"Diffamasiya haqqında" qanunun qəbulu üçün jurnalistikamızın peşəkarlığı artmalıdır" 

 

Bəhruz Quliyev: "Cəmiyyət jurnalistikanı "reketlər"ə görə tanımamalıdır"

 

Son vaxtlar Azərbaycanda medianın problemlərinin həlli istiqamətində kompleks tədbirlər həyata keçirilir. Qanunvericilik bazası demokratikləşdirilən medianın maddi-texniki bazasının genişləndirilməsi istiqamətində də addımlar atılır. Mətbuat Şurası, Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu bu istiqamətdə fəaliyyətlərini davam etdirməkdədirlər. Amma jurnalistikamızın problemləri də az deyil. "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyevlə söhbətimizi də bu məsələ ətrafında qurduq. Müsahibimiz son vaxtlar Azərbaycanda jurnalistikanın inkişafı istiqamətində atılan addımlardan razılığını ifadə etdi, eyni zamanda, müəyyən problemlərin də həllini gözlədiyini vurğuladı:

- Hazırda Azərbaycanda mətbuatın inkişafı üçün dövlət tərəfindən hər bir şərait yaradılıb. Mətbuatın inkişafı üçün hərtərəfli dəstək var. Bu istiqamətdə görülən işlər göz qabağındadır. Bilirsiniz ki, 2005-ci ildə Mətbuat Şurasının yaranmasından sonra mətbuat öz fəaliyyətini özü tənzimləyir. Keçən il isə ölkə prezidenti tərəfindən Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondu yaradılıb. Bu fond mətbuatın inkişafı üçün gözəl zəmin formalaşdırır. Artıq birmənalı şəkildə demək olar ki, hazırda Azərbaycan mətbuatı inkişaf mərhələsindədir. Təəssüflər olsun ki, bütün bunlarla yanaşı, müəyyən problemlərimiz də var.

- Mətbuatın problemləri dedikdə siz əsasən nələri nəzərdə tutursunuz?

- Bu gün mətbuatın ən əsas problemi "reket jurnalistikası" ilə bağlıdır. Bu gün bizdə söz azadlığı üçün hər bir şərait yaradılıb. Həm ölkə Konstitusiyası, həm qanunlarımız, həm də Mətbuat Şurasının Nizamnaməsi bunun üçün əsas verir. Amma bundan sui istifadə edənlər də var. Biz jurnalistikamızı "reketlər"dən təmizləməliyik. Həqiqi jurnalistika ilə "reket jurnalistikası" arasında fərqi hiss etdirməliyik. Cəmiyyət jurnalistikanı "reketlər"ə görə tanımamalıdır. Digər bir problem peşəkar jurnalistlərin qıtlığıdır. Jurnalistikamızdakı mövcud problemlərin bir çoxu məhz bundan qaynaqlanır. Hesab edirəm ki, mətbuat orqanlarının rəhbərlərinin bu istiqamətdə işləməsinə ehtiyac var. Bu gün jurnalist hazırlayan tədris ocaqlarının fəaliyyətinin yenidən qurulmasına da ehtiyac hiss olunur. Universitetlərdə 4-5 il jurnalistika təhsili alan tələbələr praktikada özlərini doğrulda bilmirlər. Onların əksəriyyətinin səviyyəsinin yüksək olmadığını ilk baxışdaca müəyyən etmək olur. Mətbuatın reklamın cəlb olunması ilə bağlı da müəyyən problemləri qalmaqdadır.

- Bəzi xarici dövlətlərin təsir dairəsində olan təşkilatlar mütəmadi olaraq Azərbaycanda söz azadlığının olmaması haqqında hesabatlar dərc edirlər. Sizcə, bunun səbəbi nədir?

- Bəzən belə təsəvvür yaratmağa çalışırlar ki, guya Azərbaycanda azad sözə qarşı basqılar var. Bu fikir bəzi beynəlxalq təşkilatların hesabatlarında da yer alır. Amma onlar bu fikirləri söyləyərkən, Azərbaycanda peşəkar jurnalistikayla "reket" jurnalistləri bir-birinə qarışdırırlar. Onların dediklərinin hamısı "reket jurnalistikası"na aid edilə bilər. O ki qaldı jurnalistlərin həbsinə, burada da qərəzli yanaşma hiss olunur. Hansısa bir jurnalist məişət zəminində törətdiyi əmələ görə məsuliyyətə cəlb olunubsa, bu, jurnalistin həbsi kimi qiymətləndirilməməlidir. Jurnalist də peşəsindən asılı olmayaraq vətəndaşdır. O da etdiyi əməllərə görə cavab verməlidir. Məncə, Azərbaycanda jurnalistlərlə baş verən proseslərə yanaşma dəyişməlidir. Jurnalistlərə təzyiqdən o zaman söhbət gedə bilər ki, o, peşə fəaliyyətinə görə həbs olunsun. Azərbaycanda isə bu səbəbdən həbs olunan jurnalist yoxdur.

- Son vaxtlar jurnalistləri böhtana görə cinayət məsuliyyətindən azad edən "Diffamasiya haqqında" qanunun qəbulu gündəmə gəlib. Necə hesab edirsiniz, Azərbaycanda belə bir qanunu qəbul etməyə ehtiyac varmı?

- Mən düşünürəm ki, bu qanunun qəbulu hələ Azərbaycan cəmiyyəti üçün tezdir. Səbəb də yuxarıda sadaladığım məsələlərdir. Jurnalist böhtana görə cinayət məsuliyyətinə cəlb olunmaqdan azad olunsa, təsəvvür edin ki, hansı problemlər yarana bilər. Hələ böhtana görə cinayət məsuliyyəti ola-ola bəzi qəzetlər necə böyük səhvlərə yol verirlər. Mətbuatda böhtan xarakterli, sifarişlə yazılan yazılar kifayət qədərdir. Bunu heç kim inkar edə bilməz. "Diffamasiya haqqında" qanunun qəbulu bu prosesləri intensivləşdirə bilər. Mən deyərdim ki, bu qanunun qəbulu Azərbaycanda "reket jurnalistikası"nın çiçəklənməsinə səbəb ola bilər. Bir sözlə, bu qanunu qəbul etmək üçün ilk növbədə cəmiyyəti hazırlamalıyıq. İkinci tərəfdən isə jurnalistikamızın peşəkarlığı artmalıdır. Yalnız bundan sonra bu qanunun qəbulunun zəruriliyindən danışa bilərik.

- Bəhruz müəllim, jurnalistikamızın problemləri sırasında əsas problemlərdən biri kimi sıravi jurnalistlərin sosial durumunun yaxşı olmaması göstərilir. Bir qəzet rəhbəri kimi siz bu barədə nə düşünürsünüz?

- Bu gün Azərbaycan jurnalistlərinin sosial vəziyyəti həqiqətən də qaneedici deyil. Dövlət bu problemlərin aradan qaldırılması üçün artıq rəsmi səviyyədə müəyyən addımlar atmağa başlayıb. Yuxarıda qeyd etdiyimiz kimi, ölkə prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond hər il qəzetlərin müxtəlif layihələrinin maliyyələşdirilməsinə vəsait ayırır. Daha çox jurnalistikanın inkişafına təkan verəcək layihələr maliyyələşdirilir. Eyni zamanda, qəzetlərə birdəfəlik əvəzsiz maliyyə yardımları edilir. Artıq bir dəfə KİV-lərə bu cür yardımlar ayrılıb. Məncə, bu yardımlar gələcəkdə mütəmadi olaraq həyata keçirilməlidir. Bu həm qəzetlərin inkişafı, həm də peşəkarların jurnalistikadan ayrılmaması üçün çox vacibdir. Digər tərəfdən, ölkə prezidenti tərəfindən təsdiqlənən konsepsiyaya əsasən, fond tərəfindən sıravi jurnalistlər arasında fərdi yazı müsabiqələri keçirilir. Yəni bu proses mərhələ-mərhələ gedir. Digər tərəfdən, mətbuatda çalışanların sosial durumu KİV-lərə rəhbərlik edən şəxslərdən də asılıdır. Bu gün əgər hər hansı bir qəzetdə çalışan jurnalistlərin sosial problemləri varsa, bu, ilk növbədə həmin qəzetin baş redaktorunu narahat etməlidir. Qəzet rəhbəri jurnalistin problemini öz problemi kimi qəbul etməlidir. Yanaşma belə olanda sıravi jurnalistin probleminin həll olunması istiqamətində qəzet rəhbərliyi tərəfindən də addım atılır. Təbii ki, hər şey imkan daxilində olmalıdır. Heç kimə sirr deyil ki, bu gün qəzet rəhbərlərinin özlərinin də imkanları o qədər geniş deyil. Hesab edirəm ki, gələcəkdə jurnalistlərin sosial problemlərinin həll olunması üçün fond qarşısında məsələ qaldırılmalıdır. Xatırlayırsınızsa, bir müddət öncə jurnalistlərin mənzil probleminin həlli ilə bağlı məsələ gündəmə gəlmişdi. Sirr deyil ki, jurnalistikamızın bu sahədə dəstəyə ehtiyacı var. Ötən illərdə Mətbuat Şurası bununla bağlı təklifləri dəstəkləmişdi. Jurnalistlərə ev tikmək üçün torpaq ayrılması gündəmdə idi. Təklifə görə, iş stayı, peşəkarlığı müəyyən kriteriyalara cavab verən jurnalistlər evlə təmin olunmalı idi. Amma təəssüf ki, bu ideya reallaşmadı. Ancaq hesab edirəm ki, gələcəkdə bu məsələyə yenidən qayıdılmalıdır. Biz hansısa bir forma tapıb jurnalistlərin mənzil probleminin həllinə kömək göstərməliyik.

 

 

Quliyev  İlham

 

Kaspi. -2010. – 9 fevral. – S.6.