"Repertuarımızı
süni gülüş
doğuran tamaşalardan
təmizləmək üçün
mücadilə etmişik”
Əliqismət Lalayev, Əməkdar
incəsənət xadimi:
"İndi bizim öz tamaşaçı
auditoriyamız var"
Musiqili Komediya Teatrı
İranda keçirilən 28-ci Beynəlxalq Fəcr
Festivalından qələbə ilə qayıdıb. Dahi
Üzeyir Hacıbəylinin "Məşədi İbad"
operettası ilə festivala qatılan teatrın kollektivi yanvar
ayının 22-i və 23-ü Tehranın ən böyük
teatr-konsert salonu, möhtəşəm Talari Vəhdət
Sarayında çıxış edib. Dünyanın 50-yə
yaxın ölkəsinin qatıldığı Fəcr
Festivalında Musiqili Komediya Teatrının ilk dəfə
iştirak etməsinə baxmayaraq, "Məşədi
İbad" festivalın ən çox tamaşaçı
toplayan əsəri hesab edilib.
Teatrın direktoru Əliqismət
Lalayev səfər təəssüratlarını bizimlə
bölüşdü:
- Mən hələ keçən
il İranda keçirilən 27-ci Beynəlxalq Fəcr
Festivalında iştirak etmişdim. Festivalda göstərilən
tamaşaların tənqidçilər şurasında təmsil
olunurdum. O zaman "Məşədi İbad"
tamaşasını təzə təhvil vermişdik. Cənnət
Səlimova isə Kamera Teatrı ilə həmin festivalın
iştirakçısı idi. Biz orada qərara gəldik ki,
"Məşədi İbad"ın sənədlərini Fəcr
Festivalına təqdim edək. Dünyaca məşhur olan bu əsəri
İranda xüsusilə tanıyır və maraq göstərirlər.
Yanvarın əvvəlində münsiflər heyəti tərəfindən
tamaşanın qəbul olunduğunu öyrəndik və təcili
səfərə hazırlaşdıq. Bu, Musiqili Komediya
Teatrının həyatında çox önəmli hadisə
idi. Çünki son 20 ildə bizim teatr böyük bir
kollektivlə səfərə çıxmamışdı. Biz
bundan əvvəl Rusiyanın müxtəlif şəhərlərində,
Gürcüstanda, Türkiyədə olmuşduq. Yanvarın
22-23-də Tehranın Talari Vəhdət Sarayında iki gün
çıxış etdik. Tamaşa çox böyük
şövqlə qarşılandı. Hətta sarayın
qarşısında o qədər təntənə vardı
ki, mühafizə xidməti bizi sarayın arxa qapısından
çıxarmağa məcbur oldu. İnsanların
hamısı bizə yaxınlaşmaq istəyirdi. Onlar
aktyorlarla, xüsusən Afaq Bəşirqızı, Arif
Quliyev, Elçin Həmidovla görüşmək istəyir,
qaldığımız otelə gəlirdilər.
Beynəlxalq Fəcr
Festivalı hər il 3 nominasiya - musiqi, kino və teatr
nominasiyaları üzrə keçirilir. Bu il festivala 50-yə
yaxın ölkədən nümayəndələr gəlmişdi.
Biz gedəndə özümüzlə "Arşın mal
alan" və İmre Kalmanın "İddialı
qaraçı" tamaşalarının diskini də
aparmışdıq. Onlar bu disklərlə çox
maraqlandılar. Tamaşadan sonra bizi təbrik edən rəsmilər
səhnəyə çıxaraq tamaşanın uğuru
haqqında danışdıqdan sonra aprel ayında kollektivimizi
yenidən İrana 10 günlük qastrola dəvət etdilər.
Yanvarın 24-də festivalın təşkilatçılarından
olan İqtisadi Əməkdaşlıq Təşkilatı
(EKO) festivalın qaliblərinin şərəfinə ziyafət
verdi. Həmin ziyafətə EKO-ya üzv dövlətlərin
Tehrandakı nümayəndələri də dəvətli
idi. Mərasimdə reyissor Cənnət Səlimova EKO Mədəniyyət
İnstitutunun xüsusi mükafatına layiq
görüldü. Bütün bunlar bizə fərəh gətirən
hadisələr idi. Səfərin gerçəkləşməsində
bizə təşkilati yardım göstərən Mədəniyyət
və Turizm Nazirliyinə və şəxsən Əbülfəz
Qarayevə minnətdaram ki, 45 nəfərlik bir kollektivin
İrana getməsinə yardımçı oldu. Eləcə
də İrandakı səfirimiz Cavanşir Axundov və səfirliyin
əməkdaşları bizə çox diqqət göstərdilər.
- İndicə dediniz ki, bu,
teatrın 20 ildən sonra ən böyük səfəri idi. Nə
üçün kollektiv bu illər ərzində hansısa
festivala qatılmayıb?
- Mən 15 ilə yaxın
müddət ərzində Mədəniyyət və Turizm
Nazirliyinin İncəsənət Baş İdarəsinin rəisi
vəzifəsində çalışmışam. Sadəcə
olaraq, görünür, təşəbbüs göstərilməyib.
Nə üçün olmayıb, buna yəqin ki, o vaxt cavabdeh
olan insanlar cavab verə bilər.
- Siz bu teatra rəhbər
təyin olunandan sonra nəyə nail oldunuz?
- Ona nail
oldum ki, bu gün artıq
Musiqili Komediya Teatrı haqqında danışmağa başlayıblar.
Bu teatrın repertuarı
maraq doğurur. Musiqili Komediya Teatrına yeni qüvvələr cəlb
olunur. Teatrda fərqli bir nizam-intizam hökm sürür. İllərlə
rol arzusunda olan aktyorlar tamaşaçı ilə
ünsiyyətdə olmaq
şansı qazanıblar.
Aktyorlar "mən də bu tamaşada
oynamaq istəyirəm"
arzusu ilə gəlirlər. İnsanların
həyatlarını sərf
etdikləri işə
maraqları artıb. Aktyorlar bu günlərini
itirmək istəmirlər.
Sənətə ömürlərini
veriblərsə, tamaşalarda,
qastrollarda olmaq istəyirlər. Kim istəmir
ki, onu sərhəddən
kənarda tanısınlar,
kim istəmir ki, dünyanın müxtəlif səhnələrinə
çıxıb iştirak
etsin?
- Hər
hansı bir teatr kollektivi festival məkanına necə düşür? Bunun üçün özünüz
çalışmalısınız, yoxsa dəvətlər olmalıdır?
- Sənətini
göstərmək arzusundasansa,
istəyirsənsə səni
tanısınlar, özün
çalışmalısan. Biz çalışmasaydıq, bəlkə
də festivala düşə bilməzdik.
Ola bilər ki, bəzi teatr
tənqidçiləri Avropa
ölkələrində daha
nüfuzlu teatr festivallarının olduğunu
iddia edirlər. Ancaq mən bu fikirlə razılaşmıram və
bir mütəxəssis
kimi Fəcr Festivalına böyük önəm verirəm. Çünki bura dünyanın müxtəlif
ölkələrindən aparıcı
kollektivlər qatılır.
Bütün mədəniyyətlərin
qovşağına bənzəyən
bu festivalda teatr aləmini seyr edir, dünyanın
ümumi teatr məkanını görürsən.
Şübhəsiz ki,
bu festivallara qatılmaq üçün
kollektivin öz arzusu olmalıdır. Çox istərdik ki, belə festivallarda
bütün heyət iştirak etsin, orkestrin ifası canlı olaraq eşidilsin.
- Bəs
dünyanın ümumi
teatr məkanını
seyr edəndə hansı qənaətə
gəlirsiniz: bizim teatrlar nədən geri qalırlar və hansı keyfiyyətlərə görə
irəlidədirlər?
- Mənim
üçün geridə
qalma anlamı yoxdur. Bu gün Azərbaycan teatr məkanı çox maraqlıdır. Çox gözəl tamaşalar hazırlanır. O yaxşı
şeydir ki, kənardan baxanda özümüzü qane etmir. Bilirik ki, bundan daha
yaxşısı ola bilər. Festivallarda isə görürük ki, bizim tamaşalar
başqalarından daha
yaxşıdır. Bizim
üçün "Məşədi
İbad" tamaşası
şedevr deyil, ancaq görərdiniz ki, iki gün
ardıcıl olaraq
1300 nəfərlik Talari
Vəhdət Sarayı
coşqudan necə titrəyirdi! Bu da tamaşaçının verdiyi
qiymətdir.
- Bir tənqidçi olaraq rəhbərlik etdiyiniz teatrın repertuarından narazı qaldığınız
məqamlar varmı?
- Şübhəsiz
ki, var. Uzun illər bizim teatrın repertuarında bayağı əsərlərə
yol verilib. Son iki ildə repertuarımızı
bayağı, süni
gülüş doğuran
bir sıra tamaşalardan təmizləmək,
sağlam, işgüzar,
sözün əsl mənasında yaradıcılıq
ab-havası yaratmaq üçün mücadilə
etmişik. Qismən də olsa, istəyimizə
nail olmuşuq, indi bizim öz tamaşaçı
auditoriyamız var.
Biz bu gün daha çox
klassikaya meyil edirik. Teatr o zaman peşəkarlaşır
ki, onun repertuarında klassik əsərlər yer tutur.
Ötən il bizim ən uğurlu
tamaşalarımızdan biri
həm Azərbaycan, həm də rus bölmələrində
müvəffəqiyyətlə oynanılan Üzeyir Hacıbəylinin illər
ötdükcə öz
təravətini, aktuallığını
və gözəlliyini
itirməyən "Arşın
mal alan" operettası
oldu. Keçən il tamaşaya qoyulan digər bir əsər Əziz Nesinin "Şəhərdə manyak
var" komediyasıdır.
Gənc dramaturq Maarif Məmmədovun da "Matəm marşı və ya gözünüz aydın" tamaşası
ilə teatrımızla
ilk əməkdaşlığı uğurlu oldu. Bundan əlavə, dünya şöhrətli
İmre Kalmanın məşhur "İddialı
qaraçı" əsəri
Azərbaycan tamaşaçılarına
yaxşı tanışdır.
Müxtəlif illərdə
bu əsər rus bölməsində uğurla göstərilib.
Biz yubiley tamaşalarımız
arasında "İddialı
qaraçı"nı da
görmək istədik
və bu əsərin qəhrəmanlarını
Azərbaycan dilində
danışdırmağı qərara aldıq. Klassik Avropa operettası ilk dəfə
olaraq Azərbaycan dilində təqdim olundu. Bu, artıq tarixə dönmüş
bir hadisədir.
Yubiley ilində
tamaşaçılara təqdim
edəcəyimiz daha bir əsər SSRİ Xalq artisti Arif
Məlikovun və unudulmaz şairimiz Əliağa Kürçaylının
"Ləpələr" iki hissəli musiqili komediyasıdır.
Əsərə gənc
reyissor Mikayıl Mikayılov quruluş verir. Teatrımızın
rus bölməsində
isə keçid tamaşa Xalq artisti Cənnət Səlimovanın hazırladığı
Aleksandr Volodinin "Sevdiklərinizdən ayrılmayın"
əsəri olacaq. Həmçinin məşqləri
davam edən Üzeyir Hacıbəyovun
"Ər və arvad" operettası bu ilin repertuarına
daxil ediləcək və teatrsevərlərin
ixtiyarına veriləcək.
- Adətən
teatr rəhbərləri,
rejissorlar, elə aktyorların özləri
də teatrın problemindən danışan
kimi ədəbi
material qıtlığından şikayətlənirlər. Çağdaş
dövrdə Musiqili Komediya Teatrı üçün sanballı
librettolar, operettalar yazan müəlliflər varmı?
- Deyə
bilmərəm ki, bu gün teatra
gözəl liberettolar
gəlir. Bizim yaxşı bəstəkarlarımız
var. Dünya operetta teatrlarının
səhnəsində elə
əsərlər var ki, bu gün
bizim üçün
də maraqlıdır.
Sadəcə olaraq, onların səhnəyə
gəlməsi üçün
müəyyən çətinliklər
var. Öz bəstəkarlarımız
tərəfindən isə
yeni şedevr əsərlər yaranmayıb.
Musiqi cəhətdən
çox gözəl ola bilər. Ancaq teatra rəhbərlik
etdiyim iki ilə yaxın müddət ərzində
maraqlı librettoya rast gəlməmişəm.
- Siz Naxçıvan teatrında
işləyəndə rejissor
kimi tamaşalara quruluş vermisiniz. Bəs, bu teatrda
necə, tamaşa hazırlamaq fikriniz varmı?
- Mən
rejissorluq sənətinə
böyük dəyər
verən insanam. Naxçıvan teatrında
xeyli uğurlu tamaşalarım olub. Sözün düzü, burada da tamaşa
hazırlamaq istəyirəm,
amma hələ yox.
- Siz teatra təzə rəhbər təyin olunan vaxtlarda qəzetlərə müsahibələrinizin
birində demişdiniz
ki, əsas məqsədiniz evlərdə,
televizorun qarşısında
oturan gəncləri ayırıb teatra cəlb eləməkdir.
Buna nə qədər
nail ola bildiniz?
- Teatrın
tamaşalarına bu qədər gəncin axını varsa, deyəsən, artıq buna nail oluruq. Tamaşaçılarımız arasında gənclərimiz
çoxluq təşkil
edir. Teatrımızda
elə tamaşalar var ki, orada
daha çox gənclər oynayırlar.
"Arşın mal alan"ın
axşam tamaşalarında
gənclərin əlindən
oturmaq mümkün deyildi. Cənnət Səlimovanın hazırladığı
"Sevdiklərinizdən ayrılmayın"
tamaşası gənclərə
bir töhfə olacaq. "Biri vardı, biri yoxdu" əsəri də maraq doğuracaq.
Təbii ki, hər şeyə birdən nail olmaq olmaz, biz də bu məqsədimizə tədricən nail oluruq.
Məhərrəmova Təranə
Kaspi. -2010. – 4 fevral. – S.11.