Yaşar Nuri "Muskomediya"da
Akademik Milli
Dram Teatrın aktyoru, Xalq artisti Yaşar
Nuri Musiqili Komediya Teatrının dəvətini cavabsız qoymayaraq yenicə məşqləri başlanan
"Ər və arvad" tamaşasında
oynamağa razılıq
verib.
Ona Üzeyir Hacıbəylinin
bu məşhur komediyasında Kərbəlayi
Qubad rolu həvalə olunub. Teatrın baş rejissoru Yusif Əkbərovun quruluşunda
hazırlanan operettada tamaşaçıların çox
sevdikləri Xalq artistləri Afaq Bəşirqızı, İlham
Əhmədov, Arif Quliyev, Fatma Mahmudova, Əməkdar artistlər Elçin Həmidov, Əkbər Əlizadə, aktyorlardan Ülviyyə Əliyeva, Ema Məlikova da çıxış edəcəklər.
Teatrin mətbuat
xidmətindən verilən
məlumatda bildirilir ki, teatrın 100 illik yubileyi münasibətilə səhnəyə
qoyulan bu əsərə şöhrətli
artistlərin cəlb olunması heç də təsadüfi deyil. Çünki 1910-cu ildə may
ayının 24-də bu əsərlə Musiqili Komediya
Teatrının əsası qoyulub. İlk tamaşada
Mirzağa Əliyev, Hüseynqulu Sarabski, Əhməd
Ağdamski kimi böyük sənətkarlar
çıxış ediblər. Diriyor pultu arxasında dahi
Üzeyir bəy özü dayanıb. Sonralar "Ər və
arvad" komediyası 1911-ci , 1913-cü, daha sonralar isə
1939-cu illərdə tamaşaçılarla görüşə
gəlib. 1942-ci ildə isə görkəmli rejissor, Xalq artisti Şəmsi Bədəlbəylinin
quruluşunda bu əsər Musiqili Komediya Teatrında
maraqlı səhnə həyatı yaşayıb.
Məlumatda bildirilir ki,
Musiqili Komediya Teatrı bir əsrlik yubileyinə ciddi
hazırlaşır. Teatrın tarixi isə bu əsərlə
başlayır. Deməli, 100 ildən sonra bu əsəri yenidən
səhnəyə gətirmək də sevindirici bir hadisədir.
Yaşar Nuri bildirib ki, Musiqili Komediya Teatrı ona çox
doğma olan kollektivdir. "Şadam ki, bu tarixi sənət
dostlarım Afaq Bəşirqızı, İlham Namiq Kamal, Arif
Quliyev kimi sənətkarlarla birlikdə gerçəkləşdirəcəyik.
Atam bu teatrın sevilən aktyorlarından olub. Hər dəfə
bu teatra gələndə elə bilirəm ki, öz doğma
evimə gəlirəm. Çünki burada mənə
doğma olan çoxlu xatirəm var. Kərbəlayi Qubad roluna
dəvət olunmağım ürəyimdəndir. Mən eyni
zamanda, son vaxtlar ölkənin tanınmış bəstəkar,
diriyor, rejissor və
aktyorlarının, rəssamların "Muskomediya"da
hazırlanan tamaşalara cəlb olunmasını
alqışlayıram. Çünki bizim ümumilikdə bir
teatrımız var - Azərbaycan teatrı və biz
böyük sevgi ilə bu teatra xidmət edirik".
Qeyd edək ki, əsərin
musiqi redaktoru Əməkdar incəsənət xadimi, Üzeyir
Hacıbəylinin ev muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcovdur.
Tamaşanın quruluşçu diriyoru Əməkdar incəsənət
xadimi Nazim Hacıəlibəyov, bədii tərtibatçısı
Əməkdar rəssam Eldar Qurbanov, quruluşçu xormeyster
Vaqif Məstanov, quruluşçu baletmeysterlər isə Zakir
Ağayev və Yelena Ağayevadır.
Təranə
Kaspi. -2010. – 5 fevral. – S.15.