“Biz yol ayrıcındayıq” 

 

Azərbaycan tamaşaçısının teatra olan məhəbbətini hansı yollasa tərgitmişik

 

Ölkə teatrları yeni bir sınaq mərhələsindədir. Aparılacaq islahatlar birmənalı qarşılanmır. Baş verəcək yenilikləri dəstəkləyənlərlə yanaşı qəbul etməyənlər də var. Bununla belə, teatrların yaradıcı heyəti, xüsusən Akademik Milli Dram Teatrın kollektivinin narahatçılığının necə başa çatacağı naməlumdur. 

Teatrın rejissoru, Xalq artisti, professor Ağakişi Kazımov yaşanan mərhələni “keçid dövrü” kimi xarakterizə etdi.

 

İslahatların narahatçılığı

- Quruluş verdiyiniz tamaşaları «Azdrama»nın səhnəsində görməyə alışan tamaşaçıları rejissor Ağakişi Kazımov yaxın zamanlarda hansı tamaşa ilə sevindirəcək?

 

- Əgər tamaşaçılar məni yaddan çıxarmayıblarsa və tamaşalarımı gözləmək istəyirlərsə bu, bir çox amillərdən asılı olacaq. Prezident İlham Əliyev "Azərbaycan teatrı 2009-2019-cu illərdə" Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb. Bu sənədə əsasən teatrlarda islahatlar keçirilməlidir. Teatrların hamısı təzədən növbə ilə buraxılmalı və yenidən yığılmalıdır. Ömrünün 60 ilini teatra həsr edən canlı şahid kimi deyirəm ki, kollektivin tərkibini təzələmək, yeni qüvvələrlə gücləndirmək üçün ilk növbədə əyalət teatrlarından başlamaq lazımdır. Axırıncı islahatlar isə Akademik Milli Dram Teatrında keçirilməlidir. Məncə islahatları Qazax, Naxçıvan, Lənkəran teatrlarından üzü bəri başlamaq və sonda ana teatra yaxınlaşmaq lazımdır. Teatr oturub gözləməməlidir. O adamlar ki, işdən çıxa biləcəkləri barədə narahat olublar, onlar əslində bu gün işləməli, özlərini göstərməlidirlər. İşləməyəndən sonra aktyorun istedadını necə müəyyənləşdirmək olar? Necə demək olar ki, filankəs istedadlı, filankəs istedadsızdır? Əgər bu islahatlara başlasalar, mənə elə gəlir ki, onun mənfi tərəfləri çox olacaq. Ona görə ki, az-çox işi bilən aktyorların çoxu «Azdrama»ya toplanıb. Dünya teatrlarında belə vəziyyət yoxdur. Moskvada Böyük Teatrı, Kiçik Teatrı buraxıb təzədən yığmırlar. İş gedə-gedə yenidən yığırlar. Parisdə Komedi Franseni, Qrand Operanı, İngiltərədə  Memorial Teatrının kollektivini  buraxıb yenidən yığmırlar. Eyni zamanda, Azərbaycan Akademik Milli Dram Teatrını, Opera və Balet Teatrının kollektivini təzədən buraxıb yığmaq olmaz. İş gedə-gedə yeni bir variant tapılmalı və həmin qüvvələrlə kollektivin yaradıcılıq qüvvəsi möhkəmləndirilməlidir.

- Düşünürsünüz ki, bu prosesdə hansısa daha yaxşı qüvvələr kənarda qala bilər?

 

- Qüvvə var ki, kənarda da qala? Nə qüvvə varsa, o da «Azdrama»dadır. Belə bir qərar çıxarılıb ki, rejissorlar ümumiyyətlə, işdən getməlidir. Teatrlarda 20-ci əsrin nailiyyəti rejissor nailiyyətidir. Bu faktın danılmaz olduğu bütün dünyaya sübut olunub. Qərara görə, bizim rejissorların hamısı buraxılacaq; lazım gəlsə xaricdən rejissorlar dəvət olunacaq. Mən bilmək istəyirəm, xaricdən dəvət olunacaq rejissor bizim teatrların durumunu, milli ənənəmizi, aktyorların potensialını bilə biləcəkmi? Tutaq ki, Lənkəran Teatrında hansısa bir tamaşanı qoymaq lazım gəlsə, hər hansı bir rejissoru çağırıb deyəcəklər: «Gedib həmin teatrda filan tamaşanı səhnələşdirmək istəyirsənmi Getmək istəyən gedəcək, istəməyən yox. Bu qərar rejissorları bir sinif kimi ləğv etmək deməkdir. İşin dərinliyinə getmək lazımdır. İslahat gərək aşağıdan başlasın. Tutaq ki, xaricdən gələn rejissor tamaşanı səhnələşdirib çıxıb getdi. Sonradan tamaşanın yaşaması, hər hansı bir aktyorun yenidən tamaşaya daxil edilməsi və s. problemləri həll etmək üçün bu işlə kim məşğul olacaq? Təbii ki, bu, direktorluq iş deyil. Təbii ki, bu məsələlər çox böyük narahatlıq yaradıb.  Ona görə də mən bunları deməyə bilmərəm. Sabah deyərlər ki, tutaq ki, cavanlar işlərini itirəcəklərindən qorxduqları üçün danışmırlar, bəs yaşlılar niyə susub? Ona görə də bu sözləri ilk dəfə sizə danışıram.

- Sizcə danışmaqla nəsə dəyişilə bilərmi?

 

- Yox... İnanmıram ki, sizə danışdıqlarım haqqında məqalə yazmaqla dünyada nəsə dəyişəcək. Heç nə dəyişməyəcək. Sadəcə, bunlar gərək sınağı özləri hiss etsinlər. Mən çox adamlara psixoloji şikəstlik gəlməsindən qorxuram. Çünki mən özüm aktyor olmuşam. Bu sənətin içində olduğumdan aktyorların nə qədər incə qəlbli olduqlarını yaxşı bilirəm.

 

Tamaşaçını necə qaytaraq?

- «Azdrama» tərk edən rejissorlardan biri qəzetimizə müsahibəsində müqavilə ilə işləməyin daha sərfəli olduğunu bildirdi.

 

- Bu problem ortaya atılanda ilk razılıq verənlərdən biri mən olmuşam. Ancaq bir anlıq fikirləşin, nə əyalət teatrları, nə də buradakı teatrların bir-birinin işindən xəbəri yoxdur. Tutaq ki, rejissor dəvət etmək lazımdır. Kim çağıracaq və kimi çağıracaq?  Əgər o məsələ obyektiv olarsa, əlbəttə, bunun xeyri var.

- Demək istəyirsiniz ki, burada simpatiya rol oynaya biləcək?

 

- Əlbəttə ki, belə olacaq. Çağırıb deyəcəklər ki, filan yerdə tamaşa qoymalısan. Tamaşanın qiyməti budur, filan müddətdə də başa çatmalıdır. Ola bilsin ki, biri razılıq verəcək, biri yox. Bilmirəm, bəlkə də bu işdə bir xeyir var. Biz yalnız narahatlığımızı bildiririk, şikayət etmirik.

- Təbii ki, bütün islahatlar birmənalı qarşılanmır. Eləcə də aktyorların, rejissorların narahatlığı başadüşüləndir. Bəs bu proseslərin tamaşaçıya hansı ziyanı ola bilər?

 

- Prezidentin sərəncamında da tamaşaçıların teatra cəlb olunması haqqında müddəa var. Məndən başqa bu barədə hələ danışan yoxdur. Bunun üçün xüsusi proqram hazırlanmalıdır. 2019-cu ilə qədər Azərbaycan teatrlarının tamaşaçı problemini həll etmək üçün Mədəniyyət və Turizm Nazirliyi ilə Təhsil Nazirliyi arasında bir anlaşma protokolu yaranmalıdır. Məktəblər elə bu gündən teatrlara bağlanmalıdır. Mən təklif etmişəm: «Gəlin, Qobustanda turistlər üçün işıq və səs teatrı yaradaq. Biz axşamlar İçərişəhərdə  tarixi dramlar oynaya bilərik. Açıq səma altında göstərilən bu tamaşalara həm öz tamaşaçılarımız, həm də turistlər tamaşa edə bilər. Eləcə də Gəncə Qapıları qarşısında, Şəki Xan Sarayının içərisində və qarşısında, Lənkəran Qala divarlarının yanında, Naxçıvandakı Əcəmi seyrəngahında tamaşalar qurmaq olar. Bunlar tamaşaçını cəlb etmək üçün lazımdır. Bu yaxınlarda Bakıda keçirilən Beynəlxalq Teatr Konfransında qeyd olundu ki, bir biletin qiyməti orta əmək haqqının bir faizi qədər olmalıdır. Estoniyadan gələn nümayəndələr öz ölkələrində belə olduğunu vurğuladılar. Elə etmək lazımdır ki, vaxtilə Yunanıstanda, Orta Əsrlərdə və 20-ci əsrin əvvəllərində olduğu kimi tamaşaçı teatra bir ritual kimi baxa bilsin. Mən də istərdim ki, teatr biletinin qiyməti əmək haqqının bir faizinə bərabər olsun. Ancaq bu biletə tamaşa, 2 nahar, tamaşanın müzakirəsi və tamaşanın ikinci dəfə oynanılması aiddir. Təsəvvür edin, bunun rezonansı necə ola bilər! Əlbəttə, bunu teatr özü edə bilməz. Bunun üçün bizim şirkətlər, nazirlik var. Qabaqcadan təşkilatçılıq olmalıdır. Əvvəldən deyilməlidir ki, məsələn, Şəki Xan Sarayının divarları qarşısında tamaşa olacaq və tamaşaçını ora yığmaq lazımdır. Bəs tamaşaçını necə qaytaraq? İndi tamaşaçı istehlakçı olub. «Mənə nə verəcəksiniz, mən teatra gəlim deyə maraqlanır. Bu, kampaniya çərçivəsində həyata keçməlidir. Sonra tamaşaçı özü öyrəşəcək. Teatrın hörmətini saxlamaq üçün fəaliyyətini dondurub yenidən qurmaq düzgün deyil. 400 ilə yaxındır ki, Komedi Franse işləyir. İndiyə qədər eşitməmişəm ki, bu teatrın kollektivini qovub, sonra da təzədən yığıblar. Bu proses bizim teatrlarda da belə getməlidir.

 

Daha bir şans

- Teatr müəyyən müddətə fəaliyyətini dondurur və yenidən işə başlayır – bu, tamaşaçının teatrdan uzaqlaşmasının yalnız bir səbəbidir. Bəs digər səbəblər hansılardır?

 

- Mən bir dəfə müsahibələrimin birində demişəm ki, indiyə qədər öz metoduma fikir verməmişəm, bundan sonra işləmək metodumu dəyişəcəyəm. Əgər bu gün mənim tamaşama tamaşaçı gəlmirsə, demək mən rejissor kimi yoxam. «Sən mənə elə tamaşa ver ki, mən gəlim» - bu, tamaşaçının tələbidir. «Yeni nə deyəcəksiniz» - deyə soruşacaqsınız. Teatrın ifa tərzi, ifaçıların daxili, tərtibat və s. dəyişməlidir. Mən tamaşaçıları əyləndirmək, həyəcanlandırmaq, maarifləndirmək istəyirəm – mənim məqsədim bu olacaq.

- Sizin məqsədiniz aydındır. Bəs mövcud aktyor heyəti bu tələblərə cavab verə biləcəkmi? 

 

- «Azdrama»da mövcud aktyor heyətinin 25 faizi bunu edə biləcək. Mən onlarla işləmişəm, çoxlu tamaşalar hazırlamışam. Hamısının xarakterinə də, potensiallarına da bələdəm. Ancaq digər problem də odur ki, bizdə cavanlar azdır.

- Səbəb nədir? Siz axı həm də tədrislə məşğulsunuz.

 

- Mən bu məsələni Elmi Şurada da qaldırmışım. Hazırda rejissorlara dərs deyirəm. Orta məktəb partası arxasından durub gələn tələbəyə mən 3 il yarım ərzində aktyorluq və rejissorluq sənətini tam öyrədə bilmərəm. Bu, mümkün deyil. Rejissor olmaq üçün ilk növbədə aktyor olmaq lazımdır. Mən 10 il aktyor işləyəndən sonra 29 yaşında təzədən 5 il əyani rejissor dərsi keçmişəm. Ümumiyyətlə, teatr, teatrın estetik metodu, aktyor oyunu və seçimi, repertuar seçimi hər 10 ildən bir tədricən dəyişməlidir. Teatr bu zamanın ifadəsidir. Əgər bu zamanın ifadəsini tuta biləcəyiksə, tamaşaçı teatra gələcək. Ona görə də qarşıda yaradıcılıq baxımından daha dərin işlər durur. Mən deyirəm ki, Milli Teatrda hər bir aktyoru və rejissoru qovmamışdan əvvəl ona bir şans vermək lazımdır.  Əgər məni işdən çıxarmasalar, təzədən dəvət etsələr, 75 yaşında mənə etimad göstərsələr, Firuz Mustafanın narkomanların həyatından bəhs edən yeni əsərini səhnələşdirmək istəyirəm

 

Sınaq anı

- Görüşdüyüm rejissorlardan biri «Teatrları klassika xilas edəcək» - fikrindədir. Sizcə bu, xilas yolu ola bilər?

 

- Hörmətli rejissor həmkarımın sözündə yarı həqiqət var. Ancaq teatrları müasir əsərlər xilas edəcək. Məndən bir az sonra gələnlərin çoxu Mirzə Fətəli Axundovun kimliyini bilmirlər. Klassika aktyor və rejissor sənətini təkmilləşdirmək üçün məhək daşıdır. Amma bu günün teatrına bu günün dramaturqu lazımdır. Yazıçı Elçin, Firuz Mustafa, Əli Əmirlidən başqa heç kəs yazmır. Bəlkə də bizim günahımızdır Kamal Abdullanın əsərlərini az-az görürük. Dramaturgiyaya biganəlik artıb. Azərbaycan tamaşaçısının teatra olan məhəbbətini hansı yollasa tərgitmişik.

- Bu gün Azərbaycan teatrının durumunu necə xarakterizə edərdiniz?

 

- Biz yol ayrıcındayıq. Ölkəmizin başına çox müsibətlər gəldi və bunlar bütün sahələrə olduğu kimi, teatra da təsirini göstərdi. Bu keçiddir. Keçid ağırı il də, göz yaşları ilə də ola bilər. Keçid mütləq vacibdir – tamaşaçıları teatra qaytarmaq, tamaşaçıları sevmək lazımdır. Ancaq bunu həyata keçirməli olan adamlar bir qədər ehtiyatlı olmalıdırlar. Aktyor və rejissorlarda inamı öldürmək olmaz. Rusiyada yaşı 90-nı ötən aktyor və rejissorlar var. Mən ağsaqqalam. Azərbaycan rejissorlarının heç biri mənim qədər yaşamayıb. Yeganə Azərbaycan rejissoruyam ki, 75 yaşına çatmışam və bunun 60 ilini incəsənətə həsr etmişəm.

- Ola bilərmi, bu proses hansısa aktyor və rejissora çətin görünsün və o, yeni tələblərə cavab verməyəcəyini görüb öz xoşu ilə sənətdən uzaqlaşsın?

 

- Mən bunu alqışlayıram. Həmişə deyirlər ki, ağır anlarda dua elə və sakit ol. Ağıllı adam belə situasiyada özünü dənizə atmamalı, infarkt keçirməməlidir. İnsan gərək özünü görə və anlaya bilsin. Ən böyük insan odur ki, ən çıxılmaz vəziyyətdən ən azı iki çıxış yolu tapsın. Sadəcə papağını qarşısına qoyub fikirləşsin: «Hər bir insanın ömründə qarşısına bir müvəffəqiyyət anı çıxır. İndi mənim müvəffəqiyyət anım deyil. Mən bunu qəbul etməliyəm və yenidən yaradıcılığıma start verməliyəm”.

 

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 16 dekabr.- S. 12.