“Ən böyük mükafatım – xalqımın məhəbbətidir” 

 

Zeynəb xanımın sorağı yaxın-uzaq ellərdən gəlir, planeti dolaşırdı. Onun qastrol səfərləri bütün qitələri əhatə edib

 

Onun səsi yarım əsrdən çoxdur ki, dünyanın ən möhtəşəm konsert salonlarından, radio dalğalarından, ekrandan milyon-milyon ürəkləri fəth edib. Bu sehrli səs dünyanın bütün qitələrində insanları ovsunlayıb, qəlblərinə yol tapıb. Azərbaycan musiqisinin canlı əfsanəsi  Avropada, Asiyada, Afrikada, Amerikada onu eyni sevgi ilə sevib, eyni hərarətlə qarşılayıb, eyni coşqunluqla alqışlayıblar. O, vətəninin, xalqının adını, şöhrətini yaxın-uzaq ellərdə yayıb, onu uca-uca zirvələrə qaldırıb. O, SSRİ, Özbəkistan və Azərbaycan xalq artisti fəxri adlarına layiq görülüb. Dövlət mükafatı laureatıdır. Sinəsini “Şərəf nişanı”, “Xalqlar dostluğu”, “Şöhrət” , “İstiqlal” ordenləri bəzəyir.

 

Hamını heyrətə gətirən səs

 

Bu ağlagəlməz şöhrətə çatınca isə Zeynəb xanım çətin və keşməkeşli bir yol keçib.

Zeynəb xanım 74 il əvvəl Bakıda - Dağlı məhəlləsində doğulub. Ailədə iki bacı, üç qardaş olublar. Nənəsinin adını yeni doğulan qıza – ailənin sonbeşiyinə veriblər – onun kimi uzun ömürlü, zəhmətkeş və ləyaqətli olmasını arzulayıblar. Halal bir ocaqdan pərvazlanan qızcığaz  birbaşa 161 saylı orta məktəbin  2-ci sinfinə daxil olub. Uşaqlıqda ən böyük arzusu müəllim olmaq olub. Elə bu niyyətlə də Bakıdakı pedaqoji məktəbdə təhsil alıb. Kiçik yaşlarından musiqiyə, oxumağa böyük həvəsi olub. Xüsusilə də ədəbiyyat dərslərində o, şeirləri mahnı kimi oxuyar, məktəbdə keçirilən bayram şənliklərində iştirak edərdi. Zeynəb özfəaliyyət dərnəyinin üzvü idi. Bir dəfə özfəaliyyət kollektivlərinə keçirilən baxışda Zeynəb Xanlarova da iştirak edib. Onun oxuduğu "Azərbaycan maralı" mahnısı münsiflər heyətinin xoşuna gəlib. Münsiflər heyətinin üzvləri olan Əfrasiyab Bədəlbəyli, Cahangir Cahangirov, Qəmbər Hüseynli kimi sənətkarlar bu balaca istedadın gələcəyinə inanıblar.  Əfrasiyab Bədəlbəyli onu yanına çağıraraq sorğu-suala tutub. Biləndə ki, Pedaqoji məktəbdə oxuyur, təəccüblənib: “Sənin yerin musiqi məktəbidir” deyib. Zeynəb xanım yaddaşından çıxmayan imtahan gününü həmişə xatırlayır: “Azərbaycan maralı" - bu mahnı  sənətdə mənimlə birlikdə addımlayır. Məhz bu xalq mahnısını oxuyaraq münsiflər heyətini razı saldığım üçün Bakıda bədii özfəaliyyət həvəskarlarının yekun konsertində çıxış etmək hüququ qazanmışdım. Məhz həmin andan da mən bütünlüklə "Azərbaycan maralı"na könül bağlamışam, ömrümün sonunadək də ondan ayrılmayacağam. Bu mahnı qabaqlar el-obada "Qarabağın maralı" adı ilə də oxunurdu. Azərbaycan torpağının dilbər guşəsi olan Qarabağın ab-havası, suyu, təbiəti kimi, nəğmələri də xalq yaradıcılığının nümunəsi olaraq saflığı, musiqi dilinin aydınlığı ilə seçilir".

Zeynəb Xanlarova pedaqoji təhsilini başa vurandan sonra Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olaraq dövrünün böyük xanəndəsi Seyid Şuşinskinin sinfində dərs alıb. Ömrü boyu müəlliminin məsləhətini, tövsiyəsini unutmayıb. İndiyə qədər də sevimli müəlliminin sözləri qulağında səslənir: “Seyid Şuşinski deyərdi: "Müğənni birinci növbədə yaddaşının qayğısına qalmalıdır. Yaddaşsız müğənni oxumaqdan əl götürməlidir".

Müəlliminin təşəbbüsü ilə Zeynəb Xanlarova qadınlar arasında ilk dəfə "Çahargah" muğamını öyrənərək oxuyub. 1960-cı ildə efirdə səslənən bu sehrli səs hamını heyrətə gətirib. O, muğamın şöbələri arasındakı təzadlılığı artıraraq "Çahargah"ın daha şirin səslənməsinə nail olur. Təcrübəli müğənni "Çahargah"ın girişində "Bərdaşt" epizodundan tutmuş son nöqtəsinədək muğamın ideya-bədii, fəlsəfi mənasını yüksək kamilliklə açıqlayıb. Dinləyənlər deyib ki,  “Zeynəbin "Çahargah"ından Seyid Şuşinski ətri gəlir”. Ancaq o, heç zaman müəllimini təqlid etməyib.

Heydər Əliyev adına Saray yenicə tikiləndə orada ilk konsert Zeynəb Xanlarovanın ifası ilə tamaşaçı toplayıb. 2008-ci il noyabrın 5-də təmirdən çıxan sarayın açılışını da məhz Zeynəb Xanlarova edib.

Zeynəbin Leylisi

1960-cı ildə musiqi məktəbini bitirdikdən sonra Azərbaycan Dövlət Akademik OperaBalet Teatrının bədii rəhbəri, Xalq artisti, görkəmli rejissor Şəmsi Bədəlbəylinin dəvəti ilə Zeynəb Xanlarova bu mədəniyyət ocağında işə başlayıb. Zeynəb xanıma ilk gündən etimad göstərilib – çoxlarının həsrətində olduğu Leyli rolu ilk gəlişindən ona verilib. Opera 1961-ci ilin əvvəllərində tamaşaya qoyulub. Səhnədə tərəfmüqabili – Məcnun rolunun ifaçısı  Əbülfət Əliyev olub. Ona qədər  Leyli rolunda səhnəyə çıxan  Həqiqət Rzayeva, Sürəyya Qacar, Rübabə Muradova, Gülxar Həsənova  kimi sənətkarlardan sonra bu rolun məsuliyyətini götürmək çətin olsa da öhdəsindən bacarıqla gəlib.  Zeynəb Xanlarovanın Leylisi bir çox cəhətləri ilə fərqlənib. Həm çox gənc, səhnə forması yerində, xüsusilə də oxuduğu qəzəlləri səlis və düzgün tələffüz etməsi ilə obraza özünəməxsus ifasını bəxş edib. Opera müğənnisi üçün lazım olan vacib şərtləri Zeynəb Xanlarova çox ustalıqla yerinə yetirə bilib. Zeynəb xanımın Leylisini görənlər təsdiqləyirlər ki, o, əsl faciəvi Leyli obrazını yaradıb. Sonralar Zeynəb xanım Bakir Haşımovla, Arif Babayevlə tərəf-müqabil olub. Səhnədə ən çox Arif Babayevlə tərəf müqabil olub. Zeynəbin Leylisi yalnız vokal partiyası deyildi. O, öz Leylisini faciəvi səhnə obrazı səviyyəsinə yüksəldərək potensial aktyorluq məharətini də büruzə verirdi. Zeynəb Xanlarova Leylidən sonra Əsli rolunun da ("Əsli və Kərəm") mahir ifaçılarından sayılıb.

1967-ci ildə Zeynəb Xanlarova musiqi ifaçılıq mədəniyyətinin inkişafında göstərdiyi xidmətlərə görə "Azərbaycan SSR Əməkdar artisti" fəxri adına layiq görülüb. Zeynəb Xanlarova yeganə ifaçı olub ki, sovet dövründə keçmiş SSRİ-nin müttəfiq respublikalarının əksəriyyəti ona öz hökumətlərinin mükafatlarına layiq görüblər. Zeynəb Xanlarova Özbəkistanın, Gürcüstanın, əməkdar artisti fəxri adlarını alıb. 1971-ci ildə "Şərəf nişanı" ordeninə, 1975-ci ildə Azərbaycan Respublikasının "Xalq artisti" fəxri adına layiq görülən Zeynəb Xanlarova 1980-ci ildə artıq SSRİ-nin Xalq artisti kimi tanınırdı.

 

Dünyanı dolaşan mahnılar

 

Zeynəb xanımın sorağı yaxın-uzaq ellərdən gəlir, planeti dolaşırdı. Onun qastrol səfərləri bütün qitələri əhatə edib. Çexslovakiya, İspaniya, Kanada, Bolqarıstan,Macarıstan,Fransa,İtaliya,İsveç,İsveçrə,Danimarka,Türkiyə,İraq,Əfqanıstan,Yaponiya, Amerika... və s. ölkələrdə ölkəmizi ləyaqətlə təmsil edib.

1986-cı ildə  ÜmumittifaqMelodiyamusiqi şirkəti ona fəxri mükafat –“Qızıl val”ı təqdim edir. Zeynəb Xanlarova belə bir şərəfə nail olan ilk azərbaycanlı müğənnidir. Şirkət onun mahnıları yazılmış 2 milyon val buraxdırıb. Heç şübhəsiz, bu sənətkarın bənzərsiz istedadına, zəngin yaradıcılığına verilən layiqli qiymətidir. Elə həmin ildən Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

Böyük sənətkar həmişə deyir : "Mənim ən böyük mükafatım xalqımın alqışı, məhəbbətidir". O, bu məhəbbətə tapınaraq  olmazın şöhrət qazanıb. Bu sevgidən güc alaraq Azərbaycan musiqisinin sədasını dünyaya yayıb. Bu sevginin qanadlarında səsi pərvazlanıb, sərhədləri aşıb, insan ayağı dəyməyən yerlərə yol tapıb.

 

Müğənninin gileyi

 

Zeynəb xanım bu gün sənətin ucuzlaşmasından, efirdə meydan sulayan ara müğənnilərinin gün-gündən “populyarlaşmasından” da narahatdır. O gileyini dəfələrlə  millət vəkili kimi parlament tribunasından səsləndirib. Xalq artisti telekanallarda yayımlanan şou-biznes verilişlərinin, milli-mənəvi dəyərlərə zidd proqramların sayının artmasına da etirazını bildirib. Ustad sənətkar narahatlıqla deyib ki, şou-biznes artıq bir virusa çevrilibbu virusu Azərbaycan xalqına yoluxdurmağa başlayıblar: "Ona görə də mən İctimai Televiziyadan başqa, heç bir telekanalın verilişlərinə baxmıram. Hesab edirəm ki, şou-biznes virusunun yayılmasının qarşısı təcili alınmalıdır. Telekanallara baxanda, elə bilirsən bu ölkənin ərazisinin 20 faizi işğal olunmayıb".

Zeynəb Xanlarova peşəkar müğənnilərin toylara getməsinə pis baxdığını da dəfələrlə dilə gətirib:  “Şəxsən mən toya getmərəm, gedib özümü alçaltmaramdeyib.

Görkəmli sənətkar öz  sənət məktəbinə sadiq qalaraq ömrünün 75-ci ilinə qədəm qoydu.  Səsinin avazı, ilahi ifası, səhnəyə məhəbbəti yenə də dəyişməyib. Nadir hallarda da olsa oxuyur. İfasını eşidən hər kəs heyranlıqla: “Zeynəb oxuyurdeyir.

 

Təranə Məhərrəmova 

 

Kaspi.- 2010.- 29 dekabr.- S. 13.