İƏT-ə üzv ölkələrin
səhiyyə nazirlərinin birinci iclası başlayıb
Oqtay Şirəliyev: "Heç bir dövlət təcrid
olunmuş şəkildə öz səhiyyəsini inkişaf
etdirə bilməz"
Dünən Bakıda
İqtisadi Əməkdaşlıq Təşkilatının
(İƏT) üzvü olan ölkələrin səhiyyə
nazirlərinin birinci iclası işə başlayıb. İclasda
10 ölkənin səhiyyə naziri iştirak edir.
İclasın fəaliyyət istiqaməti barədə səhiyyə
naziri Oqtay Şirəliyev məlumat verib:
"25 il əvvəl üzv
ölkələrin iqtisadi, texniki və mədəni əməkdaşlığına
dəstək olmaq məqsədi ilə 10 dost ölkə İƏT-i
yaradıb. İlk günlərdən bu təşkilatın əsas
vəzifəsi iqtisadi əməkdaşlıq idi. Amma zaman
keçdikcə ölkələrin təhsil, səhiyyə
kimi müxtəlif sahələrdə əməkdaşlığı
da formalaşmağa başladı. Ötən il Tehran
şəhərində keçirilən zirvə
toplantısında ölkə başçısı İlham
Əliyev tərəfindən təşəbbüs irəli
sürülüb ki, səhiyyə nazirlərinin də
toplantısı olsun. Hazırda ilk toplantının ev
sahibliyini Azərbaycan edir".
Nazirin sözlərinə görə, iclasda müxtəlif məsələlərin müzakirəsi nəzərdə tutulub. Belə ki, əsas istiqamətlər qan transfusiyası, əczaçılıq sahələrində əməkdaşlıq, səhiyyə və texniki sahələrdə təcrübə mübadiləsi, mühüm səhiyyə məsələləri üzrə İƏT ölkələrində akademik sədrliyinin təsisatıdır. Bundan başqa, iclasda əsas məqsəd səhiyyə sahəsində əməkdaşlığa dair fəaliyyət planının hazırlanması, eləcə də "Bakı Bəyannaməsi"nin müddəalarının müzakirəsidir: "Saxta dərmanların qarşısının alınması, irsi qan xəstəlikləri və s. məsələlər ona yönəldilib ki, regionda səhiyyə sahəsində təcrübə mübadiləsi ilə yanaşı, inkişaf da davam etsin. Hesab edirəm ki, bu, çox vacib əməkdaşlıqdır və bu sahədə qüvvələrin cəmləşdirilməsi, fikir mübadiləsi, işbirliyi həm ayrı-ayrı dövlətlərin, həm də ümumilikdə regionun inkişafı üçün çox faydalı ola bilər. İƏT bu illər ərzində qarşısında duran vəzifələri uğurla həyata keçirib. Fəaliyyət dövründə bu qurum daim genişlənir, onun beynəlxalq nüfuzu daim artır. Hazırda İƏT samballı regional təşkilata çevrilib".
O.Şirəliyev hər bir dövlətin iqtisadi inkişafa can atdığını da qeyd edib: "Bu təbiidir, amma iqtisadi inkişaf əsas məqsəd deyil, məqsədə çatmaq üçün bir vasitədir. Dövlət ilk növbədə öz vətəndaşlarının qayğısına qalmalıdır. Əhalinin rifahının yaxşılaşdırılmasına, həyat keyfiyyətinin yüksəldilməsinə çalışmalıdır. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən dövlət proqramları, büdcədən səhiyyəyə ayrılan vəsaitin ildən-ilə artırılması, səhiyyə sahəsində ictimai-humanitar fəaliyyət buna sübutdur. Məlumdur ki, hər hansı bir ölkədə səhiyyənin inkişafı üçün dövlətin iqtisadi durumu çox vacib amildir. Bununla belə, qloballaşan dünyada heç bir dövlət tam təcrid olunmuş şəkildə öz səhiyyəsini müasir dövrün tələblərinə uyğun inkişaf etdirə bilməz". Nazirin sözlərinə görə, elm və təhsil sahəsində informasiya mübadiləsi ilə yanaşı, beynəlxalq iqtisadi əməkdaşlıq da səhiyyənin inkişafında mühüm rol oynayır. O.Şirəliyev səhiyyədə müasir texnologiyaların, yeni avadanlıqların böyük sərmayə tələb etdiyini də vurğulayıb. Bu da bir tərəfdən iqtisadi əməkdaşlığı zəruri edir, digər tərəfdən də əməkdaşlıq üçün geniş imkanlar açır: "Birgə tarixi və mədəni köklərə, adət-ənənə və milli dəyərlərə malik olan 10 dost ölkənin daxil olduğu bu mötəbər təşkilatın əsas fəaliyyət istiqamətləri öz mandatına uyğun olaraq əsasən iqtisadi əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsinə yönəldilib. O da danılmaz faktdır ki, sağlam əhalisi olan ölkənin iqtisadiyyatı da sağlam və güclüdür. İqtisadi əlaqələrimizlə birgə ölkələrimiz arasında səhiyyə və tibb elmi sahəsində əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi, bu sahədə nailiyyətlərin və qazanılan müsbət təcrübələrin bölüşdürülməsi müstəsna əhəmiyyət kəsb edir. İnanıram ki, burada konkret nəticələr əldə ediləcək. Həmçinin ümid edirəm ki, ölkəmizdə səhiyyə sahəsinin gələcək inkişafına təkan verən yeni əməkdaşlıq imkanları açılacaq".
İƏT baş katibi Məhəmməd Marufi də səhiyyə sahəsində əməkdaşlığın vacibliyini vurğulayıb: "Üzv ölkələr əllərində olan regional imkanlardan istifadə etməlidir. Bunların əsasında fəaliyyət istiqamətlərimizi müəyyənləşdirməliyik. Ümid edirəm ki, iclasda təşkilatın gələcək işlər və fəaliyyəti ilə bağlı əhəmiyyətli fikirlər bildiriləcək və aparılacaq müzakirələr nəticəsində müsbət nəticələr əldə ediləcək. Bu fikirlər regionda sağlam səhiyyə sisteminin yaradılması üçün dəyərli olacaq".
Daha sonra
toplantıda səhiyyənin bu günü ekspertlər səviyyəsində
müzakirə edilib. İclasın birinci günü başa
çatdıqdan sonra qonaqlar paytaxtın bir sıra tibb mərkəzlərində
xəstələr ücün yaradılmış şəraitlə
də tanış olublar. İclas bu gün də işini
davam etdirəcək. toplantının yekunu olaraq "Bakı
Bəyannaməsi"nin qəbul edilməsi nəzərdə
tutulur.
Həqiqət
Kaspi. -2010. – 5 fevral. – S.9.