180 yaşlı məktəb
Azərbaycanda ilk dünyəvi təhsil
ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli
orta məktəbin 180 yaşı tamam olur
Dekabrın 30-da Azərbaycanda ilk dünyəvi təhsil ocaqlarından olan Şuşa şəhəri 1 nömrəli orta məktəbin 180 yaşı tamam olacaq. Bu münasibətlə prezident İlham Əliyev təhsil ocağını təbrik edib, onun bir neçə müəllimini təltif edib. Məktəbin milli təhsil sisteminin inkişafına və maarif-mədəniyyət tariximizə dəyərli töhfələr verdiyini xüsusi vurğulayan dövlət başçısı qeyd edib ki, ədəbi-ictimai fikrimizin bir çox görkəmli simalarının təhsil aldıqları bu tədris müəssisəsi yarandığı vaxtdan bəri ölkəmizdə mütərəqqi fikirli yeni ziyalılar nəslinin və milli kadrların yetişməsində, mədəni-maarifçilik hərəkatının geniş vüsət qazanmasında təqdirəlayiq xidmətlər göstərib. Şuşa şəhər məktəbi maarifpərvər insanların fədakar əməyi sayəsində uzun illər respublikamızın zəngin təcrübəyə malik bir ümumtəhsil ocağı olaraq tanınıb. Burada vaxtilə görkəmli alimlər, mədəniyyət və incəsənət xadimləri təhsil alıblar. Məktəbin məzunları bu gün də ölkəmizin sosial-iqtisadi, mədəni-intellektual potensialının artırılmasında bilik və bacarıqlarını əsirgəmirlər.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi zamanı Ermənistanın apardığı etnik təmizləmə siyasəti nəticəsində soydaşlarımız doğma yurd-yuvalarından didərgin salınmış, silahlı erməni quldur dəstələri tərəfindən işğal altına alınan torpaqlarımızda, o cümlədən xalqımızın iftixar mənbəyi qədim Şuşada iqtisadi və sosial infrastruktur büsbütün dağıdılıb. Şuşa şəhəri 1 nömrəli orta məktəb 1992-ci ildən Bakı şəhərində məskunlaşmaq məcburiyyətində qalıb.
Birsinifli məktəbdən möhtəşəm tədris müəssisəsinə çevrilən Şuşa məktəbi
Qocaman təhsil ocağı uzun və şərəfli inkişaf yolu keçərək birsinifli məktəbdən möhtəşəm tədris müəssisəsinə çevrilib. Məktəb 1830-cu il dekabrın 30-da fəaliyyətə başlayıb. Şuşa qəza məktəbi dövlət idarələri üçün qulluqçular, ilk növbədə isə Azərbaycan və rus dillərinə tərcüməçilər hazırlamaq məqsədilə açılmışdı. Burda təhsil alanların böyük əksəriyyəti bəy və tacir balaları idi. Məktəb Şuşada olan Bazel alman missionerlərinin Yevageli cəmiyyəti tərəfindən pulsuz olaraq bir il müddətinə verilmiş binada yerləşirdi. İki sinif otağından əlavə, burda iki müəllimin yaşaması üçün də yaxşı şərait yaradılmışdı. Məktəbin illik xərci əskinas ilə 3800 manat idi və xəzinədən ödənilirdi. Yeni bina tikmək üçün yerli əhali gümüş pulla 5235 manat 16 qəpik pul toplamışdı. Şuşa qəza məktəbinin birinci sinfinə birinci il 19 şagird qəbul olunmuşdu. Lakin ildən-ilə şagirdlərin sayı artaraq 1833-cü ildə 27, 1834-cü ildə 44 nəfərə çatmış və ikinci sinif də açılmışdı. Rusiyadan Zaqafqaziya Məktəblər Direktorluğunun sərəncamına göndərilmiş titulyar müşavir Nikolay Mixaylovski məktəbin ilk müəllimi və ştat üzrə nəzarətçisi təyin edilmişdi. Tədris planına şəriət, qiraət, hüsnxətt, hesab, rus dili və Azərbaycan dili daxil idi. Bu fənlərlə yanaşı, kənd təsərrüfatı kursu keçilir və bağçılıq öyrədilməsi də nəzərdə tutulurdu. Açılış münasibətilə məktəbə ilk oxu üçün bəzi kitablar ianə edilmiş, bundan əlavə, Zaqafqaziya Məktəblər Direktoru Tiflis gimnaziyasından pulsuz olaraq bir sıra dərslik və tədris vəsaiti göndərmişdi. Şagirdlərin sayına görə bu məktəb bütün Zaqafqaziyada birinci yeri tuturdu. 1865-ci ildə Şuşa qəza məktəbində 240 şagird təhsil alırdı. Şagirdlərin bədii zövqünü təmin etmək və sinifdənxaric oxusunu təşkil etmək üçün Şuşa qəza məktəbində kitabxana yaradılmışdı. 1845-ci ilin məlumatına görə, məktəbin kitabxanasında 301 adda ədəbiyyat və digər tədris vəsaiti var idi. 1868-ci ildən tədris planına latın və Avropa dilləri daxil edilmişdi. Şuşa qəza məktəbində fransız dilinin tədrisi tətbiq olunmağa başlamışdı. Azərbaycanda qəza məktəblərindən bir neçəsini şəhər məktəbinə çevirmək fikri meydana çıxmışdı. Azərbaycanda ilk ümumtəhsil ocağı olan Şuşa qəza məktəbi 1874-cü ildə Zaqafqaziyada şəhər məktəblərinin ilk qaranquşu oldu və Şuşa şəhər məktəbinə çevrildi. Beləliklə, Şuşa şəhər məktəbi xeyli şagirdi, kitabxanası, tədris-maddi bazası olan Şuşa qəza məktəbinin bazasında 1874-cü ildə fəaliyyətə başladı. Yeni məktəb daha yüksək tipli idi. Ona görə də pedaqoji heyətin əksəriyyəti Tiflis Aleksandriyski Müəllimlər İnstitutunu bitirənlərdən ibarət idi. Onlar xalq içərisində hörmət və nüfuz sahibi kimi tanınırdılar. Şuşa şəhər məktəbinin ana dili müəllimləri Mirzə Həsən Əmirov və Aslan bəy Əmirov məhz belələrindən idilər. Şuşada şəhər məktəbi şagird çoxluğuna görə yenə də seçilirdi. 1876-cı ildə burada təkcə I sinifdə 70, 1877-ci ildə isə 160 nəfər şagird var idi. Şuşa şəhəri XIX əsrin 70-80-ci illərində yüksək iqtisadi inkişafı ilə yanaşı ədəbiyyat və incəsənət, elm və maarifin tərəqqisi ilə də seçilirdi. 1870-ci ildən başlayaraq Şuşada teatr tamaşaları göstərilməyə başlanmışdı. 1880-ci ildən isə məktəbin nəzdində xüsusi musiqi sinifləri açılmışdı.Şuşa şəhər məktəbi müəllim hazırlığında da müstəsna rol oynayırdı. Məktəbi daha yaxşı qiymətlərlə qurtaranlar imtahan verərək ibtidai məktəb müəllimi adını ala bilirdilər. Onlardan biri də yüksək pedaqoji təcrübəyə malik Əbdüləli Muxtarov idi. Ə.Muxtarovun yüksək hazırlığını nəzərə alaraq onu 1896-cı ildə Qori Müəllimlər Seminariyası nəzdindəki Azərbaycan ibtidai məktəbinə müdir təyin etmişdilər.Şuşa şəhər məktəbinin ilk buraxılışından bir neçə nəfər 1879-cu ildə Qori Müəllimlər Seminariyasına daxil olmuşdur. Onların arasında tanınmış pedaqoq Əliş bəy Tahirov, Azərbaycan elmi-pedaqoji fikri tarixində xüsusi xidmətləri olan görkəmli ədəbiyyatşünas Firidun bəy Köçərli və tanınmış maarif xadimi Səfərəli bəy Vəlibəyov da var idi.
Dəyərli ziyalılar yetişdirən məktəb
XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəcəf bəy Vəzirov və bir çox məşhur simalar da ilk təhsillərini Şuşa (qəza) şəhər məktəbində alıblar. Məktəbin fəaliyyəti 1920-ci ilədək davam etmiş, xeyli məzun buraxıb. Bir faktı da qeyd edək ki, çox hallarda "rus-tatar" və ya digər ibtidai məktəbi bitirən gənclər şəhər məktəbində hazırlıq keçir və burada ibtidai məktəb müəllimliyinə imtahan verirdilər. Belələrindən biri də Şuşada ibtidai təhsilin təşkilatçılarından olmuş, tanınmış pedaqoq Mirzə Xosrov Axundzadə idi. Deməli, Şuşa şəhər məktəbi ehtiyaca görə müəllim kadrları hazırlamaq missiyasını da axıra qədər yerinə yetirib. Ötən əsrin 20-ci illərindən sonra isə məktəb çiçəklənmə dövrünə qədəm qoymuş, müqəddəs təhsil ocağına çevrilib. Belə ki, Şuşa şəhər məktəbi 1927-1928-ci dərs ilindən yeddi illik məktəbə çevrilib. Məktəb ümumi təhsil verməklə yanaşı şagirdləri orta ixtisas məktəblərinə daxil olmağa hazırlayırdı. Şuşa yeddiillik məktəbi respublikanın ən yaxşı təhsil ocaqlarından hesab edilirdi. 1933-cü ildən bura Şuşa yeddiillik nümunəvi məktəbi adını aldı. 1933-1934-cü dərs ilində Azərbaycanın görkəmli şairləri Mikayıl Müşfiq, Səməd Vurğun, Süleyman Rüstəm bu təhsil ocağında olublar. Şuşa yeddiillik nümunə məktəbinin bütün məzunları həyatda layiqli iz qoyublar. Süleyman Ələsgərov, Əşrəf Abbasov, Aftab Kazımova və başqaları həmin təhsil ocağının yetirmələri idilər. 1937-1938-ci dərs ilindən isə bura 1 nömrəli şəhər orta məktəbinə çevrildi. 1939-1940-cı tədris ilində 110 yaşlı məktəbin orta təhsilli ilk buraxılışı olmuşdu. 1966-cı ildə 1 nömrəli məktəbdən yeni bir təhsil ocağı - 4 nömrəli orta məktəbi yarandı. 1 nömrəli Şuşa şəhər orta məktəbi isə yeni binaya köçürüldü və burada dahi bəstəkar Üzeyir Hacıbəylinin adını daşıyaraq fəaliyyətini davam etdirdi. Həmin dövrdə Şuşada yaşayıb pedaqoji fəaliyyət göstərmiş müəllimlərin əksəriyyəti həmin məktəbin yetirmələri olmuşlar. Əməkdar müəllimlər Zəhra Məmmədova, Məmməd Zöhrabov, Nisə Şəfiyeva, Gülarə Məmmədova məktəbin həm məzunları olmuş, həm də uzun müddət doğma məktəbdə qalıb işləmişlər. Sovet dövründə məktəbin yetirmələri içərisində akademiklər Lətif İmanov, Səttar Əsədov, Paşa Rüstəmov, Cəlal Allahverdiyev, elmlər doktorları Validə Yusifzadə, Sabir Rüstəmov, Əbülfət Rüstəmov, Cəlal Şükürov, Sayalı Tağıyeva, Əkbər Ağayev, Kamran Məmmədov, Sovet İttifaqı Qəhrəmanı Xəlil Məmmədov və başqalarının adlarını iftixarla çəkmək olar. Təhsil ocağı öz kadrları ilə həqiqətən fəxr etməyə layiqdir. Yubilyar məktəbin məzunlarının fəaliyyət dairəsi çox genişdir. Onlar Bakıda, Moskvada, Kiyevdə və digər şəhərlərin elmi laboratoriyalarında çalışırlar. Onlardan biri də Ukrayna Milli Elmlər Akademiyasında şöbə müdiri işləyən texnika elmləri doktoru, professor Nadir Əlişovdur. Elm sahəsində əldə etdiyi nailiyyətlərə görə onun adı akademik B.Y.Patonla, J.K.Paxodiya ilə yanaşı çəkilir. 1 nömrəli orta məktəb yarandığı vaxtdan 1992-ci ilin may ayınadək Şuşa şəhərində öz fəaliyyətini fasiləsiz olaraq davam etdirmişdir. Məktəbdə hər cür avadanlıqla təmin olunmuş 24 fənn kabineti və laboratoriyası, 2 linqafon kabineti, maşınşünaslıq kabineti, gənclərin çağırışaqədərki hazırlıq kabineti, zəngin kitabxana, geniş idman, akt zalı, yeməkxana və sairə fəaliyyət göstərirdi. Məktəb mərkəzi istilik sistemi ilə təmin olunmuşdu.
Ötən əsrin 80-ci illərində Şuşa 1 nömrəli orta məktəbini bitirən gənclərdən 6 nəfəri qızıl, 7 nəfəri isə gümüş medala layiq görülüb. Şəhərin ermənilər tərəfindən işğalından sonra məktəbin şagird və pedaqoji kollektivi respublikamızın müxtəlif rayonlarında müvəqqəti məskunlaşsalar da, bu və digər məktəblərimizin şagirdləri və müəllimləri cəlb olunmaqla yenidən təşkil edilmiş və 1992-ci ildən indiyədək Bakı şəhəri Yasamal rayonu 38 nömrəli orta məktəbin binasında, onun maddi-texniki bazasından istifadə etməklə ikinci növbədə fəaliyyət göstərir. Hazırda məktəbdə 103 şagird təhsil alır. Bu məktəbin müəllimləri gənc nəslin vətənpərvər ruhda böyüməsi üçün bütün qüvvələrini səfərbər edirlər. Son on ildə məktəbin 50-dən çox məzunu respublikanın müxtəlif ali məktəblərinə daxil olmuşlar. Məzunlardan xarici ölkələrin ali məktəblərində təhsilini davam etdirənlər də var.
Azər Nuriyev
Material
KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində
hazırlanıb.
Kaspi.- 2010.- 8 dekabr.- S. 8.