Elektron kitabxana və Elektron kataloqlar istifadəçilərə
təqdim olunub
Proses region kitabxanalarında davam etdirilir
"Azərbaycan
Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə
inkişafı üzrə Dövlət Proqramı"nın
icrasını təmin etmək məqsədi ilə Mədəniyyət
və Turizm Nazirliyi tərəfindən Azərbaycan
kitabxanalarında Elektron kitabxana və Elektron kataloqların
yaradılması işinə təkan verilir.
Dünən Prezidentin
İşlər İdarəsinin "Prezident
Kitabxanası"nda (www.preslib.az), M.F.Axundov adına Milli
Kitabxanada (www.anl.az), C.Cabbarlı adına Respublika Gənclər
Kitabxanasında (www.ryl.az) və s. Elektron kitabxana və Elektron
kataloqlar istifadəçilərə təqdim edilib. Prezidentin
İşlər İdarəsinin "Prezident
Kitabxanası" İRBİS-64 Avtomatlaşdırılmış
Kitabxana İnformasiya Sistemi vasitəsi ilə kitabxanadakı nəşrlər
haqqında məlumat, habelə nəşrlərin tammətnli
bazasını yaradaraq oxucuların istifadəsinə təqdim
edib.
Kitabxananın
informasiyalaşdırılması sahəsində müsbət
təcrübə qazanmış "Prezident Kitabxanası"
istifadəçilərə "Tammətnli elektron nəşrlər",
"Tammətnli verilənlər bazasında müxtəlif
dillər və mövzular üzrə elektron mətn
axtarışı xidməti", "Azərbaycanın
tarixinə, iqtisadiyyatına, mədəniyyətinə dair əhəmiyyətli
kitabların elektron versiyalarından ibarət kolleksiya",
"Elektron Kataloqun Verilənlər bazalarında biblioqrafik
informasiya axtarışı"nı təmin edən bölmələr
üzrə informasiya xidmətinin çoxşaxəli
aparılmasına imkan verir.
Nazirliyin məlumatına
görə, kitabxananın əməkdaşları tərəfindən
Azərbaycanın tarixinə, iqtisadiyyatına, mədəniyyətinə
və incəsənətinə dair fundamental kitabların
elektron versiyaları hazırlanıb. Elektron kitabxanada
(http://www.elibrary.az) əsasən müasir və aktual
mövzular "Dağlıq Qarabağ problemi beynəlxalq
hüquq müstəvisində", "Qarabağ həqiqətləri",
"Tarixin qara səhifələri: Deportasiya. Soyqırımı.
Qaçqınlıq", "Heydər Əliyev iqtisadi
müstəqilliyimizin banisidir", "İnkişaf - məqsədimizdir
- Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin daxili
və xarici siyasəti" və s. mövzularda müxtəlif
dillərdə kitablar yerləşdirilib.
Kitabxananın fonduna daxil olan
kitablar və dövri mətbuat materialları, həmçinin
bir sıra rəsmi saytlar əsasında hazırlanmış ən
qədim zamanlardan başlayaraq müasir dövrə qədər
Azərbaycan xalqının keçdiyi tarixi yolu əhatə
edən "ODLAR YURDU AZƏRBAYCAN" adlı tammətnli
elektron baza (www.odlaryurdu.az) xüsusi ilə əhəmiyyətlidir.
Elektron bazada Azərbaycançılıq,
Azərbaycanın zəngin tarixi, iqtisadiyyatı, inzibati ərazi
vahidləri, ümummilli lider Heydər Əliyev haqqında, azərbaycanlıların
soyqırımı və deportasiyası, Ermənistan - Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi haqqında
materiallar, faktlar, tarixi sənədlər sistemləşdirilərək
3 dildə dünya istifadəçilərinə təqdim
edilir.
Azərbaycan
kitabxanalarında ilk dəfə olaraq "Prezident
Kitabxanası"nda istifadəçilərin onlayn müraciəti
əsasında sənədlərin elektron
çatdırılması xidməti təşkil edilib.
M.F.Axundov adına Milli
Kitabxananın (www.anl.az) yaratdığı Elektron kitabxana
müxtəlif sahələr üzrə - humanitar, texniki, təbiət,
mikrofilm, dövri və ardı davam edən nəşrlərin
tam mətni yerləşdirilib. Elektron kitabxana yaradılarkən
əsasən yeni və aktual nəşrlərin tam mətni
skaner olunaraq hazırlanır və oxuculara təqdim edilir. Elektron
kitabxana mütəmadi olaraq zənginləşdirilir. Elektron
kitabxanada ilk dəfə olaraq mikrofilmləşdirilmiş qədim
kitablar və dövri mətbuat nümunələri
oxucuların istifadəsinə verilir.
Milli Kitabxanada Elektron kataloq
müxtəlif aspektlər üzrə müəllif, sərlövhə,
predmet və s. üzrə aparılır. Elektron kataloqda
kitablar, not-musiqi nəşrləri, kartoqrafiya, məqalələr,
dissertasiyalar, avtoreferatlar, mikrofilmlər, dövri mətbuat
üzrə axtarış aparmaq mümkündür.
C.Cabbarlı adına
Respublika Gənclər Kitabxanasında (www.ryl.az) kitabxana -
biblioqrafiya proseslərinin avtomatlaşdırılması
istiqamətində işlər aparılıb, kitabxananın
Elektron kataloqu və Elektron kitabxanası Azərbaycan gənclərinə
təqdim edilib. Elektron kitabxanada əsasən Dağlıq
Qarabağ münaqişəsi, Qarabağ həqiqətləri,
Xocalı faciəsi haqqında xarici müəlliflərin
kitabları, habelə prezidentin sərəncamı ilə nəşr
olunmuş Azərbaycan dilində latın qrafikalı
kitabların tam mətni yerləşdirilib. Elektron kitabxanada
kitablar əlifba sırası ilə verilib.
Hal-hazırda Elektron kitabxana
və Elektron kataloqların yaradılması Azərbaycanın
region kitabxanalarında davam etdirilir.
Təranə
Kaspi. -2010. - 4 fevral. – S.9.