Bütün zamanların rejissoru
Fəxri adı olmasa da, öz heykəlini yaradan Kamil
Rüstəmbəyov
Sragagün Muzey Mərkəzində Dövlət Film Fondunun təşkilatcılıgı ilə görkəmli televiziya və kino rejissoru Kamil Rüstəmbəyovun 85 illiyinə həsr olunan gecə keçirildi. Milli kino və televiziya tarixində özünəməxsus yeri olan sənətkarın yaradıcılıgının ayrı-ayrı səhifələri tədbir iştirakcıları üçün vərəqləndi.
Gecəni giriş sözü ilə açan Əməkdar incəsənət xadimi Aydın Kazımzadə görkəmli rejissorun həyat və fəalliyyəti haqqında məlumat verərək bildirdi ki, o, 1953-cu ildə Azərbaycan Dövlət Teatr İnstitutunu bitirib. 1956-cı ildə televiziyada fəaliyyətə başlayanda K.Rüstəmbəyov məsul redaktor vəzifəsində çalışıb. O, Azərbaycan televiziyasının ilk yaradıcılarından biri olub. Sonradan Kamil müəllim televiziyada böyük rejissor, baş rejissor işləyib, bir sıra maraqlı verilişlər hazırlayıb.
1960-cı ildə o, milli
televiziyanın tarixində ilk dəfə olaraq Səməd
Vurğunun "Aygün" poeması əsasında
eyniadlı tammetraylı bədii film çəkib. Bundan sonra
televiziyada "Zəncirlənmiş adam" bədii televiziya
və bir sıra sənədli televiziya filmlərinin,
film-konsertlərin quruluşçu rejissoru kimi tanınıb.
1966-cı ildə K.Rüstəmbəyov C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasına işə dəvət olunub, burada o, "Dağlarda döyüş", "Axırıncı aşırım", "Dərviş Parisi partladır" (Şamil Mahmudbəyovla birgə), "Gözlə məni" filmlərini çəkib.
"Kfmil
Rüstəmbəyov istər kinoda, istərsə də
televiziyada gördüyü işlərlə özünə
əbədiyyət qazanmış, əsl kişilərə
xas olan keyfiyyətləri ilə yaddaşlara həkk olan sənətkarlardandır"
- deyə A.Kazimzadə bildirdi: "İllər gəlib gedir,
amma Kamil müəllim ona görə unudulmur ki, o, sənətkardır.
O, televiziyanın əsasını qoyanlardan biri olub.
Kinostudiyaya gələndən sonra ona "Yeddi oğul istərəm"
filmini çəkmək tapşırılıb. Kamil müəllim
böyük həvəslə işə girişib.
Aktyorların seçimini edib. Həmin filmdə Rasim Balayev də
çəkilməli idi. Ancaq həmin vaxt "Nəsimi"
filmində çəkilmək üçün tanınmayan
bir aktyor axtarırdılar. Ona görə də Rasim Balayevi
ondan alıb Həsən Seyidbəyliyə verdilər. Kamilin rejissor ssenarisi, aktyor
heyəti hazır idi, amma sonra filmi onun əlindən
aldılar. Bu ona pis təsir etdi. Onu belə incidirdilər, amma
o, dözür, səbr göstərirdi. Kamilin xarakteri elə
idi ki, gedib təzə film istəmədi. Buna onun daxili mədəniyyəti
imkan vermirdi. Kinodan küsəndə televiziyaya gedirdi,
televiziyada özünə yer tapmayanda kinoya
qayıdırdı. O, həmişə deyirdi ki, evim
telestudiyadır. Amma eyni zamanda, kinodan da ayrıla bilmirdi".
Kamil müəllim televiziyada
Üzeyir bəy, Səməd Vurğun və b. görkəmli
şəxsiyyətlərə həsr olunan verilişlər
hazırlamışdı. Eləcə də Seyid
Şuşinski, Xan Şuşinski, Sara Qədimova,
Müslüm Maqomayev kimi sənətkarların konsert
proqramlarını çəkmişdi.
Kamil Rüstəmbəyovun
televiziya tarixində hadisəyə çevriləcək xidmətlərindən
biri də "Aygün" film-poemasını çəkməsi
olub. Radionun rəhbərliyi "Aygün"ü
radio-tamaşa kimi hazırlamağı
tapşırmışdı. Ancaq Kamil Rüstəmbəyov
"Aygün"ün ssenarisi əsasında film çəkməyi
qərara alır. Maneələrə və texnikanın
yoxluğuna baxmayaraq, o, həvəslə işə girişir
və filmi çəkir. Kamil çox ləyaqətli və
vicdanlı adam idi. Ona görə çətinliklər
qarşısında qalırdı.
"Kamilin həyat
yoldaşı həmişə deyirmiş ki, o, evə nə
pul, nə də qonorar gətirir. Əməkhaqqı vaxtı
"pul filmdə çalışan fəhlələrin
maaşına getdi" deyirdi. "Aygün" ekranlara
çıxandan sonra bir liberetto yazılıb. Zakir
Bağırov da onun əsasında opera yazıb. Kamilin
ideyası neçə əsərin meydana
çıxmasına səbəb olub. "Aygün"
televiziya tarixində şeirlə çəkilən yeganə
film idi. Kamil müəllim filmin bədii həllini
tapmışdı. Ona görə də həmin ekran əsəri
film-poema adlanır.
1965-ci ildə Kamil Rüstəmbəyovu
kinostudiyaya dəvət edirlər və ona "Dağlarda
döyüş" filmini çəkmək həvalə
olunur. O, filmi çəkir və ekran əsəri başa
çatandan sonra böyük hay-küyə səbəb olur.
Filmə münasibət birmənalı olmasa da, "Daglarda
döyüş" tamaşaçıların sevgisini
qazanır. Bu gün də nadir hallarda göstərilməsinə
baxmayaraq, film həmişə sevilir. Növbəti dəfə
Kamil Rüstəmbəyova "Axırıncı
aşırım" filminin ssenarisi təqdim olunur. O, böyk
həvəslə işə başlayır, gözəl aktyor
ansamblı seçir. Rejissor milli kinomuzun tarixində
mühüm yer tutan sanballı bir ekran əsərini çəkməyə
müvəffəq olur.
Tbilisidə keçirilən
kinofestivalda film təkcə münsiflər heyətinin deyil, həmçinin
tamaşaçıların böyük marağına səbəb
olur. "Ən yaxşı kişi rolunun ifasına görə"
mükafatının Ədil İsgəndərova, yoxsa Həsən
Məmmədova verilməsi haqqında qızğın
mübahisələr gedir. Nəhayət, münsiflər heyətində
oturan Həsən Seyidbəyli ilə məsləhətləşməli
olurlar. O da məsləhət görür ki, mükafat
yarı bölünməlidir. Çünki bu aktyorların hər
ikisi Azərbaycan kinosunun zirvəsində duranlardır.
Münsiflər heyətinin üzvləri razılaşır.
Beləliklə, görkəmli aktyorların hər ikisi "Ən
yaxşı kişi rolunun ifasına görə"
mükafata layiq görülürlər.
Kamil Rüstəmbəyova
"Dərviş Parisi partladır" filminin ssenarisi həvalə
olunanda o, özünəməxsus həvəslə işə
başlayır. Ancaq çox keçmədən filmə
Şamil Mahmudbəyov ikinci rejissor təyin olunur. Artıq Kamil
filmlə bağlı öz mizanını qurmuşdu. Bundan
sonra isə filmin taleyi iki rejissorun əlində qalır. Bu,
Kamili incitsə də yenə dözür& Bununla belə,
ortaya baxımlı bir ekran əsəri çıxır.
"Kamil Rüstəmbəyov həmişə deyirdi ki,
yaxşı rejissor aktyorlar üçün, yaxşı
aktyorlar isə rejissorlar üçün tapıntıdır.
O, aktyorlarla işləməyi bacarırdı. Onun çəkdiyi
filmlərə baxanda başa düşürsən ki, o, filmlərin
hamısına ürəyinin yağını hopdurub.
O, yaradıcılığa
barmaqarası baxmırdı, həyat kimi
yanaşırdı". A.Kazımzadə filmləri Azərbaycan
kinosunun tarixində əbədiləşən rejissorun hec bir
fəxri adının olmamasını da təəssüflə
dilə gətirdi.
Professor Aqşin Babayev Kamil
Rüstəmbəyovun televiziya fəaliyyətindən söz
açaraq rejissorun ən böyük xidmətini televiziyada
"Aygün" film-poemasını çəkməsi ilə
dəyərləndirdi. "O, bu filmlə televiziya məkanında
təməl daşını qoydu. Kamil bəy nəslindən
idi, ömrünün axırına qədər də
özünü ağa kimi apardı. O, filmin çəkilişləri
üçün heç kimdən pul istəmədi. Anası
öz qızıllarını ona verərək
satdırmışdı ki, film başa gəlsin. Televiziya
Kamil üçün ana qucağı idisə, kino ata
qucağı idi".
A.Babayev yaddaşında
ilişib qalan daha bir xatirəni danışdı: "Mən
radionun rəhbəri işləyəndə 60 yaşına
çatan işçilərin təqaüdə yola
salınması üçün siyahı hazırladıq. Təsəvvür
edin, 120 nəfərin içərisindən öz ərizəsi
ilə gedən təkcə Kamil Rüstəmbəyov oldu. O:
"Məni çağırdılar, dedilər ki, ərizə
yaz, mən də yazdım, demək mən lazım deyiləm"
- deyərək, bir daha televiziyaya qayıtmadı. "Yeddi
oğul istərəm" filminin onun əlindən
alınması isə Ədil İsgəndərova
ünvanlanan hücumların nəticəsi idi. Həmin hadisədən
sonra Ədil İsgəndərov onun evinə gedərək
bunu etiraf edib".
A.Babayevin
çıxışının sonunda səsləndirdiyi arzu
tədbir iştirakçılarının ürəyincə
oldu: "Çox istərdim ki, qiymətini almayan bu cür sənətkarlara
ölümündən sonra qiymət verilsin! Bu onların
qohum-əqrəbaları üçün, ruhları
üçün bir təsəlli olar".
"Kamil Rüstəmbəyov
mənim hafizəmdə yaxşı rejissor, ədalətli,
vicdanlı insan kimi qalıb" - deyə Xalq artisti Rasim
Balayev xatirələrini danışdı: "Yeddi oğul
istərəm" filmini ona həvalə edəndə Kamil
müəllim məni Cəlal roluna dəvət etmişdi.
Ancaq bu rolda oynamaq nə mənə, nə də filmi çəkmək
ona qismət oldu. Sonradan Kamil müəllim mənə dedi ki,
mən səni mütləq öz filmimdə çəkəcəyəm.
Amma Kamil müəllim o rejissorlardan deyildi ki, dalbadal ona filmlər
verilsin. Nəhayət, o məni "Gözlə məni"
filminə çəkdi. Kamil müəllim cəmi 4 film
çəkdi. Ancaq o filmlər bütün zamanlar
üçün tamaşaçıların sevdiyi filmlərə
çevrildi. Kamil Rüstəmbəyov elə bil televiziyaya
sığmayıb böyük kinoya üz tutmuşdu. O, kinonu
dərindən bilən adam idi. Ona görə də son dərəcə
maraqlı ekran əsərləri yarada bilmişdi. Kamil müəllim
məğrur, sakit, əsəbini içində çəkən
bir insan idi. Ona görə də ürəyi onu əldən
salırdı".
Əməkdar artist Elxan Qasımov da mərhum rejissorun məğrurluğundan söhbət açdı: "Biz onu bəy kimi tanımışdıq. O, heç vaxt əyilən kişi deyildi. Bəli, elə kişilər vardı. O, öz qızıllarını satıb "Aygün" kimi film çəkdi. Biz onunla uzun-uzadı söhbət edərdik. O, heç vaxt bizə "öyrənin" demirdi. Amma onunla söhbətdən sonra öz-özümüzə deyirdik ki, belə olmaq yaxşıdır. Kamil müəllim böyük aktyorlarla işləyirdi. Ədil İsgəndərov, Rza Əfqanlı, Həsən Məmmədov, Həsən Turabov, Leyla Bədirbəyli kimi aktyorlar onunla işləməkdən qürur duyurdular. Kamil Rüstəmbəyov bu gün fəxri adı olmasa da, öz heykəlini yaradıb".
Oqtay Babazadə Kamil Rüsbəmbəyovla televiziyada birgə işlədiyi illəri yada saldı: "Mən televiziyaya gələndə orada artıq Arif Babayev, Kamil Rüsbəmbəyov kimi rejissorlar çalışırdı. Onlar bir-birindən istedadlı rejissorlar idi. Mən Kamilin mərdliyini, insanlığını, sözünü yerində deməyi bacardığını görmüşdüm. Onun rəftarı bizim üçün məktəb idi".
Kamil Rüstəmbəyovun daha bir həmkarı - Nazim Novruzov sənət dostunun insani xüsusiyyətlərindən söhbət açaraq onu saf və səmimi dost kimi dəyərləndirdi.
Gecənin digər iştirakçıları da Kamil Rüstəmbəyovun şəxsiyyətindən və yaradıcılıgınin görünməyən çalarlarından söhbət açaraq onu bütün zamanlar üçün dəyərli filmlər çəkib yadigar qoyan rejissor kimi qiymətləndirdilər.
Gecədə rejissorun Dövlət Film Fondunun arxivində qorunan həyat və yaradıcılığını əks etdirən şəkillər və cəkdiyi filmlərdən fraqmentlər də nümayiş olundu .
Məhərrəmova Təranə
Kaspi. -2010. – 5 fevral. – S.11.