"KİV haqqında" qanuna dəyişikliklər vəd edır? 

 

Millət vəkilləri baş redaktorlar "KİV haqqında" qanuna təklif olunan əlavənin peşəkar jurnalistikanın inkişafına təkan verəcəyini düşünürlər

 

Bu gün Milli Məclis "KİV haqqında" qanunun 60-cı maddəsinə təklif olunan əlavəni müzakirəyə çıxaracaq. Həmin əlavədə qeyd olunur ki, əməliyyat-axtarış halları istisna olmaqla digər hallarda şəxsin onun xəbəri olmadan etirazına baxmayaraq, KİV nümayəndələri tərəfindən izlənməsi, video foto çəkilişinin, səs yazısının aparılması qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.

Təklif olunan bu dəyişiklik geniş müzakirələrə səbəb olub. Bəzi jurnalist təşkilatlarının təmsilçiləri hüquq müdafiəçiləri nəzərdə tutulan əlavənin ölkədə söz ifadə azadlığına problem yaradacağını iddia etməyə başlayıblar. Amma başqa fikirdə olanlar da var. Əksəriyyətin qənaətincə, bu əlavə KİV-in vətəndaşların şəxsi həyatına onların icazəsi olmadan müdaxiləsinin qarşısını almağa yönəlib.

Milli Məclis sədrinin müavini Bahar Muradova hesab edir ki, "KİV haqqında" qanuna təklif olunan əlavə keçən il martın 18-də ölkə Konstitusiyasına referendum yolu ilə edilmiş əlavə dəyişikliklərdən doğur. Artıq Milli Məclis səsvermədən sonra Ana Qanuna edilmiş əlavə dəyişikliklərin müxtəlif qanunvericilik aktlarında əks etdirilməsi istiqamətində müxtəlif qanun layihələri müzakirəyə çıxarır. Bu gün parlamentdə "KİV haqqında" qanunla yanaşı, "Məlumat azadlığı haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Kəşfiyyat əks-kəşfiyyat fəaliyyəti haqqında", "İnformasiya əldə etmək haqqında" qanunlara da əlavə dəyişikliklər etməyi nəzərdə tutur. Vitse-spiker nəzərdə tutulan dəyişikliklərin söz ifadə azadlığına heç bir məhdudiyyət qoymayacağını vurğuladı.

APA-ya müsahibəsində Milli Məclisinin Hüquq siyasəti dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynovun məsələyə belə munasibət bildirib:

"Bu əlavədə məqsəd informasiya əldə etməyə, məlumat azadlığına məhdudiyyət yaratmaq yox, əksinə çərçivəni müəyyənləşdirməkdir. Hər zaman çərçivə dəqiq müəyyənləşdiriləndə azadlığa heç bir məhdudiyyət qoyulmur. Gərək məhdudiyyətin çərçivəsi qanunda dəqiq göstərilsin ki, süni olaraq azadlığa məhdudiyyət qoyulmasın. Yəni nəyisə etmək olmaz, digər bütün hallarda isə azadlıq mövcuddur. Hər kəsin şəxsi həyatının qorunması bütün dünyada mövcuddur".

Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı da hesab edir ki, nəzərdə tutulan əlavənin jurnalistlərin hüquqlarını məhdudlaşdıracağını düşünmək yanlışdır. Çünki hökumət jurnalistlərin məlumat toplamaq azadlığını tam təmin edib. Bunun üçün müvafiq qanunverici baza yaradıb. Nəzərdə tutulan əlavə isə birbaşa KİV-lərin insanların şəxsi həyatına qanunsuz müdaxiləsinin qarşısını almağa yönəlib.

Millət vəkilləri ilə yanaşı, jurnalistlərlə "KİV haqqında" qanuna nəzərdə tutulan əlavənin təqdim olunduğu kimi, söz ifadə azadlığının məhdudlaşdırılmasına yönəlmədiyini düşünürlər.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov deyib ki, indiki məqamda bu dəyişikliyin müzakirəyə təqdim olunmasına etiraz etmək hüquqi savadsızlıqdır. Çünki keçən il martın 18-də keçirilən referendumda vətəndaşlar KİV-in insanların şəxsi həyatına müdaxiləsini məhdudlaşdıran müddəalara səs veriblər. İndi bu məsələnin digər qanunvericilik aktlarında əksini tapması adi bir zərurətdir. Baş redaktor hesab edir ki, nəzərdə tutulan əlavələrə etiraz etmək seçicilərin iradəsinə hörmətsizlik nümayiş etdirməkdir. "Görünür, bu əlavəyə etiraz edənlərin hüquqi cəhətdən maarifləndirilməsinə ehtiyac var" - deyə B.Sadıqov vurğuladı. Onun sözlərinə görə, Azərbaycan hakimiyyəti ölkədə söz ifadə azadlığının qarantı olduğunu dəfələrlə bəyan edib. Hökumət bunun üçün müvafiq addımlar da atıb. Ötən il ölkə prezidenti KİV-in inkişafına dövlət dəstəyi ilə bağlı konsepsiyanı təsdiqləyib. Konsepsiyaya müvafiq olaraq Prezident yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fond mətbuatın iqtisadi vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq addımlar atır. Bu gələcəkdə davam etdiriləcək. B.Sadıqovun fikrincə, bütün bunlar hakimiyyətin ölkədə söz azadlığının inkişafında qədər maraqlı olduğunu əyani şəkildə göstərir. Amma jurnalistlərlə yanaşı, sadə vətəndaşların da, digər peşə sahiblərinin hüquqları var. Bundan əlavə, azərbaycanlıların özünə məxsus milli-mənəvi dəyərlərinin olması da nəzərə alınmalıdır. Bu dəyərlərə görə, hər bir insanın şəxsi həyatına müdaxilə yolverilməzdir: "İnsanların razılığı olmadan, onların şəxsi həyatı ilə bağlı fotoları, videoları, səs yazılarını efirə çıxarmaq milli-mənəvi dəyərlərimizə ziddir. "KİV haqqında" qanuna nəzərdə tutulan əlavə məhz buna hesablanıb. Burada söhbət jurnalistlərin informasiya toplamaq, tədqiqat aparmaq xüsusiyyətlərindən getmir. Qanuna edilən əlavədən sonra da jurnalistlərin bu cür addımlar atılmasına şərait yaradılacaq". B.Sadıqov onu da bildirdi ki, son vaxtlar bəzi üzdəniraq KİV-lər jurnalistlər şantaj xarakterli məlumatlar toplamaq üçün digərlərini izləyir, onların foto video görüntülərini əldə edir, sonra isə bundan təzyiq təsir üçün istifadə edirlər. "Bu baxımdan demək olar ki, bu dəyişikliklərin əsas məqsədi bu cür yollara əl atan "reket" adlandırdığımız jurnalistlərin əməllərinin qarşısını almaqdır" - deyə B.Sadıqov fikirlərini yekunlaşdırdı.

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev həmkarı ilə həmrəy oldu. Onun fikrincə, ölkənin hər bir vətəndaşı, o cümlədən jurnalistlər vətəndaşların referendum vasitəsilə ifadə etdikləri iradəsinə hörmətlə yanaşmalıdır: "Mən hesab edirəm ki, "KİV haqqında" qanuna təklif olunan əlavə demokratik cəmiyyətin inkişafına yönəlmiş bir addımdır. Bu addım peşəkar jurnalistlərin fəaliyyətini heç bir halda məhdudlaşdırmayacaq". B.Quliyevin sözlərinə görə, nəzərdə tutulan əlavədən daha çox şantayçı "reket" jurnalistlər narahat olmalıdırlar. Onun fikrincə, bu əlavənin qüvvəyə minməsi ölkədə peşəkar jurnalistikanın inkişafına təkan verəcək.

 

 

Quliyev İlham

 

Kaspi. -2010. – 12 fevral. – S.4.