“İş də gedir, həyat da”
İsmayıl İbrahimov: «Məndən
sonra indiki akademiklərdən 90 yaşında olanları
yoxdur»
“Bu
il dekabrın 31-də 95 yaşım tamam olacaq. 95 yaş mənim
üçün möcüzədir. Məndən sonra indiki
akademiklərdən 90 yaşında olanları yoxdur. Bizim akademiklərdən
Ulyanişev 96 yaşında, Qambay Əlizadə 95
yaşında dünyasını dəyişib.
Üçüncüsü mənəm”. Görkəmli
ictimai-siyasi xadim, Dövlət mükafatı laureatı,
Sosialist Əməyi Qəhrəmanı, Respublika Uşaq
Fondunun sədri, akademik İsmayıl İbrahimov bu sözləri
mənə bu ilin yanvar ayında evində qonaq olub ondan
müsahibə götürərkən söyləyib.
Budur, hörmətli akademik 95
yaşını qeyd edir.
“Mənim
həyatım çox gərgin başlayıb” deyən
İsmayıl müəllimin həyat yolu doğrudan da
keşməkeşli və şərəfli olub. Söhbət düşəndə
yaşanan illərini nağıl kimi xatırlayır. Amma bu
nağılda hər şey həqiqətdir: “Demək olar ki,
60 yaşıma çatandan sonra müstəqil yaşamağa
başlamışıq. 1947-ci ildə Məryəm xanımla
ailə qurmuşuq. Onunla ailə qurandan sonra 60-cı ilə qədər
həyatımız çox gərgin keçib. 2
yaşımda atamı itirmişəm. Savadsız qadın olan
anam iki uşaqla tək qalıb. Qardaşım məndən
10 yaş böyük idi. O işləyib ailəmizə
kömək edirdi. Sonra qardaşım Bakıya təhsil
almağa getdi və bizi də öz yanına gətirdi. Tələbə
qardaşımın himayəsində yaşadıq”.
Sonra
İ.İbrahimov Sənaye Texnikumuna daxil olub. Texnikumu bitirdikdən
sonra Azərbaycan Sənaye İnstitutuna, indiki Neft
Akademiyasına göndərilib. 1941-ci ildə institutu
qurtarıb mühəndis işləyib. Bir aydan sonra isə
müharibə başlayıb. Könüllü hərbi xidmətə
yollanıb. 3 ay Leninqradda
oxuyandan sonra kiçik leytenant rütbəsi ilə cəbhəyə
göndərilib. Müharibənin odu-alovu keçib
ömründən. İndi də
“o illər həyatımın qızıl səhifələridir”
deyir: “Cəbhədə mənim üçün ağır
olsa da, şanlı günlər yarandı.
İlyarımlıq bir müddət ərzində taqım
komandiri vəzifəsindən əlahiddə hissə-rabitə
batalyonunun komandiri vəzifəsinə yüksəldim. Zabit
kimi fəaliyyətimi təltif etdilər. Həm cəbhədə
döyüşmüşəm, həm də işləmişəm.
Müharibənin ağırlığını hamı kimi mən
də hiss etmişəm. Bu, təbii çətinlik idi”.
Müharibədən
qayıdandan sonra ona çoxlu vəzifələr təklif etsələr
də, heç birini qəbul etməyib. Azərbaycan Sənaye
İnstitutunda baş laborant vəzifəsində işləməyə
başlayıb. Daha sonra assistent, baş müəllim, dosent,
professor - bu pillələrin hamısını keçərək
kafedra müdiri vəzifəsinə yüksəlib.
Neftçıxarma
və neft emalı, neft-kimya və kimya sənayesində,
energetikada ölçmə, nəzarət və
avtomatlaşdırma elmi axtarış sahələrində
uğurlara imza atıb. 1960-cı ildə isə institutun
rektoru təyin edilib. Bu vəzifədə 10 il işləyəndən
sonra Heydər Əliyevin dəvəti ilə Respublika Nazirlər
Sovetinin sədr müavini vəzifəsinə təyin edilib. 8
il bu vəzifədə işlədikdən sonra öz
xahişi ilə yenidən instituta qayıdıb. 1978-ci ildə
təzədən institutun rektoru təyin edilib. Bu vəzifədə
yenidən 10 il işləyib. 70 yaşında ittifaq
respublikaları arasında
Sosialist Əməyi Qəhrəmanı fəxri adına
layiq görülən 7 rektordan biri kimi adı elm tarixinə
yazılıb. İ.İbrahimov 73 yaşında rektorluqla
vidalaşıb. Ümummilli lider Heydər Əliyevin göstərişi
ilə Uşaq Fonduna sədr təyin olunub. Elə o vaxtdan
Uşaq Fondunda işləyir.
İsmayıl
müəllim bu gün də iş başındadır. Bir
guşəyə çəkilməyi, rahat həyatı sevmədiyini
deyir. İnsanlarla ünsiyyətdə olmağı, gözəl
işlər görməyi daha üstün tutur: “İndi həyatıma
nəzər salanda görürəm ki, 95 yaşımda təminatlı
həyat yaşayıram. Akademiyanın həqiqi üzvü,
Prezidentin fərdi təqaüdçüsüyəm. Dövlət
təqaüdü alıram. İnsani nöqteyi-nəzərdən
yanaşsam, evdə otura bilərəm. Amma mən evdə
oturmuram. İnformatika Problemləri İnstitutunda və
Kibernetika İnstitutunda elmi məsləhətçi işləyirəm.
Hər iki institutdan əmək haqqı alıram. 22 ildir ki,
Respublika Uşaq Fondunun ictimai əsaslar üzrə sədriyəm.
Oradan əmək haqqı almıram. Hər ay Fonda 200-300 manat
pul xərcləyirəm. Ona görə 95 yaşımı
çox razılıqla hiss edirəm. Bu da cəmiyyətin mənə
olan diqqətidir. Məhz bu diqqətin nəticəsidir ki, bu
yaşda asudə olaraq yaşayır, ailəmi saxlayıram.
İki oğlum elmlər doktoru, qızım fəlsəfə
doktorudur. Böyük oğlum Aydın Türkiyədə,
kiçik oğlum Akif isə Amerikada professor kimi
çalışır. Qızım Ləman fəlsəfə
doktorudur. 5 nəvəm, 4 nəticəm var. İş də
gedir, həyat da”.
Təranə Məhərrəmova
Kaspi.- 2010.- 31 dekabr.- S. 8.