İşğalçılarla əlaqə
yaradanların Azərbaycanda fəaliyyəti qadağan
olunmalıdır
Virtual dünyada Azərbaycan əleyhinə təbliğat
aparanlar da üzə çıxarılmalıdır
Məlum olduğu kimi, parlamentin yaz sessiyasının ilk iclasında cari məsələlərin müzakirəsi zamanı hakim Yeni Azərbaycan Partiyasından (YAP) olan millət vəkili Mübariz Qurbanlı işğal olunmuş ərazilərlə bağlı Milli Məclis tərəfindən ayrıca qanun layihəsinin qəbul olunması təklifi ilə çıxış edib. Bu təklif digər millət vəkilləri tərəfindən də dəstəklənir. Bitərəf millət vəkili Qənirə Paşayeva da hesab edir ki, bu qanun mütləq qəbul olunmalıdır. Onun sözlərinə görə, M.Qurbanlının təklifi çox müsbətdir və zamanında səsləndirilib. "Müharibə vəziyyətində olan bir ölkə kimi Azərbaycanda belə bir qanunun qəbuluna çox böyük zərurət var. Odur ki, gecikmədən bu qanun layihəsinin hazırlanaraq, parlament müzakirələrinə çıxarılması və qəbul edilməsi lazımdır" - deyə millət vəkili sözlərinə əlavə edib.
Yeri gəlmişkən, təxminən ilyarım öncə Q.Paşayevanın özü buna bənzər bir təkliflə çıxış etmişdi. Daha doğrusu, işğal olunmuş ərazilərimizdə separatçı-terrorçu rejimlə işbirliyi quran xarici şirkətlərlə, bu ərazilərə qanunsuz səfər edənlərlə, eləcə də digər məqamları özündə ehtiva edən məsələlərlə bağlı xüsusi bir qanun layihəsinin hazırlanması və qəbul edilməsi təklifini irəli sürmüşdü. Q.Paşayevanın bildirdiyinə görə, o, yenə də öz təklifində qalır: "Heç də vacib deyil ki, bu yöndə iki qanun layihəsi hazırlansın və qəbul edilsin. Məsləhət bilinərsə, bu istiqamətdə bir təkmil qanun layihəsi hazırlana və parlament müzakirələrinə çıxarılaraq qəbul oluna bilər. Eyni zamanda bildirmək istəyirəm ki, son illər bəzi xarici ölkələrin şirkətləri Ermənistan rəhbərliyinin şirnikləndirmələri əsasında gedib Azərbaycanın işğal olunmuş ərazilərində iş qururlar. Daha doğrusu, ermənilərlə birlikdə həmin işğal olunmuş ərazilərimizdəki yerüstü və yeraltı təbii sərvətlərimizi talamaqla məşğul olurlar. Mineral sularımızı daşıyıb aparırlar, meşələrimizi məhv edirlər, qiymətli ağaclarımızı qırıb öz ölkələrinə daşıyırlar və sair. Biz bu məqama da çox ciddi diqqət yetirməliyik və həmin xarici şirkətlərlə, onların arxasında dayanan ölkələrlə sərt davranmalıyıq. Bu yerdə başqa bir məqama da diqqət cəlb etmək istəyirəm. Mətbuatdan da məlum olduğuna görə, turizmlə və digər sahələrlə məşğul olan bəzi xarici şirkətlər var ki, özlərinə aidiyyəti olmadığı halda onlar Azərbaycanın Dağlıq Qarabağ bölgəsini və işğal altındakı digər ərazilərini öz saytlarında Ermənistanın ərazisi kimi göstərir, Azərbaycanın ərazi bütövlüyünə qarşı çox ciddi və murdar kampaniya aparırlar. Bundan başqa, bəzi xarici şirkətlər var ki, onlar Azərbaycanın tarixi ilə bağlı tamamilə yanlış, uydurma, həqiqətə uyğun olmayan məlumatlar yayırlar, saxta xəritələr düzəldirlər. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən bu məsələni parlamentdəki çıxışlarım zamanı da səsləndirmişəm və bu gün də o fikrimin üstündə qalıram ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı kampaniya aparan, işğal olunmuş ərazilərimizdə ermənilərlə birgə iş quran xarici şirkətlərlə və şəxslərlə bağlı, yaxud ümumilikdə işğal olunmuş ərazilərlə əlaqədar xüsusi bir qanun qəbul edilməlidir. Biz həmin qanunda göstərməliyik ki, Azərbaycanın işğal olunmuş ərazilərində fəaliyyət göstərən xarici şirkətlər, yaxud işğal olunmuş ərazilərdə fəaliyyət göstərən Ermənistanın şirkətləri və ya ayrı-ayrı şəxsləri ilə əlaqə yaradan xarici qurumların Azərbaycanda fəaliyyəti hər zaman yasaqdır. Yəni o şirkətlər heç zaman, hətta gələcəkdə belə Azərbaycanda fəaliyyət göstərə bilməzlər. Özü də nəinki o şirkətlər, o şirkətlərdə işləmiş, vəzifə tutmuş, onlara rəhbərlik etmiş şəxslər sabah başqa bir şirkət yaratsalar belə, onların şirkətlərinin və özlərinin Azərbaycanda fəaliyyəti yolverilməzdir, qanunla qadağandır. Bundan savayı, qəbul edəcəyimiz qanunda göstərilməlidir ki, həmin şirkətlərdən hər hansı biri indiyə kimi Azərbaycanın işğal olunmayan ərazilərində də fəaliyyət göstəribsə və yaxud göstərirsə, onların da fəaliyyətinə xitam veriləcək. Həmçinin o xarici şirkətlər ki, Azərbaycanın ərazi bütövlüyünə qarşı təbliğat kampaniyası aparıblar, Azərbaycanla bağlı həqiqətə uyğun olmayan məlumatlar, kitablar, xəritələr çap edib, yayıblar, onların da Azərbaycanda fəaliyyətinə qadağa qoyulacaq. Bununla bərabər, həmin xarici şirkətlərin Azərbaycanda satışda olan məhsullarına embarqo qoyulmalıdır. Bu qanunu qəbul etdikdən sonra da onu xarici ölkələrin Azərbaycanda fəaliyyət göstərən diplomatik korpuslarına, səfirliklərinə, eyni zamanda, ölkəmizin xaricdə fəaliyyət göstərən nümayəndəliklərinə göndərməliyik. Biz bu qanunla onları yaxından tanış etməliyik ki, gələcəkdə həmin ölkələri və onların işğalçı, separatçı rejimlə əlaqə, işbirliyi quran şirkətlərini hansı aqibət gözləyir. Biz, həmçinin mütəmadi, vaxtaşırı olaraq Azərbaycanın əleyhinə kampaniya aparmış, işğalçı rejimlə əlaqələr qurmuş, sərvətlərimizi talamış xarici şirkətlərin siyahılarını dərc etməliyik".
Millət vəkili
hesab edir ki, virtual dünyada da Azərbaycan əleyhinə təbliğat
aparan xarici şirkətlərin araşdırılması,
üzə çıxarılması üçün
hansısa bir qurum daxilində bir qrup yaradılmalıdır.
Sözügedən qanun qəbul olunarsa, indiyənə qədər
Azərbaycanın ərazi bütövlüyünə
qarşı kampaniya aparmış, hörmətsizlik
nümayiş etdirmiş, separatçılarla işbirliyi
qurmuş xarici şirkətlər və onların arxasında
duran dairələr, dövlətlər bir daha Azərbaycanla
bağlı hər hansı bir xətaya yol verməzlər:
"Bu yerdə onu da nəzərdən qaçırmayaq ki,
bu gün Azərbaycan regionun ən güclü, ən
inkişaf etmiş, ən zəngin ehtiyatları olan ölkəsidir.
Belə olan təqdirdə, bir çox xarici şirkətin də
marağındadır ki, onlar Azərbaycanda yaxından fəaliyyət
göstərsinlər. Təbii ki, biz yuxarıda qeyd etdiyim
addımı atmaqla gələcəkdə növbəti
xoşagəlməz proseslərin qarşısını ala
bilərik. Bir daha qeyd edirəm ki, biz mütləq belə bir
qanun qəbul etməliyik və onun icrasını
reallaşdırmalıyıq. Bunun bizim ümumi işimizə
böyük xeyri ola bilər. Biz bununla bir daha Azərbaycan həqiqətlərini
dünya ictimaiyyətinə daha yaxından çatdıra bilərik".
Quliyev İlham
Kaspi. -2010. –
5 fevral. – S.5.