısan. Opera səhnəsində xanəndə kimi oxumursan. O səhnənin tələbləri başqadır. Opera Teatrında işləmək həm də böyük şərəfdir.

- Siz xarici ölkələrdə çox olursunuz. Öz tamaşaçılarımız, yoxsa əcnəbilər qarşısında daha çox məsuliyyət hiss edirsiniz?

- Təbii ki, tamaşaçılar fərqlidir. Bizim tamaşaçılar illər boyu rəngarəng səslər eşidiblər. Ustad sənətkarları dinləyiblər. Bu xalq Cabbarı, Xanı, Seyidi, İslamı, Yaqubu, Arifi, Mənsumu görüb. Onlar səsə qiymət verməyi bacarırlar. Bu baxımdan bizim tamaşaçılarımız qarşısında oxumaq daha məsuliyyətlidir. Ustadlarımızın belə bir sözü var: çalışıb həmişə formada olmaq lazımdır. Ola bilər ki, 20 il yaxşı oxuyasan, amma bir dəfə pis oxumaqla tamaşaçının gözündən düşə bilərsən. İfaçı hansı səhnədə ifa edəcəksə - fərqi yoxdur, ya doğma səhnədə, ya da xaricdə, o, həmişə formada olmalıdır. Bəzən ifa edən zaman zalda oturan hansısa bir tamaşaçının ağladığını görürsən. Başa düşürsən ki, bu, sənətin, muğamın gücüdür. Amerikada olduğum bir ay müddətində belə hallarla çox qarşılaşdım. "Musiqini tanıtım" proqramı ilə Amerikanın bir çox ştatında oldum. Yalnız səfirliyin Vaşinqtonda təşkil etdiyi konsertdə tamaşaçılar içərisində azərbaycanlılar var idi. Ayrı-ayrı ştatlarda verdiyimiz konsertlərdə isə heç bir azərbaycanlı dinləyici görmədik.  Onlar bizim muğamlarımızı eşidib heyrətə gəlirdilər.

- Hazırda dünyada bir çox beynəlxalq musiqi festivalları keçirilir. Belə müsabiqələrə heç dəvət almısınızmı?

- Hələ ki, xaricdə keçirilən bu cür festivallara dəvət almamışam. Onu da deyim ki, mən Bakıda keçirilən beynəlxalq muğam festivalını çox yüksək qiymətləndirirəm. Bu festivalda dünyanın bir çox ölkəsindən olan musiqiçilər iştirak edirdi. Onların əksəriyyəti nüfuzlu və istedadlı musiqiçilər idi. Zalda dünyada muğamın tədqiqi ilə məşğul olan insanlar oturmuşdu. Onların qarşısında oxumaq çox çətin idi. Bizim ifamızı eşidib çox yüksək fikirdə oldular. Nümayəndələr ifaçılarımıza heyranlıqlarını gizlətmədilər. Bizim ölkədən 5 ifaçı bu müsabiqəyə qatılmışdı və hamının ifası gözəl idi. Belə ifaçılar arasında Qran-pri mükafatına layiq olduğum üçün sözün düzü, gözlərimə inanmadım. 10-15 gün ondan əvvəl isə mən öz tanınmış sənətkarlarımızdan qiymət alaraq Ümumrespublika müsabiqəsinin qalibi olmuşdum. Bu, beynəlxalq müsabiqəyə keçid xarakteri daşıyırdı. Elə böyük sənətkarlardan yüksək qiymət almaq mənim üçün fəxrdir. İki müsabiqənin qalibi kimi tamaşaçılar məni tanıdı. Bu sənət bir növ idman kimidir. Üzərində müntəzəm məşğul olmasan, yadırğaya bilərsən. Muğamları, xalq mahnılarını bilməlisən, musiqi tarixinə bələd olmalısan. Qazanmaq asandır, ancaq onu qoruyub saxlamaq çətindir. Müsabiqələrin qaydası var: yerlər müəyyənləşdirilməlidir. Ancaq ilk pillədə muğamımız durur. Bu sənətdə kim özünə birinci desə, o, yanlış düşünür. Muğam sənəti elədir ki, daim öyrənməlisən. Sənətdə zirvə olmur.

 

Sanki muğamımız ölmüşdü

 

- Sənət aləmində - fərqi yoxdur, istər kino olsun, istərsə də teatr,   bəzən cavanlar gileylənirlər ki, yaşlı nəsil öz yerini onlara üzdə versə də, içdə vermirlər. Musiqi aləmində vəziyyət necədir?

- Ola bilər qısqananlar olsun. Belə bir qısqanclıq hər bir sahədə var, həmişə də olacaq. Ancaq onu deyə bilərəm ki, həmişə ustad sənətkarlarımızdan, xanəndələrimizdən xoş sözlər eşidirik, onlar bizə düzgün istiqamət göstərirlər. Bizə deyirlər ki, “çalışın muğam sənətinin sirlərinə mükəmməl yiyələnin. Siz bizim muğam sənətini gələcəkdə yaşadacaqsınız”. Biz də bu tövsiyələrin məna yükünü yaxşı başa düşürük və səylə çalışırıq.

- Bu sənətdə eyni musiqini oxuyub, ancaq öz yolu olmaq nə deməkdir?

- Muğamlarımız eynidir, ancaq hər ifaçı özünə uyğun tərzdə oxuyur. Elə xanəndələr olub ki, bu sənətdə izini qoyub gedib. Elə böyük sənətkarlarımız var ki, həmişə onların ifasından bəhrələnirik. Onların öz yolu olub. Biz də çalışmalıyıq ki, öz yolumuz olsun.

- Şəxsən özünüz kimin ifasını çox xoşlayırsınız, kimə daha çox qulaq asırsınız?

- Uşaq vaxtlarında dədə-babamın qulaq asdığı Arif Babayev, Yaqub Babayev, Şahmalı Kürdoğlu, Qədir Rüstəmov, Xan Şuşinski idi. Mən də onların muğamlarının sədası altında böyümüşəm. Daim qulaq asmışam, bu gün də qulaq asıram. Təbii ki, bir də dərslərini dinlədiyim müəllimim Mənsum İbrahimova qulaq asıram.

- Muğamı dinləmək üçün yaş həddi varmı?

- Belə bir deyim var ki, muğamı yetkin beyin qəbul edir. Bu fikirdə həqiqət var. İnsan yaşa dolduqca muğama daha çox meyl edir. Mühitdən də çox şey asılıdır. Ancaq elə ahıl adamlar da tanıyıram ki, heç muğam eşitməyiblər. Birmənalı surətdə bildirirlər ki, muğam xoşumuza gəlmir. Ancaq 15-20 yaşında elə gənclər də var ki, hansısa muğamı ifa etməyi xahiş edirlər. Bir də burda təbliğat rol oynamalıdır. Son illər dövlətimizin qayğısı sayəsində muğama diqqət çoxalıb. Televiziya ekranlarında muğamın ifasına geniş yer ayrılır, müsabiqələr keçirilir və xalq bütün bunları görür. Onlar da qədim musiqimizi sanki yenidən sevməyə başlayırlar. İlk muğam müsabiqəsi ölkəmizdə sanki bir partlayış yaratdı. Ustadlarımız həmişə deyirlər ki, sanki muğamımız ölmüşdü, təzədən dirildi. Ancaq bu, təbii bir haldır ki, hər bir insan istədiyi musiqini dinləyə bilər.

 

Muğamatdan ayrı düşsəm...

 

- Deyirlər ki, toylar ən böyük konservatoriyadır. Siz də bu məktəbdən bəhrələnirsiniz?

- Bu fikir düz deyil. Konservatoriya elə konservatoriyadır. Orada ustad qarşısında oturub muğamın xırdalıqlarını öyrənirsən. Xanəndənin sırf bişməyi üçün məktəb ona tədris verir. O zaman Üzeyir bəylə ustad sənətkarlarımız muğamın tədris sistemini sadələşdiriblər. Hansısa muğamın 35-40 şöbəsi varmış və tamaşaçının onu dinləməyə hövsələsi çatmırmış. Bu təhsil ocağında bütün bu sirləri öyrənirsən. Toy isə xanəndənin bir qədər mükəmməlləşməsində, özünə arxayın olmasında rol oynayır.

- Siz də deyirsinizmi, “muğamatdan ayrı düşsəm ölərəm?

- Muğam artıq həyatımın bir hissəsidir. Əvvəllər yaşlı sənətkarlardan “muğamatdan ayrı yaşaya bilmərəm” sözlərini eşidəndə mənə qəribə gəlirdi. Amma indi bu sözlərin mənasını dərk edirəm. Muğamat məni xalqa tanıdıb, sevdirib. Əgər mən özüm bu sənəti sevməsəydim, qarşılığını da görməzdim. Ona görə mən də deyirəm ki, həyatımı muğamatsız təsəvvür eləmirəm. Sənətdə olmaq əzmkarlıq tələb edir. Muğam çətin bir janrdır. Əsas odur ki, bu sənətdə ola-ola unudulmayasan, ölməyəsən, xalqın yaddaşında qalmağı bacarasan.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi. -2010. -27 avqust. –S.12.