Bənzərsiz səs sahibi 

 

Dekabrın 14-də görkəmli müğənninin 95 illik yubileyidir. Həmin gün Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq

 

Onu bu gün də nəinki doğma Azərbaycanda, eləcə də dünyanın əksər ölkələrində yaxşı tanıyır, sevirlər. Şirin və ecazkar səsi neçə on illərdir ki, milyonlarla dinləyicini ovsunlayır. O, bütün bəşəriyyət üçün oxuyurdu. Ölkəmizi dünyada tanıdırdı. Dünya vokal sənətinin ulduzu Rəşid Behbudovun çəkildiyi və səsi yazılmış bədii və sənədli filmlər ekranlarımızda dəfələrlə göstərilməsinə baxmayaraq, tamaşaçılar onu hər dəfə maraqla qarşılayır, ekran qəhrəmanlarına sevə-sevə baxırlar.

 

Bir nəslin möcüzəsi

Deyirlər, musiqi həmin yerdə elə-belə kök salmır. İnsanların daha çox soy-kökə, torpağa, sənətə bağlı olduğu yerlərə tutur üzünü. Onların ailəsinin də dərin musiqi kökləri olub. Atadan oğula, oğuldan övlada irsən keçib bu istedad. Onların hər biri xalqı öz musiqisinin arxasınca aparmağı bacarıb. Minlərin, milyonların ürəyini əvəzsiz ifaları ilə fəth edə bilib. Behbudovlar nəsli zaman-zaman musiqi sənətimizə başucalığı gətirib, onun dünyada tanınmasına kömək edib. Babasının Şuşada bəzzaz dükanı vardı. Atası Məcid cavanlığında, hələ Qarabağda yaşadığı vaxtlarda arşın malı satar, başsız qalmış ailəni dolandırardı. Gənc Məcid varlı xanımların malikanəsinə arşın malı aparanda şəhərin küçələrində "Ay arşın malı alan"- deyə "Segah" və "Bayatı" üstündə oxuyar, xoş səsi ilə müştərilərin diqqətini cəlb edərdi. Ancaq tale onunla bir zarafat etdi. O, arşınmalçılığın daşını atıb xanəndə oldu. Məcid Qafqazda xalq mahnılarının mahir ifaçısını çevrildi. Onda bilmədi ki, tale bu zarafatı bir də təkrarlayacaq, haçansa oğlu da "arşınmalçı" olacaq. Həyatda qəribə təsadüflər olur. Neçə onillərdən sonra Məcidin oğlu Rəşid atasının hərəkətlərini bir aktyor kimi ekranda təkrar edir və onun qəhrəmanı tacir Əsgər də Gülçöhrəyə bir könüldən min könülə vurulur, sonra onu götürüb qaçır.

Qonşuları tarzən Rzabala qovaq ağacının altında salınmış palazın üstündə oturub çalardı. Məcid el havaları, muğam oxuyardı. Rəşid hər şeyi unudub dinləyərdi. Onda 7-8 yaşı vardı. Qardaşı Ənvər klarnet, bacısı Nəcibə piano çalardı. Rəşid isə nə bir musiqi aləti çalır, nə də oxuyurdu. Dərsdən gələn kimi qaçırdı bostana. Onunku gül-çiçək, qovun-qarpız tağları idi. Qızıl gülləri bir dərsə gedəndə sayardı, bir də gələndə sayardı ki, dərib-eləyən olmasın.

Bir gün böyük qardaşı Ənvər qaça-qaça gəldi ki, "Ata, xəbərin var, Rəşid oxuyur, özüm gördüm".

- Nə oxuyur, a bala, harda gördün?

- "Müctəhid bağında". Uşaqlar yığışmışdı başına. Sən oxuyan bir hava var e, onu oxuyurdu, özü də lap sənin kimi.

O gün xanəndə Məcidin kefi kök idi. Səsi yazılmış bir dəstə valı töküb qabağına ləzzətlə qulaq asırdı. Ənvər belə deyəndə qımışdı:

- Gec-tez oxumalıydı da. Mənim oğlum deyil, qadan alım!

 

Ailənin sonbeşiyi

Rəşid Tbilisidə inqilablar dövründə doğulub. Elə bir zaman idi ki, hakimiyyət əldən-ələ keçirdi. Evdən bir çox qiymətli əşyaları, bahalı qab-qacağı aparıb satır və dolanırdılar. Rəşid ailəyə heç olmasa bir az kömək etmək üçün 12 yaşından işləməyə başlayır. O, sonralar uşaqkən işləməsi haqqında belə danışırdı: "Boyca balaca, çox cəld idim. Məni nəhəng buxar qazanlarının içərisinə salır, əlimə şlanq verib qazanların ərpin təmizləməyi tapşırırdılar. Orada hərarət çox yüksək olurdu. İstidən az qala boğulurdum".

Onun əlindən çox gəlirdi. Evin hər işinə yarayırdı. Dülgərlik, çilingərlik işindən baş çıxarır, hətta əla xörək bişirirdi. Bunları nə vaxt öyrəndiyini soruşanda deyirdi: "Ailədə uşaqların ən kiçiyi mən idim, buna görə də anamın işə getməsi hamıdan çox məni narahat edirdi. Evimiz Avlobarda - təpənin üstündə idi. Mən yamac aşağı anamın dalınca qaçır və ağlayırdım. Sonra saatlarla pəncərənin qabağında oturub anamın gəlişini gözləyirdim. O, uzaqdan gələn kimi sevinə-sevinə qaçırdım. Anam həmişə xörək bişirəndə deyərdi: "Oğlum, sən bu işi görməsən də olar, ancaq öyrənsən yaxşıdır. Nə bilirsən, evlənəcəyin qız hər şeyi biləcək? Ona məsləhət verə bilərsən, öyrədərsən".

Anası Firuzə xanım 42 yaşında qəflətən vəfat etdi. O vaxt Rəşidin 16 yaşı vardı. Elə həmin illərdə o, Tbilisidə "Teo-caz" adlı kiçik caz ansamblı yaradır. O dövrdə ansamblı bütün ittifaqda məşhur olan Ayvazyan bunu görüb Rəşidi öz ansamblına dəvət edir. O, Ayvazyanın caz-bəndi ilə bütün ölkəni dolaşır. Cəbhədə konsertlər verir. Bakıda qastrol səfərində olanda burada qalmaq qərarına gəlir. Həm də ki, onun qohum-əqrəbası - Vəkilovlar burada yaşayırdı. Tezliklə Rəşidin səsi və zahiri görkəmi Bakını fəth edir. Çox keçmir ki, lap nağıllardakı kimi xoşbətlik quşu başına qonur - Rza Təhmasib onu "Arşın mal alan" filminə dəvət edir.

 

Arşınmalçı

Rəşid Behbudov 1945-ci ildə həmin filmdə Arşınmalçı rolunda çəkilir və bu film ona  əbədi şöhrət gətirir. Filmin ssenari müəllifi Sabit Rəhman "Azərbaycan kinematoqrafiyasının təntənəsi" məqaləsində aktyorun oyununu belə qiymətləndirib: "Əsgər rolu Rəşid Behbudovun oynadığı ilk roldur. Rəşid öz gözəl, lirik səsilə estrada səhnəsində SSRİ-nin bir çox şəhərlərində sevilmiş və dəfələrlə alqışlanmışdı. Əsgər onun ilk rolu olmağına baxmayaraq, Behbudovun bir kino aktyoru kimi böyük ümidlər verdiyini göstərir..."

Çəkilişlər zamanı atasının ölüm ayağında olması haqqında kinostudiyaya teleqram gəlir. O, geyimini belə dəyişmədən, qrimini təmizləmədən yol maşını ilə Qazağa tələsir. Gəlib çatanda görür ki, atası eyvanda oturub çay içir. "Mənə dedilər ki, indi sən məşhur müğənni olmusan, kinoda çəkilirsən. Mən də yoxlamaq istədim görüm, düzdür, ya yox".

Bu hadisədən bir az sonra ikinci teleqram gəlir. Bu dəfə atası həqiqətən vəfat etmişdi.

Rəşid Behbudov bu filmdən sonra qısa bir vaxt ərzində məşhurlaşır, eyni zamanda, Azərbaycanı bütün dünyaya tanıtdırır. Bir fin tamaşaçısı filmdən aldığı təəssüratı baş rolun ifaçısı R.Behbudova: "Azərbaycanlılar nə gözəl xalqdır..."-deyə bildirib.

Rəşid Behbudov söhbətlərinin birində demişdi: "Mən dünyanın hər hansı bir ölkəsində konsert proqramı ilə çıxış edəndə tamaşaçılar məni hər şeydən əvvəl "Arşın mal alan" filminin qəhrəmanı tacir Əsgər kimi alqışlayırdılar". Doğrudan da, filmdə ifa olunan, dünya ekranlarında məharətlə səslənən mahnı uzun illər müğənninin "vizit vərəqəsinə" çevrilir. Film 50 ölkədə nümayiş etdirilir.

"Arşın mal alan"ın ekranlara çıxmasının 40 illiyi münasibətilə Bakının "Bahar" yay kinoteatrında keçirilən təntənəli gecədə R.Behbudov Çin dilində Əsgərin ariyasını özünəməxsus ustalıqla oxuyur, sonra çıxış edərək: "Filmin yubileyini biz sovet kinosu günündə bayram edirik. Fikrimizcə, bu, təsadüfi deyil, çünki "Arşın mal alan" - Azərbaycan kino sənətinin əsl, keçən on illər ərzində solmayan və həmişə yaşayacaq bayramıdır. "Arşın mal alan" Azərbaycan kinosunun bütün dünyada bayrağı oldu. Bizim "Arşın mal alan" dünya ölkələrinin ekranlarını gəzdi. Çox vaxt öz konsertlərimlə filmin arxasınca getməli olurdum və Əsgər mənim ən gözəl "vizit vərəqəm" idi"-deyir.

R.Behbudovun Azərbaycan milli kinematoqrafiyasının inkişafında xidmətləri təkcə "Arşın mal alan" kinokomediyası ilə bitmir. O, həmçinin "Bəxtiyar" filmində, "1001-ci qastrol", "Doğma xalqımıza", "Toyda görüş", "Abşeron ritmləri" film-konsertlərində və bir çox sənədli filmlərdə və kinojurnallarda çəkilib.

1951-ci ildə Rəşid Behbudov Çinə qastrol səfərinə gedir. Azərbaycanlı müğənni Sovet İttifaqından gəlmiş ilk sənətçi idi. Çində "Arşın mal alan" filmi "Örtüksüz məhəbbət" adı ilə nümayiş etdirilərək çox məşhurlaşmışdı. Ona görə də Rəşid Behbudovu orada hamı tanıyırdı.

Məşhurluq onu addımbaşı izləyirdi. "Bəxtiyar" filmi isə bu populyarlığın yeni dalğası idi. Üstəlik, Tofiq Quliyevin mahnıları, solo konsertlər, laureatlıq...

 

Onu hər yerdə sevirdilər

Müğənni Mahnı Teatrı yaratmaq fikrinə düşür. O, Azərbaycan Böyük Dövlət Konsert Ansamblı ilə qastrollara getməyə başlayır. Sonradan bu ansambl Mahnı Teatrına çevrilir. Bu, SSRİ-də ilk belə teatr idi. Həmin ansamblla o, 56 ölkəni gəzib, Mərkəzi Amerikadan başqa dünyanın hər yerində olub. Bəzi ölkələrdə ansambl bir neçə dəfə, təkcə Hindistanda isə 6 dəfə qastrol səfərində olub. O, xarici ölkələrdə verdiyi konsertlərdə yerli xalqların dilində oxuyur, heyrət nidaları və alqışlarla qarşılanırdı. R.Behbudovun özünün çəkdiyi və filmə daxil edilmiş kinoxronikadan aydın olur ki, İran səfəri zamanı verdiyi konsertlərdən yığılan vəsaiti Tehranda Gənclər evinin konsert salonunun tikintisinə hədiyyə edir. İran gənclər naziri çıxışında bildirir ki, 1962-ci ildə Tehranda dəbdəbəli konsert kompleksi vaxtilə onun şərəfinə "Rəşidiyyə" adlandırılıb.

"Mən İranda ilk qastrol səfərində olarkən çox varlı, məşhur adamlardan birinin evində qonaq oldum" - deyə R.Behbudov sonralar öz həyat yoldaşına danışıb: "Mənim soyadımı eşidəndə ev sahibəsi o saat soruşdu: "Sən kimin oğlusan?" Mən kim olduğumu söyləyəndə, o ağladı. Sən demə, qadın vaxtilə onun toyunda oxuyan xanəndənin oğlunu gördüyündən kövrəlibmiş".

Çilidə olarkən R.Behbudov bir çox şəhərlərdə konsertlər verir. Hətta partizanlar onu öz kollektivi ilə birgə dağlara aparırlar. Burada R.Behbudov və onun həmkarları 4200 metr hündürlükdə konsert verir, antraktlarda isə isti çay içmək əvəzinə oksigen yastığı ilə nəfəs alırdılar. Həmin səfərdə iştirak edən Boris Brunovun dediyinə görə, üç ay ərzində kollektiv tərəfindən 85 konsert verilib və həmin konsertlərdə bir neçə yüz min tamaşaçı iştirak edib. R.Behbudov Çilidə Milli Qəhrəman Viktor Xara ilə tanış olur və onlar birlikdə mahnılar ifa edirlər. O vaxt, yəni 1973-cü ilin sentyabrında Çilidə hərbi çevriliş baş verir. Hərbi xunta hakimiyyət başına gəlir. Gözəl gitaraçalan Viktor Xaranın hər iki qolunu kəsirlər. Rəşid və onun kollektivi uzun müddət ölkədən çıxa bilmir. Sovet hökuməti işə qarışandan bir neçə ay sonra Rəşid Behbudov öz kollektivi ilə birgə vətənə qayıda bilir.

 

Qızların sevimlisi

Rəşid Behbudov binoklu əlinə götürüb eyvanda durar və həyətlərindən keçib gedən tələbə qızlara tamaşa etməyi xoşlayarmış. Günlərin birində Tibb İnstitutunun tələbələri arasında bir qız görür və ürəyində arzu tutur: "Əgər ad günümdə bu qızla tanış olsam, onunla evlənəcəyəm". Bir neçə gün sonra Rəşidlə qonşuluqda yaşayan Dürdanə xanım - Fikrət Əmirovun anası həyətə enir və "Bir dəqiqə sizi olar?" - deyə qızı saxlayır. Bu zaman məlum olur ki, onlar az qala qohumdurlar. Dürdanə xanım qızı evə dəvət edir. Rəşid dərhal öz niyyətinin ciddiliyini açıq bildirir. Artıq yanvarın 1-də Fikrət Əmirovun "Sevil" operasının premyerasında o, qızın valideynləri ilə tanış olur. Finlandiyaya və Hindistana səfərləri zamanı qıza tez-tez zəng edir və məktub yazır. Qayıtdıqdan sonra isə onunla evlənmək istəyini rəsmi bildirir. Aralarında 19 yaş fərq olmasına baxmayaraq onlar evlənirlər. Ceyran xanım Rəşidin ona olan hisslərinə inanırdı.

 

Laqeydlik

Dekabrın 14-də görkəmli müğənninin 95 illik yubileyidir. Həmin gün Rəşid Behbudovun doğum günü qeyri-adi şəkildə qeyd olunacaq. Belə ki, xalq artistinin yubileyi ilə əlaqədar Bakıda fleşmob təşkil olunacaq. Belə ki, paytaxtın mərkəzi məkanlarından birində eyni anda onlarla gənc Rəşid Behbudovun ən yaddaqalan mahnılarını ifa edəcək. Müğənninin yubileyinin qeyd olunması rəsmi dairələrdə unudulsa da, sadə insanlar yenə də heç zaman qulaqlarından çəkilməyən sehrli səsi yenidən eşidəcək, bu ecazkarlığı qəlblərinə köçürəcəklər.  Axı o, xalqın dilində oxuyurdu...

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 14 dekabr.- S. 9.