Berlində Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib

 

Tanınmış siyasətşünas Hayko Langner Dağlıq Qarabağ münaqişəsinin həlli yolları haqqında danışıb

 

Fevralın 3-də Berlində Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı ilə Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş tədbir keçirilib.

 Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən qəzetimizə verilən məlumata görə, tədbirin keçirilməsində əsas məqsəd Dağlıq Qarabağ münaqişəsi və xalqımızın yaşadığı tarixi reallıqlar barədə alman ictimaiyyətini məlumatlandırmaq olub. "Sülhə ümid və ya siyasi-coğrafi məngənə. Dağlıq-Qarabağ münaqişəsi 2010-cu ildə" mövzusunda məruzə ilə çıxış edən icraçı direktor Samirə Patzer-İsmayılova münaqişə, onun tarixi, həlli istiqamətləri ilə bağlı ətraflı məlumat verib.

 Məruzədə keçmiş Sovet İttifaqı ərazisində baş verən və qurbanların sayına görə birinci yerdə duran münaqişə - Dağlıq Qarabağ münaqişəsi ilə yanaşı, Ermənistan silahlı qüvvələrinin Azərbaycan torpaqlarına təcavüzü, ölkəmizin ərazisinin 20%-nin zəbt olunması, işğal altında olan ərazilərin tarixi və bu ərazidə yaşayan yerli əhalinin azərbaycanlılardan ibarət hissəsinin bugünkü taleyi ilə bağlı da iştirakçılara məlumat verilib. Məruzəçi onu da bildirib ki, Qarabağ müharibəsi 30 mindən çox azərbaycanlının ölümünə, 1 milyon soydaşımızın isə ata-baba yurdundan didərgin düşməsinə səbəb olub. S.P.İsmayılova bu insanların həyat şəraitinin, sosial vəziyyətinin yaxşılaşdırılması üçün Azərbaycan dövlətinin gördüyü işlər haqqında məlumat verərkən qeyd edib ki, bu istiqamətdə bir sıra mümkün addımları atılsa da, köçkünlərin bir hissəsi hələ də acınacaqlı vəziyyətdə yaşayır. Onun sözlərinə görə, ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həllinə yönəlmiş uzunmüddətli fəaliyyəti bugünədək heç bir nəticə verməyib.

Münaqişənin həlli istiqamətində görülən işlər barədə danışan AAKM-in icraçı direktoru Azərbaycan və Ermənistan dövlət başçılarının apardığı danışıqlar, beynəlxalq birliyin bu məsələyə dair mövqeyi, Ermənistanın münaqişənin həllinə qeyri-konstruktiv yanaşması və qondarma Dağlıq Qarabağ Respublikasını himayə etməsi, Azərbaycanın Dağlıq Qarabağa ən yüksək özünüidarə statusu verməyə hazır olması, eləcə də Cənubi Qafqazdakı digər münaqişəli ocaqlar barədə də söz açıb.

Tədbirdə iştirak edən tanınmış siyasətşünas Hayko Langner isə məsələnin həlli yolları haqqında danışıb. O, Dağlıq-Qarabağ münaqişəsinin həlli yolları, Qafqazın geosiyasi vəziyyətinin aktuallığı və bu amilin münaqişənin həllinə təsir imkanları barədə çıxış edib.

Məlumat üçün bildirək ki, 39 yaşlı politoloq alim Almaniya Bundestaqının elmi işçisidir. H.Langner beynəlxalq əlaqələr və təhlükəsizlik siyasəti, keçmiş sovet respublikalarında transformasiya prosesləri və demokratiyanın inkişafı, Avropa Birliyi ölkələrində miqrasiya və inteqrasiya siyasəti, beynəlxalq sistemdə insanların və xalqların hüququ, münaqişələrin həlli strategiyası və digər mövzularda elmi araşdırmaların müəllifidir. Cənubi Qafqazda baş verən proseslərlə də məşğul olan alimin ötən il "Cənubi Qafqazın böhran zonası: Dağlıq-Qarabağ, Abxaziya, Cənubi Osetiya identitet, hüquqi və coğrafi-siyasi gərginlik vəziyyətində" adlı kitabı nəşr olunub.

Daha sonra məruzəçilər tədbir iştirakçılarının suallarını cavablandırıblar. Mövzu ətrafında geniş fikir mübadiləsi aparılıb.

 

 

Elcan 

 

Kaspi. -2010. – 5 fevral. – S.3.