Əqidə, ruh və teatr
50-ci illərdən
üzü bəri Azərbaycan teatrının daimi
seyrçisi, əvvəlcə teatrsevər, sonralar baş verən
proseslərin iştirakçısı, canlı şahidi kimi
müəllif Ədalət Vəliyevin "Teatr" ("Əqidə,
ruh və teatr") kitabını oxuduqca artıq tarixə
dönmüş o illər silsilə kimi göz önündə
canlanır, bir çox halda müəlliflə həmfikir
olur. Elə məqamlar var ki, bugünə qədər mənə
qaranlıq olsa da, müəllif onlara işıq salır,
analitik münasibətdə, sənətə yaradıcı
yanaşmada, teatr tendensiyalarının dəyişmə zamanlarını
tez qavrayıb onunla həmahəng olmaqda oxucu müəllifdən
ilham alır. Bu ondan irəli gəlir ki, müəllif teatr
bilgilərini yaxından bilir, problemlərini
araşdırıb düzgün nəticəyə gəlir. Anlaşılır
ki, müəllif işin içindədir,
çıxardığı nəticələr cəsarətli,
səmimidir.
Monoqrafiyada tədqiq olunanlar
yaradıcılığımla üst-üstə
düşdüyündən bu əsər mənə
doğma və anlaşıqlıdır. O zamanı
yaşamış bir şəxs kimi münasibətimi bildirməyi
özümə borc bildim. Monoqrafiya "Əqidə, ruh və
teatr" adlanır, izahı da kəsə şəkildə,
tən-dürüst verilib. "Əqidə fərdi-individual
və sosial-ictimai pozisiyadır, fəaliyyət
yönlüdür. Əqidə insanın bütün
konseptual ideyalarının sosial xislətli mənəvi-əxlaqi
kontekstidir. Əgər sosial-fəlsəfi və sosial-ideoloji münasibət analitik təfəkkürü
formalaşdırırsa, onda əqidə ruh aləminə
bağlanır. Ruh əqidənin köməyilə sosial
dünyada özünü tanıtdırır, bu
qoşalıqdan, bunun birgəliyindən insan kamilliyə
çatır. Teatr da bu yolda əqidə və ruhun təcəssüm
tapdığı məqamdır".
XX əsrin II yarısında
həyata keçmiş milli teatr konsepsiyalarının bədii-estetik
məzmunu, onun tarixi kökləri və ənənələri,
təsir dərəcəsi, dünya teatr prosesləri ilə
müqayisəsi, oxşar və fərqli cəhətləri,
nəhayət, teatrın milli şüura göstərdiyi təsirin
dəyəri hərtərəfli təhlilini tapıb. Bir
çox qeyri-məsələləri də, məsələn,
teatrın mühitlə, milli düşüncə ilə,
mentalitetimizlə, mənəvi-əxlaqi, islami dəyərlərimizlə
əlaqələri müəyyənləşdirilir.
Əsərdə
araşdırılan mövzunun bu günün zərurətindən
yarandığı dəqiq, aydın görünür. Əsər
Azərbaycan teatr sənətinə aid indiyədək
oxuduğum bir çox dəyərli əsərlərdə,
monoqrafiyalarda rast gəlmədiyim fikirlərlə zəngindir.
Birmənalı şəkildə, orijinal və nativsiz qələmə alınan əsər
teatrşünaslıq tariximizdə hadisə sayıla bilər.
Müəllif milli
teatrımızın XX əsrin II yarısının
konsepsiyalarının təsnifatını verib, bu
konsepsiyaların əhəmiyyətini müəyyənləşdirib,
onların milli teatrımızın inkişafında yerini
göstərib. Ə.Vəliyev Azərbaycan teatr sənətinin
yaranışından çağdaş günümüzə
qədər ümumi mənzərəsinə nəzər
yetirərək, onun çatışan və
çatışmayan cəhətlərini, teatrın
keçdiyi yolda müvəffəqiyyətlərini və
uğursuzluqlarını təhlil edib. Müəllif milli
özünüdərketmə yolunda; bəzən siyasi-ictimai
mühitdən gələn, bəzən teatrın
özündən asılı olan, yaxud asılı olmayan
uğurların, uğursuzluqların əsaslı şəkildə
səbəblərini açıqlayır. Yarandığı
gündən teatrın enişli-yoxuşlu yolunu zaman kontekstindən,
ictimai-siyasi mövqedən addım-addım izləyən və
şərh edən müəllif doğru-düzgün, səmimi
olmağa çalışmış və buna nail
olmuşdur. Öncə maarifçilik missiyası
daşıyan, Avropa tipi əsasında yaranan teatrımız,
zaman keçdikcə, mühit dəyişdikcə dəyişməli
olub. Belə ki, XX əsrin əvvəlində Rusiyada baş
verən inqilab nəticəsində sovet dövləti quruldu,
daha sonra sovetlər birliyi yarandı. "Proletariatın dahi rəhbəri"
V.İ.Lenindən: "Ateist bir dövlət yaradıb, dinə,
dini məbədlərə qadağa qoyulub, bəs xalq nəyə
inanmalı, hansı məkanda bu inanc yerinə yetirilməlidir?"-deyə
soruşanda
Şəxsiyyətə pərəstiş
dövrünün teatrında qəhrəmanlar
ideallaşdırılır, hal-hərəkətləri,
davranışları, nitqləri sanbal, amiranəlik əxz
edirdi - bu vəziyyət bütün sovet məkanındakı
teatrları bürümüşdü.
Odur ki, müəllif zaman və
onun siyasi-ideoloji məramını əks
etdirən teatrın müxtəlif etaplarında müxtəlifləşən,
gəzişən proseslərini həssaslıqla
araşdırır.
Teatr zamanla
göründüyü kimi, onun siyasi-ideoloji tələbi ilə həmahəng
işləyir. Cəmiyyətlə ideologiya dəyişdikcə
o da öz növbəsində yerişinə keçməli
olur, keçə bilirsə, təzələnir.
Mədəniyyətimizin
tarixində 60-cı illər xüsusi yer tutur. O illərdə
ədəbiyyata, elmin müxtəlif sahələrinə, incəsənətə,
rəngkarlığa, musiqiyə, teatra yeni nəfəs gətirən
gənc nəsil meydana girmişdi. Adil İsgəndərovun,
Tofiq Kazımovun, Mehdi Məmmədovun
yaradıcılığı həmin dövr teatrı
üçün ən bariz nümunədir. Adil İsgəndərovun
şəxsiyyətinə hörmət,
yaradıcılığına və şəxsiyyətinə
baxış son günlərədək davam edirdi. Həmin
vaxtlarda o, ancaq filmlərdə aktyor kimi çəkilirdi,
tamaşa hazırlamırdı, kinofilmlər çəkmirdi.
Tofiq Kazımovun teatrda
apardığı birmənalı qarşılanmayan
reformaları, bəzən üstüörtülü, bəzən
açıq-aşkar dissident fikirli tamaşaları hamıya
xoş gəlsə də, bəyənilsə də, məmurlar
tərəfindən tənqid atəşinə tutulurdu və
bəzən bu tənqidlər çox amansız olurdu.
Monoqrafiyada o dövrün
şərhinə xüsusi yanaşma aydın duyulur, sadə və
anlaşıqlı dildə çatdırılır. Kitabı
oxuduqca 50-ci illərdən bəri teatra bağlı bir aktyor
kimi, o illərin teatr mənzərəsi xatırlandıqca,
teatrlarda gedən proseslərin görüntüləri bir daha
göz önünə gəlir. Müəllifin olmuş hadisələrə
yanaşma prinsipini diqqətəlayiq sayıram. Bu səbəbdən
hafizəmə həkk olunan iki misal çəkmək istəyirəm.
"Vaqif", "Fərhad və Şirin", "Pəri
Cadu", "İliç buxtası", "Otello" kimi
tamaşalar nə qədər monumental idi, bu tamaşalara
baxıb biz də böyüyür, mənən zənginləşir
və qürur keçirirdik. Sonralar yeniliyə, həyatın
aktual, real problemlərinə həsr olunan tamaşalar səhnəyə
gəldi. Tofiq Kazımovun quruluşunda "Ölülər",
"Hamlet", "Mariya Tüdor", "Antonio və
Kleopatra" və İlyas Əfəndiyevin bir sıra
lirik-psixoloji dramları canlandı. Sonuncu
tamaşalar tamaşaçının çoxdan gözlədiyi,
yığılmış suallarına cavab idi.
İlk növbədə
mövzunun genişlənməsi, yeni forma
axtarışları, aktyorların ifaçılıq tərzi,
səhnə tərtibatının şərtiliyi təzahür
etdi, müəyyən müddət bu hal birmənalı
qarşılanmadı. Tofiq Kazımov hətta rol
bölgüsündə belə bayaq dediyim, ideallaşdırma
prinsiplərinə xətt çəkdi, amplua söhbətini
pozdu. Yəni xarakterik rollar yaradan aktyora əsərin qəhrəmanı
rolu tapşırıldı. Komik aktyora ciddi, dramatik rol həvalə
olundu. Mənfi xarakterlər yaradan aktyora artıq müsbət
təbiətli rollar verildi. Məsələn, səhnə tərtibatına
fikir verək: "Ölülər" tamaşası iki məkanda
vaqe olurdu, evdə və qəbristanlıqda. Bu iki məkan bir
dairənin üstündə qurulmuşdu. Bir üzü ev, o
biri üzü qəbristanlıq, yəni evdəkilər də
elə qəbirdkilər kimidir və əksinə.
"Hamlet"
tamaşasında taxt-taca münasibətin yeni yozumu belə
verilmişdi. Tortinbras (Morviç prinsipi) Hamletin müdafiəsinə
qalxır. Lakin şahzadə öldürülüb, onun nəcibliyindən,
insaniyyətindən və ləyaqətlə
basdırılmasını təmin etməkdən dəm vuran
monoloqu söylərkən, səhnənin sac qabaq tərəfindən
sini tac aparılır, sol tərəfin dərinliyində itir.
Tortinbras amiranə tərzdə söylədiyi nitqin sürətini
aparılan tacın sürətinə bağlayır, nəticədə
tələm-tələsik sözünü bitirib tacın
dalınca tələsirdi. Bu yozumun ifadəliliyi gözlənilməz
olurdu, şok yaradırdı, alqış qazanırdı.
Ümumiyyətlə, Tofiq
Kazımovun yenilikləri, həvəsi sönməkdə olan
teatra ümid gətirdi, qurtuluşa çatdırdı, az
zaman içərisində teatr yeniləşdi.
Fikir verirsinizmi, teatr həyatı
dəyişkəndir, daima yeniləşəndir. Bir yerdə
dayandısa, ona maraq azalır, ölümə gedir. Nə vaxt
ki, özünü ələ alır, zamanla ayaqlaşır,
onda dirilir, cana gəlir, axın-axın tamaşaçı
seyrinə yığışır.
Kitabı oxuduqca, belə
yeniləşmələri müəllif böyük sevgilə,
şövqlə təsvir edir, araşdırır. Hiss edirsən
ki, teatrın uğurlarına qürurludur,
uğursuzluqlarına təəssüblüdür. Sətirlər
arxasında onun canlı nəfəsini, səmimi münasibətini
duyursan.
Azərbaycan teatrının
80-ci illərdə gedən proseslərindən, avanqard
tamaşalardan rəğbətlə danışan müəllif
araşdırmalardan xüsusi ləzzət alır. Bunu onunla
izah etmək olar ki, bu dövrün teatrı onun
yaşıdıdır, canlı şahidi olduğu dövrüdür,
ona görə də fikirlərini, münasibətlərini
daha coşqun tərzdə ifadə edir. Azər Paşa Nemətin,
Vaqif İbrahimoğlunun, Hüseynağa Atakişiyevin avanqard
tamaşaları, daha sonra Namiq Ağayevin onlara qoşulub etnomədəniyyətimizin
kökləri əsasında yeniləşmə prosesinin şərhləri
kitabın ən maraqlı, dolğun səhifələridir.
Monoqrafiyanın dəyəri
XX əsrin II yarısında baş vermiş proseslərin həllinin
əsaslı, ardıcıl, dəlillərlə, müqayisəli
tərzdə, həmahəng aparılmasındadır.
Monoqrafiyadakı dil üslubu
elmi olsa da, oxunaqlıdır, populyar ədəbiyyat
sırasında dura bilər.
Təbii ki, bu monoqrafiyadan
doğru-düzgün baş açmaq üçün teatr sənətinin
mahiyyətinə və xüsusiyyətlərinə bələdlik
dərəcəsinin əhəmiyyəti vardır. Əsər
çağdaş teatr xadimlərinə, teatrsevərlərə,
həyatını teatr sənətinə bağlayacaq hər
bir kəsə ünvanlanıb, hər kəs teatr sənətindən
anlayışı səviyyəsindən asılı olaraq bəhrələnə
biləcəkdir.
Yüksək mənada isə Azərbaycan teatrı bu günün özündə belə problemsiz deyil. Milli etnoqrafik simasını tam şəkildə tapmaqda və dünya teatr mədəniyyəti içərisində özünü görməkdə və təmsil etmək imkanı əldə etməkdə israrlıdır.
Əsərin mayasında işıqlı bir xətt sezilir ki, o da ümid verir. Müstəqil respublikamızın məqsədyönlü siyasəti, düşüncə azadlığı, mədəniyyət sahəsindəki islahatları, teatr sahəsindəki yaradıcılıq axtarışları nəticəsində Azərbaycan teatrı bu uca nöqtəyə gəlib çatacaq.
Salmanlı Ağaxan
Kaspi. -2010. – 10 fevral. – S.11.