Tarixin özü kimi tarixləşən şəxsiyyət 

 

Bu gün Azərbaycanın böyük ziyalısı, tarix və şərqşünaslıq elmində böyük nailiyyətlərə imza atmış akademik Ziya Bünyadovun anadan olmasından 87 il ötür

 

Azərbaycan xalqının milli mənafelərini qorumaq nöqteyi-nəzərindən və tarixi həqiqəti bugünkü nəsillərə, dünya tarixinə çatdırmaq baxımından Ziya Bünyadovun əsərləri əvəzsizdir. Təəssüf ki, müharibənin od-alovundan çıxmış Sovet İttifaqı qəhrəmanı kimi yüksək ada layiq görülmüş akademik 1997-ci il fevralın 21-də vəhşicəsinə qətlə yetirildi. Bu vaxt ərzində Ziya müəllimin elmi irsi, həyatı və işıqlı şəxsiyyəti haqda bir çox fikirlər söylənilib, məqalələr yazılıb.

 

Onların hamısının fövqündə, əlbəttə ki, akademik Ziya Bünyadovla vida mərasimində ulu öndər Heydər Əliyevin söylədiyi nitq durur. Ulu öndər bildirib ki, Ermənistanın millətçi və separatçı qüvvələri tərəfindən Qafqaz tarixinə aid, o cümlədən Ermənistan-Azərbaycan tarixinə aid cürbəcür və tariximizi təhrif edən, saxtalaşdıran, Ermənistanda meydana çıxmış müxtəlif yazıların, məqalələrin əleyhinə ilk dəfə səsini qaldıran və onlara əsaslı, dəlilli və tarixi mənbələrə istinadla cavab verən, onların qarşısını alan alim Ziya Bünyadov idi: «O vaxtlar Sovet İttifaqı mətbuatında, Ermənistan mətbuatında, onların kitablarında, elmi yazılarında, Azərbaycan və Moskva mətbuatındakı məqalələrdə gedən mübahisələr çoxlarının yadındadır. Hər tərəfdən dəstə ilə alimlər, yaxud da alim adı daşıyan cürbəcür adamlar Azərbaycan tarixinə o vaxtlar təcavüz edirdilərsə, bu tərəfdən Ziya Bünyadov, yenə də deyirəm, öz iradəsi, biliyi ilə, elmi əsərləri ilə onlara layiqli cavab verirdi və Azərbaycan tarixinin doğru-düzgün olduğunu dünyaya sübut edirdi və onu qoruyurdu. Buna görə də erməni millətçiləri, erməni separatçıları və ümumiyyətlə, Azərbaycana mənfi münasibət göstərən cürbəcür xarici qüvvələr Ziya Bünyadovu özlərinə düşmən kimi qəbul edirdilər. Xatirimdədir, 60-cı illərin ikinci yarısında Azərbaycanın 150 il öncə Rusiyaya könüllü surətdə qəbul olunması haqqında elmi mübahisələr gedirdi. Məlumdur ki, 1964-cü ildə qərar qəbul edilmişdi ki, 150 il öncə Azərbaycan könüllü surətdə Rusiyanın tərkibinə daxil olmuşdu. Amma Ziya Bünyadov bir alim kimi heç nədən qorxmayaraq, heç kəsdən çəkinməyərək öz elmi fikirlərini söyləyirdi. Xatirimdədir, 67-68-ci illərdə Ziya Bünyadov bu barədə artıq bir neçə dəfə açıq bildirmişdi ki, doğrudur, Azərbaycan Rusiyanın tərkibinə daxil olubdur. Amma bu, könüllü olmayıbdır. Odur ki, tarixi həqiqəti demək lazımdır. O vaxtkı siyasi mühit, siyasi konyuktura bunu qəbul etmirdi. Ziya Bünyadov hətta buna görə günahlandırılırdı, onu hətta cəzalandırmaq istəyirdilər. Sonralar, əvvəlki bütün tarix araşdırıldıqdan sonra hamı bu fikrə gəldi ki, o vaxtlar Ziya Bünyadov doğru deyirdi. Həqiqət bunda idi. Həqiqəti Ziya Bünyadov deyirdi, öz yazılarında göstərirdi".

Tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri

O, Azərbaycanda  tarixçi ərəbşünaslar məktəbinin banisi və rəhbəri olub. O, İraq və Suriya Ərəb Respublikaları üçün yüksək ixtisaslı kadrların hazırlanmasında mühüm rol oynayıb. 27 namizədlik işinin rəhbəri və məsləhətçisi, 12 doktorluq dissertasiyasının opponenti olub. O, öz fundamental tədqiqatları ilə Azərbaycan şərqşünaslıq məktəbinin şöhrətini ölkənin hüdudlarından çox-çox uzaqlara yayaraq orta əsrlər Şərqi və ərəb xilafəti, Azərbaycan, Qafqaz və Orta Asiya tarixi üzrə görkəmli mütəxəssis kimi dünyada tanınmış, geniş oxucu kütlələrinin rəğbətini və məhəbbətini qazanıb.

Erməni saxtakarlığını ifşa edən əsər: "Azərbaycan VII-IX əsrlərdə"

1965-ci ildə çap olunan "Azərbaycan VII-IX əsrlərdə" kitabı Z.Bünyadova Azərbaycanın orta əsrlər tarixi üzrə ciddi tədqiqatçı və mütəxəssis şöhrəti qazandırıb. Bu, Azərbaycan tarixinin ərəb xilafəti dövrünə dair sovet tarixşünaslığında yazılmış ilk tədqiqat əsəri idi. Burada geniş şəkildə tədqiqata cəlb olunmuş ərəb, fars, türk, gürcü mənbələrinin, o vaxtadək məlum olmayan və çətin əldə edilən yazılı abidələrin dərin tədqiqi və təhlili sayəsində ərəb işğalı ərəfəsində və xilafət dövründə Azərbaycanın sosial-iqtisadi və siyasi həyatı hərtərəfli təhlil olunmuş, Azərbaycanın orta əsrlər tarixinə dair bir sıra mühüm problemlər araşdırılaraq öz həllini tapıb. Əsərdə xilafətə qarşı xalq kütlələrinin mübarizəsinə xüsusi yer verilmiş, Babəkin başçılıq etdiyi xürrəmilər hərəkatı geniş şəkildə işıqlandırılıb. 1978-ci ildə Ziya Bünyadov "Azərbaycan Atabəylər dövləti (1136-1225-ci illər)" adlı monoqrafiyasını nəşr etdirib. Alimin çoxillik əməyinin məhsulu olan bu sanballı tədqiqat işində səlcuq dövründə Azərbaycanın iqtisadi, sosial və mədəni inkişafı araşdırılıb. Kitabda Azərbaycanın o dövrdəki siyasi tarixi məsələləri ilə yanaşı, XII əsrin ikinci yarısı - XIII əsrin birinci rübündə Orta Şərqin feodal sülalələrinə mənsub hökmdarların qurduğu dövlətlərin, o cümlədən Azərbaycan Eldəniz Atabəyləri dövlətinin dövrün siyasi və mədəni həyatında mühüm rol oynadığı göstərilmişdir. Əsərdə həmçinin o dövrdə Qafqazda siyasi şəraiti xarakterizə edən bir çox qiymətli və ilk dəfə elmi dövriyyəyə daxil edilmiş materiallar yerləşdirilib. Ziya Bünyadov öz monoqrafiyasında Azərbaycanın və qonşu ölkələrin orta əsr tarixinə dair bir sıra problemlərinin gələcək həlli, kifayət qədər öyrənilməmiş məsələlərin tədqiqi üçün böyük əhəmiyyət kəsb edən əsaslı elmi nəticələr əldə etmiş, bununla da feodalizm dövrü tarixinin başlıca problemlərinin, Şərqdə feodalizmin inkişafının ümumi qanunauyğunluqları və fərdi xüsusiyyətləri kimi mühüm nəzəri məsələlərin həllinə böyük töhfə verib. 30-cu illərin repressiyaları isə alimin "Qırmızı terror" adlı kitabında (Bakı, 1993) işıqlandırılıb. Kitab çoxsaylı arxiv sənədləri əsasında yazılıb. Ötən əsrin 90-cı illərinin əvvəllərindən başlayaraq Ziya müəllimin elmi fəaliyyətinin bir istiqaməti də xalq tərəfindən islam dininin doğru-dürüst öyrənilməsinə yönəlmişdir. Alim professor V.Məmmədəliyevlə birgə müqəddəs "Qur`ani-Kərim"i dilimizə çevirir, ona şərhlər yazır. Sonra "Dinlər, təriqətlər, məzhəblər" adlı irihəcmli soraq kitabı hazırlayır. "İndi xalq öz dininə qayıdır, lakin dininə, imanına qayıtması üçün nə dərsliklər, nə elmi ədəbiyyat, nə soraq kitabçaları, nə də başqa vəsait vardır" - yazan müəllif yaranmış boşluğu bu kitabla aradan götürməyə çalışır. Kitab alimin vəfatından sonra 1997-ci ildə ümummilli lider Heydər Əliyevin şəxsi təşəbbüsü və qayğısı sayəsində işıq üzü görüb. Alim 1990-cı ildə "Qurani-Kərim"in tərcüməsinə görə H.Z.Tağıyev adına mükafata, 1993-cü ildə A.A.Bakıxanovun "Gülüstani-İrəm" əsərinin şərhli nəşrinə görə A.A.Bakıxanov adına mükafata layiq görülüb. Bir çox beynəlxalq elmi məclislərin iştirakçısı olan akademik Z.Bünyadov Azərbaycan elmini ləyaqətlə təmsil edib. 1992-ci ildə, Azərbaycanın ən çətin dövründə Ziya Bünyadov özünün siyasi seçimini edir. Onu Yeni Azərbaycan Partiyasına sədr müavini seçirlər.

Ermənilər Ziya Bünyadovun başına 1 milyon rubl mükafat təyin etmişdilər

Mərhum akademikin xanımı Tahirə xanım deyir ki, 1960-cı ildə Ziyanın Mxitar Qoşun “Alban xronikası”nı ön söz və şərhlərlə çap etdirməsi elmdə əks-səda doğurdu. Bütün həmkarlarından müsbət rəylər daxil olurdu. Təkcə ermənilər narazı qalmışdı. Halbuki Ziya Bünyadov heç vaxt elmdə milli və ya ərazi məhdudiyyəti, ayrı-seçkilik qoymur, öz yaradıcılığı ilə elmin sərhəd tanımadığını bir daha təsdiq edirdi: «Qədim əlyazmalarını saxtalaşdırmaqla, arxivlərdəki sənədləri məhv etməklə öz tarixlərini uyduran ermənilərə Ziyanın yazdıqları sərf etmirdi. Ən maraqlısı o idi ki, Ermənistanın vəzifəli şəxsləri Ziyanı öz tərəflərinə çəkməyə çalışır, ona “qızıldan dağlar” vəd edirdilər. Təki Ziya Azərbaycan tarixinə aid yazdığı əsərlərdən imtina etsin. Bu da alınmayanda, Ziyanı fiziki cəhətdən aradan götürməyin yollarını axtarırdılar.

Ermənilər Ziyanın başına külli miqdarda (bir milyon rubl) mükafat da təyin etmişdilər. 1989-cu ildə isə onun həyatına açıq-aşkar qəsd etməyə cəhd edildi. Belə ki, həmin il Ziyanı İrana beynəlxalq seminara dəvət etmişdilər. Ziya Tehrana qatarla gedəsi olur. Ziyanı aparan qatar gecə saat 3-də Tehrana çatmağa az qalmış stansiyaların birində dayanır. Vaqona polis geyimli bir şəxs qalxır və “akademik Ziya Bünyadov buradadır?” - deyə soruşur. Baş verənlərə təəccüb qalan Ziya nə lazım olduğunu bilmək istəyir. O, deyir ki, “əmr var ki, düşəsiniz, sizi maşınla aparaq”. Ziya qayıdır ki, “nəyə görə düşürəm. Onsuz da vaxtından bir gün tez çatıram”. Ondan əl çəkmirlər ki, “biz kimik, buyruq quluyuq”. Nə isə Ziya onu müşayiət edən təbrizli tərcüməçisi Cəlal bəylə qatardan düşüb polisin təklif etdiyi “Toyota”ya əyləşir. Onlar maşına oturan kimi bir az aralıda dayanmış refrijerator maşını sürətlə onların üstünə sürür və “Tayota”ya zərblə çırpılır. Ziyagilin oturduğu maşın bir neçə dəfə aşır. Refrijerator isə aradan çıxır. Ziyanın sinəsi, əlləri əzilir, ayağı ciddi yaralanır. Təcili yardım maşını onu Sarabdakı xəstəxanaya çatdırır. “Toyota”nın yaralı sürücüsünü də onlarla bir palatada yerləşdirirlər. Ziya özünə gələn kimi “Toyota”nın sürücüsünün boğazından yapışıb soruşur ki: “Refrijeratorun sükanının arxasındakı kim idi?”. Əvvəlcə o, heç nə demək istəmir. Amma bu cüssəli insanın zarafat etmədiyini görüb sürücünün erməni olduğunu bildirir. Palataya gəlib ona ağrıkəsici iynə vurmaq istəyən həkimdən Ziya dərhal soruşur: “Hayes?(ermənisən?)”. Həkim də qeyri-ixtiyari “hayes” - deyə cavab verəndə Ziya onu yaxına buraxmır, təcili olaraq Tehrana göndərilməsini tələb edir. Ziya deyirdi ki, əgər “Tayota” yox, başqa maşın olsa idi, biz sağ qalmazdıq. Yerli hakimiyyət orqanları bunu təsadüfi hadisə hesab edərək istintaq aparmadılar. Mən isə tamam başqa fikirdəyəm. Rusiyanın İrandakı səfiri oradakı bütün ermənilərin mənim gəlişimdən xəbərdar olduğunu mənə demişdi».

 

 

Azər Nuriyev

 

Material KİVDF-nin dəstəklədiyi layihə çərçivəsində hazırlanıb 

 

Kaspi.- 2010.- 21 dekabr.- S. 8.