Misirdə Azərbaycan Mədəniyyət günləri başa çatıb 

 

Xəbər verdiyimiz kimi, yanvarın 24-dən 28-dək Misir Ərəb Respublikasında Azərbaycan Mədəniyyət günləri keçirilib. 77 nəfərdən ibarət nümayəndə heyətinin rəsmi tərkibinə Bakı Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyev və Axundov adına Milli Kitabxananın direktoru Kərim Tahirov daxil olub.

Azərbaycan Mədəniyyət günlərinə Qahirə Opera Evində yaşlı, orta gənc Azərbaycan rəssamlarının rəngkarlıq əsərlərindən ibarət Şahid Həbibullayevin şəxsi kolleksiyasından seçilən 110 eksponat - mis qablar sərgisiniun açılışı ilə start verilib. Daha sonra təntənəli açılış mərasimi keçirilib və mərasim Azərbaycan incəsənət ustalarının möhtəşəm konserti ilə davam etdirilib. Mərasimdə Əlikram Əliyev tədbir iştirakçılarını mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin adından salamlayaraq, iki ölkə arasındakı mədəni əlaqələrin inkişafından danışıb. Misir Mədəniyyət Nazirliyinin rəsmisi Hüssam Nasra da vurğulayıb ki, ölkələrimiz, mədəniyyətlərimiz arasında bəzi oxşarlıqlar mövcuddur. Bu da xalqlarımızın yaxınlaşması üçün möhkəm zəmin yaradır. Sonra Azərbaycan incəsənət ustaları geniş konsert proqramı ilə çıxış ediblər. Konsert proqramında Xalq artisti Teymur Göyçayevin rəhbərlik etdiyi Dövlət Kamera Orkestrinin ifasında Azərbaycanın dahi bəstəkarları Üzeyir Hacıbəylinin, Qara Qarayevin, Fikrət Əmirovun, Süleyman Ələskərovun, Tofiq Quliyevin əsərləri səslənib, bənzərsiz Azərbaycan muğamları, aşıq musiqisi, Azərbaycan rəqsləri və solo ifalar tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Konsertdə Xalq artistləri Azər Zeynalov, Nəzakət Teymurova, Mənsum İbrahimov, Əməkdar artist Gülnaz İsmayılova, Aşıq Samirə Əliyeva, Əməkdar artistlər tarzən Elçin Həşımov, kamança ustası Elnur Əhmədov, qarmon ifaçısı Etibar Qasımbəyli, Xalq artisti Təranə Muradova və başqaları çıxış ediblər. Xalq artisti Afaq Məlikovanın rəhbərlik etdiyi Dövlət Rəqs Ansamblı üzvlərinin məharətlə ifa etdikləri rəqslər həmişəki kimi bütün salonun coşqusuna səbəb olub.

Konsertdən sonra Qalyubeya vilayətinin qubernatoru Ədil Hüseyn bildirib ki, burada hamı Azərbaycan mədəniyyətinin təntənəsinin şahidi oldu. O, Azərbaycanın qədim mədəniyyətini təcəssüm etdirən sərginin konsertin Qalyubeya əyalətində nümayiş olunmasını arzulayıb. Misirin Azərbaycandakı keçmiş səfiri Əhməd əl-Şərkavi iki ölkə arasındakı əlaqələrin böyük tarixə malik olduğunu bir daha vurğulayaraq, bundan öncə Bakıda Misir Mədəniyyəti günlərinin keçirildiyini, bu gün isə Azərbaycan Mədəniyyət Günlərinin açılışında iştirak etməyin onlar üçün böyük şərəf olduğunu söyləyib.

Qahirədə Mədəniyyət günlərinin iştirakçıları Qahirə şəhərinin Misir Mədəniyyət Nazirliyinin rəsmiləri, Azərbaycanın Misir Ərəb Respublikasındakı fövqəladə səlahiyyətli səfiri Faiq Bağırov - şəhərin gözəl guşələrinin birində yerləşən ulu öndər Heydər Əliyevin adını daşıyan parkda ümummilli liderin abidəsi önünə əklil qoyublar.

Azərbaycan Mədəniyyət günləri Misirin digər qədim şəhəri İsgəndəriyyədə davam edib. Əvvəlcə İsgəndəriyyə Kitabxanasının rəhbərliyi Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvlərini bu unikal kitabxana ilə, onun qədim əlyazmaları, təkrarsız eksponatları saxlanan muzeyi ilə tanış edib. Sonra yeddi yüz illik tarixi olan Seyyid Dərviş Opera Evində Azərbaycan incəsənət ustalarının iştirakı ilə konsert keçirilib. Konsert İsgəndəriyyə şəhərində eyni heyranlıqla qarşılanıb.

Azərbaycan nümayəndə heyəti Mədəniyyət günləri çərçivəsində Misirdə təhsil alan tələbələrlə görüşüb, Misir Tarix Muzeyini, Qahirədən bir neçə kilometr aralıda yerləşən Misir Ehramlarını ziyarət ediblər.

 

 

Təranə 

 

Kaspi. -2010. – 2 fevral. – S.15.